Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bulvarda qiymətlər “od tutub yanır” - FOTOLAR
Burada sadə çay satılmır, içkilər və ərzaq isə şəhərdən qat-qat baha qiymətə təklif olunur

“Bizim Yol”un əməkdaşının bahalıqdan və qanunsuzluqdan şikayətlərinə reaksiya verilmədi

Dənizkənarı Milli Parkın ərazisində olan çay evləri və kafelərdəki qiymətlərdən dəfələrlə reportaj hazırlamışıq. Ərazidə tez-tez qiymətlər dəyişir. Redaksiyaya daxil olan şikayətlərdə deyilir ki, bulvara çıxıb, dəniz mənzərəsində çay içmək istəyənlər yenə eyni problemi yaşayırlar. Kafe və çay evləri yenə də sadə çay verməkdən imtina edirlər. Müştərilərə məcburi olaraq dəstgah təqdim edilir.

Müştərilər sadə çayın verilməmə səbəbini soruşanda isə onlara "Bizdə belədir, istəmirsən get, başqa yerdə otur" deyərək cavab verən məkan sahibləri heç bir qayda-qanuna uymurlar.

Bakı bulvarının reallığı ilə yerində tanış olmaq üçün Dənizkənarı Milli Parka üz tutduq. Müşahidə apardığımız bir saat ərzində bulvarda ailəvi istirahətə gələnlərin sayının kifayət qədər çox olduğunu gördük.

“Veteran klub”da sadə çayın 2 manatdan, çay dəsgahını isə 12 manatdan verildiyi bildirildi. Diqqətimizi çəkən əsas məqam bu oldu ki, burada divanlarda əyləşib sadə çay içmək olmaz. Divanda əyləşən mütləq çay dəsgahı sifariş etməlidir. Sadə çayı isə stulda əyləşib içə bilərsiniz.

“Armud” çay evində də eyni vəziyyətlə rastlaşdıq. Sadə çayı stulda əyləşmək şərti ilə 2 manata təklif etdilər. Divanda isə 15 manata çay dəsgahı verilir.

“Baku Bulvarı” kafesində sadə çay verilmir, çay dəsgahının qiyməti isə 14-19 manat arasında dəyişir.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin direktoru Azər Muradova mobil telefonla (050 235 27 37) zəng edib, istehlakçı hüququmuzun pozulması barədə məlumat verdik. Müştəri olaraq bizə sadə çayın verilməməsindən şikayət etdik. O bildirdi ki, “Qaynar xətt” 24 saat işləsə də, işçilər yalnız saat 09.00-dan 18.00-a kimi işləyirlər. Ona görə, şikayət olunan yerə əməkdaş göndərə bilməyəcəyini bildirdi.

Daha sonra A.Muradov telefonu administratora verməyimizi, onunla danışmaq istədiyini ifadə elədi. Direktor Elmin adlı administratorla danışandan sonra belə Elmin bildirdi ki, qaydalar dəyişmir: “Əgər bu kafedə ofsiant qonağa sadə çay verərsə, biz onu işdən çıxardarıq. Amma Azər müəllimə görə, biz sizə sadə çay verə bilərik. Biz digər müştərilərə də deyirik ki, sadə çay vermirik. Sadə çay içmək istəyən başqa kafedə əyləşə bilər”. Əlbəttə biz onun “güzəşt”indən imtina etdik. Bəli, bulvarda çay içmək arzusu gözümüzdə qaldı.

Ümumiyyətlə, Dənizkənarı Milli Parkda qiymətlər şəhərin digər yerlərindən 2-3 dəfə bahadır. Məsələn, dondurmalar 70 qəpikdən 7 manata qədər dəyişir. Ən çox satılan 0,5 litrlik sular isə 50-60 qəpikdir. Şəhərin digər yerlərində isə bu sular 20 qəpiyə satılır. Uşaqların ən çox istədikləri popkorn isə 1 manatadır, dönər 2 manatdır.

Daha çox uşaqların üçün maraqlı olan attraksionların, qatarların və gəmi gəzintisinin qiymətləri ilə də maraqlandıq. Burada növbələrin yarandığının şahidi olduq.

“Şəfəq” gəzinti gəmisi ilə 30 dəqiqə gəzinti müddətində ödəniş 5 manatdır. “Mirvari” gəzinti gəmisi ilə 30 dəqiqə gəzinti müddətində ödəniş 3 manat, VİP üçün ödəniş isə 10 manatdır.

Qatarla gəzinti 8 yaşadək 1 manat, bundan böyük yaşda olanlar üçün isə 2 manat ödəniş tələb olunur. Avtomobildə 3 dəqiqə gəzinti üçün isə 2 manat ödəmək lazımdır.

Söhbət etdiyimiz paytaxt sakinləri dənizkənarı bulvar ərazisində fəaliyyət göstərən obyektlərdə süni qiymət artımın olduğundan şikayətləndilər. Belə ki, yay fəsli ilə əlaqədar, havalar isindiyindən Bakının dənizkənarı bulvarına axın da çoxalıb. Bulvarda fəaliyyət göstərən kafelərdə isə müştəri bolluğundan istifadə edib, süni qiymət artımına başlayıblar.

Xatırladaq ki, 2015-ci ilin Avropa Oyunları ərəfəsində prezidentin iradından sonra qiymətlər yarıya qədər endirildi. Beləliklə bir çaynik çayı əhaliyə 2 manata satmağa başladılar. Demək, qiymətləri tənzimləmək mümkündür.

Yenidən Azər Muradovla əlaqə saxlayıb, sakinlərin dənizkənarı bulvar ərazisində süni qiymət artımının olduğundan şikayətçi olduğunu dedik. O bildirdi ki, son 3 gündə idarənin “Qaynar xətti”nə hər hansı şikayət daxil olmayıb: “Şikayət olarsa, araşdırılma aparılacaq. Biz vətəndaşları qanunsuz fəaliyyətlə məşğul olan şəxslərlə mübarizə aparmaqda bizə dəstək olmaqlarına çağırış edirik”.

Ramid İBRAHİMOV

Fotolar müəllifindir

Son xəbərlər
Bütün xəbərlər »