Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış azərbaycanlı aktrisa məşhur restoranda zəhərləndi - Müsahibə
Türkiyəli iş adamı ilə ailə həyatı quran azərbaycanlı aktrisa Cəmilə Tağızadə uzun müddətdən sonra ölkəmizə qayıdıb.

Bakının müvəqqəti qonağı olan aktrisa Bizimyol.info-ya ekskluziv müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik.

- İlk dəfə aktrisa potensialınızın olduğunu necə aşkara çıxardınız?

-Bu mənim uşaqlığdan arzum idi. Uşaq vaxtı rəqsə, idmana gedirdim. Sadəcə immunitetim çox zəif idi, tez- tez xəstələnirdim. Həmişə çalışırdım ki, tədbirlərə qoşulum və içimdə olan o potensialı göstərim. İncəsənət universitetinə qəbul olmaq istəsəm də atam icazə vermirdi. Ora 21 yaşımda atamın ölümündən sonra qəbul oldum, yoxsa o heç vaxt mənə icazə verməzdi incəsənətə qəbul olmağa.

- Sizcə aktrisa doğulur, yoxsa bu bacarıq zamanla formalaşır?

-Müəllimlərim də həmişə deyir ki, 10 % istedad varsa, qalan 90 % insanın öz üzərində işləməsindən asılıdır. Elə insanlar var ki, allah onlara istedad verib, amma onlar öz üzərində işləmir və o istedad da itib batır. Elə insanlar da var ki, istedadı azdır, amma öz üzərində daima çalışır. Bəzi özgüvənli insanlar da var ki, arxayındılar, deyirlər əşşi mən nə oynasam bəyəniləcək. İstedad olmasa və insan tamam taxta olsa haa öz üzərində çalışsın xeyri yoxdur.

- Son zamanlar bir çox seriallarda rol aldınız, qonorar sizi qane edirdimi?

- Azərbaycan serialında, filmində elə böyük pul yoxdur ki, insanı qane edə bilsin. Məsələn, xaricdə görürsünüz ki, bizim qədər işləyirlər, amma ən azı ildə 1-2 dəfə rahat istirahətə icazə verirlər. Onların imkanları şərait yaradır ki, onların gözəl avtomobilləri, lüks həyatı olur. Məişət problemi çəkmək məcburiyyətində qalmırlar, amma bizdə aktyor, aktrisa çəkilişə gedə-gedə fikirləşir ki, qaz, işıq pulunu necə ödəyəcəm, evin problemlərini necə həll edəcəm?! Xüsusən də evli olanlar. Azərbaycanda bir aktyor bir neçə yerə bölünməlidir. Həm məişət problemləri, həm film, reklam, teatr çəkilişləri və s. Türkiyədə müqavilə imzalanır və aktrisa məsələn, 1il bir serialda çəkilir. Bizdə deyirlər ki, filankəs süni oynadı...Bu yazıq bu maaşa, qonorara oynayırsa 1000 dəfə şükr edin. Çünki bizdəki büdcə ilə Türkiyədəki büdcə eyni deyil. Türkiyədə milyonluq büdcə ilə burdakı 10000-lik büdcəni heç kim bir tuta bilməz. Çox az adam tapılar ki, Azərbacanda filmdən yüksək pullar qazansın. Ola bilər ki, kiminsə şəxsi biznesi var o başqa məsələ...

- Bəs sizin 2-ci biznesiniz varmı?

- Yox məndə 2-ci biznes yoxdur, amma mən həm aktrisa, həm də aparıcı olaraq çalışmışam hər zaman. Bilirsiniz ki, ailə həyatı qurduqdan sonra bu sahədən bir müddət uzaqlaşmışam, amma gözəl layihələrlə yenidən geri qayıdacam. Məni aktrisalıqdan savayı gəlir yerim aparıcılıq idi, mən toylara, tədbirlərə gedirdim və bu məni maddi cəhətdən xilas edirdi.

-Hər zaman şahidi olmuşuq ki, bu sahədə daim rəqabət var. Rəqibləriniz varmı?

-Rəqabət 100 % var. Çünki rəqabət olmasa, keyfiyyətli iş də olmaz. Rəqabət olduqda insan öz üzərində daha çox çalışmağa çalışır ki, digərlərindən daha yaxşı və üstün, öndə olsun, amma mən deməzdim ki, mən özümə rəqib görürəm... biz bu sahədə bir-birimizin dost- tanışıyıq. Biri var yaxşı rəqabət... Biri də var pis paxıllıq rəqabəti. Ay nə bilim o niyə filmdə çəkildi, mən çəkilə bilmədim... çəkilir lap yaxşı, mən daha çox öz üzərimdə işləyərəm, daha çox çəkilib dəvətlər alaram . Bax bu cür düşünərək irəli getmək lazımdır.

- İndiyənə kimi qalmaqalınız olub?

- Düzü qalmaqallar çox olub....mənim də başım bəlalıdır ( gülür), amma bu haqda çoxda danışmaq istəməzdim. Mən həmişə qalmaqaldan qaçan adam olmuşam.

- İctimaiyyət içərisinə çıxarkən tanınmış sima olmağınız sizə mane olur?

-Mən deməzdim ki, mən dünya ulduzları kimi çox rahat bir şəkildə tanınıram. Məsələn, evlilikdən öncə seriala çəkiləndə çox tanınırdım, şəhərə çıxanda yaxınlaşıb şəkil çəkdirən çox olurdu. Filmimizə baxıb gözəl və xoş sözlərini deyənlər olurdu, obrazımı tənqid edənlər olurdu və.s Amma 1 ildir ki, ara vermişəm. Nəticədə o tanınma, sevilmə bir azalıb. Gərək daima efirdə olasan, yoxsa yavaş- yavaş insanlar səni unudur. 40-50 ilin korifey sənətkarı deyiləm ki, deyim mən öz möhürümü vurmuşam. Nə olsa da mənim adım brenddir və hər kəs məni tanıyır. Rasim Balayev, Fəxrəddin Manafov kimi ... Onlarla biz bir deyilik ...

Bizim yaşımız onlara gəlib çatana kimi mənim yaşımdan 2qat çox onların təcrübəsi var bu sahədə. Biz gənc aktrisalarıq efirdəyiksə tanınıb sevilirik, efirdə deyiliksə artıq yavaş-yavaş unuduluruq. Bu sahənin mənfi cəhətlərindən biri də budur səni yuxarı qaldırdığı kimi, aşağı da endirə bilər.

- Sizi ən çox məşhurlaşdıran və ictimaiyyətin yaddaşında iz buraxan serial hansı oldu?

Öncə İkinci Baharda çəkilsəm də o mənə populyarlıq gətirmədi Mənə elə gəlir ki ilk dəfə ATV kanalında yayımlanan Dəfnə ağacındaki Dəfnə obrazı mənə çox populyarlıq gətirdi ondan sonra isə Cehizsiz gəlinlər serialındaki Hicran obrazından sonra mənə çox gözəl filmlər üçün təkliflər gəldi. Dəyərləndirdim...Bu 2 serial mənim həyatımda çox böyük rol oynamışdı.

- Eşitdim zəhərlənmisiz...

-Hə, Bakıya gələr-gəlməz ad günüm ərəfəsində zəhərləndim. Təsəvvür edin ki, ad günümdən öncə rəfiqəmlə gedib İçərişəhərdə yerləşən "Old Baku" restoranında xəngəl yedik.. İndi deyəcəklər ki, yayın istisində bu xəngəl sevdası nədir? (gülür) Dərd orasındadır ki, Türkiyədə yoxdur o xəngəldən. Desəm ki, mən çox yaxşı evdar xanımam yalan olar əlimdən gələni edirəm. Amma hələ ki, xəngəl bişirməyi bilmirəm. Orda da bişirə bilmədim. Hər dəfə Azərbaycana gələndə yeyirəm. Qışda gələndə yeyirdim , indi gələndə ürəyim istədi, istəməyimə də peşman oldum . İçərişəhərdə xəngəl yedim və pis vəziyyətə düşdüm. Həkim gəldi. Düzü mən o restorandan belə bir performans gözləmirdim. Ya yaydı deyə bizi yol veriblər, ya da əti yaxşı deyildi. Ad günüm rəsmən burnumdan gəldi. Mən evdən çıxa bilmədim. Rəfiqələrim tort alıb evə gəldilər.

- Evlisiniz övlad haqqında düşünürsünüz? 

- Təbii ki, 2-miz də düşünürük... Yoldaşımın 2-ci evliliyidir məndən öncə ata olub deyə o atalıq hisslərini daha yaxşı bilir amma mən bilmrəm. Mən ana olmaq istəyirəm. Bilmirəm o hiss nədir, bu məndə ilk olacaq. Amma 1 il kifayət etdi ki, biz bir-birimizi tanıyaq ailəmizi möhkəmləndirək. Bizdə Azərbaycan mentalitetində belə bir şey var ki, evlənən kimi həmən uşaq dünyaya gətirməlisən soruşurlar Bişey mişey var?!( gülür) Gənclərin özü üçün yaşamağa, bir-birlərini tanımağa imkanı olmur. Bizdə belə bir adət var, evlənənə qədər valideynlərin üçün yaşayırsan, evlənib yoldaşın və onun ailəsi üçün yaşayırsan sonra da övlad olur və övladların üçün yaşayırsan. Elə bil ki, qadınların özü üçün yaşamağa ixtiyarı yoxdur. Evlənənə kimi valideynin istəyi ilə oturub durursan sonra yoldaşın nə desə odur, vəssalam. Xanımın özünə həsr edəcək vaxtı yoxdur. Məncə, bu çox yanlış bir şeydir. Gənclərimiz evlənəndə tələsməməlidirlər. Məni görənlər deyir ki, 31 yaşın var, sən nə zaman ana olacaqsan, amma mən 1 ilimi həyat yoldaşımı tanımağa həsr etdim. İnsan evə girənə qədər tanıya bilmir həyat yoldaşını. Evlilik həyatının dadını çıxartmalısan. Onun qalmaqalları, problemləri ilə, həm savaşırsan, həm sevişirsən, yavaş-yavaş uşaq da olur zamanla. Amma artıq vaxtıdır başlamaq lazımdır (gülür)

-31 yaşı heç göstərmirsiniz

-Doğrudan çox sağolun, təşəkkür edirəm. Amma yaş gedir...(gülür)

Təşəkkür edirik Cəmilə xanım, müsahibə üçün. Redaksiyamıza gəldiyiniz üçün sizə minnətdarıq.

Mən də sizə və kollektivinizə uğurlar arzu edirəm. Təşəkkürlər!

Söhbətləşdi: Aytac NUR

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »