Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maşallah Əhmədovun məhkəməsində mübahisə
Maşallah Əhmədovun məhkəməsində mübahisə

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə "Sahil MTK"nın sahibi Kamil Alıyev ifadə verərək deyib ki, M.Əhmədovdan daş alıblar və buna görə ona 27 min manat pul ödənilib.

"Sahil MTK"nın iş icraçısı Musa Qaybullayev bildirib ki, daşın alınması və görülən işlə bağlı Maşallah Əhmədovla "Sahil İnşaat Group" MMC arasında müqavilə imzalanıb.

Ədliyyə Nazirliyinin Əmtəəşünaslıq üzrə eksperti Kamran Dünyamalıyev ifadə verərək deyib ki, onlara qiymətin müəyyən olunması üçün qara daş təqdim edilib: "Qiymət orta bazar qiymətinə uyğun müəyyən edilib".

Zərərçəkmiş Y.Əzizovun nümayəndəsi Neman Kərimov Maşallah Əhmədova sual verərkən futbolçu onu hədələyib. N.Kərimov isə onu "dələduz" adlandırıb.

M.Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, müvəkkilinin barəsindəki hökm qüvvəyə minməmiş nümayəndə onu dələduz aldırdığı üçün üzr istəməlidir. N.Kərimov üzr istəməyəcəyini bildirib. Hakim Faiq Qasımov N.Kərimova və M. Əhmədova xəbərdarlıq edib.

Sonra hakimlər öz təşəbbüsləri ilə daşların qiymətlərinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə qərar çıxarıblar.

Buna görə də proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Son xəbərlər
Bütün xəbərlər »