“Birinci xanım sivilizasiyalararası dialoqun inkişafında mühüm işlər görür”
Daşqın Şikarov: “Azərbaycanın birinci xanımı dünya xalqlarına sülh, əməkdaşlıq və inteqrasiya mesajları göndərir”
1964-cü il avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Əliyeva Mehriban Arif qızı anadan olub. Bizim Yol Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət işlərində, ictimai-siyasi, soaial-humanitar və sair sahələrdə fəaliyyəti ilə bağlı tanınmış diplomat, uzun illər Türkiyə Respublikasında, Pakistan İslam Respublikasında, eləcə də, Əfqanıstan İslam Respublikasında diplomatik xidmət göstərmiş, sonuncu iki ölkədə səfir olaraq ölkəmizi yüksək peşəkarlıqla və ləyaqətlə təmsil etmiş, hazırda Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan siyasi tarixində ilk dəfə birinci xanım institutu formalaşması Mehriban xanımın adı ilə bağlıdır. Bu institut Azərbaycanın müasir dövlətçilik tarixində, siyasi mədəniyyət müstəvisində, ictimai- sosial həyatında nə kimi yer tutub?
- Dünyanın bir sıra aparıcı dövlətlərində mövcud olan və ölkənin ictimai-siyası həyatı üçün böyük əhəmiyyət kəsb edən Birinci Xanım institutunun müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə formalaşması yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı bir ailədə doğulub tərbiyə almış, Azərbaycan və dünya şeir, musiqi və incəsənətin incilərini dərindən bilən, sözün əsl mənasına Azərbaycan xanımı və ziyalısı olan Mehriban xanım Əliyevanın üzərinə düşmüşdür. Məhz Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri səbəbindən onun başçılığı ilə fəaliyyət göstərən sözügedən institut qısa müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında vacib rol oynamış, ölkəmizin daha da müsbət imicinin formalaşmasına, Azəbaycanın qədim mədəniyyətinin xaricdə tanınmasına xidmət etmişdir. Əlamətdardır ki, Mehriban xanım Əliyevanın Azərbaycan və xaricdə apardığı ardıcıl və dinamik fəaliyyəti həyatın, demək olar ki, bütün sahələrini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Gimnastika Komitəsinin Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, humanitar, elm, texnologiya, təhsil, səhiyyə, ekologiya, idman və digər sahələrdə fəallıqla seçilir. Azərbaycanın Birinci Xanımı beynəlxalq arenada fəaliyyəti ilə ölkəmizin dünyada daha da geniş tanınması, respublikamızın reallıqlarının və ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırlması, xalqımızın zəngin mədəniyyətinin dünyada təbliğ edilməsində böyük rol oynayır, çətin durumda olan ölkələrə yardım etməklə və xalqımızın sadiq olduğu multikulturalizm və tolerantlıq ideyalarını işıqlandırmaqla dünya xalqlarına sülh, əməkdaşlıq və inteqrasiya məsajlarını göndərir.
- Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə apardığı işləri necə qiymətləndirisiniz? Humanitar, multikulturalizm, tolerantlıq yönündə fəaliyyət, həyata keçirilən layihələrin hansı uğurlu nəticələri var?
- Bir Azərbaycan vətəndaşı kimi, eyni zamanda xaricdə çalışdığım müddət ərzində Mehriban xanım Əliyevanın fəaliyyətini şahidi olmuş bir diplomat kimi, Azərbaycanın Birinci Xanımının fəaliyyətini ölkəmizin dövlətçiliyinin daha da güclənməsi, mədəniyyətinin qorunub saxlanması və təbliğ edilməsı üçün zəmin yaradan, idmançılarımıza dəstək olan və yeni nailiyyətlərə sövq edən, xalqımızın yüksək mədəniyyətə malik olmasını nümayiş etdirən, dünya dövlətləri və xalqları arasında Azərbaycana, xalqımıza qarşı sevqini artıran, xalqımıza qarşı yönələn mənfi cərəyanların qarşısını alan bir fəaliyyət kimi dəyərləndirirəm. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr vermiş Mehriban xanım Əliyevanın fəaliyyəti bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mehriban xanım Əliyeva uşaqların, ahılların, qaçqınların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşır, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, tibb mərkəzlərinin yaradılmasına nail olmuşdur. O, mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirmiş, Azərbaycanın musiqi mədəniyyətinin təşviqində əvəzsiz xidmətlər göstərmiş, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr vermişdir. Azərbaycan mədəniyyətinin dünyada təbliğində və mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri də xüsusi əhəmiyyətə malikdir. Bu zamana qədər Azərbaycan muğamı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. Bununla yanaşı, aşıq, xalçaçılıq və tar ifaçılığı sənətləri, eləcə də Novruz bayramı, dolma, lavaş və kəlağayı, Lahıc misgərlik sənəti, çövkən oyunu UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına aiddir. Təbii ki, bütün bunların hamısı Heydər Əliyev Fondunun rəhbəri və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsidir.
Eyni zamanda, xarici ölkələrdə fəaliyyəti çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Paris, Berlin, Moskva, Roma, Vatikanda, Strasburqda və digər şəhərlərdə bir sıra mühüm işlər aparılmışdır.
Ən mühüm məqamlardan biri budur ki, Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm prinsiplərinə söykənir. Onun xeyriyyəçilik fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirlir. Bildirmək istərdim ki, qardaş Pakistan İslam Respublikasında çalışdığım dövrdə Mehriban xanım Əliyevanın bu ölkədə çoxsaylı humanitar və inkişaf proqramları və layihələrin icra etdiyinin, Pakistan xalqının Azərbaycan Birinci Xanımına olan böyük sevgisinin şahidi olmuşam. Belə ki, 2007-ci ildə Müzəffərabad şəhərində zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən inşa edilmiş və hal hazırda bu məktəb Mehiban Əliyevanın adını daşıyır. Eyni zamanda, 2012-ci ildən başlayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində humanitar, səhiyyə və təhsil sahələrində layihələr icra edilmişdir. Belə ki, Dera İsmail Xan bölgəsində Heydər Əliyev su təchizatı sistemi yaradılmış, Xayber Paxtunxva Əyalətində Göz klinikası, Pəncab əyalətində Talessemiya Mərkəzinin qurulmasında iştirak edilmiş, hepatit B virusuna qarşı peyvəndləşdirmə, açıq ürək əməliyyatları poqramları icra olunmuş, daşqın sellərindən zərər çəkmiş insanlara yardımlar edilmiş, uşaq və ahıllar evlərinə yardımlar edilmiş və bir çox digər layihələr həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, Mehriban Əliyevanın Pakistanda fəaliyyəti İslam Respublikanın dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2013-cü ildə Azərbaycanın Birinci xanımı ölkənin ən nüfuzlu qəzetlərindən olan "Daily Times" tərəfindən “İlin qadını” elan edilmiş, 2014-cü ildə "Şəhid Benazir Bhutto" mükafatı, və nəhayət, 2015-ci ildə ölkənin ali "Hilali Pakistan" ordeni ilə təltif olunmuşdur. Sözügedən orden şəxsən Pakistan Prezidenti cənab Məmnun Hüseyn tərəfindən Mehriban xanım Əliyevaya təqdim edilmişdir. Ümumiyyətlə, həm Azərbaycan xalqı, həm də beynəlxalq ictimaiyyət Mehriban xanım Əliyevanın xidmtlərini yüksək dəyərləndirir. İndiyədək Mehriban xanım Əliyeva bir sıra təltiflərə layiq görülüb. Dövlət başçımızın 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva "Heydər Əliyev" ordeninə layiq görülüb. Bundan başqa o, Fransa, Polşa, Rusiya, Serbiya, Kuveyt, UNESCO və digər ölkə və çoxsaylı beynəlxalq təşkilatların yüksək səviyyəli mükaftları ilə təltif olunub. Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın fəaliyyəti həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasında önəmə malikdir. Bu bir həqiqətdi ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edib. Bəlli olduğu kimi, Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Azərbaycanda bir sıra meqatədbirlər, o cümlədən "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsi, Avropa Oyunları, IV İslam Həmrəyliyi oyunlarının ən yüksək səviyyədə keçirilmişdir.
