Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni komandiri helikopterində məhv edən qəhrəman zabitimiz kimdir? – Araşdırma

Məhşurlardan birinin belə bir deyimi var: Əminamanlıq dövründə atalar oğulların, müharibə dövründə isə oğullar ataların çiyinləri üzərində gedir”. Əlavə olaraq qeyd etmək olar ki, müharibə dövründə həm də millətin, xalqın qəhrəman oğulları ortaya çıxıb tanınır.

Onların bəziləri həlak olaraq məmləkət boyda abidəyə, bəziləri sağlamlığını itirərək örnəyə çevrilir. Ömrünün son gününə qədər acı xatirələrin yaşatdığı istirab, fiziki qüsurlarının verdiyi əzab içində yaşasa da tutunduğu, əlində əsa edib ömür yollarında yürüdüyü bir dayağı olur. O dayaq Vətənə olan borcun qismən ödənilməsi, bu yolda sağlamlığını itirməsidir...

Həmsöhbətim Silahlı Qüvvələrin ehtiyatda olan mayoru Rafiq İbrahimovdur. Yuxarıda qeyd etdiyim kimi, cənab mayor da Vətən yolunda öz sağlamlığından keçənlərdəndir. Dəfələrlə qanlı döyüş əməliyyatlarında ölümün gözünə dik baxıb. Necə deyərlər ölmədən öldürməyə, yağı düşmənin hücumlarından ərazi bütövlüyümüzü qorumağa çalışıb.

Rafiq İbrahimov əsgərləri ilə növbəti döyüş tapşırıqlarından birinə yollanır. O, keçmiş Ağdərə rayonu istiqamətində cəbhənin dərinliyinə sızaraq oradan düşmənə elə bir atəş açır ki, həmin atəşin nəticəsində işğalçı Ermənistan Respublikası 3 gün rəsmi matəm saxlayır, hərbi-kriminal hakimiyyətin başında duran şəxslər ağır sarsıntı keçirdiklərini və baş verən hadisənin böyük itki olduğunu etiraf etməkdən belə çəkinmir. Söhbət Ermənistanın qəhrəmanı, erməni partizan dəstələrinin komandanı, işğalçı rejimin rəhbərləri arasında kifayət qədər nüfuz sahibi olan Şahen Meğryanın və tərkibində onun dəstəsi də olan Mi-6 ağır çoxməqsədli helikopterin vurularaq məhv edilməsindən gedir...

Mayor İbrahimovun yerinə yetirdiyi sözügedən döyüş tapşırığının detallarını təqdim etməzdən öncə qəhrəman zabitin özü haqqında qısa məlumat verək:

İbrahimov Rafiq Tofiq oğlu 1963-cü ildə Ağdam rayonunun Kəhrizli kəndində müəllim ailəsində doğulub. Doğma kəndində orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Rusiya Federasiyasının Varonij şəhərində hərbi xidmət keçdikdən sonra Gəncə Yüngül Sənaye Texnikomunda təhsil alıb. 1991-ci ildən könüllü olaraq yerli özünümüdafiə dəstələrində Vətən keşiyində durub. Düşmənlə döyüşlər zamanı yaralanıb. Lakin buna baxmayaraq, Rafiq İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birləşmələrində xidmətini davam etdirib. Hazırda SQ-nin ehtiyatda olan mayorudur.

Bəs qəhrəman zabitimizin məhv etdiyi düşmən - Şahen Meğryan kimdir?

Şahen Meğryan 1952-ci il yanvarın 3-də Goranboy rayonunun Gülüstan kəndində anadan olub. Yerli məktəbi bitirdikdən sonra İrəvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub.

Qarabağda seperatçı fəaliyyətlərin başlaması ilə Meğryan, bölgədə əsasən xarici ölkələrdən gələn terrorçulardan ibarət dəstələr formalaşdırıb. Təsadüfi deyil ki, o, 1990-cı ildə Daşnaksütyun partiyasına qoşulub. Sözügedən dəstələr Meğryanın rəhbərliyi altında 1990-cı il yanvarın 12-13-də Mənəşli kəndi istiqamətində qüvvələrimiz üzərinə hücumlar təşkil edib.

1991-ci ildə keçirilən "Çaykənd" əməliyyatından sonra Çaykənd və Qarabulağın azad edilməsindən sonra, Meğryanın məskunlaşdığı terror yuvası mühasirəyə alınır. 1991-ci ilin iyun ayında qüvvələrimiz üç kəndi - Erkec, Buzluq, Mənəşli kəndini azad edirlər. Buna baxmayaraq, 1991-ci il sentyabrın 11-13-də Meğryanın keçirdiyi əməliyyat nəticəsində hər üç kənd yenidən işğal edilir. Noyabrın 29-da isə onun rəhbərlik etdiyi təxribatçı dəstə Todan kəndini işğal edir.

1992-ci il iyunun 13-də Meğryan Həsənriz kəndində 25 nəfərdən ibarət döyüşçü toplayaraq, mövqelərimizə qarşı hücumlar təşkil etməyə başlayır. Goranboy-Ağdərə əməliyyatı çərçivəsində onun təşkil etdiyi dəstələr, müxtəlif vaxtlarda Həsənriz, Umudlu, Madagiz, Tonaşen, Sərsəng su anbarını, 1993-cü ilin aprelində isə Gülüstan və bölgə ətrafı bütün yüksəklikləri yenidən işğal edir. O, 1993-cü ilin martın 11-də Ermənistan müdafiə nazirliyi tərəfindən yaradılan hərbi hissəyə komandir təyin edilir.

Meğryan, 1993-cü il aprelin 17-də Qarabağdan İrəvana içərisində erməni döyüşçüləri daşıyan helikopterlə gələrkən məhv edilir. Düşmən mənbələrinə görə, Meğryanın öldürülməsi Ermənistan hərbi xadimlərinin tanınmayan gizli qətllərindən biridir. Çünki bu günə qədər Meğryanın ölümünün kim tərəfindən təşkil edilməsinə dair ictimaiyyətə heç bir açıqlama verilməyib.

Rafiq İbrahimov bildirir ki, əməliyyat zamanı Şaheni və onun məxfi silahlı dəstəsini daşıyan helikopter “İqla-S” daşınan tipli zenit raket qurğusu ilə məhv edilib.

Maraqlıdır, həmin dövlərdə Azərbaycan Ordusu bölmələrində bu silah olubmu?

Araşdırmalara görə, cəbhənin keçmiş Ağdərə rayonu istiqamətində döyüş aparan 703 saylı hərbi hissənin arsenalında bu silah olmayıb. Ancaq R.İbrahimov bildirir ki, yaranan zərurət həmin silahın əldə edilməsi ilə nəticələnib: “Ərazidə helikopterlərin hərəkəti çox idi. Söhbət mülki helikopterlərdən də gedir. Mən hava hücumundan müdafiə bölmələrində xidmət edirdim. O zaman biz havadan müdafiəni yalnız “ZQ-23-2” silahı ilə təmin edirdik. Bu da yedəklə daşınan silah olduğu üçün dağ landşaftında o qədər də effektiv deyildi. Mən üst komandanlıqdan xahiş etdim ki, bölməni daşınan tipli zenit raket qurğusu ilə təmin etsinlər.

1993-cü ilin aprel ayının avvəlləri idi. Mənə xəbər verdilər ki, səni mayor Kamarov çağırır. Həmin vaxt bizim qərargah Ağdərə rayonunun İcra Hakimiyyətinin binasında idi. Mən ora gedib ikinci mərtəbəyə çıxdım. Onu da qeyd edim ki, Şikar Şikarov şəhid olandan sonra onun yerinə Vasiyak gəlmişdi. Otağa girəndə baxdım ki, otaqda iki uzun yeşik var. Komandirlə salamlaşandan sonra mənə dedilər ki: - Bu silahı sən tələb etmisən? – mən də təsdiqlədim. Onlar bu silahdan istifadə qaydalarını bildiyimi soruşanda mən sadəcə nəzəri cəhətdən tanış olduğumu dedim. Ondan sonra Vasiyakın yanında olan qara hündür boylu cavan hərbçi mənə silahın istifadə qaydaları haqqında cəmi beş dəqiqə təlim keçdi. Təlimdən sonra yeşiyin birini götürüb qərargahdan çıxdım. Dəhlizdə Nəcməddin Sadıkovla qarşılaşdım. O məni yaxşı tanıyırdı. Yeşiyə baxıb rusca soruşdu: - Bu nədir, canavar?...

-Komandir, bu düşmən helikopterinin anasını ağlatmaq üçündür, - deyib gülümsədim. O kürəyimə vurub: - uğurlar, canavar - deyib getdi. Mən də silahı götürüb bölmələrə gəldim.

Bizim hərbi hissə ilk dəfə həmin silahla 1993-cü ilin aprelində silahlandı. Onu da qeyd edim ki, o silahın gətirilməsi birbaşa bizim hazırkı Baş Qərargah Rəisimiz Nəcməddin Sadıkovun xidməti idi”.

Qəhrəman zabit həmçinin silahın tələb edilməsinə digər vacib səbəbləri o zaman Gürcüstan ərazisindən gələn, Gəncə şəhərinin üstündən Kəlbəcər rayonu istiqamətinə uçuşlar edən naməlum helikopterlərlə əlaqələdirir. O bildirir ki, həmin vaxt Azərbaycanda və Ermənistanda istismar edilən mülki helikopterlərin hamısı Sovetlər birliyinə aid olduğu, yəni eyni rəngdə olduğu və bir-birlərindən seçilmədiyi üçün onları müəyyən etmək uzun vaxt alırdı.

“Baxırdıq ki, helikopter uçur. Mərkəzlə əlaqə saxlayırdıq ki, bu uçan helikopterin bizə mənsub olub-olmadığını desinlər. Həmin zamanlar rabitə vasitələrinin o qədər də yaxşı olmaması gecikmələrə səbəb olurdu. Nəticədə bizim müşahidə etdiyimiz helikopterlər başımız üzərindən uçub keçirdi. Biz özümüz müşahidə edə biləcəyimiz ərazilərə isə əlimizdə olan “ZQ-23-2” silahını apara bilmirdik. Əlimizdə olan məlumatlara görə, düşmən həmin helikopterlərdən hərbçilərin və silah-sursatın daşınmasında istifadə edirdi”, - deyə Rafiq İbrahimov bildirir.

Araşdırma zamanı növbəti sual ortaya çıxır: Şahen və onun rəhbərlik etdiyi dəstənin məhv edilməsi xüsusi əməliyyat kimi düşünülüb?

“İqla-S” tipli silah əldə edildikdən sonra hava hücumundan müdafiə bölmələrinin yaranan əməliyyat şəraitində müvafiq addımlar atması üçün yaxşı zəmin yaranır. Məsələn, əvvəllər təkərli texnikanın yedəyində daşınana zenit qurğuları ilə hərəkət məhdud idisə, indi həmin məhdudiyyət zənciri tam qırılır. Artıq bölmələr daşınan qurğularla daha çox ərazilərdə mövqelənə bilirlər. Həmin günlərdən biri - 1993-cü il aprel ayının 17-si yaşanır... Rafiq İbrahimovun rəhbərlik etdiyi on nəfərlik qrup iki ədəd “İqla-S” qurğusu ilə təmas xəttini yarıb dağ massivləri ilə cəbhənin dərinliklərinə getməyi qərara alırlar. Məqsəd isə eynidir – Gəncənin başı üzərindən Kəlbəcər istiqamətinə uçan helikopterlərin düşmənə məxsus olduğunu təsbit edib onu məhv etmək. Rafiq həmin tarixi günü belə xatırlayır: “Həmin zaman Eyvaz Cəfərov briqada komandiri idi. O, mənə göstəriş vermişdi ki, Madagiz istiqamətinə gedim. Biz bölmələrimizin istifadəsində olan silahlarla həmin əraziyə gəldik. Orada 701 saylı hərbi hissənin bölmələri də xidmət edirdi.

Bizim dayandığımız Madagiz kəndindən yuxarı Tonaşen-1, Tonaşen-2 kəndləri yerləşirdi. Həmin kəndlər neytral ərazidə idi. O kəndlərdən yuxarıda isə Dəstəgül kəndi idi. Orada da yaşayış yox idi. Həmin kənddən yuxarı Keçəldağ yüksəklikləri yer alırdı ki, ora da artıq Gülüstan ərazisi sayılırdı. Burada həmçinin Baranbart meşəsi və s. məhşur ərazilər var. Sözügedən helikopterlər də elə məhz həmin ərazilərdən hərəkət edirdi. Mən əsgərlərimlə həmin ərazilərə qədər irəliləmək qərarına gəldim ki, kəşfiyyat müşahidəsi apara bilək. Hadisə də həmin gün baş verdi... Bir sözlə bizim ərazilərə getməyimizdə heç bir xüsusi tapşırıq yox idi. Sadəcə o istiqamətdə hərəkət çox olduğu üçün ora getmək qərarını qəbul etmişdik”.

Maraqlıdır, cəmi beş dəqiqə təlim keçəsən... və həmin təlim keçdiyin silahla ilk iki zərbənin ikincisi bir respublikanı üç gün matəm elan etməyə məcbur edə...

Həmin dövrdə leytenant rütbəsi daşıyan Rafiq İbrahimov və onun əsgərləri cəbhənin dərinliklərinə doğru hərəkətə başlayırlar. Dəstəgül yaxınlığındakı meşəlik yüksəklikdə dayanıb müşahidə aparırlar. Cəbhənin dərinliyində, düşmən arxasında olan döyüşçülər ilk helikopteri müşahidə edirlər. Lakin ona atəş açmaq mümkün olmur. Amma sonra, “balığın irisi “tilova” düşür”...

“Heç vaxt unutmayacağım hadisə idi... Öncədən onu qeyd edim ki, cəbhənin dərinliyinə gedərkən özümlə iki fişəng götürmüşdüm. Arxadakı uşaqlara tapşırdım ki, bir fişəng atsam həmin əraziyə köməyə gəlsinlər. Yox əgər iki fişəng atılsa əmin olsunlar ki, biz hamımız məhv olmuşuq. Çünki sözləşmişdik ki, əsir düşmə ehtimalı olsa özümüzü məhv edək. Səhər saat 06:00 radələrində yola düşmüşdük. Axşam saat 16:00-17:00 radələrində biz Dəstəgül kəndində idik. Dayandığımız yer və iki istiqamət meşə zolağı idi. Bir tərəf isə dərənin o tayı çəmənli dağıydı. Aralıdan helikopter səsi eşitdik. Səs yavaş-yavaş çoxalırdı. Birdən baxdıq ki, dərədən bir Mi-24 döyüş helikopteri çıxıb ətrafı müşahidə etdikdən sonra qarşı tərəfdəki düzənliyə endi. Amma mühərriyi söndürmədi. Daha sonra növbəti Mi-24 gəlib eyni qayda ilə manevr edərək, digər helikopterdən bir az kənara endi. Bundan sonra gördüm ki, buraya iki-üç xüsusi geyimdə olan döyüşçünün hərəkəti başladı. Onlar meşədən çıxıb ora tərəf hərəkət edirdilər. Bundan sonra növbəti helikopter səsi eşidildi. Gələn helikopter ağır çoxməqsədli Mi-6 idi. O gəlib iki döyüş helikopterinin arasına endi. Təxminən ora ilə bizim aramızdakı məsafə hava yolu ilə 300 metr olardı”, -deyə R.İbrahimov qeyd edir.

Komandir və əsgərlər nəyin baş verdiyini anlamırdılar. Onlar anlamırdılar ki, təsadüf nəticəsində düşmənin ən təhlükəli dəstəsinin gizli bazasına gəlib çıxıblar. İbrahimov “İqla”nı çıxararaq döyüş vəziyyətinə gətirir. O qərar verir ki, mühərriki işlək olan döyüş helikopterini vursun. Amma ilk cəhd uğursuz alınır. Belə ki, raket boşa çıxır. İbrahimov həmin kritik anı bu şəkildə xatırlayır: “Onlar bizdən təxminən 15-20 metr yüksəklikdə yerləşirdi. Düşündüm ki, onlardan birini vursam partlayış və detonasiyalar digər üç helikopteri məhv edəcək. Qərar qəbul etdikdən sonra silahın enerji qidasını açdım. Hədəf tapıldı və atəş açdım. Ancaq raket qurğudan çıxarkən bədənimin tərpənməsi problem yaratdı. Raket uçub helikopterlər dayanan dağın o tayından geri döndü və onların əks istiqamətində qayaya dəyərək partladı. Düşmən partlayışa dərhal reaksiya verdi. Belə ki, helikopterin biri qalxaraq partlayış olan istiqamətin dərinliklərini dayanmadan atəşə tutdu. Onlar elə bildi ki, atəş həmin istiqamətdən atıldı”.

Bu hadisəni zabitin təcrübəsizliyi ilə yanaşı, şans əsəri kimi də qiymətləndirmək olar. Çünki raket Mi-24-ə dəysəydi, onda bəlkə də plan tam tərsinə çevrilərdi. Məqam daralır... Düşmən helikopterə cəmləşməyə tələsir və iki Mi-24 helikopterinin himayəsi ilə Mi-6 altı havaya qalxır. Həmin zaman meşəli dağlara tərəf hərəkət edən helikopterləri hədəfə almaq çətinləşir.

“Onlar arxası meşəli dağ olan dərəylə hərəkətə başladılar. Hər şey qısa bir müddət ərzində başladı. Digər silahı yeşikdən götürüb enerji qidasını birləşdirdim. Ağır hərəkət edən Mi-6 helikopterini hədəfə aldım. Cihaz hədəfə kilitlənəndən sonra atəş açdım. Düzünü etiraf edim ki, raket helikopterə çatana qədər bütün həyatım lent kimi gözümün önünə gəldi... Raket helikopterə dəyən kimi ətrafı böyük qara tüstü dumanı bürüdü. Helikopter alovun içində yerə çırpıldı, sonra da partlayış baş verdi... Atam mahir ovçu idi. Onun bir söz var idi. Deyirdi ki, əgər ov qismətindirsə sərçə boyda hədəf nişangahda qartaldan böyük görünəcək. Bax deməli qismət elə həmin Mi-6 imiş”, - deyə o şərəfli günləri belə xatırlayır.

Komandir qrupu ilə birgə ərazidən geri çəkilir. Onun dediklərinə görə, həmin vaxt helikopterə orta hesabla 35 nəfərdən çox adam minmişdi. Ərazidən çıxandan sonra onları komandirin göndərdiyi xüsusi qrup qarşılayır. Helikopterin yanğını isə kilometrlərcə uzaq məsafədə müşahidə olunur...

Sonradan əldə olunan kəşfiyyat məlumatına görə, helikopterdə Şahen Meğryan və onun silahlı dəstəsinin 33 nəfər üzvü həlak olub. Ancaq zaman keçdikcə bu rəqəm erməni mətbuatında böyüməyə başlayır...

Hazırda həmin çətin, təhlükəli günlər indi Mayor İbrahimovun ömründə ən şirin və ən şərəfli xatirəyə çevrilib. O, həmçinin həmin nəaliyyətin əldə edilməsində Nəcməddin Sadıkovun əvəzsiz rolu olduğunu vurğulayır: “Onunla iki dəfə görüşüm oldu. Cənab Baş Qərargah rəisi mənə həmişə xüsusi diqqət və qayğı göstərib. Demək olar ki, o döyüşçülərinin heç birini yaddan çıxarmayıb...”

Rafiq İbrahimov son illərə qədər xidmətini davam etdirərək gənc əsgərlərə öz təcrübəsini öyrədib, hərbi biliklərə yiyələnmələrinə yardımçı olub: “Mümkün qədər əlimdən gələni əsirgəmədim ki, əsgərlərimiz hərbi biliklərə dərindən yiyələnsin. İndi müasir ordumuz və peşəkar zabitlərimiz var. Əminliklə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində öz ərazilərini düşmən işğalından azad etməyə hazırdır”. /ordu.az

Son xəbərlər
Bütün xəbərlər »