Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Qafqazda mövcud geosiyasi durum və bunun Rusiya-Azərbaycan münasibətlərinə təsiri

Bildiyimiz kimi avqust ayında Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri nəzərdə tutulur.

Səfər son dərəcə mürəkkəb bir dövrə təsadüf edir. Əslində dövlətlərarası münasibətlərdə təsadüf olmur və Putinin iyun ayında dünya futbol çempionatı zamanı ölkəsinə səfər edən Azərbaycan prezidenti İlham Əliyevi avqustda Rusiyaya rəsmi səfərə dəvət etməsi də regionda gedən proseslərlə bilavasitə bağlı ola bilər.

Hazırda Cənubi Qafqaz bölgəsində olduqca mürəkkəb, eyni zamanda dinamik proseslər gedir. Böyük dövlətlərin Yaxın Şərqdə və Şərqi Avropada gedən müharibələri burada geosiyasi savaş şəklində davam edir. Proseslərin əsas mərkəzində olan Rusiya eyni zamanda Ukrayna, Yaxın Şərq bölgələrində sıxışdırılmağa çalışılır və onun ətrafında həlqə getdikcə daralmaqdadır. Son proseslərə nəzər saldıqda bunu bir daha görmək mümkündür. Avqust ayının 01-də Gürcüstanda NATO-nun təşkilatçılığı ilə 13 üzv və tərəfdaş ölkənin iştirakı ilə hərbi təlimlər başlayacaq və 15 gün davam edəcəkdir.

NATO ilə Gürcüstan arasında keçirilən həmin "Nəcib tərəfdaş" adlı hərbi təlimlər Alyansın Cənubi Qafqaz və Qara dəniz akvatoriyası siyasətində mühüm yer tutur. NATO baş katibi Stoltenberq Gürcüstanın NATO ilə əməkdaşlıq istiqamətində apardığı islahatları yüksək qiymətləndirərək, bu ölkənin yaxın gələcəkdə Alyansa üzv olacağını bəyan etmiş, Gürcüstan prezidenti Margelaşvili isə ölkəsinin təhlükəsizliyinin NATO-ya üzvlükdən keçdiyini bəyan etmişdir.

Prezident Putin isə bütün bunların qarşılığında Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünün səhv addım olacağını və Rusiyanın buna lazımi cavab verəcəyini bəyan edib. Ukrayna və Gürcüstan bir zamanlar GUAM təşkilatında üzv idilər. Ukrayna 2014-cü ildən bəri hərbi bloklara qoşulmamaq siyasətindən uzaqlaşaraq birmənalı şəkildə Qərbə siyasi inteqrasiya yolu tutub, hazırda isə NATO üzvlüyünə iddia etməklə həm də hərbi Alyansın Şərqi Avropada və Qara dəniz hövzəsində etibarlı müttəfiqinə çevrilməyə çalışır və bu Rusiyanı olduqca narahat edir.

NATO bütün bu təşəbbüslərə dəstək olaraq 2019-cu ildə Gürcüstan və Ukraynanın iştirakı ilə Qara dəniz hövzəsində genişmiqyaslı təlimlər keçirməyi nəzərdə tutur. Bu da onu göstərir ki, NATO Gürcüstan və Ukraynanı birgə təşkilatın orbitinə daxil edərək Qara dəniz hövzəsini NATO-nun məsuliyyət zonası kimi görməyi planlaşdırır. Rusiya buna prezident səviyyəsində artıq reaksiya bildirib və NATO-nu xəbərdar edib. NATO Nizamnaməsinə görə, ərazisində həll olunmamış münaqişələr olan ölkələr təşkilata üzv ola bilməzlər. Gürcüstan və Ukrayna ərazisində separatçı bölgələr var. Rusiya artıq Gürcüstandakı separatçı bölgələri tanıyıb. Ukrayna NATO-ya üzv olarsa və ya bu niyyətini qətiləşdirərsə, Rusiya Donetsk və Luqansk "Xalq respublikaları"nın “müstəqilliyini” tanıya bilər.

Nəzərə alsaq ki, Ukrayna əhalisinin 18 faizi rus millətindən ibarətdir, Rusiyanın buraya təsirinin nə qədər böyük oldugu aydınlaşar. Rusiya onlara vətəndaşlıq verə, eləcə də həm Donetsk və Luqanskda, həm də Abxaziya və Cənubi Osetiyada hərbi bazalar yerləşdirə bilər. Oradakı hərbi bazalar hazırda sülhməramlı qüvvələr statusundadır.

Rusiya siyasətçiləri gizlətmir ki, Gürcüstan və Ukraynada ruspərəst qüvvələri səfərbər edərək NATO üzvlüyünə qarşı etirazlardan tutmuş, separatçı bölgələrdə rus vətəndaşlarının hüquqlarını müdafiəyədək müxtəlif aksiyalarla bu ölkələrin NATO üzvlüyünə mane ola bilərlər. Rusiya Qərbyönümlü qüvvələri hakimiyyətdən salmaq üçün hətta çevriliş yolu ilə bu ölkələrdə hakimiyyət dəyişikliyinə belə gedə bilər. Alyansın onu hərtərəfli mühasirəyə alaraq sıxışdırmağa çalışdığını bilən Rusiya var qüvvəsi ilə bu səylərin qarşısını almağa çalışır.

Proseslər belə davam edərsə, Rusiya öz şirkətlərini bu ölkədən çıxarmaqla ikitərəfli ticarətin həcmini azalda bilər. Gürcüstanda keçirilən təlimlərə Rusiyanın münasibəti gələcəkdə artıq sözdən əməli tədbirə və həm bu ölkələrlə, həm də NATO ilə kəskin qarşıdurmaya keçə bilər. Ermənistanla Rusiyanın münasibətləri də hazırda latent savaş şəklində davam edir. Paşinyan Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda qalacağını, habelə rus sərhəd qoşunlarının Ermənistanın Türkiyə və İranla hüdudlarını qorumağa davam edəcəyini deyir. Lakin onun bütün bu bəyanatları qeyri-səmimidir və həqiqətə söykənmir. Paşinyanın dövlət çevrilişi yolu ilə hakimiyyətə gətirilməsində ən əsas məqsəd məhz Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaqdır. Bunun əsas şərtlərindən biri isə rus ordusunun Ermənistanı tərk etməsidir. Brüssel səfərində Ermənistana nə NATO, nə də Avropa Birliyi tərəfindən istədiyi dəstək və təminat verilmədi. Bundan sonra da verilməsi gözlənilmir. Çunki Paşinyan Avropaya deyil, ABŞ-dakı bəzi qüvvələrə yaxın siyasətçi hesab olunur. Avropa Birliyi isə əksinə, ABŞ-dan fərqli olaraq Rusiya və İranla normal münasibətlər saxlamağa çalışır. Bu səbəbdən Avropa ölkələri Paşinyanı Rusiya və İrana qarşı dəstəkləməyəcək. Geosiyasi ziddiyyətlər məngənəsində sıxılan ölkə üstəlik iqtisadi, enerji, nəqliyyat-kommunikasiya problemlərini həll edə bilmir:

Paşinyan Metsamor stansiyasını 2040-cı ilədək istismar edəcəklərini deyərək ölkəsinin yeni AES inşa etməyə maddi vəsaitinin olmadığını deyir. Hərbi texnikanı və sursatı da Rusiyadan kreditlə alır. Üstəlik, qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olan Azərbaycandan fərqli olaraq, Ermənistan heç sovet dövründən qalma dəmir yollarını belə bərpa edə bilmir. Rusiya ilə tək əlaqə vasitəsi olan Yuxarı Lars yolu yarasız vəziyyətə düşür. Halbuki, Azərbaycan Çindən İngiltərəyədək uzanan nəqliyyat qovşagında, eləcə də Rusiyadan Hindistanadək uzanan Şimal-Cənub layihələrində ən əsas ölkədir.

Eləcə də Paşinyan bu yaxınlarda hökumətin erkən parlament seçkilərilə bağlı planlarını açıqladı. Lakin müxalifətdə olan Respublika partiyası erkən seçkilərin olmayacağını və 2022-ci ildə keçiriləcəyini deyib. Bu, Ermənistanda çox böyük daxili qarşıdurmaya səbəb ola bilər. Çunki Putin də erkən seçkilərin olmayacağını deyib. Sarkisyanın partiyasını, demək Rusiyayönümlü Respublika partiyasını parlamentdən uzaqlasdırmaq cəhdləri Paşinyanın Rusiya ilə açıq savaşı deməkdir və bunun nəticələri ağır ola bilər. Görünür, Paşinyan 102-ci bazadan əvvəl Rusiyanın təsirini Ermənistan parlamentində zəiflətməyə çalışır. Lakin onun buna sakitliklə nail olacağı inandırıcı deyil. Bütün bu uğursuzluqların fonunda onun populizmlə məşğul olması, məsələn, oğlunu Qarabağa hərbi xidmətə göndərməsi olduqca zəif bir demarş cəhdidir. Rusiya və Belarusla Azərbaycana silah satışının dayandırılması ilə bağlı danışıqlar aparacaqlarını deyir. Lakin Ermənistan bu prosesin qarşısını ala bilməyəcəyini yaxşı bilir.

Prezidentlər Əliyev və Putinin görüşü ərəfəsində, eləcə də bu ilin payızınadək Rusiya ilə Ermənistan arasında münasibətlərin daha da gərginləşəcəyi gözlənilir. Ermənistanda parlament seçkiləri buna ən böyük səbəblərdən biridir. Lakin bu saatlarda Ermənistanda çox mühüm proseslər gedir ki, bunlar bilavasitə Rusiyaya qarşı yönəlib. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, general-polkovnik Yuri Xaçaturovun ev dustağı edilməsi, eləcə də keçmiş president Köçəryanın sorğu-suala çəkilməsi Ermənistanda Rusiyaya qarşı çox böyük kampaniyadan xəbər verir. Belə ki, həmin şəxslər 2008-ci ilin mart ayının 01-də nümayişçilərə qarşı güc tətbiq edərək bir neçə nəfəri öldürməkdə və yaralamaqda ittiham olunur, eyni zamanda ölkə konstitusiyon quruluşunu güc yolu ilə dəyişdirmək cəhdində təqsirli bilinirlər. Məsələ burasındadır ki, həmin nümayişçilərin sırasında hazırkı baş nazir Paşinyanın “xaç atası” Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarları var idi. Görünür, Paşinyan Qərbi ilə rusiyayönümlü qüvvələrdən qisas almağa başlayıb.

Eyni zamanda, parlament seçkilərində Respublika partiyası təmizlənərək yerində Qərbyönümlü siyasi qüvvələrdən ibarət qanunvericilik orqanın formalaşması planlaşdırılır.

Ermənistanın bu addımları cavabsız qalmayıb. V.Jirinovski bu günlərdə bəyan edib ki, əgər Rusiya olmasaydı Qarabağda ermənilər qala bilməzdi. Təbii ki, Jirinovskinin bəyanatı Duqin, Savelyev, Şevçenko və digərlərinin Cocuq Mərcanlıda səsləndirdiyi anti-erməni fikirlərin davamıdır.

Ermənistanda qızğın anti-Rusiya əhval ruhiyyəsinin hökm sürdüyü bir dövrdə Azərbaycan kimi güclü ölkənin starteji tərəfdaş kimi saxlanılması, eyni zamanda münasibətləri yeni mərhələyə çıxararaq ölkəmizin müttəfiq qismində münasibətlərin inkişaf etdirilməsi Rusiyanın Cənubi Qafqaz siyasətinin prioritetinə çevrilməkdədir.

Belə bir şəraitdə Rusiyanın Azərbaycana Dağlıq Qarabağ məsələsində güzəştlərə gedilməsi üçün səylər göstərəcəyi istisna olunmur. Bu təşviş Ermənistan baş naziri Paşinyanın son müsahibələrində açıq-aşkar hiss olunur. O, kompromis deyərkən yalnız Ermənistandan bunun tələb edildiyini vurğulayıb. Görünür, həm Rusiya, həm də Qərb Ermənistanın yeni baş nazirindən danışıqlar prosesində güzəşt tələb edir və Azərbaycanın ərazi bütövlüyünə daha ədalətli baxmaq məcburiyyətindədirlər. Bu baxımdan Minsk Qrupunun həmsədri kimi Rusiyanın prezidentlərin avqust görüşündə bu msələni daha geniş şəkildə müzakirə ediləcəyi istisna edilmir.

Azərbaycan Ermənistan və Gürcüstandan fərqli olaraq balanslı siyasət yeridir, öz milli maraqlarını qorumaq şərtilə digər dövlətlərin regiondakı maraqlarını nəzərə alır. Rusiya nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Cocuq Mərcanlıdakı konfransda Azərbaycanın Rusiyanın İran və Türkiyə ilə münasibətlərində mərkəzi ölkə olduğunu vurğulamışdılar. Rusiya və Türkiyə prezidentləri bu saatlarda BRICS ölkələrinin sammiti çərçivəsində görüşmüş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə dostluq münasibətlərinə malik ölkədir. Lakin bu ölkələr son dövrlərdə Qərb tərəfindən bəzi regionlarda sıxışdırılmağa məruz qalırlar. Bu regionlardan biri də Yaxın Şərq və Cənubi Qafqazdır. Azərbaycan həm Rusiya ilə yaxın əlaqələrini qoruyub-saxlayaraq onun Qafqaz siyasətində konfrontasiya yaratmır, eyni zamanda Türkiyə ilə çoxtərəfli beynəlxalq layihələr həyata keçirir.

Belə bir şəraitdə iki ölkə arasında mərkəz mövqedə duran ölkəmiz həm Türkiyə, həm də Rusiyanın Cənubi Qafqaz siyasətində mühüm yer tutur. Azərbaycan Rusiya və Türkiyədən silah alır, bir çox beynəlxalq məsələlərdə birgə mövqedən çıxış edir. Odur ki, prezidentin avqust səfəri iki ölkə arasında bir çox sahələrin daha da inkişafına təkan verəcəkdir.

Nəzakət Məmmədova politoloq (“Bizim Yol üçün”)

Son xəbərlər
Bütün xəbərlər »