Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu səfər münasibətlərin inkişafına təkan verəcək”

Politoloq Musa Ağayev: “Azərbaycanın strateji qərarlar verməsinin tərəfdarıyam”

Azərbaycan-Rusiya əlaqələri, iki dövlət arasındakı münasibətlərin indiki səviyyəsi və gələcək perspektivləri, Prezident İlham Əliyevin bu ölkəyə son səfərinin nəticələri, imzalanan sənədlər, Azərbaycanın Avrasoya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulub-qoşulmaması, Ermənistandakı son hakimiyyət dəyişikliyinin Qarabağ problematikası anlamında Rusiya-Azərbaycan münasibətlərində yeri və başqa bu kimi bir sıra mühüm məsələlər ölkə gündəmindən düşmür. Məlum olduğu kimi, Azərbaycanın və Rusiyanın Prezidentləri İlham Əliyev və Vladimir Putin iki ölkə arasında hazırda əldə olunmuş tərəfdaşlığın səviyyəsindən razı olduqlarını bildirsələr də, bununla kifayətlənmək istəmədiklırini də ortaya qoyublar. Mətbuat üçün verdikləri bəyanatlarda hər iki Prezident münasibətlərin indiki səviyyəsini müsbət dəyərləndirdilər və onu daha da dərinləşdirmək və genişləndirmək haqda da fikirlərini bildirdilər. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azertac-a müsahibəsində deyib ki, imzalanan sənədlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” xüsusilə vurğulanmalıdır: “Sənəddə qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ticarətdə daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, innovasiyalı inkişaf sahəsində məsələlərin həlli üçün perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılması, dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların, büdcə-vergi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə birgə fəaliyyətin inkişafı, dövlət sektorunda istifadə üçün qabaqcıl proqram təminatının tətbiqi üzrə təcrübə mübadiləsi və əməkdaşlıq, gənclər siyasəti, təhsil, idman və turizm məsələləri daxil olmaqla humanitar sahədə əməkdaşlığın genişləndirilməsi kimi mühüm prioritetlər müəyyənləşdirilib. Birgə Bəyanatda əksini tapan inkişaf istiqamətləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsində iqtisadi əməkdaşlığın rolunu və əhəmiyyətini artıracaq, iqtisadi-ticari əlaqələrin müasir tələblərə cavab verən yeni inkişaf səviyyəsinə yüksəldilməsinə zəmin yaradacaqdır”.

Doğrudanmı, bu səfər və imzalanan sənədlər xüsusi əhəmiyyət daşıyır və Azərbaycanla Rusiya arasında münasibətlərin bütün spektri üzrə inkişafa xidmət edəcək?

Bu məsələlərlə bağlı Bizim Yol olaraq silsilə müsahibələrimizi davam etdiririk. Bu dəfəki müsahibimiz Yeni Zaman Partiyasının sədri, “Yeni Zaman” və “Novoye Vremya” qəzetlərinin təsisçisi, politoloq Musa Ağayevdir.

- Musa müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini və iki ölkə Prezidentlərinin birgə bəyanatındakı mesajları necə qiymətləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya sentyabr ayının 1 də rəsmi səfəri, Rusiya və Azərbaycan Prezidentlərinin birgə bəyanatındakı mesajları bir daha onu göstərir ki Rusiya və Azərbaycanı dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Hesab edirəm ki bu danışıqlar Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək.

“İmzalanan sənədlər ticarət dövriyyəsini artıracaq”

- İmzalanan sənədlər Sizə nədən xəbər verir? Rusiya ilə Azərbaycan münasibətlərin iqtisadi ağırlığını artırmağa qərar veriblər? Bu, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına necə təsir edəcək?

- Bilirsiniz ki, Rusiya həm ərazisinə, həm də gücünə görə dünyanın ən nəhəng ölkələrindən biridir.Deməli, Rusiya həm də ən böyük bazardır. Tarix boyu dünyada böyük bazarlara daxil olmaq uğrunda mübarizələr gedir. Bizim isə Rusiya bazarlarına daxil olmağımız müsbətdir və bu iki ölkə arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir edəcək. Rusiya ilə Azərbaycan münasibətlərin iqtisadi ağırlığını artırmağa gəlincə, Rusiya Prezidenti Putinin qeyd etdiyi kimi, 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.

Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur.

Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir. İmzalanan sənədlər isə ticarət dövriyyəsinin daha da artmasına gətirib çixaracaq.

- Prezident İlham Əliyev dedi ki, Rusiya ilə 5 milyard dollardan da yuxarı silah razılaşması var. Azərbaycanda belə bir fikir səsləndi ki, bu sövdələşmənin bizə deyil, Rusiyaya faydası var. Belə arqumentlər gətirdilər ki, əvvəla, onsuz da ən çox Rusiya özü və başqa böyük güclər bu silahlardan istifadəyə razı olmayacaqlar, ikincisi, Rusiya eyni silahları Ermənistana da verir. Bu arqumentlərlə razısınızmı?

- Xeyr, bu arqumentlər tam düzgün deyil. Əvvəla bu gün Pentaqon da, NATO da qəbul edir ki, Rusiya silahları dünyada ən güclü silahlardır. İkincisi, Azərbaycan təkcə Rusiyadan deyil İsraildən, Belorusiyadan, Türkiyədən və Pakistandan da milyardlarla dollarlıq silah alıb. “Rusiya özü və başqa böyük güclər bu silahlardan istifadəyə razı olmayacaqlar” arqumentləri isə aparılan siyasətdən və şəraitdən asılı olacaq. Bu haqda geniş danışmaq istəmirəm.

“Azərbaycan ərazisində Rusiya hərbi bazasənın yaradılmasına ehtiyac yoxdur”

- Azərbaycan Prezidentinin səfəri ərəfəsində mətbuatımızda bəzilərinin ciddi zarafatla “Rusiyanın NATO-su” adlandırdıqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Azərbaycanın da qoşulması haqda təklif irəli sürüldü və qısa müddət də olsa, müzakirələrə səbəb oldu. Bu ideyanın tərəfdarlarının da, əleyhdarlarının da xeyli arqumentləri var. Hər biri özünün mövqeyini haqlı sayır. Bu haqda Sizin fikirləriniz nədən ibarətdir?

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Azərbaycanın da qoşulması haqda təklif irəli sürülməsini və müzakirələrə səbəb olmasıni normal hal kimi qəbul edirəm. Azərbaycanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını müsbət hesab edirəm. Bu haqda əsaslı arqumentlər deyə bilərəm.

- Ancaq Rusiya ilə hərbi-siyasi itifaqda olmağın zərərli, hətta təhlükəli olduğunu deyənlər 20-ci əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini misal göstərirlər. Deyirlər ki, Leninlə Atatürk razılaşmışdı ki, 11-ci Ordu Azərbaycandan keçib Türkiyəyə köməyə gedəcək. Yəni Azərbaycanda qalmayacaq. AXC hökuməti də buna icazə vermişdi. Ancaq rus ordusu gəldi və 73 il burda qaldı. Hazırda Rusiya Türkiyə ilə yenə yaxınlaşmaqddır. Və “bizim KTMT-yə qoşulmağımız ərazimizdə rus hərbi bazasının yaradılmasına gətirib çıxaracaq və müstəqilliyimizi ikinci dəfə itirə bilərik” deyənlər nə dərəcədə haqlıdırlar?

- Qeyd etdiniz ki, bu gün NATO-da xüsusi çəkiyə malik olan Türkiyə Rusiya ilə yaxınlaşmaqdadır. Bu, Türkiyənin NATO ilə münasibətlərinin necə olduğunu göstərir.NATO ABŞ tərəfindən idarə olunduğu üçün Türkiyə - ABŞ münasibətləri daha da gərginləşsə, Türkiyədə NATO əleyhdarları daha da artacaq. Əgər Türkiyə müstəqil siyasət aparmaq istəsə və bu, ABŞ-ın maraqlarına uyğun olmasa, NATO ABŞ-ın maraqlarını yerinə yetirəcək. Qaldı Leninlə Atatürk razılaşmışdı ki, 11-ci Ordu Azərbaycandan keçib Türkiyəyə köməyə gedəcək. Yəni Azərbaycanda qalmayacaq. AXC hökuməti də buna icazə vermişdi. Ancaq rus ordusu gəldi və 73 il burda qaldı.Hesab edirəm ki, bunu deyənlər ya tarixi düzgün mənbədən öyrınməyiblər, ya da heç tarix oxumayıblar; hansısa populistlərdən eşidiblər. Əvvəlcə Osmanlnın 20-ci əsrin əvvəllərində olduğu vəziyyətini və tarixi şəratini oxusunlar. İngilislərin Osmanlı Türkiyəsinə qarşı məkrli planlarını oxusunlar. “Bizim KTMT-yə qoşulmağımız ərazimizdə rus hərbi bazasının yaradılmasına gətirib çıxaracaq və müstəqilliyimizi ikinci dəfə itirə bilərik” deyənlərin arqumentləri ilə razı deyiləm. Əvvəla, KTMT- yə üzv olanlar müstəqil dövlətlərdir və heç biri müstəqilliyini itirməyiblər. Ərazimizdə rus hərbi bazasının yaradılmasına isə ehtiyac yoxdur, çünki Xəzər dənizində ən böyük hərbi baza Rusiynındır.

“Artıq Dünya çoxqütblüdür...”

- Sizcə, KTKT-yə qoşulmaq ideyasını ortaya atılması ciddi strateji qərara hazırlıq getdiyinimi göstərir, yoxsa ictimai rəyin zondajı idi?

-Mən ciddi strateji qərar verilməsinin tərəfdarıyam.

- Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının tərəfdarları da son vaxtlar mediada və xüsusilə sosial şəbəkələrdə öz mövqelərini daha aktiv sərgiləyirlər. Bunun əleyhinə olanlar isə KTMT ilə bağlı dedikləri fikri deyirlərr: Azərbaycanın müstəqilliyinə və iqtisadi maraqlarına zərbə dəyəcəyini əsas gətirirlər. Bəs Sizcə necədir?

- Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması Azərbaycanın müstəqilliyinə və iqtisadi maraqlarına heç bir zərbə vurmur.

- Gəlin konkretləşdirək. Avrasiya İqtisadi İttifaqında olmağımız bizə konkret hansı faydaları verə bilər? Xüsusilə nəzərə alsaq ki, bu ittifaqın əsas dövləti olan Rusiya ABŞı-ın və Avropa Birliyinin sərt sanksiyaları altındadır. Bu İttifaqa qoşulmaq Rusiya ilə əlaqələri daha da sıxlaşdırmaq, daha geniş bzara çıxmaq baxımından təbii ki, cazibdir, ancaq nəticədə öz iqtisadiyyatımızın da sanksiyalarla üzləşməsinə səbəb olmayacaqmı?

- Avrasiya İqtisadi İttifaqında olmağımız bizə konkret faydalar verə bilər əlbəttə. Əvvəlcə qeyd etdiyim kimi, bu İttifaq böyük və bizə faydası olan bir bazardır. Qaldı Rusiyanın bu gün ABŞ-ın və Avropa Birliyinin sərt sanksiyaları altında olması, onu qeyd edim ki, ABŞ bu gün dünyanın yeganə hegemon ölkəsi qalması üçün onun maraqlarına xidmət etmək istəməyən bütün dünya ölkələrinə qarşı çxmaq istəyir və bunun üçün bütün vasitəlrdən istifadə etməyə hazırdır. Rusiyaya qarşı başqa vasitəlrdən istifadə etmək mümkün olmadığı üçün sanksiyalardan istifadə etmək zorundadır və Avropa Birliyi ölkələrindən də bu məqsədlə istifadə edir. Amma ABŞ Dünyanın yeganə hegemon ölkəsi qalmaq şansını itirib. Artıq dünya çoxqütblüdür.

- Ən başlıca məsələlərdən biri budur ki, Rusiya ilə bu dəfəki yaxınlaşma işğal olunmuş ərazilərimizin geri qaytarılmasında hansı rolu oynaya bilər? Prezident Vladimir Putin ded ki, Rusiya münaqişənin nizamlanmasına öz dəstəyini verəcək. Bu dəstək nədən ibarət olacaq? Minsk Prosesinin kənarındamı olacaq bu dəstək, yoxsa, ənənəvi olaraq həmsıdrlərin regiona səfərləri ilə davam edəcək?

-Bütün bunlar deyilən sözlərdən yox, Azərbaycanın real olaraq apardığı siyasətdən asılı olacaq.

Gülnarı ƏMİQRIZI

Son xəbərlər
Bütün xəbərlər »