Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sankisiyalar uzun müddət davam edərsə Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə təsir göstərə bilər” - Müsahibə
Türkiyədə dolların məzənnəsi görünməmiş bir sürətlə yüksəlməyə davam edir. Keşiş Endryu Brunsonın həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları səbəbilə Türkiyə və ABŞ arasında böhran başlayıb. Türkiyə ilə ABŞ arasında danışıqlardan nəticə çıxmadığı, ABŞ-ın Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatı yayılıb.

Türkiyə Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Ölkəmizə Türkiyədən tekstil mallarından, geyim əşyalarından tutmuş ərzaq məhsullarına qədər bir çox çeşiddə mal idxal olunur. Azərbaycan Türkiyəyə milyardlarla investisiya yatırıb. Türkiyəyə qarşı iqtisadi müharibənin Azərbaycana hansı təsirləri ola bilər?

Bu və digər suallara cavab tapmaq üçün bizimyol.info-nun əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədova müaciət edib. Müsahibəni təqdim edirik:

-Vahid müəllim, Türkiyəyə qarşı sanksiyaların nəticəsi qardaş ölkə üçün necə olacaq?

-ABŞ-la Türkiyə arasında müəyyən münasibətlər, prinsiplər pozulduğu üçün Türkiyənin milli valyutasına mənfi təsir göstərən proseslər baş verir. Doğrudur, Türkiyə prezidenti tərəfindən problemdən çıxış yolu üçün müəyyən müsbət addımlar atılır, tədbirlər görülür. Lirə son 24 saatda dollar qarşısında cüzi bahalaşıb. Amma bu müvəqqəti haldır. Çünki artımı qoruyub saxlamaq üçün kifayət qədər vəsait lazımdır.

-Türkiyədə baş verən proseslərin Azərbaycana hansı təsirlər ola bilər?

-Türkiyə Azərbaycan üçün əhəmiyyətli dövlətdir, strateji müttəfiqimizdir. Biz istəməzdik ki, orada milli valyuta və siyasi məsələlərlə bağlı hansısa mənfi hadisə baş versin. Amma bu, təkcə bizdən asılı deyil. Davam edən hadisələr ABŞ ilə Türkiyə arasında baş verən proseslərin nəticəsidir. Münasibətləri çalışıb qaydaya salmaq lazımdır.

Azərbaycan Türkiyəyə 20 milyard ABŞ dollarından çox investsiya yatırıb. Türkiyə də Azərbaycana investsiya qoyub. Lirənin dollar qarşısında ucuzlaşmasının Azərbaycan-Türkiyə münasibətlərinə hələ ki hər hansı bir təsiri yoxdur.

Hazırda Azərbaycanın milli valyutası üçün də problem yoxdur. Birinci neftin qiyməti yüksəkdir, idxal ixracı üstələyir, üçüncü isə Azərbaycan Mərkəzi Bankı tərəfindən pul kütləsinə müəyyən qədər nəzarət həyata keçirilir. Ehtiyatımız da 45 milyard ABŞ dollarına yaxındır.

-Sankisiyalar nəticəsində hazırda Azərbaycan-Türkiyə münasibətlərində hər hansısa bir problem yoxdur?

-Öncə qeyd etdiyim kimi Türkiyə bizim üçün əhəmiyyətli dövlətdir. Biz istəyirik Türkiyə güclü olsun. Bu proseslər çox uzun müddət davam eləsə, problem yarana bilər. Məncə, qısa müddət üçün ciddi problem olan deyil. Məlumata görə, Türkiyə ilə ABŞ arasında müəyyən danışıqlar gedir. Yəqin ki, ümumi razılığa gəlib, siyasi məsələləri həll edəcəklər.

İndiki halda lirə ucuzdursa, Azərbaycanlı sahibkarlar, biznesmenlər Türkiyədən ucuz qiymətə mal alaraq Azərbaycana gətirib qazana bilərlər. Bu hal bizim dövlət üçün əhəmiyyətlidir.

-SOCAR-ın Türkiyəyə müəyyən yatırımlar edib, layihələr həyata keçirib. Bu layihələr üçün risklər varmı?

-Azərbaycanın əsas ticarət partnyorları Türkiyə, İran və Rusiyadır. Bu ölkələrə investsiyalar qoyulub, müəssisələr işləyir və s. Ciddi problemin olacağını gözləmirəm. Məlum dövlətlər arasında baş verən siyasi məsələlər ümid edirəm yaxın gələcəkdə həll olunacaq.

İrana qarşı da sanksiyaların olduğu vaxtda Azərbaycan bu ölkəyə investsiya qoydu. Mənə sual verilir ki, İrana qarşı sanksiyaların olduğu vaxtda niyə Azərbaycan ora investsiya yatırdı? Mən də həmişə deyirəm ki orda 30 milyona yaxın soydaşımız yaşayır. Onları müdafiə eləmək lazım deyil? Bütün məsələlər pulun başında deyil ki… İranla iqtisadi əlaqələri qurarkən ordakı soydaşlarımızı da nəzərə almışıq. Puldan öncə insan həyatı var.

-Vahid müəllim, ötən gün bir qrup Azərbaycan vətəndaşı Türkiyə səfirliyinin qarşısında toplaşaraq, Türkiyəyə dəstək əlaməti olaraq ABŞ dollarını yandırıblar. Bu aksiya ilə bağlı nə düşünürsünüz?

-Həmin tədbirin videoreportajına baxdım. Bilmirəm onlar kimlər idi və nə təşkil edirdilər? Burda problem də yoxdur, 5-10 nəfər yığışıb tədbir keçiriblər. Əlbəttə, buna ehtiyac yox idi. Dünya bilir ki Azərbaycan Türkiyə ilə bütün məsələlərdə həmrəydir. Hətta Türkiyədə 15 iyul çevrilişi etməyə cəhd edərkən Türkiyəyə birinci dəstəyi Azərbaycan verib. Ona görə də, ABŞ dollarını çırmağa ehtiyac yoxdur. Biz dövlət olaraq Türkiyəni həmişə dəstəkləmişik, yanında olmuşuq və bütün məsələlərdə yanında olacağıq.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »