Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarşılıqlı münasibətlərdə yeni dövr

Azərbaycan- Türkiyə əlaqələri: Dünya üçün görünməmiş müsbət nümunə

Məlum olduğu kimi, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 24-də Türkiyədə keçirilmiş Prezident seçkilərindən sonra yenidən qurulmuş hökumətin xarici işlər naziri kimi özünün ilk səfərini yenə də Azərbaycana edib. Bu, Azərbaycanın və Türkiyənin dövlət rəhbərlərinin daim sadiq qaldığı çox mühüm və maraqlı ənənədir ki, hər seçkidən sonra yeni seçilmiş rəhbərlər, nazirlər özlərinin ilk səfərini Bakıya və Ankaraya edirlər.

Bundan əvvəl – aprelin 11-də İlham Əliyev yenidən Prezident seçildi və onun ilk səfəri Ankaraya oldu. Daha sonra – iyunun 24-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə dövlətinin başçısı vəzifəsinə seçilərək Türkiyə tarixində yeni idarəetmə sisteminin- prezident respublikasının ilk başçısı oldu. O da ilk səfərini Azərbaycana etdi. Azərbaycanın baş naziri Novruz Məmmədovun da ilk xarici səfəri Ankaraya idi.

Bu arada məlum olub ki, Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və müdafiə naziri, ordu generalı Hulusi Akar da Azərbaycana səfər edəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında məlumat verib. Nazir deyib: “Biz qardaşıq. Bizim gözəl ənənələrimiz var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk səfərlər Azərbaycana və Türkiyəyə edilir”.

Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də görüşüb. AZƏRTAC xəbər verir ki, nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd ediblər. Bu mənada tərəflər Azərbaycan və Türkiyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfərlərini müvafiq olaraq məhz Ankara və Bakıya etmələrinin Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olduğunu vurğulayıblar.

Nazirlər Azərbaycan ilə Türkiyə arasında dövlət başçıları səviyyəsində fəaliyyət göstərən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının xüsusi əhəmiyyətini qeyd edib, Şuranın 2017-ci il 31 oktyabr tarixində Bakıda və 2018-ci il 25 aprel tarixində Ankarada keçirilmiş iclaslarının ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin inkişafında başlıca rol oynayan amillər kimi səciyyələndiriblər.

Azərbaycan ilə Türkiyə arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər, bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini qeyd edən nazirlər artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin əhəmiyyətinə toxunublar. Tərəflər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayan Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının praktiki vacibliyini vurğulayıblar.

Nazirlər Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu bildiriblər. Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyənin mövqeyini bir daha ifadə edib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Türkiyənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən məmnunluq bildirilib və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə razılıq ifadə edilib.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. “

Türkiyə və Azərbaycanın birgə fəaliyyəti təkcə ölkələrimiz deyil, bütövlükdə region üçün önəmlidir. Ölkələrimizin həyata keçirdiyi birgə layihələr regionda böyük iqtisadi inkişafa səbəb olacaq”. Bu fikirləri iyulun 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında deyib. Nazir qeyd edib ki, bu gün bir çox ölkələr Bakı-Tbilisi-Qars layihəsinə qoşulmaq istəyirlər. İki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində daha da genişlənir və dərinləşir. Biz hər sahədə sıx əməkdaşlıq edirik.

Mövlud Çavuşoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir: “Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Bu gün beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək”.

Siyasi analitik Bahəddin Həziyev Mövlud Çavuşoğlunun bu fikirlərini belə şərh edirb: “Doğrudan da, müxtəlif beynəlxalq təşkilatlarda və tədbirlərdə Azərbaycan və Türkiyə unison hərəkət edirlər. Hətta Davos Ümumdünya İqtisadi Forumunun Türkiyədən heç kimin iştirak etmədiyi iclaslarından birində Ermənistanın o zamankı prezdenti Serj Sarkisyan Türkiyə əleyhinə çıxış etmiş, qpondarma “erməni genosidi” və Türkiyənin Ermənistanla sərhədlərini açmaması haqda danışmışdı. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev söz alaraq Sarkisyana: “Elə bilməyin ki, Türkiyə burda yoxdur, cavab olmayacaq. Türkiyə burda yoxdur, biz varıq” demiş, Ermənistan tərəfinin Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə təkzibolunmaz dəlillərlə, faktlarla tutarlı cavab vermişdi. Prezident İlham Əliyevin bu addımı Türkiyədə və dünyada yaşayan türklər arasında, eləcə də, bütün türk dünyasında böyük rəğbətlə qarşılanmışdı. Daha bir belə hal Avropa Şurasında yaranmışdı; Avropa Şurası Parlament Assambleyasında Türkiyə bəzi deputatlar tərəfindən Afrin əməliyatı ilə bağlı əsassız olaraq sərt tənqid olunduğu zaman Azərbaycanın AŞPA-dakı münayəndə heyətini rəhbəri Səməd Seyidov söz alaraq ayrıca çıxış etmiş, Türkiyənin terrorla mübarizə apardığını, bu mübarizəyə dəstək olmaq lazım gəldiyini, bəzilərinin dəstək vermək əvəzinə mane olmağa çalışdığını demiş, Türkiyə əleyhinə deyilənlərə tutarlı cavab vermişdi. Səməd Seyidovun bu çıxışı da Türkiyədə böyük rezonans doğurmuşdu. Hər iki çıxışa görə Türkiyə Prezidenti Azərbaycana təşəkkür etmişdi. Eyni addımları Türkiyə Prezidenti, baş naziri, xarici işlər naziri də dəfələrlə atmışlar. Türkiyə Prezidentinin xarici səfərlərində, Böyük Millət Məclisində, seçki mitinqlərində Azərbaycanla bağlı belə jestləri var. İndiki müdafiə naziri Hulisi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu müxtəkif tədbirlərdə erməni siyasətçilərinin, ermənipərəst jurnalistlərin suallarına cavab olaraq Azərbaycanın haqlı davasını müdafiə etmişlər. Bunlar Azərbaycanla Türkiyə arasında münasibətlərin heç bir başqa iki dövlət arasında indiyə qədər heç vaxt mövcud olmamış, indi də olmayan səmimiyyətini göstərir. Azərbaycan və Türkiyə kimi iki başqa dövlətlər tapmaq mümkün deyil ki, xalqları, dövlətləri, hökumətləri bir-biri ilə bu qədər səmimi, isti münasibətlərlə bağlı olsun. Belə bir başqa iki təbii müttəfiq dünyada bu günə qədər olmadı və bu gün də yoxdur”.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın və Türkiyənin hazırkı dövlət başçıları arasında səmimi dostluq, qardaşlıq münasibətləri də deyilənlərin bariz nümunəsi və təsdiqidir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında münasibətlərə xüsusi həssaslıqla yanaşırlar, bu münasibətlərin daha da inkişafına daim çalışırlar. Elə nazir Çavuşoğlunun əslində nəzakət, ənənə gərəyi olan səfəri fonunda belə yenə iki ölkə üçün faydalı olan addım atılıb. Belə ki, Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib. Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib. Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb. Uçuş hüququ Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcək. Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər.Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir. Bu addım da iki ölkə arasında iqtisadi, mədəni, insani əlaqələrin daha da yüksək mərhələyə qalxmasına səbəb olacaq. Bu saziş hər iki ölkəyə bir-birindən qarşılıqlı turizm axınını və işgüzar əlaqələri daha da artıracaq.

Bu arada 22 iyul – Milli Mətbuat günümüzdə Türkiyə media mənsublarının – qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət böyük bir heyət Azərbaycanda səfərdə idi. Məlumdur ki, Ttürkiyənin dünya çapında aparıcı mövqeyə sahib böyük media quruluşları var. Azərbaycanla Türkiyə arasında media sahəsində əlaqələr hər iki ölkənin bir-birinin cəmiyyətinə öz mesajlarını çatdırmaq üçün bir-birinin mediasının dəstəyinə ehtiyacı var, bununla yanaşı hər iki ölkənin özlərini və bir-birinin haqlı mövqe və maraqlarını beynəlxalq informasiya məkanında qoruması da çox mühümdür. Məlum olduğu kimi, iyulun 21-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və milli mətbuatımızın yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu keçirildi.

İyulun 21-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu keçirilib. Həmin Forumda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edəək deyib ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda qardaş toplumlara çatdırılmasında medianın rolu böyükdür.

Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin Azərbaycanda səfərdə olan 40-dan artıq jurnalisti Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb. Rəsmi mənbələrin xəbərinə görə, görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfəsindən danışıb.

Azərbaycanın və qardaş Türkiyənin regionda artan rolunu vurğulayan Prezidentin köməkçisi türkiyəli jurnalistlərin suallarını cavablandırıb. Bu Forum və bu görüşlər Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da istiləşməsinə və möhkəmlənməsinə xidmət göstərən hadisələrdir. Hər iki ölkə rəhbərliyinin siyasi iradəsi bu münasibətlərin bundan sonra da davamlı inkişafına yönəlib.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »