Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim yolumuz Qoca Qitəyədir”

Fikrət Yusifov: “Avropanın enerji bazarına cəsarətli çıxışımıza qarşı oyunlar qurulur”

Avropa İttifaqı, eləcə də, son zamanlar Avropanın Fransa, Almaniya, İtaliya kimi mühüm dövlətləri ilə əlaqələrdə sıçrayışlı inkişaf, Azərbaycan Prezidetinin səfərləri, imzalanan sazişlər, rəsmi Bakının Avropa dövlətləri və böyük şirkətlərlı qurduğu əməkdaşlığın real nəticələri və potensial imkanlar haqda BizimYol.info-un suallarını “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, 1994-1999-cu illərdə Azərbaycan Respublikasının maliyyə naziri olmu, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov cavablandırır.

- Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetlərinin iqtisadi hissəsi nələri nəzərdə tutur? Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisdi –ticarət əlaqələri hansı səviyyədədir? Bildiyimiz qədər Azərbaycanın xarici ticarətində Avropa İttifaqı ölkələrinin payı kifayət qədər böyükdür? Sizcə, iqtisadi sahədə Tərəfdaşlıq Prioritetləri bizı və Avropa İttifaqına nə verəcək?

Avropa Birliyi ilə əmkdaşlıq bizim üçün maraqlı olduğu qədər Avropanın özü üçün də vacibdir. Bu gün Azərbaycan Avropanın qaz təchizatında yaşanan problemlərin həllində öz sözünü demək qədər bir səviyyəyə yüksəlib. Rusiya qazından asılılıq probleminin çözülməsində Azərbaycandan Avropaya yönəlmiş «Cənub Qaz Dəhlizi» layihəsi qoca qitənin on illər boyu həll etmək istədiyi şaxələndirmə probleminin çözülməsində öz sözünü deyəcək. Bir sözlə, Azərbaycan Avropa üçün çox əhəmiyyətli bir tərəfdaşdır. Bir tərəfdaş kimi onu başqalarından daha maraqlı edən ciddi məqamlar isə ortadadır. Azərbaycanın Avropa üçün nə qədər mühüm strateji tərəfdaş olduğunu Avropa Birliyinin rəsmiləri çox gözəl başa düşürlər. Ancaq çox təəssüf ki, bu qurumun bəzi strukturlarında tərəfdaş olmağı kiminsə tərəfində olmaq qədər primitiv bir şəkildə görmək istəyən qüvvələr hələ də mövcuddur. Belələri birdəfəlik başa düşməlidilər ki, Azərbaycan heç kimin tərəfində deyil və heç vaxt heç kimin tərəfində olmayacaq. Onun müstəqil, balanslaşdırılmış xarici siyasəti var və bu siyasət Azərbaycan dövlətinin maraqlarına tam cavab verir. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə müasir Azərbaycan dövlətinin həyatında neft-qaz sənayesinin inkişafı baxımından yeni dövr başlanır. Əsrin bu böyük enerji layihəsini reallaşdırmaqla Azərbaycan regionda öz iqtisadi qüdrətini və siyasi çəkisini bir daha ortaya qoydu. Belə nəhəng layihəni iqtisadiyyatı kifayət qədər dayanıqlı və böyük siyasi nüfuzu olan dövlət edə bilərdi və Azərbaycan bu çətin sınaqdan şərəflə çıxdı.

Bu gün müasir Azərbaycan regionun sürətlə inkişaf edən dövləti kimi təkcə Avropanın deyil, dünyanın siyasi müstəvisində ciddi söz sahibinə çevrilib. Qazanılan tarixi nailiyyət təməli 1993-cü ilin sonlarından ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və 2003-cü ilin axırlarından başlayaraq Prezident İlham Əliyev tərəfindın uğurla davam etdirilən daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir transmilli layihənin reallaşdırılması mümkün deyil və bunu artıq hər kəs çox yaxşı bilir.

Azərbaycan son 15 ildə regional əhəmiyyətli layihələrin həyata keçirilməsi sahəsində ciddi uğurlara, iqtisadiyyatın sürətli inkişafına, əhalinin sosial təminatının yaxşılaşdırılmasına, müharibə şəraitində yaşayan ölkənin müdafiə qüdrətinin artırılmasına və bütövlükdə ölkədə ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə təmin edilməsinə nail olub.

Təməli 1994-cü ildə qoyulan enerji strategiyası bu gün ölkəmizin əldə etdiyi nəhəng uğurların əsl lokomotivi rolunu oynayır. Hazırda Azərbaycan özünün reallaşdırdığı enerji strategiyası ilə Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşa çevrilir. Bununla da Azərbaycan praktiki olaraq Qərblə tərəfdaşlığın yeni formatını müəyyənləşdirir. Bu, Azərbaycanı dünya siyasət meydanında daha güclü görünməyə, hər kəsi özü ilə daha çox hesablaşmağa vadar edən yeni bir formatdır. Avropa ilə əməkdaşlığın bu yeni formatı Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin qələbəsidir.

Azərbaycan Prezidenti, Cənab İlham Əliyev Fransaya səfəri zamanı 11 şirkət rəhbəri ilə görüşüb, 2 milyard dollar dəyərində sazişlər imzalanıb. Konkret olaraq Fransa ilə iqtisadi sahədə əməkdaşlıq necə gedir? Qlobal siyasət və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunlarını şərh edərkən deyib ki, Azərbaycan Fransa üçün əvəzolunmaz müttəfiqdir. Fransalı parlamentar Natali Qule isə deyir ki, Fransa Azərbaycanı Böyük İpək yolunun mərkəzi kimi görür. Azərbaycanın Fransa üçün əvəzolunmaz müttəfiq olması və Qulenin dedikləri ilə razısınızmı? Sizcə, Fransa bizə ənənəvi olaraq çox zaman dəstək verdiyi Ermənistana nisbətən daha yaxın ola bilərmi? Ən azı iqtisadi sahədə..

-Avropa Birliyinin üzərində dayandığı üç sütun dövlətdən biri Fransadır. Bu sütunlardan biri – İngiltərə AB-dən çıxdıqdan sonra Birliyin taleyi Fransa və Almaniyanın əlində qaldı. Fransa ilə Azərbaycan arasında bütün səviyyələrdə yaxşı əməkdaşlıq mıvcuddur. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ probleminin çözülməsində bizə həmişə yardımçı olmağa çalışır. Avropanın həm iqtisadi və həm də hərbi cəhətdən ən güclü ölkələrindən biri olan bu ölkə ilə əlaqələrimizin dərinləşdirilməsi bizə yalnız fayda gətirə bilər. Unutmayaq ki, Fransada erməni lobbisi çox güclüdür və onların Fransanın xarici siyasətinə təsir gücü zəif deyil. Belə bir şəraitdə bizim Fransa ilə əlaqələrimizin dərinləşdirilməsi çox önəmlidir və hesab edirəm ki, Azərbaycan hökumətinin düşünülmüş xarici siyasətinin bir komponenti kimi bu siyasət yüksək qiymətə layiqdir. Azərbaycanla Fransa arasında münasibətlərin bugünki səviyyəyə gəlib çatmasında Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın xidmətləri xüsusi qeyd olunmalıdır. Daha çox mədəni əlaqələrin inkişafı və dərinləşdirilməsi ilə müşayət olunan bu işlər bütövlükdə iki ölkə arasında yaxınlaşmaya və dostluğun yaranmasına öz töhvəsini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fransaya son səfəri isə daha çox iqtisadi əlaqələrin dərinləşdirilməsini nəzərdə tuturdu. Biz Fransa kimi bir ölkənin aparıcı şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatrımlar qoymasına nail olmaqla, bir dövlət kimi Fransanın Azərbaycana marağını daha da artırmış oluruq. Fransız iş adamının və ya fransız vətəndaşının bizim məmləkətdə yatrımları, daşınmaz əmlakı varsa, deməli Fransız hökuməti ən azından öz vətəndaşlarının və iş adamlarının xatirinə Azərbaycanın maraqları prizmasından çıxış edəcəkdir.

- Avropanın əsas dövlətlərindən və proqnozlardan danışarkən, Almaniya kansleri Angela Merkelin Bakıya səfərini dən nə gözləyirsiniz? Bu səfər Almaniya və bütövlükdə Avropa ilə iqtisadi əlaqələrdə, eləcə də, başqa sahələrdə necə nəticələr verə bilər?

-Almaniya kansleri Angela Merkelin Bakıya səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəkdir. Ümumiyyətlə Avropanın aparıcı ölkələrinin rəhbərləri ilə Azərbaycan dövlət rəhbərliyi arasında keçirilən bu görüşlər Azərbaycanın Avropa evinə daha da yaxınlaşması deməkdir. Almaniya əvvəldə dediyimiz kimi AB-nin bu gün üzərində dayandığı iki sütundan biridir. Fransa və Almaniya ilə əlaqələrin bu şəkildə inkişafı Azərbaycanla Avropa Birliyi arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə yol açır. Azərbaycan bu gün qeyri-neft sektorundan ixracın həcmini sürətlə artırmağı nəzərdə tutan nəhəng proqramları reallaşdırır. Bu isə öz növbəsində yeni bazarların axtarılıb tapılmasını zəruri edir. Rusiyanın bir o qədər də münbit olmayan bazarlarından Avropa bazarlarına əsaslı şəkildə üz tutmağın zamanı artıq çatıb. Azərbaycan AB-nin aprıcı dövlətləri ilə qurduğu yaxın münasibətlərdən bu birliyə daxil olan ölkələrin bazarlarına daha asan çıxmaq üçün istifadə edə bilər və etməlidir. Avropanın aparıcı ölkələri ilə münasibətlərin dərinləşdirilməsi bu ölkələrdən və eyni zamanda AB-nə daxil olan digər ölkələrdən Azərbaycana turist axınının artmasına səbəb olacaqdır. Bir sözlə, şərqlə qərb arasında əsas qapı rolunu oynanya böyük karbohidrogen ehtiyatlarına malik Azərbaycana Avropada və onun əsas aparıcı ölkələri olan Fransa və Almaniyada maraq çox böyükdür.

- Bunlarla yanaşı bu yaxınlarda İtaliya Prezidenti də ilk dəfə Azərbaycana səfər etdi. Bu, tarizi səfər idi və nəticələrini necə görürsünüz? İki ölkənin işgüzar dairələrinin nümayəndələri biznes forum keçirdi. Bu biznes forum bizə və İtaliya Respublikasının iqtisadiyyatına nə verəcək?

Azərbaycan İtaliya münasibətləri də özünün ən yaxşı dövrünü yaşayır. Bu gün İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr başqa Avropa ölkələri ilə müqaisədə daha genişdir. İtaliya Avropada bizim ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Bunu iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminə dair göstəricilər təsdiq edir.

Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan isə ölkəmizə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir. İki ölkə arasında ticarət dövriyyəsi 2,0 milyard dollar ətrafındadır. Bu indiki xarici ticarət dövriyyəmiz üçün heç də kiçik rəqəm deyil. Cənub Qaz Dəhlizi layihəsi tam istismara verildikdən sonra Şahdəniz-2 qazının TAP xətti vasitəsilə İtaliya sahillərinə çatdırılması ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaqdır. TAP xəttinin İtaliya sahillərinə qədər çatdırılması ətrafında müxtəlif bəhanələrlə keçirilən etiraz aksiyaları bu layihəyə müyyən qədər kölgə salmağa hesablansa da bunun heç bir nəticə verməyəcəyi də aydındır. Bu layihə onsuz da reallaşdırılacaqdır. Ancaq çox təəssüf ki, hansısa qüvvələr Azərbaycanın Avropanın enerji bazarına cəsarətli çıxışına belə eybəcər oyunlar qurmaqla cavab vermək istəyirlər. Biz bilirik ki, bu daş haradan gəlir. Bir çox daşlar kimi onun da şimaldan atıldığına şübhə yoxdur.

- Belə mülahizələr var ki, Trans Adriatik Qaz Kəməri (TAP) əleyhinə İtaliyada başlanan etirazlar t bu tarixi layihənin baş tutmasını əngəlləyə bilər. Sizcə, bu bədbin proqnozlar özünü doğruldacaqmı? Belə bir təhlükə varmı? İtaliya Prezidentinin Bakıya səfəri və Prezident İlham Əliyevin İtaliyalı həmkarı ilə danışıqlarının nəticələri bu təhlükəni neytrallaşdıracaqmı? Azərbaycanın Avropa ilə yaxınlaşması Rusiya ilə əlaqələrə təsir edə bilərmi? Sizcə, Rusiyanın mövqeyi, bu diplomatik sışrayışa münasibəti necə olacaq?

Rusiya Azərbaycanın Avropa evinə yaxınlaşmasına həmişə qısqanclıqla yanaşıb və onun bu yanaşımının nə vaxtsa dəyişəcəyi heç inandırıcı görünmür. Biz də bu münasibətin bundan sonra da belə olacağını qəbul edib, öz işimizi qurmalıyıq. Bizim yolumuz sivil dünyaya, onun mərkəzi olan Qoca Qitəyədir. Rusiya bizimlə dost, qonşu ölkədir və biz Rusiya ilə əlaqələrimizin daima inkişaf etdirilməsində maraqlıyıq. Lakin unutmaq lazım deyil ki, bütün bu əlaqələr qarşılıqlı hörmətə və və qarşılıqlı etimada söykənməlidir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »