Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan regionun ən qüdrətli dövlətidir”

Fikrət Yusifov: “Avropanı fəth etməyə üz tutmuş enerji strategiyamız lokomotiv rolunu oynayır”

Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi proseslərə qoşulması, dünyanın böyük güclərinin regionda, xüsusilə də Azərbaycanda cəmləşən, kəsişən, əksər hallarda da toqquşan geoiqtisadi və geostrateji maraqlarl fonunda rəsmi Bakının yeritdiyi siyasıtin nəticələri, Azərbaycanın enerji strategiyası, bunun ölkənin özü üçün, əhalisinin rifahı üçün və dünya üçün əhəmiyyəti haqqında BizimYol-un suallarını “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov cavablandırır.

- Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb. Azərbaycanın dünya iqtisadi sisteminə və qlobal əmək bazarına inteqrasiyası baxımından bu göstəricilərə nail olmaq çox mühümdür. Bu göstəricilər haqqında nə deyə bilərsiniz? Azərbaycanın məsələn Ukrayna kimi böyük öndə olması necə izah oluna bilər? Bu, milli iqtisadiyyatın qlobal iqtisadi proseslərə inteqrasiyası baxımından necə nəticə verə bilər?

Azərbaycan iqtisadiyyatının son 15 ildəki inkişaf templəri kifayət qədər yüksək oldu. Bu dönəmdə Azərbaycan hökuməti dünya iqtisadi müstəvisində 2007-ci ildən başlayaraq davam edən böhranın 2015-ci ilə qədər bizdən yan keçməsi üçün lazım olan bütün tədbirləri gördü. Lakin 2014-cü ilin ortalarında dünya bazarlarında neftin qiymətləri kəskin azalmağa başladıqdan sonara onillər boyu neftlə bağlılığı bir iqtisadiyyatın qarşısında müəyyən çətinliklər yaranmağa başladı. Çətinlikləri ilk növbədə ölkəyə daxil olan möhkəm valyutanın həcminin azalması yaradırdı. Bu səbəbdən də artıq 2015-ci il ərzində milli valyutamız iki dəfə kəskin devalvasiyaya məruz qalaraq, öz dəyərini iki dəfəyə yaxın itirdi. Bu vəziyyətdən çıxışın yeganə düzgün yolu ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edə biləcək təxirəsalınmaz tədbirlərin görülməsindən keçirdi. Ölkə Prezidenti bu məqamda qətiyyətli addım ataraq Azərbaycanda post-neft dövrünün başlandığını bəyan etdi.

- Bu bəyanatdan sonra hansı addımlar atıldı?

Elə bu bəyanatdan sonra bir birinin ardınca iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək mühüm qərarlar qəbul edilməyə başlandı. 2016-cı il bu tarixdə ən çətin il oldu. İqtisadiyyatımız müəyyən itkilərə məruz qaldı. Lakin real sektorun sürətli inkişafını təmin edən qərarların icrası hesabına nəhayət 2017-ci ildə Azərbaycan iqtisadiyyatı sabitlik əldə edə bildi. Cari 2018-ci il isə artıq iqtisadiyyatda artımların baş verdiyi bir il kimi qeydə alınır. Bu artımlar iqtisadiyyatın real sektorunda, onun aparıcı sahələri olan qeyri-neft sənayesində və aqrar sektorda daha yüksəkdir.

- Bu, ən azı postsovet ölkələri arasında – keçmiş İttifaq məkanındakı inteqrasiya sxemində Azərbaycana hansı üstünlüyü qazandırır? Məlumdur ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini elan edib. Hansısa başqa bir ölkənin bir hissəsi kimi qalmağı seçməyib, müstəqil olaraq yenidən qonşu ölkələrlə inteqrasiya prosesinə öz qərarı, iradəsi və maraqları ilə daxil olub. Bu baxımdan iqtisadiyyatımızın aparıcı sahələrinin inkişafı hansı real nəticələr doğrurur?

Azərbaycan bu gün öz iqtisadi qüdrətinə və maliyyə imkanlarına görə MDB ölkələri içərisində ən aparıcı yerlərdən birini tutur. Manatın 2015-ci ildəki ucuzlaşması baş verməsəydi, bu halda bir məkanda olduğumuz ölkələrlə müqayisədə Azərbaycan tək orta aylıq əmək haqqı göstəricisi ilə deyil, digər sosial göstəricilərə görə də lider olardı. Bir məsələni də xüsusi qeyd etmək lazımdır. Belə müqaisələri apararkən ölkələrdə orta aylıq əmək haqqının xarici valyutada müqaisəsi sadəcə statistika üçün bir göstəricidir. Bu göstəricilərin real müqaisəsi isə hər bir ölkənin milli valyutasında olan orta aylıq əmək haqqı ilə həmən ölkədə istehlak səbətini formalaşdırarkən ortaya çıxır. Yalnız belə müqaisə əsil həqiqətin nədən ibarət olduğunu ortaya qoya bilir. Bu sahədə biz heç kimdən geri qalmırıq.

- Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. Trend-in məlumatına görə, bu göstərici "Standard & Poor’s" reytinq agentliyinin hesabatında qeyd olunub. Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şah Dəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub. Hesabatda qeyd edilir: “Növbəti 4 ildə qaz ixracının tədricən artmasını gözləyirik. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir. Sizcə, Cənub Qaz Dəhlizi layihəsinə bəzi yerli və xarici dairələrin müqavimət cəhdi Azərbaycanın daha da güclənəcəyi qorxusundan doğmurmu?

Azərbaycan son 15 il ərzində regional əhəmiyyətli layihələrin həyata keçirilməsi sahəsində ciddi uğurlara, iqtisadiyyatın sürətli inkişafına, əhalinin sosial təminatının yaxşılaşdırılmasına, müharibə şəraitində olan ölkənin müdafiə qüdrətinin artırılmasına və bütövlükdə ölkədə ictimai siyasi sabitliyin ən yüksək səviyyədə təmin edilməsinə nail olub. Təməli 1994-cü ildə qoyulan və bu gün uğurla Avropanı fəth etməyə üz tutmuş enerji strategiyası isə bu uğurların əsl lokomotivi rolunu oynaya bildi...

- Enerji strategiyasının real nəticələri nədən ibarətdir? Azərbaycanın neft strategiyasından, onun regional və qlobal inteqrasiyadakı əhəmiyyətindən çox danışılır. Bunlar özünü daha çox hansı nəticələrlə göstərir?

İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşa çevrilir. Bununla da Azərbaycan praktik olaraq Qərblə tərəfdaşlığın yeni formatını müəyyənləşdirir. Bu, Azərbaycanı dünya siyasət meydanında daha güclü görünməyə, hər kəsi özü ilə daha çox hesablaşmağa aparan yeni bir formatdır. Avropa ilə əməkdaşlığın bu yeni formatı Prezident İlham Əliyevin siyasi iradəsinin qələbəsidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması yolunda yaradılan bütün əngəllər onun yüksək idarəçiliyi və siyasi məharəti ilə aradan qaldırıldı. Bölgədə güclü Azərbaycan dövlətinin olması bir çoxlarında qıcıq yaradır. Ancaq nə etməli ki, bu gün Azərbaycan bölgənin iqtisadi cəhətdən ən qüdrətli bir ölkəsi kimi ortadadır və o sürətlə inkişaf edir.

Qlobal reytinq qurumlarının Azərbaycana qiymət verməsi də dünya iqtisadiyyatına inteqrasiya proseslərində gəldiyimiz nöqtədən xəbər verir. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, Agentlik manatın sabit məzənnəsini qeyd edib. Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir.

Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb. Daha sonra hesabatda qeyd edilir: “Neftin yüksək qiymətləri, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və “Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək”.Fitch-in proqnozlarına görə, 2018-ci ildə "Brent Crude" neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq. Bu məlumat və proqnozlara münasibətinizi bilmək istərdik.

Biz artıq neftə güvənmədiyimizi çoxdan bəyan etmişik. Neft təbiətin bizə bəxş etdiyi bir nemətdir.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən neftə güvənməməyi, onun olduğunu unudub, ölkə iqtisadiyyatının real sektoruna üz tutmağı tövsiyyə etmişdi. Biz neftdən və onun verdiyi dvidendlərdən ölkə iqtisadiyyatının sürətli inkişafını təmim edə biləcək münbit bir inkişaf mühitini yaratmaq üçün yararlandıq. Bu gün aparılan bütün islahatların mahiyyəti məhz iqtisadiyyatın neftdən asılılığını optimallaşdırmağa yönəlib. Neftin qiymətlərinin qarşıdakı illərdə özünü necə apara biləcəyinə dair proqnozlar isə bir qayda olaraq özünü döğrultmur. Çünki bu qiymətlərin dəyişməsinə və bəzə kəskin dəyişməsinə heç kimin ağlına gəlməyən siyasi hadisələr təsir edə bilir. Biz 2014-cü ilin ortalarından baş vermiş kəskin qiymət azalmalarında bunun bir daha şahidi olduq. Neftin dünya bazarlarındakı qiymətlərinə ən böyük təsir imkanları Amerika Birləşmiş Ştatlarına məxsusdur. Qiymətlərin qarşıdakı illərdə necə olacağı bu dünya nəhənginin aparacağı daxili və xarici siyasətdən bilavasitə asılı olacaqdır.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »