Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik mənzillə bağlı şikayətə reaksiya verdi
“Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş siyahıda adı olmayan şəxsin evlə təmin edilməsi qeyri-mümkündür”

Qəzetimizin 21 iyul 2017-ci il tarixli sayında Ağayeva Aidə Sultanəhməd qızının “Məzun evi” Sosial Müəssisəsində mənzillə təmin olunması ilə bağlı şikayətinə Əmək və Əhalinin Sosial Nazirliyində cavab verilib. Nazirliyin bunula bağlı mövqeyini təqdim edirik:

“Diqqətinizə çatdırırıq ki, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunması həmin müəssisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsi əsasında həyata keçirilir.

Belə ki, həmin Nizamnamənin 4.2 və 4.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Qeyd olunan siyahıdakı məzunlar şəxsiyyəti təsdiq edən sənədin surəti, dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi və valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat), sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə) təqdim etməklə “Məzun evi” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunurlar.

Təhsil Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə təqdim olunmuş siyahıda Ağayeva Aidə Sultanəhməd qızının adı olmadığından onun “Məzun evi” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunmamışdır.

Qeyd olunanlardan da göründüyü kimi, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunlarının “Məzun evi” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunması işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyin tələbi əsasında, tam şəffaf və obyektiv şəkildə aparılır. Ona görə də Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş müvafiq siyahıda adı olmayan hər hansı şəxsin “Məzun evi” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin edilməsi qeyri-mümkündür”.

Xəbər Xidməti

Son xəbərlər
Bütün xəbərlər »