Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müasir dünyada demokratikləşmə və Azərbaycanın inteqrasiyası məsələləri

Demokratikləşmə müasir dünyanın əsas inkişaf tendensiyalardan biridir.

Lakin demokratikləşmə özü iki istiqamtdə inkişaf edir. Birincisi, demokratik dövlətlərin sayının artması; ikincisi, müxtəlif ölkələrdə demokratik institutların güclənməsi və sayının artması. Sonuncu demokratik dövlət quruculuğuna keçid prosesində olan, yəni demokratik tranzitdə olan ölkələr üçün xüsusilə əhəmiyyətlidir. Demokratik tranzitin özü də bir neçə mərhələyə bölünürlər: liberallaşma, demokratikləşmə və konsolidasiya.

Lakin, dünya siyasətində «demokratikləşmə» anlayışı daha çox demokratik dövlətlərin sayının artması kimi başa düşülür. Hansı ölkələri demokratik hesab edib-etməmək məsələsində müxtəlif proseduralar və qiymətləndirmə metodları mövcuddur. Keçid mərhələsində olan, demokratiyanın bəzi əlamətlərinin olduğu, bəzilərinin isə hələ təşəkkül tapmadığı ölkələr daha çox mübahisə doğururlar. Amerikalı tədqiqatçı D.Koldvellin hesablamalarına görə, 1941-ci ildə dünyada mövcud dövlətlərin 25%-i demokratik idisə, 1996-cı ildə onların sayı 40%-i ötmüşdür. Əgər demokratik tranzit prosesində olan ölkələri də nəzərə alsaq, dünyada demokratiyanın inkişafının analizi ilə məşğul olan Fredoom House təşkilatının rəyinə görə, bu rəqəm 75%-ə çata bilər. «Foreign Affairs» jurnalının baş redaktoru F.Zakuriyanın yazdığına görə, hazırda dünyanın 118 ölkəsi demokratikdir.

S.Hantinqton 1991-ci ildə «Journal of Democracy» jurnalında dərc etdiyi məqalədə demokratiyanın inkişafının üç mərhələsini göstərmişdir. F.Şmitter isə, 1989-1991-ci illərdə Şərqi Avropada baş verən hadisələri demokratiyanın «dördüncü» dalğası hesab edir.

Tədqiqatçıların əksəriyyəti demokratiyanın dünyadakı inkişaf mərhələlərini aşağıdakı kimi təsnif edirlər:

Demokratiyanın birinci, ən uzun dalğası faktiki olaraq, bir əsr davam edir və S.Hantinqton tərəfindən 1820-1920-ci illəri əhatə edən dövr kimi göstərilir. Bu «dalğa» zamanı 20-dən çox demokratik dövlət yaranmışdır. Bu ölkələr üçün parlament və partiya sistemləri, geniş seçki hüququ xarakterikdir. Birinci «dalğa»dan sonra 1920-1940-cı illərdə bəzi ölkələrin demokratik inkişaf yolundan sapması müşahidə olunub ki, bu da bir sıra Avropa ölkələrində faşizmin hakimiyyətə gəlməsi ilə əlaqədardır.

İkinci «dalğa» 1940-cı illərin ortaları – 1960-cı illərin əvvəlini əhatə edir və II Dünya müharibəsində faşizmin məğlub olması, eləcə də müstəmləkə sisteminin süquta uğraması ilə xarakterizə olunur. S.Hantinqtona görə, bu dövr başa çatdıqdan sonra, yeni «tənəzzül» dalğası başlayır. Bu müddətdə bir sıra «hərbi» və «avtoritar rejimlər hakimiyyətə gəlir (1967-ci il Yunanıstan, 1973-cü il Çili).

Nəhayət, «üçüncü» dalğa 1970-ci illərin birinci yarısından başlayır. Bu zaman demokratik proseslər bütün Qərbi Avropanı (Yunanıstan – 1974, Portuqaliya – 1975, İspaniya – 1977); Latın Amerikasını (Dominikan Respublikası – 1975, Honduras – 1982, Braziliya – 1985, Peru – 1988, Çili – 1990); Asiyanı (Türkiyə – 1988, Filippin – 1986, Cənubi Koreya – 1988); Şərqi Avropanı (Macarıstan – 1989, Çexoslovakiya – 1989, Polşa – 1989, Bolqarıstan – 1989, Rusiya – 1991); Afrikanı (CAR – 1994) əhatə etmişdir.

Demokratiyanın «üçüncü» dalğaı ilə üst-üstə düşən XX əsrin sonu dövlətlərin demokratikləşməsi baxımından xüsusilə məhsuldar olmaqla yanaşı, həm də dünya inkişafının digər tendensiyalarını – qloballaşma və inteqrasiyanı sürətləndirmişdir. Bu proseslər bir-birini gücləndirir və təkan verir. Demokratik prinsiplərə və ənənələrə riayət etmək dünya siyasətinin əksər iştirakçıları üçün müsbət hal hesab olunur. Müasir qloballaşan dünyada «demokratik klubdan» kənarda qalmaq «müasirlikdən» kənarda qalaraq təcrid olunmaq deməkdir. Bu getdikcə daha çox dövləti demokratik dəyərlərə istiqamətləndirir.

XX əsrin sonunda dünyada demokratikləşmənin sürətlənməsi F.Fukuyamaya tarixin sonu haqda danışmağa əsas verirdi. Onun konsepsiyasındakı bəzi müddəaları məsələn, Şərq-Qərb ideoloji qarşıdurmasının sona çatması ilə əlaqədar dünyadakı münaqişələrin də sona çatması barədəki proqnozu etirazla qarşısında da, bəşəriyyətin öz tarixi inkişaf yolunda demokratik inkişafın xeyrinə seçim etməsi ən az tənqidə məruz qalan tezis olmuşdur.

Lakin son dövrlər qeyri-liberal demokratiyalar, hibrid rejimlər kimi anlayışlar geniş yayılmışdır. Onların mahiyyətini təşkil edən problem ondan ibarətdir ki, bir sıra ölkələrdə demokratik institutlar hakimiyyətin qeyri- demokratik vasitələrlə reallaşması mexanizmlərinin ört-basdır etmək üçün istifadə olunur. Amerikalı tədqiqatçı, «Foreign Affairs» jurnalının baş redaktoru F.Zəkəriyyənin hesablamalarına görə, 1990-cı ildə bu tip ölkələrin sayı dünyadakı ümumi demokratik dövlətlərin 22%-ni təşkil edirdisə, 1997-ci ildə onların sayı 35%-ə çatmışdır.

Dünya siyasətində xüsusi maraq doğuran demokratik dünya nəzəriyyəsinin kökləri öz başlanğıcını alman filosofu İ.Kantın «əbədi sülh» tezisindən götürmüşdür. Filosof belə bir hipoteza irəli sürmüşdür ki, demokratik dövlətlər beynəlxalq arenada özlərini qeyri-demokratik ölkələrə nisbətən başqa cür aparacaqlar. Daha təkmilləşmiş mənəvi prinsiplərə istinad edən bu ölkələr bir-biri ilə sülh bağlayacaqlar.

Əvvəllər sülh probleminin tədqiqi ilə məşğul olan bir sıra alimlər bir fakta diqqət yetirirdilər ki, inkişaf etmiş demokratik dövlətlər bir-birilə vuruşmurlar. Lakin dərhal buna əks hipoteza irəli sürüldü və onun əsas arqumenti aşağıdakı müddəlardan ibarətdir:

• Demokratiyanın qarşılıqlı təsirinin tarixi çox qısa bir müddət olduğu üçün, statistik məlumatlar əsasında ümumiləşdirici nəticələr çıxarmaq hələ tezdir.

• Hansı dövlətləri məhz inkişaf etmiş demokratik hesab etməyin aydın təsnifatı yoxdur.

Rus tədqiqatçısı V.Kulaqin M.Doyl və B.Rassetin iki əsas konsepsiyasının müqayisəli təhlilini aparmışdır. M.Doyl İ.Kantın ideyalarına əsaslanaraq belə bir mülahizə irəli sürür ki, inkişaf etmiş demokratiyalar xarici siyasətdə də daxili siyasətdə olduğu kimi demokratik prinsiplərə riayət edirlər. Demokratik ölkələr müharibəyə başlayarkən belə, öz hərəkətlərinə vətəndaşları qarşısında haqq qazandırmağa çalışırlar. Demokratik ölkələr arasında ümumi prinsiplərin və dəyərlərin olması onların «sülhsevər ittifaqının» yaranmasına səbəb olur və eyni zamanda avtokratiyalara qarşı aqressiv münasibət formalaşmasına gətirib çıxarır.

B.Rassetin fikrincə, demokratik dünya fenomenini izah edən ikinci fenomen demokratik ölkələrdə qərarların ( o cümlədən müharibənin başlanması haqda) qəbulu prinsipi ilə şərtlənir. Müharibəyə başlamağı planlaşdıran liderlər ilk növbədə, bu qərarı müvafiq legitim proseduralardan keçirmək məcburiyyətindədir. Münaqişəli situasiyasının yarandığı təqdirdə demokratik ölkələr hərbi əməliyyatlara başlamaq üçün qərarların qəbul olunmasına daha çox vaxt ayırmalı olurlar. Nəticədə «sərinləşmə» dövrü başlayır ki, bu da ilkin emosional reaksiyaların zəifləməsinə və münaqişədən rasional çıxış yolu axtarıb tapmağa kömək edir. Azərbaycan dünyanın demokratikləşmə istiqamətində inkişaf edən ölkələrindən biridir. Ölkəmiz 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb. 1991-ci ildə müstəqillik əldə edən ölkəmiz 1993-cü ildən başlayaraq demokratikləşmə yolunda inamla irəliləməyə başlayıb.

Ümummilli Lider Heydər Əliyev bu sahədə böyük işlər görmuş, ölkəmizin dünya sisteminə inteqrasiyası, demokratiyanın, insan hüquq və azadlıqlarının inkişafı, qanunun aliliyi istiqamətində ardıcıl və qətiyyətli tərbirlər həyata keçirib.

Zəngin dövlətçilik təcrübəsini ölkəmizin demokratik inkişafı yolunda böyük işlər görməyə həsr edən görkəmli dövlət və elm xadimi, akademik Ramiz Mehdiyev bu barədə bir sıra sanballı əsərlər yazaraq Azərbaycanın demokratiya yolunda inkişafı məsələlərinə işıq salmışdır. Görkəmli dövlət xadimi öz elmi əsərlərində keçid dövrü cəmiyyətləri üçün xarakterik olan məsələlərə xüsusi toxunaraq qeyd edir ki, həyata keçirilən hər hansı siyasi-hüquqi islahat ictimai şüur səviyyəsi ilə uzlaşmalı, təkamülə əsaslanmalı, anarxiya və xaos mühitinin formalaşmasına gətirib çıxarmamalıdır. Burada söhbət, ilk növbədə, demokratiyanın süni şəkildə ixrac edilməsinin doğura biləcəyi fəsadlardan gedir. Eyni zamanda, demokratiya limitinin həddindən çox aşılması nəticəsində yaranmış hərc-mərclik, özbaşınalıq mühiti demokratik təsisatlara və cəmiyyətin özünə təhlükə doğurur. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Bütün bunlara diqqət çəkən Ramiz Mehdiyev demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını ön plana çəkir. Akademik çox doğru vurğulayır ki, əsrlər boyu təşəkkül tapmış milli ənənələri bir anda məhv etmək mümkün deyil. Əgər ölkənin həyatına kənardan müdaxilənin nəyə gətirib çıxaracağı barədə ümumi təsəvvür yoxdursa, dövlətin tarixi inkişafının xüsusiyyətlərinə və xalqın mentalitetinə, habelə dövlətdə formalaşmış qaydalara məhəl qoymamaq tamamilə fəsadlı və səhv yanaşmadır. Akademikin demokratiyanın inkişafının bütün cəmiyyətlərdə eyni modelə, standart meyarlara əsaslana bilməməsi barədə rəyi isə isbata ehtiyacı olmayan həqiqətdir: Ramiz Mehdiyev qeyd edir ki, "ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və digər dövlətlər özlərinin yüksəlişinə görə demokratik quruluşa və demokratiyanın konkret modelinə borcludur. Ancaq hansı modelə? Heç bir ciddi tədqiqatçı iddia etməz ki, bu dövlətlərin hamısı özlərində formaca vahid demokratiya qurmuşdur. Bu dövlətlər də demokratiyanın universal dəyərlərindən bəhrələnərək, demokratik inkişafı hər bir ölkənin mədəni-tarixi inkişafının xüsusiyyətləri ilə uzlaşdırırlar".

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »