Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xarizmatik lider, mükəmməl xanım"

Mehriban Əliyeva: Xalqın sevimlisi və Prezidentin silahdaşı

Dövlət başçısının xanımı Mehriban Əliyeva 15 ildir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox böyükmiqyaslı tədbirlərin təşkilatçılığını öz üzərinə götürür. Mehriban Əliyevanın daha öncələr də dövlət idarəçiliyində mühüm rol almış institutların yaranması və formalaşmasında əvəzsiz təcrübəsi mövcuddur. Bu qısa müddət ərzində Qərb təhsilli gənclərdən ibarət katibliyi formalaşmış, vitse-prezidentlik institutu, Nazirlər Kabineti və Prezident Administrasiyası arasında qarşılıqlı işgüzar münasibətlər qurulmuş və dövlət idarəçiliyinin aktivləşməsi sahəsində fəaliyyət gücləndirilmişdir. Nümunə olaraq Birinci vitse-prezidentin məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etdiyi ilk müşavirəsini, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş hərbçilərin ailə üzvlərinin problemləri, yaralanmış əsgər və zabitlərin müalicəsi və ailə üzvlərinin problemlərinin həlli istiqamətindəki fəaliyyətini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə Bakının evsahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının yüksək təşkilatçılığını və sair göstərmək olar.

Mehriban xanım əsrlərdir formalaşan birinci xanım institutuna özünün təshihlərini verdi və həm Azərbaycanda, həm də müasir məzmunda götürsək, ümumilikdə bütün dünyada mükəmməl birinci xanımlıq institutu yaratdı. O, birinci xanım statusuna aid hansısa ənənələri sxematik şəkildə davam etdirmir, qloballaşma dövründə bu statusun yeni ənənələrini müəyyənləşdirir. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması mühüm islahatların tərkib hissəsidir.

Ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun təşviqinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına istiqamətlənib.

Mehriban Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.

On dörd il ərzində Fond saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini vermişdir. Mehriban Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bu siyahını İçərişəhər Tarixi-Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Azərbaycan xalçaları, milli aşıq sənəti, həmçinin Novruz bayramı da davam etdirmişdir.

Fondun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür avadanlıqla təchiz edilməsi xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə mühüm əlaqələrə malik olması da Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Bildiyiniz kimi, vitse-prezidentlik institutu Azərbaycanın Konstitusiya sistemində yeni institutdur. Onun yaranmasında əsas məqsəd ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təmin olunması və inkşaf etdirilməsi üçün, siyasi və idarəetmə sistemindəki stabilliyin qorunması, islahatların daha aktiv həyata keçirilməsi üçün prezidentlik institutunun gücləndirilməsinə xidmət etməkdir. Belə ki, Mehriban Əliyevanın rəhbərliyi ilə birinci xanım institutu formalaşıb, zəngin regional və beynəlxalq fəaliyyətə malik Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondu yaranıb, onların hamısı uğurla fəaliyyət göstərir.

Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Onun genişməzmunlu və çoxşaxəli fəaliyyəti humanizm prinsipinə əsaslanır. Bu baxımdan, xeyriyyəçilik Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən mühüm amillərdən biridir və özündə ali dəyərləri əks etdirir.

Əlbəttə, Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyəti təkcə Xəzər rayonu ilə məhdudlaşmır. Mehriban Əliyeva öz fəaliyyəti ilə əfv etmək, humanizm, insanlara sevgi bacarıqlarını təcəssüm etdirərək insanları tez-tez yaxşılıq etməyə çağırır. Təsadüfi deyil ki, məhz birinci xanımın təşəbbüsü ilə Azərbaycanda dördüncü dəfə genişmiqyaslı amnistiya elan olundu.

Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Fond tez-tez problemlər girdabına düşən, yardım edəcək bir kimsəsi olmayan insanların son ümid yeri olur. Ümumiyyətlə, Qarabağ məsələsi, Ermənistanın təcavüzü, işğal faktı, üzləşdiyimiz faciələr, törədilən soyqırmı aktları, onların olduğu kimi dünyaya, bəşəriyyətə çatdırılması, həqiqətin, reallıqların qəbul və etiraf etdirilməsi deyərdim ki, Mehriban xanımın və onun illərdir rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyət istiqmətinin bir nömrəli hədəfi və ən başlıca ana xəttdir.

Azərbaycanın birinci xanımı Birinci vitse-prezident təyin olunana qədər deputat və Fond rəhbəri kimi reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdı.

Mənə verdiyiniz fürsətdən istifadə edərək, dəyərli Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, Azərbaycanımızın çiçəklənməsi, xalqımızın firavan yaşaması istiqamətində apardığı yorulmaz fəaliyyətində uğurlar arzu edirəm.

Jalə Orucova Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »