Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Konvensiya Xəzəryanı dövlətlər arasında münasibətləri möhkəmləndirir”

Milli Məclisin deputatı Əli Məsimli: “Bu mühüm sənəd Azərbaycana böyük fayda gətirəcək”

Tanınmış iqtisadçı bölgədə və dünyada gedən prosesləri Bizim Yol-a şərh edib

Son həftələr ərzində Azərbayanın da iştirakçısı olduğu bir sıra mühüm hadisələr baş verib. Bunlardan biri Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Prezidentlərinin bu il avqustun12-də Qqazaxistanin Aktau şəhərində imzaladıqları mühüm sənəd – Xəzərin hüquqi statusuna dair Konvensiya idi. Bu hadisə təkcə Azərbaycanın və regionun deyil, bütütn dünyanın gündəminə oturdu. Bununla yanaşı Amerika Birləşmiş Ştatları hökumətinin regionun üş böyük dövlətinə - İran, Rusiya və Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, onların nəticələri də bu ölkələrlə Azərbaycanın münasibətlərinin diqqətlə araşdırılması gərəyini doğurdu. Baş verənlər Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinin yönünü necə müəyyən edir? Bütün bunlarla bağlı bizimyol.info-nun suallarına Milli Məclisin deputatı, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, uzun illər iqtisadiyyatla bağlı olan dövlət qurumlarında yüksək vəzifələr tutmuş, o cümlədən, baş nazir əvəzi-iqtisadiyat naziri olmuş, iqtisad elmləri namizədi Əli Məsimli cavab verib.

-Xəzərin hüquqi statusu haqqında avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış Konvensiyanın Azərbaycan üçün, Azərbaycanın regional və qlobal proseslərə və layihələrə inteqrasiyası baxımından əhəmiyyəti nədir?

- İyirmi ildən artıq intensiv müzakirələrdən və mürəkkəb ekspert dəyərləndirmələrindən sonra,Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlib, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalaması 5 sahil ölkə üçün dönüş nöqtəsi kimi mühüm tarixi hadisədir. Bu Konvensiyanı imzalamaqla Azərbaycan, Qazaxıstan,İran, Rusiya və Türkmənistan Xəzərlə bağlı problemlərin həllində maraqların konfliktindən maraqların balanslaşdırılması mərhələsinə keçdilər. Konvensiya- Xəzərin hüquqi statusu adlandırılsa da, əslində bu sənəd hüquqi, geosiyasi, iqtisadi,ekoloji və digər aspektlərin sintezidir. Bu baxımdan Xəzərin hüquqi statusu haqqında avqustun 12-də imzalanmış Konvensiya obrazlı şəkildə Xəzərin Konstitusiyası kimi dəyərləndirilir. Geosiyasi qeyri-müəyyənliklərin baş alıb getdiyi və getdikcə gücləndiyi bir dövrdə Konvensiyanın mətnində dövlətlərin təhlükəsizliyi məsələsinin geosiyasi konteksti böyük aktuallıq və mühüüm əhəmiyyət kəsb edir. Bu Konvensiya hər bir sahilyanı dövlətin iqtisadi və təhlükəsizlik maraqlarının vəhdətini təşkil edir. Əgər bu sənəddə öz əksini tapan müddəa və prinsiplər reallaşsa,onda Konvensiya- Xəzər hövzəsində xoş niyyətə, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi və bundan sonra da davamı və regional gərginliyin aradan qaldırılmasında mühüm rol oynaya biləcək zəruri sənəd kimi qiymətləndirilə bilər.

Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanadan sonra hər bir ölkə bundan daha çox uduş əldə etdiyini əsaslandırmağa çalışsa da, əslində bu Konvensiya Xəzər ətrafında yaranmış reallıqları da nəzərə almaqla qarşılıqlı komprmis əsasında işlənib hazırladığından, belə bir çoxvektorlu Konvensiyanın imzalanması, hər şeydən əvvəl,ümumi siyasi,iqtisadi və s. devidentlərlə yanaşı, həm də Xəzəryanı dövlətlərin hər biri üçün özünəməxsus devident də gətirir. Məsələn, Konvensiya imzalanana qədər də Rusiyanın Xəzər donanması Xəzər dənizində dominant rol oynayırdı,bundan sonra da elə olacaq. Yaxud da Rusiya və ondan da daha çox təlaşla İran Xəzərdə sahilyanı dövlətlərin hərbi strukturlarından başqa kənar ölkələrin hərbi mövcudluğunu istəmirdi və bu Konvensiya ilə buna nail oldu. Qazaxıstanın Xəzərdəki milli sektoru digərlərinə nisbətən daha geniş və mütəxəssislərin qiymətləndirmələrinə görə daha zəngindir. Təkcə "Tengiz" yatağının ehtiyatları 6-9 milyard barrel qiymətləndirilir. Bu mənada Qazaxıstan bu Konvensiyaya qədər olduğu kimi, Konvensiya imzalanandan sonra da daha çox yararlanmaqda davam edəcək. Konvensiyanın 14-cü maddəsinə əsasən tərəflərin ekoloji şərtlərə beynəlxalq standartlara uyğun səviyyədə əməl etməklə Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilmək imkanının hüquqi status alması Transxəzər boru kəmərinin reallaşdırılması və Türkmənistana öz qazı ilə istədiyi, xüsusən də Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmaq imkanı açır. Azərbaycana gəldikdə isə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 20 ildən artıq gedən danışıqlar prosesində Azərbaycan Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektora bölünməsinin və sahildən 25 dəniz mili(46 kilometr) məsafədə daxili milli sektorların yaradılmasının tərəfdarı olub. Həmin ideya sonradan bir qədər dəyişdirildi və hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik(28 kilometr) ərazi suları və 10 millik(18 kolometr) balıqçılıq zonası üzrə razılıq, eləcə də, dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub. Bu əsasda demək olar ki, Xəzərin hüquqi statusu haqqında avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış Konvensiya Azərbaycanın mövqeyinə yaxın mövqeyə uyğun surətdə imzalanıb ki, həmin prinsip üzrə bölgü Xəzəryanı dövlətlərə, o cümlədən Azərbaycana neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsini davam etdirməyə hüquqi əsas və şərait yaradır. Konvensiya imzalanana qədər olduğu kimi,bundan sonra da Azərbaycan dünyanın transmilli şirkətləri ilə özünə aid olan sektorda fəaliyyətini həyata keçirəcək.Əgər nəzərə alsaq ki,Azərbaycanın ÜDM-nin 40 faizdən çoxu,strateji valyuta ehtiyatlarını demək olar ki, hamısı, xarici ticarətdən əldə etdiyi gəlirin 85 faizindən, büdcə gəlirlərinin 60 faizindan çoxu Azərbaycanın Xəzər sektoru ilə əlaqədardır,onda bu Konvensiyayanın imzalanmasının və hüquqi gücünün və onun nizalmayıcı rolunun daha çox Azərbaycana fayda gətirəcəyi aydın olar. Konvensiya problemliməsələrin həllini sürətləndirməklə Xəzəryanı dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsinə, yükdaşımaların həcminin və deməli gəlirlərin də artmasına təsir göstərəcək. Konvensiya Xəzər hövzəsinin geosiyasi və geoiqtisadi maraqlar çərçivəsində əhəmiyyətini artırır. Ona görə də bu Konvensiya Xəzəryanı ölkələr üçün önəmi ilə yanaşı, həm də regional və qlobal proseslərə yeni rəng qatılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə zəngin olması və Azərbaycan və Qazaxıstatnın timsalında transmilli şirkətlərin iştirakı ilə iri layihələrin reallaşdırılması ona xüsusi strateji önəm verir.

-Konvensiyada prinsipial məqamlardan biri Xəzərin dibindən qaz kəmərlərinin və başqa kommunikasiya xətlərinin çəkilməsinə dair razılaşma idi. Bu məsələ uzun müddət idi ki mübahisə doğururdu. Bu razılaşma Azərbaycanın təşəbbüskarlarından və fəal iştirakçılarından biri olduğu Cənub Qaz dəhlizi layihəsi baxımından necə əhəmiyyət daşıyacaq?

- Xəzər hövzəsinin sübut edilmiş neft ehtiyatları dünya neft ehtiyatlarının təqribən 3,5-4 faiz, sübut edilmiş qaz ehtiyatları isə 7-11 faiz təşkil edir. Proqnozlara görə, 2035-ci ilədək yeni yataqların kəşf edilməsi perspektivləri nəzərə alınmaqla Xəzər regionunun karbohidrogen ehtiyatlarının indi səsləndirilən göstəricilərinin rəqəmləri ikiqat artacaq. Konvensiyanın 8-ci maddəsində yazılıb ki, Xəzər dənizinin dibinin və təkinin bölünməsi həmsərhəd və ərazicə qarşı tərəfdə yerləşən hövzə dövlətləri tərəfindən beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları nəzərə alınmaqla yeraltı sərvətlərdən istifadəyə olan suveren hüquqların reallaşması məqsədi ilə həyata keçirilməlidir. Yəni Konvensiyada Xəzərin dibinin və təkinin bölgüsünün ümumi prinsipləri qeyd olunub. Konvensiyaya görə, dəniz sahili ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Ancaq digər sahil ölkələri də bundan xəbərdar edilməlidir və dənizin ekologiyasına zərər vurulmamalıdır. Bu cür layihələr "ölkələrin iştirakçısı olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Demək, bundan sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə Transxəzər boru xətti tikilə bilər.Belə bir şəraitdə Konvensiyada tərəflərin Xəzər Dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilmək imkanının hüquqi status alması Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulmaq şansını artırır ki, bu da daha çox Azərbaycanın Cənub Qaz Dəhlizi kimi iri layihələrin indiki variantda nəzərdə tutulduğundan 5-6 dəfə çox qaz nəql edilməsinin imkan verməklə, daha geniş planda reallaşdırılmasına gətirib çıxara bilərki, bu halda ölkəmizin gəlirləri ilə yanaşı, regionda və qlobal miqyasda önəmini də xeyli artar.

- Azərbaycan Prezidenti İlham Əliyev imzalanma mərasimindən sonra mətbuat üçün açıqlamasında bəzi rəqəmlər söylədi. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların 100 dəfədən çox artdığını dedi. Bu göstəricilərin daha arta biləcəyini bildirdi. Bunu necə şərh edərdiniz? Bu nəqliyyat arteriyaları Azərbaycana nə qazandıracaq?

-Bəli, Konvensiya beynəlxalq yük daşımalarının həcminin artmasına, yüklərin daha çox Xəzəryanı ölkələr və Xəzər vasitəsilə daşınmasına imkan verəcək. Xəzərdə məlum mübahisəli məsələlərin həllinin sürətlənməsi birgə əməkdaşlığın genişləndirəcək bu isə Bakı-Tbilisi-Qars dəmiryoluna marağı artıracaq. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların həcmi sürətlə artacaq. Belə olan halda, Azərbaycan da əlverişli coğrafi mevqeli Xəzəryanı ölkə kimi beynəlxalq yükdaşımalardan əldə olunan gəlirlərdən daha çox faydalanan ölkələrdən olacaq. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının qurulması ilə yanaşı burda Azad İqtisadi Zonan yaradılması Azırbaycan üzərindən daşınan yüklərin həcminə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək ki, bu da ölkəmizin beynəlxalq yük daşımalardan əldə etdiyi gəlirin həcmini artıracaq. Xəzərin statusunun müəyyənləşməsi Çin kimi nəhəng bir ölkə daxil olmaqla bir sıra ölklərin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artıra bilər.Bu isə Bakı-Tbilisi-Qars dəmiryolunun daim tam layihə gücü ilə işləməsini təmin edər.

-Tərəflər Xəzərdə müvafiq blokların birgə işlənməsi haqqında razılığa gəlmişlər. Bu, İranla və Türkmənistanla Xəzərin karbohidrogen ehtiyatları ilə bağlı məsələdə mübahisəli məqamları aradan qaldırdımı?

- Konvensiya özündə Xəzərlə bağlı problemlərin hamısının sonacan həllini yox, Xəzəryanı dövlətlərin Xəzərlə bağlı problemlərinin güc müstəvisində deyil, qarşılıqlı anlaşma və maraqların balanslaşdırılması şəraitində həllinin ümumi prinsipləri əks etdirir.Bu baxımdan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya –həm Qazaxıstan və Rusiya, həm də Azərbaycan və Türkmənistan eləcə də Azərbaycan-İran arasındakı mübahisəli yataqlar probleminin həlli prosesinin sürətlənməsinə təkan verəcək. Konvensiya əsasən Xəzərin dibində olan ehtiyatların bölüşdürülməsi ikitərəfli razılıq əsasında baş verəcək. Bu baxımdan tərəflər ikitərəfli razılığa əsasən mübahisəli yataqların işlənməsini həyata keçirə biləcəklər. Azərbaycan bu məsələdə Qazaxıstan və Rusiya ilə ikitərəfli anlaşmaya nail ola bilib. İranla da anlaşma imzalanıb və bəzi detalların dəqiqləşdirilməsi qalıb.Türkmənistanla isə bu istiqamətdə danışıqlar gedir. Deməli mübahisəli yataqların həlli istiqamətində zəruri addımlar atılıb. Əldə edilmiş razılaşmalarda mübahisəli yataqların birgə işlənməsi və əldə edilən gəlirin bərabər bölgüsü prinsipi əsas götürülür ki, bu da nəticə etibarilə mübahisəli yataqlar ətrafındakı məlun konfliklərlərdən sonra xeyli illərdir ki,istifadəsiz qalan yataqların işlənməsi və tərəflərə mübahisəli yataqlardan yetərincə gəlir etmək şansları yaradır.Deməli Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi Xəzəryanı ölkələr üçün ümumi iqtisadi dividentlə yanaşı həm də mübahisəli yataqlar hesabına da əlavə gəlirv əldə etmək imkanları yaradır.

-Xəzərin hüquqi statusuna dair Konvensiyaya beynəlxalq səviyyədə reaksiya necə oldu? Sizcə, bu, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Avropa İttifaqı və eləcə də, ABŞ-la münasibətlərə ciddi anlamda mənfi təsir edəcək, yoxsa əksinə?

-BMT-nin baş katibi Antonio Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.Baş katib bildirib ki, bu tarixi sənəd beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.

Konvensiyada öz əksini tapan fundamental pronsiplərə əməl olunsa, Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiya yeni enerji layihələrinə də yol açacaq. Bu isə Avropaya qaz tədarükünün diversifikasiyası məsələsinə müəyyən yeniliklər gətirə bilər.

Xəzərin hüquqi statusuna dair Konvensiyada üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunun yolverilməzliyi barədə tərəflərin razılığa gəlməsi daha çox ABŞ-a aid olduğundan təbii ki, ABŞ Konvensiyaya Avropa İttifaqının sərgilədiyi mövqeyə yaxın ümumi mövqe sərgiləyə bilər,amma üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunun yolverilməzliyi barədə tərəflərin razılığa gəlməsinə adekvat reaksiyası və ya üstündən keçməklə münasibəti ola bilər.Görünür elə bu səbəbdən ABŞ hələlik bu məqama,eləcə də Xəzərin hüquqi statusuna dair imzalanacaq Konvensiyanın Avropaya qaz tədarükünün diversifikasiyası ilə bağlı vəziyyətə necə təsir edəcəyinə münasibət bildirməyib. Bununla belə Xəzərin hüquqi statusuna dair Konvensiyaya beynəlxalq səviyyədə müsbət qarşılanr. Bu Konvensiyaya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Avropa İttifaqı və eləcə də ABŞ-la münasibətlərə də ciddi anlamda mənfi təsir etməyəcək.Çünki Konvensiyaya regional əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizliyin təminatının artırılması ruhunda hazırlanıb.

-Regionumuzun üç böyük ölkəsinə Rusiyaya, Türkiyəyə və İrana ABŞ-ın tətbiq etdiyi sanksiyalar Azərbaycanın bu dövlətlərlə iqtisadi-ticarət əlaqələrində hansı nəticələr doğura bilər?

- Azərbaycan Türkiyə isə strateji müttəfiqdir. Eyni zamanda Azərbaycanın Rusiya və İranla sıx tərəfdaşlıq münasibətləri var. Azərbaycanın ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi Türkiyə və Rusiya ilədir. Ona görə də ABŞ-ın Azərbaycanın 3 qonşusu – Rusiya,Türkiyə və İranla münasibətlərinin gərginləşməsinin Azərbaycana da müəyyən siyasi və iqtisadi təsirləri ola bilər. Bu təsir təbii ki, Azərbaycanın iştirak etdiyi və əsas rol oynadığı layihələrin reallaşmasına aid ola bilməz. Çünki ABŞ Azərbaycanın qərblə əməkdaşlığına böyük önəm verir,məsələn, konkret desək, “Şah Dəniz” layihəsi və oradan çıxarılan qazın Avropaya çatdırılamsı üzrə boru layihəsinin hazırki sahibkarlar strukturu ilə davam etməsinə icazə veriləcək.Vaşinqton TAP layihəsinə dəstək verir ki, bu da ABŞ-ın, Avropa İttifaqının, Azərbaycanın, Türkiyənin maraqlarına uyğundur. Ancaq Azərbaycan qardaş Türkiyənin Amerika tərəfindən cəzalandırılması siyasətini qəbul etmir və hər zaman olduğu kimi bundan sonra da qarşılıqlı dəstək davam edəcək. “Şah Dəniz” layihəsi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan istisna olsa da, Azərbaycanın İranla birgə layihələri Azərbaycan şirkətləri üçün müəyyən problemlər yarada bilmə ehtimalı var.

Rusiyada vəziyyətin pisləşməsi həm Azırbaycan – Rusiyaticarət-iqtisadi əlaqələrinə,həm də bu ölkədə yaşayan azərbaycanlıların vəziyyətinə mənfi təsir göstərə bilər.Bu həm də həmvətənlərimizin Rusiyadan Azərbaycana öz ailələrinə göndərdiklərin pulun həccmini azalda bilər.Rus rublunun və Türkiyə lirəsinin sürətlə dəyərsizləşməsi əlində xeyli dolları olan azərbaycanlılıarın həmin ölkələrin daşınmaz əmlak bazarında əmlak alışının dairəsini genişləndirə bilər.

Digər tərəfdən, Amerikanın sanksiyaları sayəsində Rusiya, Türkiyə və İranın milli pul vahidləri dəyərdən düşürsə, Azərbaycan manatına da təzyiq istər-istəməz artır. Bununla belə Azərbaycan manatı daha çox xammal valyutası kimi çıxış etdiyindən və tam üzən məzənnəyə keçmədiyindən Türkiyənin və Rusiyanın milli valyutalarının sürətlə dəyər itirməsi Azərbaycan manatında adekvat şəkildə təkrarlana bilməz. Dünya bazarında nefin qiymətinin kifayət qədər baha olması, son vaxtlar Azərbaycanın öz neftini 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulduğundan 35-40 faiz baha satdığı və deməli yetərincə əlavə gəlir əldə etdiyi bir şəraitdə Azərbaycanın tədiyyə və xarici ticarət balansının müsbət saldolu olması və ölkəmizin yetərincə valyuta ehtiyatının olması maantın məzənnəsi ətrafında manevr etmık və bu təzyiqləri azaltmaq imkannındadır. Amma Türkiyənin və Rusiyanın milli valyutalarının dəyər itirməsi xroniki xarakter alsa və xeyli müddət davam etsə bu təzyiq də arta bilər. Ona görə də Mərkəzi Bank və digər aidiyyatı qurumlar bu məsələnin ətrafında ciddi araşdırmalar aparmalı,yaranmış vəziyyətdən sui istifadə edilməsinin və süni ajotajlar yaradılmasının qarşısı operativ şəkildə və ən səmərəli üsullara alınmalı və beynəlxalq praktikada məlum olan iqtisadi qanunauyğunluqlara uyğun siyasətin çevikliyi artırılmalıdır.

-Region ölkələri ilə, o cümlədən Türkiyə ilə Azərbaycanın milli valyutalarla ticarət etməsinin müsbət və mənfi tərəfləri hansılar ola bilər?

- ABŞ-ın sanksiyaları ilə üz-üzə qalan region ölkələri-Türkiyə, Rusiya və İran qarşılıqlı ticarətdə dollardan imtina edərək, milli valyutalarla hesablaşmaq yönündə çağırış ediblər.Son dövrlərin praktikası göstərik ki, bu yöndə atılan addımlar qısamüddətli dövr üçün cizi effektli görünə bilsə də və ya belə bir görüntü yarda bilsə də, strateji və uzunmüddətli dövr üçün dollardan imtina mümkün deyil.

Uzun illərdir ki, ABŞ dolları domunant valyuta kimi beynəlxalq ticarətdə və dünya maliyyə sistemində geniş istifadə olunur. Dünyada valyuta ehtiyatlarının üçdə ikisindən, Dunyanin Mərkəzi Banklarının rəsmi valyuta ehtiyatlarının 60 faizindən çoxu ABŞ dolları ilə saxlanılır. ABŞ-dan kənar bankların dollar depozitlerinin hecmi ABŞ banklarinin həcmi qədərdir. Həmin banklarin xarici valyuta öhdəliklərinin 60 faizindən çoxu dollarladir. Dünya şirkətlərinin xarici valyuta ilə olan borclarinin 60 faizi dollarladir.

ABS-ın dollar vasitəsilə dünya ölkələrinə təzyiqinin güclənməsi və bunun dağıdıcı təsirinin artaması yeni qlobal valyuta axtarışı prosesini sürətləndirə bilər. Amma dünya düzənin hazırkı reallıqları belədir ki, yeni qlobal valyuta axtarışı sahəsində arzular və real nəticələr hələ xeyli müddət üst-üstə düşməycək və xeyli müddət ABŞ dolları dominant rolunu davam etdirə biləcək. Orta və əslində uzun perspektivdə dünya ölkələri arasında yalnız Cinin imkani var ki, bir sıra liberal xarakterli fundamental islahatlar yolu ilə getmək şərtilə oz valyutasini dollarin movqeyinə yaxınlaşdırsın. Bundan kənar bütün cəhdlər çarəsizlikdən qaynaqlanan cəhdlərdən başqa bir şey deyil. Azərbaycanın eksportunun 85 faizindən çoxu neftlə bağlıdır və neftimiz dollar satırıq. Bunun hesabna məlum xərcləmərdən əlavə Dövlət Neft Fonduna 38 milyard dollardan artıq strateji valyuta ehtiyatı yığa bilmişik.Onun əksər hissəsi dollarladır.Ümumiyyətlə isə Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 43,5 milyard ABŞ dolları təşkil edib. Bunun 87,3%-i və yaxud 38 mlrd. dolları Azərbaycan Dövlət Neft Fondunun , 12,66%-i və yaxud 5,5 mlrd. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 12 faizə qədəri, o cümlədən ixracın 10 faizə, idxalın 16 saizə yaxını Türkiyə, 10 faizə qədəri,o cümlədən ixracın 5 faizə, idxalın 18 faizə yaxını isə Rusiya ilədir. Üzt-üstə götürdükdə Azərbaycanın xarici ticarət dövriyyəsinin 22 faizə qədəri,o cümlədən ixracın 15 faizə, idxalın 34 saizə yaxını Türkiyə ilə Rusiyanın payına düşür. Bu kifayət qədər böyük rəqəmdir.Ona görə də həmin ölklərlə ticarətin milli valyuta əsasında həyata keçirilməsi Azərbaycan üçün valyuta sahəsində problemlər yarada bilər. Rusiya,Türkiyə,İran və Azərbaycan öz aralarında milli valyutalardan istifadə edərək ticarət aparmaq istəsələr belə, onların dollara ehtiyacı olacaq. Çünki rus rublu,türk lirəsi,İran rialı və Azərbaycan manatı birbaşa dönərli valyutalar deyil,qarşılıqlı hesablaşmalarda onların nominal məzənnəsi hələ heç nə demir və çarpaz məzənnədən istifadə etmək zorundadırlar.Bu ölkələrin iş adamları öz milli valtutasını rubla, lirəyə,riala və manata konvertasiya etmək üçün ABŞ dollarına malik olmalı, hesablaşmanı dollara nisbətdə məzənnə ilə aparmalıdır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın bu çağırşa qoşulsa,ordan effekt götürməsi real deyil.

Azərbaycan Mərkəzi Bankının tənzimləmə fəaliyyətindən əlavə manatın məzənnəsini tənzimləməkdən ötrü Dövlət Neft Fondu 2016-cı ildə 4,5 və 2017-ci il ərzində isə 3,6 milyard ABŞ dolları satışa çıxrıb.Bir anlıq təsəvvür edək ki, bizim Dövlət Neft Fondundakı strateji valyuta ehtiyatlarımızın çoxu ABŞ dollar ilə deyil,dünya ticarətində maraq doğurmayan Rusiya rublu, Türkiyə lirəsi və İran rialı ilə olsaydı,dünya iqtisadiyyatında və maliyyə sistemində baş verən təlatümlər zamanı bizim milli valyutamızın və iqtisadiiyatımızın vəziyyəti necə olardı?... Ona görə də Azərbaycan hökuməti region ölkələri ilə, o cümlədən Türkiyə ilə milli valyutalarla ticarət etməsi məsələsində öz mövqeyini formalaşdırmalı və bunun mənfi tərəflərinin müsbət tərəflərindən çox olacağını partnyorlarına da izah etməlidir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »