Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KTMT hərbi blokunda müşahidəçi statusu yaradılır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi bloku yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılır. Virtualaz.org xəbər verir ki, bu haqda blokun mətbuat xidmətinin avqustun 20-də yaydığı rəsmi məlumatda bildirir.

Məlumata əsasən avqustun 16-17-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə bu hərbi blok yanında müşahidəçi statusunda təmsilçilik və KTMT-nin tərəfdaşı statusunun hüquqi rəsmiləşdirilməsinə dair sənədlər paketinin razılaşdırılması üçün məsləhətləşmələr keçirilib.

KTMT-nin katibliyində keçirilən məsləhətləşmələrin yekunu olaraq müzakirə olunan sənədlərin razılaşdırılmış hesab olunması qərara alınıb. Yaxın vaxtlarda sənədlərin layihələri KTMT-nin xarici işlər nazirləri Şurasının, habelə müdafiə nazirləri Şurasının, milli təhlükəsizlik şuraları katiblərinin iclasına, nəhayət KTMT-nin ali orqanının-Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılması gözlənilir.

Xatırladaq ki, bu günlərdə Azərbaycanın KTMT-də müşahidə statusunda, yaxud tamhüquqlu üzv kimi təmsilçiliyi məsələsi aktuallaşıb. Milli Məclisin hüquqi məsələlər komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Əli Hüseynli bəyan edib ki, yeni geosiyasi şərtlərdə Azərbaycanın KTMT-də iştirakı məsələsinə baxıla bilər.

Azərbaycan hazırda digər regional hərbi-siyasi blokda-Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Eyni zamanda NATO ilə tərəfdaş ölkədir, amma alyansa tamhüquqlu üzvlüyü nəzərdən keçirmir.

Son xəbərlər
Bütün xəbərlər »