Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Avropa İittifaqında yeni dostlar qazanıb”

Politoloq: “Prezidentin Xorvatiya səfəri bütün Köhnə Qitə üçün əhəmiyyət daşıyır”

Son 10 gün Azərbaycan Prezidenti İlham Əliyevin diplomtik gündəmi çox mühüm səfərlərlə, danışıqlarla, imzalanmış sənədlərlə zəngin oldu. Rusiya Federasiyasına və Qırğzıstana səfərlərin ardınca ölkə rəhbəri Xorvatiya Respublikasına getdi və burada təkcə Azərbaycanı və Xorvatiyanı deyil, bütün Avropanı maraqlandıran məsələlərlə bağlı danışıqlar apardı, mühüm sənədlərə imza atdı. Bu səfər də əvvəlkilərin davamı olaraq Azərbaycanın dünya birliyinə inteqrasiyası, dünya siyasətində öz sözünü demək, ölkənin maraqlarını uöurla təmsil etmək baxımından çox əhəmiyyətli idi. Bu səfərlərlə bağlı Bizim Yol silsilə müsahibələr hazırlayır. Bunlardan biri də Prezident İlham Əliyevin Xorvatiya Respublikasına səfəri ilə bağlıdır. Bizim Yol-un bu barədə suallarını beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, politoloq Nəzakət Məmmədova cavablandırır.

- Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya səfərini necə qiymətləndirirsiniz?

- Prezident Əliyevin Xorvatiyaya səfərini çox yüksək qiymətləndirmək olar. Hazırkı mürəkkəb beynəlxalq və regional münasibətlər, ziddiyyətlər fonunda ikitərəfli və regional, eləcə də qlobal əməkdaşlığa faydalı ola biləcək istənilən addım təqdirəlayiqdir və prezidentin səfərinə də məhz bu kontekstdən baxaraq onun əhəmiyyətini daha dərindən anlamaq mümkündür. Azərbaycan və Xorvatiya arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, yüksək səviyyədə görüşlər olub, ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb. Lakin bu səfər öz əhəmiyyətinə görə digərlərindən fərqlənir. Mürəkkəb beynəlxalq şəraitdə müşahidələrimiz əsasında onu qeyd edə bilərik ki, Azərbaycan prezidenti indiyədək apardığı diplomatik strategiyaya sadiq qalaraq ən müxtəlif, ziddiyyətli mövqeləri bir araya gətirməyə nail olub. Avropa Birliyi, NATO - Rusiya münasibətləri hər nə qədər ziddiyyətli olsalar da, onları həm geosiyasi, həm enerji siyasəti baxımdan ən uğurla yaxınlaşdıran ölkə Azərbaycandır. Bu baxımdan prezidentin Xorvatiya səfəri infiki şəraitdə tək ikitərəfli münasibətlər baxımdan yox, həm də qlobal nöqteyi-nəzərdən olduqca əhəmiyyətlidir.

“Xorvatiyalı iş adamlarının ölkəmizə yatırımlar qoyması üçün şərait var”

- Hazırda Xorvatiya ilə iqtisadi sahədə əlaqələr hansı səviyyədədir? Xorvatiya ilə əməkdaşlıq bizə iqtisadi-ticarət sahəsində nə qazandıracaq?

- Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələr günü-gündən inkişaf etməkdədir. Bildiyimiz kimi, 2013-ci il martın 11-də Zaqrebdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya təsis edilib. Komissiya ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına xidmət etmək məqsədilə yaradılıb və onun indiyədək bir neçə iclası, biznes forumlar keçirilib. 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 284,7 milyon ABŞ dolları təşkil edib, bunun da 51,2 milyon dolları idxalın, 233,5 milyon dolları isə ixracın payına düşüb. 2017-ci il üzrə ticarət dövriyyəsi təxminən 110 milyon ABŞ dolları həcmində olub. Son illər Azərbaycanda müxtəlif yeni sənaye parklarının yaradılıb və sözügedən parklarda investorlar üçün cəlbedici şərtlər, o cümlədən vergi güzəştləri tətbiq edilib. Bu da Xorvatiyadan olan iş adamlarının ölkəmizə sərmayə yatırmasını təşviq edən başlıca səbəblərdən biridir.

Azərbaycan və Xorvatiya arasında siyasi, iqtisadi və humanitar əlaqələr günü-gündən inkişaf edir. Azərbaycan və Xorvatiya arasında sənaye, energetika, nəqliyyat, idman, turizm, təhsil, xüsusilə informasiya texnologiyaları sahəsində mövcud potensialı reallaşdırmaq üçün geniş imkanlar mövcuddur. İndiyədək siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişə nail olunub, əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradılıb, gələcək əməkdaşlıq sahələrini genişləndirmək məqsədilə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

“Xorvatiya Mərkəzi Avropanın enerji təminatında rol oynamaq istəyir”

Xorvatiya ilə enerji sahəsində əməkdaşlıq hansı nəticələr verə bilər?

- Ölkələrimiz arasında prioritet əməkdaşlıq sahələrindən biri də energetika sahəsidir. Xorvatiya Azərbaycan təbii qazının Avropaya çatdırılmasını nəzərdə tutan “Trans-Adriatik” qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Azərbaycan, eyni zamanda, həm TAP, həm də İon-Adriatik qaz boru kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri tamamlanaraq İon-Adriatik boru kəməri ilə bir şəbəkəyə qoşulmaqla gələcəkdə Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlinə nail olunacaq. Xorvatiya prezidenti xanım Kitaroviç xüsusi olaraq bu məsələni qeyd edib ki, onun ölkəsi Mərkəzi Avropanın enerji təminatında rol oynamaq istəyir. Bildiyimiz kimi Avropa Birliyinin enerji bazarı Rusiya təbii qazından çox asılıdır. Qətərdən Suriya vasitəsilə Avropaya təbii qaz xətti çəkmək planları da münaqişə ucbatından iflasa uğradı. İrana tətbiq edilən embaqronun ikinci dalğası noyabr ayından etibarən enerji sahəsinə də şamil olunacaqdır ki, bu da İrandan Avropaya enerji ixracatı imkanlarını heçə endirir. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Avropa qitəsi enerji təminatı məsələsinə görə baş verən fikir ayrılığına görə faktiki iki yerə bölünmüşdü: bir hissə Almaniya, Avstriya, Fransa və s. ölkələr başda olmaqla "Şimal axını - 2" layihəsini dəstəkləyirdi və Baltik dənizinin dibi ilə 2019-cu ildə Rusiyadan Almaniyaya təbii qaz xətti çəkilməsini dəstəkləyirdi. Digər qrup isə, ABŞ-ın dəsəti ilə Avropa Komissiyası başda olmaqla bu layihənin əleyhinə çıxırdı və Avropa enerji bazarının şaxələndirilməsinə tərəfdar çıxır. Azərbaycanın Cənub Qaz Dəhlizi məhz bu məsələdə böyük rol oynayacaq. Xorvatiya Avropa enerji bazarında rol oynamaq istəyən ölkə olaraq enerji resursları ilə zəngin Azərbaycanla əməkdaşlığa bu baxımdan böyük əhəmiyyət verir. Azərbaycan prezidentinin prezidentinin Zaqrebə rəsmi səfəri tək Azərbaycan və Xorvatiya üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyətə malikdir. Prezident Əliyev yəqin ki, Putinlə bir neçə gün əvvəl Soçi görüşündə bu məsələləri də müzakirə edib. Habelə, Merkelin Azərbaycan səfərində də enerji diplomatiyasının gündəmin əsas mövzularından biri olması sirr deyil.

“Avropada Azərbaycanın dostları artır”

-Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı baxımından Xorvatiya ilə əməkdaşlığın nə kimi rolu var?

-Xorvatiya prezidenti xanım Kolinda Qrabar Kitaroviç ölkəsinin Azərbaycanın Avropa İttafaqı kimi mötəbər bir təşkilatda səmimi dostlarından biri olmaqda davam edəcəyini bildirib. Bildiyimiz kimi Xorvatiya keçmiş Yuqoslaviya respublikalarından biri olsa da, Avropa İttifaqına üzv qəbul edilib. Avropa İttifaqı kimi hazırda dünya siyasətinin əsas güc mərkəzlərindən birini təşkil edən, təkcə köhnə qitənin deyil, dünyanın ən mötəbər təşkilatlarından birində Azərbaycana dost ölkələrin sayının çox olması ölkəmizin beynəlxalq siyasətdə rolunun artmasına, bir sıra mühüm məsələlərdə təşkilatın dəstəyinə bel bağlamağa əsas verir. Prezident İlham Əliyev habelə Azərbaycanın NATO ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb. Doğrudur, Azərbaycanın bəzi qonşu ölkələr, məsələn Gürcüstan və Ukrayna kimi yaxın gələcəkdə NATO-ya üzvlük məqsədi yoxdur. Eyni zamanda, Azərbaycan Gürcüstan, Ukrayna və ya Ermənistandan fərqli olaraq Avropa Birliyi ilə Tərəfdaşlıq sazişləri imzalamayıb. Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq sazişini ölkə prezidentin Belçikaya etdiyi son səfərində hələ ki, paraflayıb. NATO ilə fərdi tərəfdaşlıq proqramları və digər proqramlar çərçivəsində geniş əməkdaşlıq əlaqləri qurulub. Azərbaycan bu təşkilatla əməkdaşlığı yüksək səviyyədə davam etdirir. Əfqanıstandakı NATO qüvvələrinə logistik dəstək, yüklərin daşınması məhz Azərbaycan vasitəsilə həyata keçirilir. Azərbaycan Avropa Birliyinin enerji təminatında mühüm rol oynamaq potensialı olan ölkədir. Bunun üçün də bir sıra mühüm layihələr həyata keçirilir.

“Bura bir zamanlar dünyanın “barıt çəlləyi” idi”

-Keçmiş Yuqoslaviyanın sülh təcrübəsi Cənubi Qafqaz üçün bir nümunə ola bilərmi? Bir zamanlar Balkan yarımadasında da müharibə vüsət almışdı. Lakin indi sülh və əməkdaşlıq hökm sürür.

-Balkanlar da Cənubi Qafqaz kimi tarix boyu müharibə meydanına çevrilmiş, “dünyanın barıt çəlləyi” adlandırılan mürəkkəb geosiyasi vəziyyəti, müxtəlif etnik və dini köklərə malik xalqların yaşadığı bir bölgədir. Müharibə bu bölgələri də ağuşuna almışdı və burada da silahlı münaqişələr, soyqırımı törədilmişdi. Lakin dünya buradakı münaqişəyə daha ədalətli yanaşma ortaya qoya bildi və nəticədə sülh yarandı. Hər bir müharibənin, münaqişənin başa çatdırılmasının birinci şərti işğalçıya layiq olduğu qiyməti vermək, işğala məruz qalanın haqqını müdafiə etmək, ikili standartlardan uzaqlaşmaq, bir sözlə ədalətli mövqe nümayiş etdirməkdir. Xüsusilə, müharibə cinayətkarlarının, soyqırım törədən şəxslərin beynəlxalq hərbi tribunal qarşısına çıxarılaraq mühakimə olunması ədalətin zəfər çalması idi. Eynilə, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan arasındakı silahlı münaqişə nəticəsində dinc azərbaycanlılara qarşı soyqırım cinayətinə yol vermiş Sarkisyan, Koçaryan və digər yüzlərlə erməni canilərə qarşı keçmiş Yuqoslaviyadakı kimi ədalətin sərt üzünü göstərməlidir. Belqardaı bombalayan NATO qırıcıları niyə İrəvanı bombalamır?! Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə sığınmaqla məsuliyyətdən yaxa qurtarmamalıdır. İşğalçı himayəçisinin kim olmasından asılı olmayaraq işğalçıdır və beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.

Son xəbərlər
Bütün xəbərlər »