Öz fəaliyyəti ilə Azərbaycanın Birinci Xanımı dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanizm dəyərlərinin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyevanın “Azərbaycan tolerantlığın evidir” proqramı çərçivəsində ölkəmizdə bir sıra müsəlman, katolik, ortodoks və yəhudi dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı olduğu xüsusi qeyd olunmaldır.
- Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyəti necə qiymətləndirilə bilər?
- Mehriban xanım Əliyeva çıxışların birində Milli Məclisdə 12 illik fəaliyyətini böyük bir ömür məktəbi kimi qiymətləndirmiş, millət vəkili kimi əldə etdiyi təcrübəni əvəzsiz adlandırmışdır. Məlum olduğu kimi, Mehriban xanım Əliyeva respublikamızın ali qanunverici orqanında 2005-ci ildən etibarən təmsil olunmuş və deputatı olduğu Xəzər rayonunda bu dövrdə 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunmuşdur. Şübhəsiz ki, Mehriban xanım Əliyevanın Milli Məclisdə fəaliyyəti nə bu statistik məlumatlarla, nə də təmsil etdiyi Xəzər rayonu ilə məhdudlaşmamışdır. Çünki Mehriban xanım Əliyeva hər bir Azərbaycan vətəndaşının vəkili olmuşdur, hər bir Azərbaycanlının maraqlarını təmsil etmişdir. Azərbaycanın Birinci Xanımı humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktlarını irəli sürmüşdür. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 40 minə yaxın məhkum cəzadan azad edilmişdir. Azərbaycanın Birinci Xanımı ölkəmizdə sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə də çıxış etmiş və müzakirələrdən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edilmişdir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinin önəm kəsb edən məqamlarından biri də, onun təşəbbüsü ilə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlərin keçirilməsi olmuşdur. Diqqətinizi bir vacib məqamə cəlb etmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məsələsi Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritetlərindən olmuşdur. Heydər Əliyev Fondunun münaqişəyə dair yaratdığı internet portalı, nəşr olunmuş çoxsyalı materiallar dünya ictimaiyyətinə problemin səbəbləri və acı nəticələri haqqında geniş məlumatlar vermişdir. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı xüsusi təbliğat aparılır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulan "Xocalıya Ədalət" beynəlxalq kampaniyası bu istiqamətdə atılan önəmli addımlardandır. Təsadüf deyil ki, bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımın tanınması ilə bağlı qətnamə və qərarlar qəbul etmiş, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulmuşdur.
- Mehriban xanım Əliyevanın Azərbaycan siyasi tarixində ilk dəfə yaradılmış I vitse -prezident postunda fəaliyyətini necə qiymətləndirisiniz?
- Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti, malik olduğu yüksək insani keyfiyyətlər, ölkəsinin inkişafı istiqamətində göstərdiyi səylər, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir etmiş və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ona böyük sevgi, hörmət və ehtiram hissləri bəsləyən Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmışdır. Çünki Mehriban xanım Əliyevanın bütün fəaliyyəti sübut etmişdir ki, o, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə birlikdə Azərbaycanın daha da sürətlə inkişaf etməsi istiqamətində apardığı şərəfli işi davam etdirəcəkdir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmuşdur. Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Birinci vitse-prezident Mehriban Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr edib. Ötən il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdir. Birinci Vitse-Prezidentin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atdığı ardıcıl addımlar sayəsində yüzlərlə ailə yeni mənzilinə qovuşmuşdur. Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mühüm layihələrdən biri də 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunması olmuşdur. Bununla dövlət Vətənin azadlığı uğrunda sağlamlığını itirən heç bir hərbçisini diqqətdən kənarda qoymamışdır. Ötən bir il yarım müddət ərzində Mehriban Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurlu siyasi fəaliyyətini bir daha sübut etmişdir. İctimai-siyasi fəaliyyəti boyu humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayan Birinci vitse-prezident həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm işlərə imza atmışdır. Valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və digər yüzlərlə belə faktı sadalamaq olar. Onun təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilmişdir. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fədakar fəaliyyəti ilə seçilir. İnsanlığa xidmət edən, nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.
Fürsətdən istifadə edərək hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirəm, tutduğu şərəfli və məsuliyyətli dövlət vəzifəsinin icrasında, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının yaxşılaşdırılmasında, ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar arzulayıram!
Müsahibəni hazırladı: Gülnarə ƏMİRQIZI