Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu sənəd bütün tərəflərin maraqlarına uyğundur”
Politoloq Musa Ağayev: “Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan və region üçün çox əhəmiyyətlidir”

“Xəzəryanı dövlətlər prinsipial məsələlərdə ortaq hərəkət edəcəklər”

Son həftələr ərzində Azərbayanın da iştirakçısı olduğu bir sıra mühüm hadisələr baş verib. Bunlardan biri Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Prezidentlərinin bu il avqustun12-də Qqazaxistanin Aktau şəhərində imzaladıqları mühüm sənəd – Xəzərin hüquqi statusuna dair Konvensiya idi. Bu hadisə təkcə Azərbaycanın və regionun deyil, bütütn dünyanın gündəminə oturdu. Bununla yanaşı Amerika Birləşmiş Ştatları hökumətinin regionun üş böyük dövlətinə - İran, Rusiya və Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, onların nəticələri də bu ölkələrlə Azərbaycanın münasibətlərinin diqqətlə araşdırılması gərəyini doğurdu. Baş verənlər Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinin yönünü necə müəyyən edir? Bütün bunlarla bağlı Bizim Yol ölkənin tanınmış ictimai-siyasi, dövlət xadimləri, mütəxəssisləri, ziyalıları ilə silsilə müsahibələr hazırlayır. Bugünkü müsahibimiz “Novoye Vremya-Yeni Zaman” qəzetlərinin təsisçisi, Yeni Zaman Partiyasının sədri, politoloq Musa Ağayevdir.

- Xəzərin hüquqi statusu haqqında avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış Konvensiyanın Azərbaycan üçün, Azərbaycanın regional və qlobal proseslərə və layihələrə inteqrasiyası baxımından əhəmiyyəti nədir?

- Təbii ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın Azərbaycan üçün və regionumuz üçün mühüm əhmiyyəti var. Bildiyiniz kimi, region ölkələri Xəzər dənizindən və onun resurslarından yararlansalar da, Xəzərin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmayıb. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Konvensiya fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Azərbaycanın regional və qlobal proseslərə və layihələrə inteqrasiyası baxımından əhəmiyyəti isə ondan ibarətdir ki,Konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıyır və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır.

- Konvensiyada prinsipial məqamlardan biri Xəzərin dibindən qaz kəmərlərinin və başqa kommunikasiya xətlərinin çəkilməsinə dair razılaşma idi. Bu məsələ uzun müddət idi ki mübahisə doğururdu. Bu razılaşman;n reallaşması Azərbaycana və region ölkələrinə hansı faydanı gətirəcək?

- Əlbəttə, Konvensiyada prinsipial məqamlardan biri Xəzərin dibindən qaz kəmərlərinin və başqa kommunikasiya xətlərinin çəkilməsinə dair razılaşma idi. Bu məsələ uzun müddət idi ki mübahisə doğururdu. Eyni zamanda, belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konkret müqavilələrin və onların həyata keçirilməsi metodikasının hazırlanması ilə isə xüsusi yaradılmış qrup məşğul olmalıdır. Qrupun xarici işlər nazirləri səviyyəsində təşkil edilməsi planlaşdırılıb. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq.

- Qərb mətbuatında belə yazılar gedir ki, Konvensiyada ekologiya ilə bağlı bəndi əsas götürərək başqa Xəzəryanı dövlətlər, xüsusilə, Rusiya Xəzərin dibindən qaz kəmərlərinin çəkilməsinə razı olmayacaqlar. İtaliyada TAP-la bağlı yaranmış vəziyyəti də misal gətitirlər. Doğrudanmı, Rusiya, eləcə də, başqa Xəzəryanı dövlətlər dən hər hansı biri Konvensiyadakı həmin bəndin icrasını bloklaya bilər?

- Qərb mətbuatı əldə edilən razılıqları daha çox siyasi mövqedən dəyərləndirməyə çalışır. Onların guya “Konvensiyada ekologiya ilə bağlı bəndi əsas götürərək başqa Xəzəryanı dövlətlər, xüsusilə, Rusiya Xəzərin dibindən qaz kəmərlərinin çəkilməsinə razı olmayacaqlar və yaxud İtaliyada TAP-la bağlı yaranmış vəziyyəti də Rusiya ilə bağlamaqları, Rusiya, eləcə də, başqa Xəzəryanı dövlətlərdən hər hansı biri Konvensiyadakı həmin bəndin icrasını bloklaya bilər” kimi yazdıqları ancaq siyasi xarakter daşıyır və Qərbin geosiyasi maraqlarına xidmət edir. Əksinə məhz Qərb dövlətləri Xəzərdən geosiyasi maraqları üçün istifadə etmək niyyətindədirlər və istənilən vaxt təxribat törədə bilərdilr.

- Azərbaycan Prezidenti İlham Əliyev imzalanma mərasimindən sonra mətbuat üçün açıqlamasında bəzi rəqəmlər söylədi. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların 100 dəfədən çox artdığını dedi. Bu göstəricilərin daha arta biləcəyini bildirdi. Bunu necə şərh edərdiniz? Bu nəqliyyat arteriyaları Azərbaycana nə qazandıracaq?

- Əlbəttə, bu sənəd Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin öz həllini tapmasına yardımçı olacaq. Bu da beynəlxalq yük daşımalarının həcminin artmasına, yüklərin daha çox Xəzəryanı ölkələr və Xəzər vasitəsilə daşınmasına imkan verəcək. Xəzərdə birgə əməkdaşlığı genişləndirəcək bu isə Bakı-Tbilisi-Qars dəmiryolu. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların həcmi sürətlə artacaq. Azərbaycan da beynəlxalq yükdaşımalardan əldə olunan gəlirlərdən daha çox faydalanan ölkələrdən olacaq.

- Tərəflər Xəzərdə müvafiq blokların birgə işlənməsi haqqında razılığa gəlmişlər. Bu, İranla və Türkmənistanla Xəzərin karbohidrogen ehtiyatları ilə bağlı məsələdə mübahisəli məqamları aradan qaldırdımı?

-Deməzdim ki bu məsələ tezliklə öz həllini tapacaq, amma Azərbaycan bu məsələdə Qazaxıstan və Rusiya ilə ikitərəfli anlaşmaya nail ola bilib. İranla da anlaşma imzalanıb və detalların dəqiqləşdirilməsi qalıb.Türkmənistanla isə bu istiqamətdə danışıqlar gedir. Deməli, mübahisəli yataqların həlli istiqamətində müsbət nəticlər əldə oluna bilər.

- Xəzərin hüquqi statusuna dair Konvensiyaya beynəlxalq səviyyədə reaksiya necə oldu? Sizcə, bu, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Avropa İttifaqı və eləcə də, ABŞ-la münasibətlərə ciddi anlamda mənfi təsir edəcək, yoxsa əksinə?

- Xəzərin hüquqi statusuna dair Konvensiyada üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunun yolverilməzliyi barədə tərəflərin razılığa gəlməsi daha çox ABŞ-ı təmin etmir. Elə bu səbəbdən ABŞ hələlik Xəzərin hüquqi statusuna dair Konvensiyaya münasibət bildirməyib. Amma Xəzərin hüquqi statusuna dair Konvensiya beynəlxalq səviyyədə müsbət qarşılanr. BMT-nin baş katibi Antonio Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı “region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd” adlandırıb. Baş katib bildirib ki, bu tarixi sənəd beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq. Bu Konvensiya Azərbaycanın ticarət tərəfdaşlarından olan Avropa İttifaqı ilə və eləcə də, ABŞ-la münasibətlərə də ciddi anlamda mənfi təsir etməməlidir. Çünki onların neft-qaz və iqtisadi maraqlarina heç bir maneə yoxdur.Amma təssüf ki, ABŞ Xəzər dənizində Rusiya və İrana qarşı geosiyasi maraqlarından əl çəkmək fikrində deyil və bunun üçün region dövltlərindən istifadə etmək niyyətinədir.

- Bu Konvensiyanın imzalanmasından sonra Xəzəryanı regionun faktik açar dövləti olan Rusiya ilə münasibətlərin sonrakı inkişafı necə olacaq? Bu sənədin imzalanmasının ardınca Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulması ilə bağlı təkliflər , fikirlər səsləndi? Azərbaycanın hər hansı bir hərbi inteqrasiya prosesində iştirakı, o cümlədən, KTKM-yə qoşulması mümkün və düzgün olardımı?

-“Bu Konvensiyanın imzalanmasından sonra Xəzəryanı regionun faktik açar dövləti olan Rusiya ilə münasibətlərin sonrakı inkişafı necə olacaq?” sualı, əlbəttə, maraqlıdır. Konvensiyanın 3-cü maddəsində istənilən hərbi bazanın qurulması, xarici ölkələrin hərbi gəmilərinin Xəzərdə olmasının qadağan edilməsi vurğulanır. Bundan başqa, Xəzəryanı ölkə öz ərazisindən başqa region ölkələrinə qarşı hərbi məqsədlə istifadə edilməyəcəyini də öhdəsinə götürür. Məsələnin əsl mahiyyəti mürəkkəb geosiyasi şəraitdə Xəzəryanı ölkələrin prinsipial məsələlərdə ortaq hərəkət edə bilməsinə imkan verən beynəlxalq sənədin imzalanmasıdır. Hövzə dövlətləri kənar təsir olmadan Xəzərlə bağlı qarşıya çıxa biləcək hər hansı problemi ciddi hüquqi əsası olan konkret sənədə dayanaraq həll etmək şansı əldə ediblər. Konkret desək, bunu tək Rusiyanın deyil hər bir Xəzəryanı ölkənin uğuru hesab etmək olar. Azərbaycanın KTKM-yə qoşulmasını da mümkün hesab edirəm. Əvvəla, Azərbaycanda, o cümlədən, bəzi Qərbpərəst siyasətçilərin arzu etdikləri kimi yaxın onilliklərdə nə NATO, nə də Avropa Birliyində Azərbaycanı heç kim gözləmir. Hətta mən deyərdim ki, Qərbdə bu barədə kimsə düşünmür. NATO və yaxud ABŞ Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkələri NATO üzvülüynə qəbul etməyi yox, əksinə, bu ölkələrdən Rusiya və İrana qarşı istifadə etməklə regionda yalnız gərginlik yaratmağa cəhd edə bilərlər. Azərbaycanın KTKM-yə üzv olması isə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hər hansı bir təhlükə törətmir. Hesab edirəm ki, Azərbaycan KTKM-yə üz olmaqla Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin geri qaytarılmasına nail ola bilər. Məlum məsələdir ki, Qarabağ Azərbaycanın ən böyük problemidir və biz bunu gələcək nəsillərə saxlamamalıyıq. KTKM-ə üzv olmağın Azərbaycan üçün əhəmiyyəti ondan ibarət ola bilər ki, bu gün dünyada və həmçinin regionda geosiyasi böhran dərinləşməkdədir. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə isə artıq ABŞ-ın və NATO-nun ciddi təzyiqlərinə məruz qalmaqdadır. Başqa tərəfdən, Rusiya- Türkiyə münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğu bir dönəmdə, Ermənistanda Corc Sorosun maliyyələşdirdiyi təşkilatın, başında Nikol Paşinyan olmaqla hakimiyyətdə olması bir daha onu göstərir ki, Azərbaycan KTKM-ə üzv olmaqla müsbət nəticələr əldə edə bilər.

Müsahibəni hazırladı: Gülnarə Əmirqızı

Son xəbərlər
Bütün xəbərlər »