Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan – Almaniya münasibətləri
Almaniya Federativ Respublikasının federal kansleri Anqela Merkel bu ay Cənubi Qafqaza səfər edəcəyini bildirib. Merkelin səfərinin hər üç Qafqaz respublikası üçün böyük əhəmiyyəti var. Almaniya Avropa Birliyi və NATO-nun aparıcı ölkəsidir və səfər həm ikitərəfli münasibətlər, eyni zamanda adıçəkilən nüfuzlu təşkilatlarla bu ölkəlr arasında əlaqələrin əhəmiyyəti baxımından da böyük əhəmiyyət daşıyır.

Almaniya heç zaman müstəmləkələrə malik olmasa da, onun geosiyasi planlarında həyati maraq zonaları əldə etmək siyasəti hər zaman qalmaqda davam edib. Hazırda Almaniya həm də AB və NATO-nun aparıcı ölkəsi olmaqla öz milli maraqlarına bu təşkilatların maraqlarını da əlavə etməli olub. Cənubi Qafqaz və NATO isə bu məsələdə heç də az əhəmiyyətli deyil. Xanım Merkel əvvəllər də Cənubi Qafqaza səfər planlaşdırsa da, 2015-ci ildə Bavariyada Böyük Yeddilliyə ev sahibliyi etdiyi üçün səfər baş tutmamışdı. On il əvvəl 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı bir sıra Avropa ölkələri Merkelə müraciət edərək xahiş etdilər ki, Putin və Medvedyevlə yaxın əlaqələrini işə salıb müharibənin qarşısını alsın. Çünki xanım Merkel dünyanın ən nüfuzlu siyasətçilərindən biridir və Avropanın ən böyük ölkəsi olan Almaniyanın lideridir. Böyük ehtimalla Almaniya və Gürcüstan arasında bu dəfə əsas müzakirə mövzusu NATO və Avropa Birliyi ilə əməkdaşlıq olacaq. Çünki Cənubi Qafqazda geosiyasi vəziyyət artıq dəyişib. Ermənistan ABŞ-ın təsir dairəsinə keçib. Azərbaycan isə Avropa Birliyi ilə tərəfdaşlıq prioritetlərini imzalayıb. Gürcüstan Avropa yolunda daha əhəmiyyətli yol qət edib. Almaniyanın Gürcüstanla bağlı mövqeyi NATO və Avropa Birliyinə üzv olmaq məsələsində əhəmiyyətli rol oynayacaq.

Digər tərəfdən, Azərbaycan prezidenti bu ayın sonunda Rusiyaya rəsmi səfərə gedəcək. Payızda Ermənistanda növbədənkənar seçki gözlənilirdi. Lakin gərgin vəziyyətin davam etməsi ucbatından seçkilər təxirə salına bilər. Paşinyan rusmeyilli Respublikaçılar partiyasını parlamentdən təmizləmək istəyir. Bütün bu məsələlər Cənubi Qafqazda geosiyasi vəziyyəti gərginləşdirir. Gürcüstanda hökumət böhranı baş verdi və baş nazirlə birlikdə bir neçə vəzifəli şəxs istefaya getdi. Hazırda Cənubi Qafqaz böyük güclərin geosiyasi savaş poliqonudur. Almaniya da bu prosesdən kənarda qalmaq istəmir. Digər tərəfdən, Avropa Birliyi də Azərbaycan, Ermənistan və Gürcüstanı bir tərəfdaş kimi itirmək istəmir. Hazırda Gürcüstan hakimiyyəti birmənalı olaraq Qərbyönümlü siyasət yeritmir. Müəyyən qədər Rusiya maraqları da nəzərə alınır. Saakaşvili gedəndən sonra Qərb və Rusiya maraqları arasında müəyyən bir balans yaradılıb. Azərbaycan da balanslaşdırılmış siyasət kursunu davam etdirir. Ermənistan isə qeyri-müəyyən yolda irəliləməyə davam edir. Rusiyanın isə Avropada ən yaxşı münasibəti olan ölkə Almaniyadır. Almaniya Rusiyadan ən çox qaz alan ölkədir və hazırda “Şimal Axını-2” layihəsini həyata keçirirlər.

Almaniya Azərbaycan və Gürcüstanın iştirak etdiyi enerji layihələrinə qarşıdır və onlar üzərində nəzarəti ələ almaq istəyir. Merkel bu məsələləri Gürcüstan hökuməti qarşısında şərt kimi qoya bilər. Bakı-Tbilisi-Ceyhandan tutmuş bugünkü TANAP-a qədər Azərbaycan və Gürcüstan Avropanın alternativ yollarla enerji təminatında çox əhəmiyyətli ölkədir. Almaniya isə bu layihələrə qarşı olan ölkələrdəndir. Almaniya Avropa enerji bazarında “Qazprom”un hegemonluğunu qoruyub saxlamağının tərəfdarıdır. Burada Almaniya və Rusiyanın birgə həyata keçirdiyi “Şimal Axını-2” layihəsinin də böyük rolu var. Görüş ərəfəsində Azərbaycanın həyata keçirdiyi və Avropanın enerji təhlükəsizliyində rol oynayan layihələrdə Gürcüstanın iştirakı məsələləri də müzakirə oluna bilər. Almaniya alternativ enerji layihələrini qəbul etmir, hansı ki, bu layihələr Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə həyata keçirilir.

Halbuki, Almaniya Cənubi Qafqaz respublikalarını ilk tanıyan ölkələrdən biridir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Prezident Heydər Əliyev o zamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə 1-4 iyul 1996-cı il tarixdə Almaniyada rəsmi səfərdə olub. Səfər zamanı Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.

2001-ci ilin mayında Almaniya xarici işlər naziri Yoşka Fişer, Bundestaqın sədr müavini Antye Follmer ilə birgə Azərbaycana səfər edib. Prezident Heydər Əliyev Almaniya nümayəndə heyəti ilə görüşündə iki ölkənin əməkdaşlığına böyük əhəmiyyət verdiyini, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən razı qaldığını, bunun davamlı olmasını istədiyini bildirib. Azərbaycan Prezidenti AFR - in Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq fəaliyyətinə ümid etdiyini deyib: "...Ümidvarıq ki, Minsk qrupunun üzvü kimi Almaniya bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində - Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan qaçqın düşmüş azərbaycanlıların öz yerlərinə-yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır." Almaniyanın xarici işlər naziri Yoşka Fişer təmsil etdiyi ölkənin Dağlıq Qarabağ məsələsində imkanları daxilində kömək göstərəcəyini vəd edib.

24-26 avqust 2004-cü ildə Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Almaniya Prezidenti Horst Köler və Federal kansler Gerhard Şröderlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14-16 fevral 2007-ci il tarixli Almaniya səfəri zamanı Prezident İlham Əliyev Almaniyanın Kansleri Angela Merkellə görüşüb, ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri, Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparılıb.

Prezident İlham Əliyev 04-06 fevral 2010-cu il tarixdə Almaniyada növbəti rəsmi səfərdə olub. Səfər çərçivəsində İlham Əliyev Almaniyanın Kansleri Angela Merkelle görüşüb. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan Azərbaycanda alman texnologiyalarına tələbat olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupununtərkibinə daxildir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixli Almaniya səfəri Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Prezident Heydər Əliyev Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində AFR-in işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan iş adamları ilə görüşüb. O, Azərbaycan iqtisadiyyatının potensial imkanları və beynəlxalq biznes üçün yaradılan şəraitdən bəhs edərək alman iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb. Bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb.

Hal-hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350-400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.

Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004 tarixli, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İnkişaf Bankı arasında "Kreditlərin Zəmanəti Fondu"nun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsi, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006 tarixli müqavilələr iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan və Almaniya arasında mədəni əlaqələr intensiv şəkildə inkişaf edir. Azərbaycan ilə Almaniya arasındakı mədəni əlaqələrin inkişafı 22 dekabr 1995-ci il tarixli mədəni əməkdaşlıq haqqında Sazişlə bağlıdır. Bu sazişlə yaradılan Azərbaycan–Alman Qarışıq komissiyasının 4-6 fevral 1997-ci il və 4-6 noyabr 2002-ci il tarixlərində iclasları keçirilib.

ATƏT-in İstanbul Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il noyabrın 19-da "Çırağan sarayı"nda Almaniya Federativ Respublikasının kansleri Herhard Şröderlə görüşüb. Görüş çərçivəsində Prezident Heydər Əliyev 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu AFR kanslerinə təqdim edib. - "Cənab kansler, biz bu iki əsəri və Nyu-Yorkda məhkəmə orqanlarının sərəncamında olan əsərləri sizə veririk. Mən 1947-ci ildən muzeyimizdə saxladığımız həmin əsərlərlə bağlı sənədləri də sizə təqdim edirəm."

Almaniyada 2008-ci il Azərbaycan ili elan edilib. Bu məqsədlə Azərbaycan mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunub. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun–15 iyul 2008–ci il tarixlərində Drezden Qalereyasında "Azərbaycan müasir incəsənət sərgisi" keçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »