Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"AzFEM" şirkətinin TIR-ında aşkarlanan yarım ton heroinin sahibi kimdir?
Azərbaycan-İran sərhədində, Astara sərhəd-keçid məntəqəsində gömrükçülər bu il mayın 22-də Bakı şəhər sakini Nəsirulla Abbasovun idarə etdiyi yük maşınından yarım tondan çox heroin aşkarlayıblar. Nəticədə sürücü həbs edilib və hazırda istintaq altındadır.

Virtualaz.org-un xəbərinə görə, həmin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Nəsirulla Abbasovun idarə etdiyi “MAN” markalı 90 JP 737 10 ZH 098 dövlət qeydiyyat nişanlı avtomobilə rentgen aparatı vasitəsilə baxış keçirilib. Bu zaman yük maşınındakı malların içərisindən 500 ədəd polietilen torbalara qablaşdırılmış, ümumi çəkisi 500 kiloqram 635 qram heroin tapılıb. Bağlamalar “AZARAKSHS” yazısı olan qutuda yerləşdirilib və “odadavamlı löhvəciklər” yükü ilə birgə malın içərisinə yığılıb.

TIR sürücüsü avtomobildən külli miqdarda narkotik vasitə aşkarlandığını görəndə yükdən xəbərsiz olduğunu, onun vəzifəsinin tikinti materiallarını Polşaya çatdırmaqdan ibarət olduğunu bildirib.

İstintaqın ilkin nəticəsinə görə, N.Abbasov İran İslam Respublikasında bir qrup şəxlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və gömrük nəzarətindən qaçaqmalçılıq yolla keçirməklə Polşa Respublikasına daşıma barədə ümumi razılığa gəlib. Razılığa əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum edilməyən üzvləri 20 may 2018-ci ildə İranın Rəşt şəhərində polietilen torbalara qablaşdırılmış yarım tondan çox heroini “AZARAKSHS” yazısı olan qutuda yerləşdirərək “odadavamlı löhvəciklər” yükü ilə birgə “MAN” markalı 90 JP 737 10 ZH 098 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb.

Abbasov heroini yük avtomobilində gizlədərək Azərbaycan ərazisindən tranzit keçirmək və Polşaya çatdırmaq istəyib. Lakin 22 may 2018-ci ildə saat 19 radələrində yük maşını Astara Gömrük İdarəsinin Yük şöbəsində gömrük nəzarətindən keçirilərkən tikinti materialları arasında gizlədilən narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Ə.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) , 234.4.1 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Yük avtomobilinin sürücüsü istintaqın ilk günündən etibarən deyib ki, narkotik vasitədən xəbəri yoxdur, yalnız əməkdaşı olduğu “AZFEM” MMC-nin tapşırığını yerinə yetirib. Ömrünün 35 ildən çoxunu beynəlxalq yük daşımalarına sərf etdiyini, bu günə kimi cinayət məsuliyyətinə cəlb olunmadığını deyib. Sürücünün ifadəsinə əsasən içərisində narkotikin gizlədildiyi tikinti materiallarını Polşaya aparmaq üçün sifarişi verən şəxs əvvəlcədən ödəniş edib.

"Azfem" şirkətinin saytında illüstrasiya

Abbasov hesab edir ki, onun başına gələnlər Belarus vətəndaşı olan TIR sürücüsü Aleksandr Kuzminin başına gələnləri xatırladır. Bir neçə il əvvəl Kuzminin idarə etdiyi TIR-dan 20 ton kişmiş yükünün arasında gizlədilmiş külli miqdarda narkotik aşkarlanmışdı. Həbs edilən sürücü narkotikdən xəbərsiz olduğunu, ancaq yük sahibinin sifarişini yerinə yetirdiyini bildirmişdi. Bir müddət sonra isə Ali Məhkəmə belaruslu sürücüyə bəraət verib.

N.Abbasovun oğlu Samir Abbasov virtualaz.org-a bildirib ki, eynən Aleksandr Kuzminin işində olduğu kimi tranzit yükə görə yalnız atası məsuliyyətə cəlb olunub:”Ortada yükdaşıyan şirkət var, yükü sifariş verən var. Bütün bunlara baxmayaraq ancaq atam saxlanılıb, onu həbs ediblər. Bu adam adi sürücüdür, şirkətin sifarişini icra edib, vəssalam. Otuz ildir neçə-neçə sərhədlər keçib, yük daşıyıb, bir dəfə də olsun qaçaqmalçılıqla, narkotik vasitələrlə və s. bu kimi işlərlə əlaqəsi olmayıb. Bizimlə görüşəndə özü dedi ki, şirkət deyib, apar bu yükü, mən də aparmışam. Sürücü özbaşına maşına oturub gedə bilməz, göstəriş veriblər, gedib”.

S.Abbasov deyir ki, beynəlxalq yükdaşıma qanunlarına görə sürücü yükün içinə müdaxilə eləyə bilməz: “Bu yük tranzitdir, İrandan gəlib Azərbaycana, oradan Rusiyaya, sonrasa Polşaya keçməli idi. Beynəlxalq yükdaşıma qanunlarına görə sürücü yükün içinə müdaxilə eləyə bilməz. Sürücü yükün aşmamasına, səliqəli şəkildə ünvana çatdırılmasına cavabdehdir. Heroin hamısı qablaşdırılmış, preslenmiş halda qutuların içərisindən çıxıb. Sürücünü yanında nə iti var, nə də rentgeni. Axı nə bilsin ki, yükün içərisindəki nə var”.

Ə.Abbasovun istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girməsi ilə bağlı verilən ittihama gəlincə isə S.Abbasov deyir ki, iki aydan bəridir istintaq davam edir, amma bu günə qədər heç kimlə üzləşmə aparılmayıb: “Atama qarşı mütəşəkkil dəstə ilə əlbir olması ittihamı irəli sürülüb. Niyə bəs atam tək saxlanılıb? Bəs qrupun digər üzvləri hanı? İstintaq aparılır, amma hələ üzləşdirmə keçirilməyib, neçə aydır oturub orada, heç kimlə üzləşdirilməyib. Bu məsələ ilə bağlı atam da, biz də ölkə rəhbərliyinə, baş prokurorluğa müraciət etmişik”.

“AZFEM” MMC Azərbaycanın ən iri fındıq istehsalçısıdır. İstehsal etdiyi məhsulları bir sıra Avropa ölkələrinə ixrac edir. Şirkətin həm də nəqliyyat-logistika bölməsi də var, yəni beynəlxalq yükdaşımalarla məşğuldur.Virtualaz.org şirkətlə əlaqə saxlayıb. “AZFEM” MMC-dən təsdiq ediblər ki, yarım ton heroinə görə saxlanılan sürücü onların işçisi olub, həmin yük maşını da şirkətə məxsusdur. Və əlavə məlumat vermək istəmyiblər...

Son xəbərlər
Bütün xəbərlər »