Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Brüssel də, Vaşinqton da mövqeyimizi anlayır”
İlham Şabah: “Enerji layihələrimizin təhlükəsizliyi aparılan siyasətdən asılıdır”

“Azərbaycan Prezidenti neft-qaz məsələlərində əməkdaşlığın incəliklərini başqalarından daha yaxşı bilir”

Azərbaycanda son bir neçə günün əsas gündəmi Almaniya Federativ Respublikasının kasleri Angela Merkelin Cənubi Qafqaz regionuna, o cümlədən, Azərbaycana səfəri ilə bağlıdır. İstər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə bu səfər haqqında çox müxtəlif şərhlər verilir. Bu zaman daha çox enerji təhlükısizliyi maraqları önə çəkilirdi. Bu və başqa məsələlərlə bağlı bizimyol.info-nun suallarını enerji məsələləri üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb.

- İlham bəy, Almaniyanın Federal kansleri Angela Merkelin Azərbaycana səfərini analitiklər daha çox enerji əməkdaşlığı, enerji layihələri kontekstindən şərh edirlər. Xüsusilə, onun Rusiya Prezidenti ilə görüşdən sonra regiona gəlişinə ayrıca anlam yükləyirlər.

- Xanım Merkelin Qafqaz regionuna səfərinin Rusiya prezidenti ilə avqustun 18-də keçirilən görüşü arasında heç bir əlaqəsi yox idi. Çünki bu səfər təqribən cari il martın əvvəllərində artıq gündəliyə salınmışdı və məqsədi Almaniyanın Qafqaz ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafı idi. Ona görə də burada enerji məsələsinin də qabardılmasının və mən deyərdim ki, həm Qərb, həm də Rusiya KİVləri, eyni zamanda təhlilçiləri tərəfindən anonim mənbələrə əsaslanan informasiyalara əsaslanaraq şişirdilməsinin əslində heç bir əsası yox idi.

- Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz təhlilində belə bir fikir irəli sürüb ki, ABŞ-ın və Avropa İttifaqının sanksiyaları nəticəsində Rusiya Federasiyası iqtisadi cəhətdən zəiflədikcə, onun maraq dairəsində olan xammal və istehlak bazarlarında yaranmağa başlayan boşluğu ABŞ, Çin, Avropa Birliyi ölkələri, o cümlədən, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya doldurmağa çaışır. Bu anlamda Rusiya ilə Azərbaycanın həm iqtisadi, həm siyasi əlaqələrində hansı sa yeni gərginlik yarana bilərmi? Əgər adını çəkdiyimiz dövlətlər bu bölgəyə, Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycana nüfuz etməyə çalışacaqlarsa, burada birinci növbədə Rusiyanın, eləcə də, Türkiyənin və İranın müqaviməti ilə rastlaşacaqlar. Bu halda Azərbaycanın bu ölkələrlə münasibətləri necə olacaq? Gərginləşəcəyini gözləyirsinizmi?

- Tofiq bəy strateji baxımdan məsələlərə düzgün qiymət verib. Əlbəttə, Rusiyanın iqtisadi qüdrəti zəiflədikcə, onun ardınca siyasi nüfuz dairəsi də daralmağa başlayacaq. Necə ki, bir zamanlar bunu Sovet İttifaqının timsalında biz müşahidə etmişdik. Yəni bu, bir reallıqdır.

Məsələnin ikinci bir tərəfi daha maraqlıdır. Rusiyanın əvvəlki nüfuz dairəsi HALQASI nə qədər darala bilər və hansı zaman çərçivəsində darala bilər? Və bu məkan kimlərin nəzarətinə keçə bilər? Bunun fəsadları necə ola bilər? Mən çox tez-tez sosial şəbəkələrdə belə mübahisələrə rast gəlirəm ki, Rusiyanın zəifləməsi Sovetlərdə olduğu kimi onun dağılmasına nə zaman gətirib çıxara bilər? İistər ekspert dairələri olsun, istər sadə vətəndaşlar - azərbaycanlılar arasında xüsusilə bunu çox canfəşanlıqla müzakirə edənlərə daha çox rast gəlmək olur. Onların da əsas arqumenti budur ki, Rusiya olmasa, Dağlıq Qarabağ probleminin həlli “suiçim kimi” bir şeydir.

Məsələlərə bir qədər qlobal yanaşmaq lazımdır. SSRİ-nin dağılması ilə Rusiyanın parçalanması arasında eynigüclü işarəsi qoymaq olmaz. Çünki hərəsinin dünyada oynadığı rol və missiya başqadır. ABŞ və Avropa üçün Rusiya Çinin Mərkəzi Asiya yavə oradan da gələcəkdə Şərqi Avropaya ekspansiyasının qarşısını almaq üçün bir səddir. Özü də təkcə Çin konteksində deyil, həmçinin Əfqanıstan və Pakistanın bu bölgəyə “islam axını”nın qarşısının alınması baxımından. Yəni Mərkəzi Asiyada 5 müstəqil ölkə yaranandan bəri Rusiya pis-yaxşı bu missiyanın öhdəsindən gəlir. Ancaq biz yaxşı xatırlayırıq ki, 90-cı illərdə Mərkəzi Asiya uğrunda Türkiyədən tutmuş İran aa qədər və qonşu ölkələr arasında necə mübarizə başlamışdı. Bu gün isə tam fərqli bir mənzərə var: hətta eyniköklü Tacikistan artıq İranla eyni platformada deyil. Bir zamanlar Çin ekspansiyası içərisində eriyib yox olmaq təhlükəsi ilə qarşılaşan Qırğızıstan artıq bu dövrünü arxada buraxıb. Konkret Azərbaycana gəldikdə isə hesab etmirəm ki, hansısa qonşu ölkə yaxın perspektivdə Azərbaycanda nüfuz dairəsini artırmaq məsələsinə görə həm rəsmi Bakı, həm də onunla bu bazarda rəqib olmaq istəyən ölkə ilə “kəllə-kəlləyə” gəlmək istəyini açıq və ya gizli şəkildə ortaya qoysun. Bizim cəmiyyətdə xoşlayırlar ki, müxtəlif versiyaları hərə öz prizmasından bir reallıq kimi nəql etsin. Ancaq açıq danışılası məsələlər də var: Azərbaycanın bütün qonşularına (Ermənistan istisna olmaqla) bu ölkənin siyasəti bəllidir. Yəni rəsmi Bakı təzyiqləri qəbul etmir, onunla ən yaxşı sövdələşmə qarşılıqlı maraqlar çərçivəsində mümkündür. Rəsmi Bakının mövqeyinə Brüsseldə də, Vaşinqtonda da hörmətlə yanaşıblar. Çünki hamı üçün stabil siyasəti olan ölkə ilə əməkdaşlıq mövqeyini daim dəyişən ölkə ilə əməkdaşlıqdan daha sərfəlidir. Ən azı, arxadan heç zaman zərbə gözləməyəcəksən. Bu isə siyasətdə, əsasən də beynəlxalq siyasətdə çox qiymətləndirilən amildir.

- Belə ehtimallar da var ki, Rusiya və İran donanmalarının Xəzərdə hərəkət sərbəstliyini əldə etmələri Azərbaycanın Rusiyaya və İrana qarşı sanksiya savaşı açmış xarici tərəfdaşlarla Xəzərdə neft-qaz layihələrini icra etməsinə təhdiddir. Bu, belədirmi?

- Mən belə hesab etmirəm. Avqustun 12-də Xəzərin hüquqi statusu haqqında Konvensiya qəbul olundu. Bu sənəddə öz maraqlarını qoruyan ölkələr kimi Rusiya və İranın adı hallanır. Nəyə görə? Birincisi, Konvensiya suyun üstündə sahilyanı dövlətlərin nüfuz dairəsinin sahildən 45 km aralıda bitdiyini birmənalı şəkildə qeyd edir. Əgər ən dar yerdə Xəzərin eni 290 km-ə yaxındırsa, deməli 200 km neytral sular hesab olunur. Neytral sularda hərbi və mülki gəmilərin hərəkəti sərbəstdir. Ancaq həmin sualrda Azərbaycan hərb gəmiləri də üzə bilər. Bunu da nəzərə almaq lazımdır. Əgər Xəzəryanı dövlət başçıları Xəzəri sülh dənizi elan ediblərsə, bundan məyus olmağın nə mənası var?! Başqa bir məqam Xəzərdə üçüncü tərəfin hərbi bazalarının yerləşdirilməməsi ilə bağlı idi. Təsəvvür edin ki, baza yaratmaq haqda biz qərar veririk. Bu, Azərbaycanın xeyrinə olardı, ya ziyanına? Məncə, Ukrayna Krımı itirdiyi kimi, o baza yaranmamış AÇG və Şahdənizi bir göz qırpımında itirərdik. Ona görə də gərək bir qədər realist olasan. Neft-qaz layihələrimizin təhlükəsizliyinə gəlincə isə, .qeyd etdiyim kimi, onlar daha çox aparılan siyasətdən asılıdır, nəinki milyardlarla komplekslərin alınıb həmi yataqların ətrafına düzülməsindən. Qarşılıqlı maraqlar hər şeydən üstündür. Necə ki, “Şahdəniz” layihəsində həm Rusiya, həm də İran iştirak edir və bu gün hər iki dövlət Qərbin sanksiyası altındadır, ancaq rəsmi Bakının apardığı siyasət qarşılıqlı maraqlara yönəldiyindən bu, nə Brüsseldə, nə də Vaşinqtonda bizə qarşı qıcıq oyatmır.

- Angela Merkellə görüşündə mətbuat üçün açıqlamasında Prezident İlham Əliyev deyib ki, Azərbaycan Transxəzər layihəsinin təşəbbüskarı olmayacaq. Bunu bəzi analitiklər Rusiya ilə münasibətləri pozmamaq məqsədilə verilmiş bəyanat olaraq qiymətləndirir. Siz necə baxırsınız? Azərbaycan Türkmənistan qazının öz ərazisindən daşınmasında niyə maraqlı olmasın?

- Prezident İlham Əliyev neft qaz layihələrinin incəliklərini siyasətçilərdən bir baş çox bilir, mən deyərdim ki, onların nə demək istədiklərini (ancaq ictimailəşdirmək istəmədiklərini) çox yaxşı anlayır. Gördünüzmü Azərbaycan Prezidenti ilə görüşdə, nə də mətbuat üçün açıqlamada Transxəzər məsələsinə toxunulmadı. Ancaq İlham Əliyevə bu sualı mətbuat konfransında Merkeli müşayət edən jurnalist verdi. Çünki Qərbdə dəbdə olan mövzudur. Təkcə Qərbdə yox, eləcə də Rusiyada və bizim Azərbaycanda. Azərbaycan KİV daim xarici mətbuatdan qaynaqlandığından onlara elə gəlir ki, Transxəzər qaz kəməri çəkilsə, daha Azərbaycanın ikinci bir dərdi olmaz, o borudan MAVİ QIZIL axmağa başlayacaq və necə deyərlər iqtisadiyyatın xoş günləri başlayacaq. Ancaq indiyə qədər bir Azərbaycan mətbuatı orqanı götürüb özü üçün hesab aparmayıb ki, bəs biz bundan nə qədər qazana bilərik? Rusiya Ukraynaya Avropa Birliyində mövcud olan tariflərdən çox tranzit haqqı ödəyir. 90 milyard kub metr qazın tranzitinə görə 2,9 mlrd dollar ödəmişdi. İndi təsəvver edin ki, Azərbaycandan 10 milyard kub metr qaz keçsin. Ona görə nə qədər tranzit haqqı ala bilərik – təqribən 250 milyon dollar. Çünki Qərb deyir ki, Türkmənistan qazını Avropaya gətirib satmaq bahadır, ona görə də bizə endirim lazımdır, Avropadakı şərtlər kimi və sair. Ola bilsin bir qədər baha olsun. Ancaq sən bu qazı daşımaq üçün istismar xərcləri də çəkirsən, özü də bir xeyli. Yəni sənin real mənfəətin 200 milyon ətrafında olar. Soruşa bilərsiniz ki, bəs niyə 10 milyard kub metr? Türkmənistanda qaz çoxdur, elə 30 milyard kub tranzit edək. Yaxşı sualdır, ancaq qaz mövzusundan dərin bilikləri olmayanlar üçün. 2020-ci ildə Cənub Qaz Dəhlizinin buraxıcılıq gücü cəmi 16 mlrd kub metr olacaq. Onun da bütün həcmləri Azərbaycan tərəfindən rezervlənib. Sonralar 2 dəfə artırıla bilər -i Avropaya 20 mlrd kub metr qaz ötürə bilərk. Vəssalam. Yaxşı, bəs Azərbaycan özünün digər yataqlardan çıxan qazını neyləyəcəyik? 20 milyard dollar xərc çəkib təzədən yeni boru çəkəcəyik? Onlar, sadəcə, öz bazarlarına yaxın yerlərdən onilliklər boyu bir neçə satıcıdan çoxlu qaz gəlməsini və rəqabət nəticəsində qazın qiymətinin artmamasını arzulayırlar. Bax, bunu Qərbdə demək istəmirlər...

- Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Trampın Britaniyaya göndərdiyi təhdid mesajlarının ardından Britaniya xarici işlər naziri Rusiyaya qarşı sanksiyaların gücləndirlməsi çağırışı ilə çıxış etdi. Britaniya Azərbaycanda böyük yatırımları olan ölkələrdən biridir. Bu ölkənin qonşu Rusiya ilə münasibətləri gərginləşdirməsi Azərbaycanla münasibətlərə hər hansı təsir edə bilərmi?

- Britaniyanın BP şirkəti ilə 2050-ci ilədək müqavilə imzalanıb. Britaniya təkcə Azərbaycanın enerji təhlükəsizliyində iştirak etmir. Çünki enerji təhlükəsizliyi çoxdan milli təhlükəsizliyin əsas elementinə çevrilib. Rusiya bunu gözəl anlayır və son 28 ildə özünü adekvat aparır, inanıram ki, bundan sonra da belə olacaq.

Müsahibəni hazırladı: Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »