Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə təhsil alan azərbaycanlı: “İtaliyada tələbəyə maksimum rahatlıq və azadlıq verilir” - Fotolar
İtaliyada, Venesiya Ca Foscari Universitetinin Müqayisəli beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alan və beynəlxalq təşkilatlarda işləməyi arzulayan Türkan Həsənova bizimyol.info-ya müsahibə verib. Müsahibəni təqdim edirik.

-Türkan xanım, nə zamandan İtaliyadasınız?

-Keçən ilin payızından burdayam. Yeni tədris ilində 2-ci kursda təhsilimi davam etdirəcəm.

-Niyə İtaliya?

-Təhsil aldığım universitetin əməkdaşlarının Bakıda keçirdiyi tanıtım tədbirində iştirak etmişdim. Onlarla görüşəndən sonra bu universiteti seçmək qərarı aldım. Şərtləri ən uyğun ölkə İtalya idi deyə düşünürəm.

-Şərtlər deyərkən nələri nəzərdə tutursunuz?

-İtaliyada təqaüd almaq imkanım daha yüksək idi. Maddi şərtlər üçün daha uyğun idi, belə deyək. Xaricdə təhsil almaq mənim uşaqlıq arzularım idi. Mənim ixtisasım Beynəlxalq münasibətlər olduğu üçün xaricdə təhsil almağım daha məqsədəuyğun idi. Ona görə ki beynəlxalq təşkilatlarda işləmək imkanlarım daha geniş olacaq deye düşünürəm. Hazırda ingilis dilində təhsil alıram, bununla yanaşı italiyan və ispan dilini də öyrənirəm.

Məqsədim xaricdə təhsil almaqla yanaşı ordakı ordaki imkanlardan maximum istifadə etməkdir. Özümu inkişaf elətdirmək, dünya görüşümü artırmaqdır.

-Azərbaycanın ali təhsili ilə İtaliyanın ali təhsili arasında fərqlər varmı?

-Azərbaycanda mən Bakı Dövlət Universitetində bakalavr təhsili almışam. BDU ilə müqayisədə burda dərslərə davamiyyət məcburi deyil. Sadəcə mühazirələrdir, seminar dərsləri yoxdur. Ümumiyyətlə, İtaliyada tələbəyə maksimum rahatlıq və azadlıq verilir. Məsələn, orda auditoriyalarda kamera adətən olmur. Olanda da kamera tələbəni yox, professoru çəkir. İmtahanlarda Azərbaycandakı kimi kameralar, xüsusi nəzarətçilər olmur. Ona görə də imtahanlar daha az stressli keçir. Eyni zamanda İtaliyada həm yazılı, həm d şifahi imtahanlar da olur. Şifahi imtahanlar tədris ilinin əvvəlində məni qorxudurdu. Amma artıq alışmışam (gülür).

-Yeri gəlmişən İtaliyada tələbəlik həyatınız necə keçir?

-Qəşəng... (gülür). Venesiya çox fərqli şəhərdir. Buranı xoşbəxt şəhər adlandırmaq da olar. Magistr təshili aldığım universitet olduğu üçün müxtəlif ölkələrdən tələbələr var. Hər biri həyatımıza ayrı-ayrı rəng qatır. Venesiyada həftə içi günlərimiz normalda universitet-kitabxana-evdə keçir. Həftə sonları isə dəyişikliklər olur. Venesiyanın müxtəlif adaları var. Burano, Murano, Lido və digər adalara gedirik. Və ya yaxın şəhər və ya ölkələrə səyahətə edirik.

Venesiyada olduğumuz müddətdə isə orda hər həftə sonu müxtəlif turlar təşkil olunur. Onlara qatılırıq. Və ya “Campo Santa Margharita” meydanında görüşürük, tələbə dostlarımızla orda vaxt keçiririk.

-Universitetin yataqxanası var?

-Universitetin bir neçə yataqxanası var. Mən əcnəbi tələbələrlə ev kirayə tutmuşuq, orda qalırıq. Yeni tədris ilindən yataqxanada qalmaq istəyirəm. Əgər alınsa... (gülür)

-Yataqxanada qalmaq üçün şərtlər var?

-Bəli, ikinci kurslar üçün var. Müəyyən kredit qoyuluşunun həcmi var, onu toplamalısan və universitet bal ortalamanı nəzərə alırlar. Həmin şərtlər məndə uyğun gəlir. İtaliyada yataqxanalar Azərbaycandakı kimi çox ucuz və ya pulsuz olmur. Demek olar ki, burda yataqxana kirayə qaldığım evlə eyni qiymətdir. Sadəcə, tələbə həyatını bir də orda yaşamaq istəyirəm.

-Azərbaycana qayıtmağı düşünürsünüz?

-Qəşəng sualdır (gülür). Azərbaycan mənim vətənimdi, sevdiklərimdi. Əlbəttə qayıdacam, amma tətildən-tətilə (gülür).

-Yəni gələcəyinizi İtaliyada görürsünüz?

-Əslində hazırda gələcək tam aydın görunmür. Mən çox şeyi öncədən planlayan biri deyiləm. Yəni qarşıma çıxacaq imkanlardan asılıdır. Həyat məni hara apararsa... (gülür)

-Türkan xanım, oxucularımıza mesajınız varmı?

-Mən hər zaman xəyallarım və doğru bildiklərimin arxasınca gedirəm. Düzdür, məsləhət aldığım insanlar da var, amma ən son qərarı hər zaman özüm verirəm. Məni məndən yaxşı heç kim tanımır. Edə biləcəklərimi, nələrə qadir olduğumu ən yaxşı mən bilirəm. Hisslər insanı yanıltmır deyə düşünürəm və onlara güvənirəm. Ən əsası harada və necə olmağımdan asılı olmayaraq, tək məqsədim xoşbəxt olmağımdır.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »