Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qalxan mənim qiymətimdir" - Elza Seyidcahandan qiymət artımına reaksiya
Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan metro nəqliyyatında və avtobus marşrutlarında qiymət artımına münasibət bildirib.

Sənətçi "Ölkə.Az"a açıqlamasında bildirib ki, bədii yaradıcılığında sözügedən mövzuya toxunmaq niyyətində deyil. O, bunu daha çox fəlsəfi şeirlər yazmağa üstünlük verməsiylə əlaqələndirib:

"Heç vaxt şeirlərimdə sosial mövzulara toxunmuram. Adətən fəlsəfi yazıram, bəzi insanlar yazdıqlarımı yozurlar. Onlar anonim yazanlardır, məhkəməyə verəcəyəm. Heç vaxt sosial mövzularda yazmamışam. Qiymətlə bağlı şeirə gəlincə, yazaram, amma öz qiymətimdən yazaram. Öz qiymətimin, dəyərimin gündən-günə artmağından yazaram. Bəli, qiymətlər hər zaman qalxır. Çünki o qiymət mənim qiymətimdir. İnsan həyatda elə yaşamalıdır ki, təvazökarlıqdan uzaq da olsa, onun sənətinin dəyəri, qiyməti qalxsın. Qiymətlərin qalxmağı məni heç vaxt narahat etmir. Çünki Allah böyükdür. Allaha hər şeyə görə şükr edirəm. Hər insanın gündəlik çörəyini yetirir".

Əməkdar artist bildirib ki, tələbəlik illərindən sonra metrodan istifadə etməyib:

"Tələbə vaxtlarımda metrodan istifadə edirdim, son illər avtomobildən istifadə edirəm. Avtomobil rahatçılıq olsa da, xərcləri böyükdür. Onun da təkərinə, digər ehtiyat hissələrinə baxmalısan. Amma çalışırıq ki, həyatda halal zəhmətimizlə xərclərimizi ödəyək. Yerin altında, metroda gedən insanlar hər zaman dualarımdadırlar. Metropolitendə çalışanları, metrodan istifadə edən insanları, tələbələri salamalayıram və hər birinə Allah amanında gedin deyirəm. Onlar mənzillərinə, iş yerlərinə gözəl əhval ruhiyyədə çatsınlar. Metronun da öz aləmi, öz gözəlliyi var".

Qeyd edək ki, Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Son xəbərlər
Bütün xəbərlər »