Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
200 minlik heroinlə ittiham edilən "bomj"a hökm oxundu
"Həbs edilən şəxsin cibində 1 manatı yoxdur, mobil telefonu belə yoxdur. Axı sual verən yoxdurmu ki, bu adam 200 minlik heroini haradan alıb?"

Bizimyol.info xəbər verir ki, bunu vəkil Gülşən Salmanova Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitədən istifadədə və külli miqdarda narkotik maddənin satış məqsədi ilə əldə edilməsində ittiham edilən Rasim Zəkaryayevin cinayət işi üzrə müdafiə çıxışında deyib. Bizimyol.info xəbər verir ki, proses hakim Azad Məcidovun sədrliyi ilə baş tutub.

200 min manatlıq hetoinin qanunsuz dövriyyəsində təqsitləndirilən 1958-ci il təvəllüdlü Rasim Zəkaryayev elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

O, məhkumluq həyatı yaşamadığını, heç vaxt narkotik maddədən istifadə etmədiyini, polislər onu saxlayarkən əlində olan selofan özünə məxsus olmadığını deyib. O bildirib ki, daimi yaşayış yeri olmadığı üçün polis idarəsinin inzibati binasında qeydiyyatdadır.

"Həbs edilmədən əvvəl son günlərdə Nizami rayonunda, Qara Qarayev prospektində olan bir kafeyə gedirdim. Bir neçə dəfə ora getdim, pivə də içirdim, yemək də yeyirdim. Kafeni icarəyə götürən şəxsin adı Ulduz idi. Həmin gün kafedən çıxanda Ulduz mənə selofan verdi. Dedi ki, qarşıdakı binanın yanında məni qarşılayacaqlar. Selofanda nə olduğunu bilmirdim. Elə kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər mənə yaxınlaşdı"

Təqsirləndirilən qeyd edib ki, polisdə olarkən ona heç bir təzyiq edilməyib: "Mənə heç nə etmədilər. Narkotiki əlimdə tutmuşdular. Buna görə də başqa çıxış yolu bilmədim. Amma aydın məsələdir ki, narkotiki mənə Ulduz verib. Məm heç vaxt narkotik görməmişəm".

İttihama görə, Rasim Zəkaryayev əldə etdiyi 2 kiloqramdan artıq heroini satmaq istəyib və bu məqsədlə icarəyə kafe işlədən Ulduz Məmmədovun yanına gəlib və ondan müştəri tapmasını istəyib. Ulduz Məmmədov isə bu təklifi aldıqdan dərhal sonra Nizami Rayon Polis İdarəsinə gedərək Zəkaryayevdə narkotik olması barədə məlumat verib. Məhkəmədə ufadə evrəm polis əməkdaşlarının ifadələrində ziddiyyətlər ortaya çıxıb. Polislərdən biri bildirib ki, Ulduz Məmmədov məlumat verərkən Rasim Zəkaryayevin xarici görünüşünü izah edib və harada olduğunu deyib. Bu məlumatlar əsasında əməliyyat keçirilib və Zəkaryayev həbs edilib. Amma məhkəmədə digər polis əməkdaşı ifadə verərkən deyib ki, əməliyyata gedən zaman Ulduz Məmmədov da onlarla gedib və kənardan Rasim Zəkaryayevi göstərib: "Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq".

Hakimlər polis əməkdaşlarına sual verib ki, ələ keçirilən narkotikin mənbəyi müəyyən edilibmi və və niyə əməliyyatı Zəkəryayev narkotik vasitəni satarkən həyata keçirməyiblər. Pois əməkdaşları bu suallara “bu barədə istintaq tədbirləri davam edir” deyərək cavab veriblər.

Məhkəmədə hadisənin əsas şahidi Ulduz Məmmədov da ifadə verib. O, bildirib ki, ehtiyyatda olan zabitdir. U.Məmmədov Nizami rayonu ərazisində icarəyə kafe götürdüyünü, təqsirləndirilən şəxsin də həmin kafeyə müştəri kimi gəldiyini deyib. Onun sözlərinə görə, sonuncu dəfə Rasim Zəkaryayev ona narkotik vasitə satmağı təklif edib: "Mən də gedib polisə dedim. Çünki ətrafda çox görürük ki, gənclərimiz narkotik vasitənin qurbanı olurlar".

Təqsirləndirilən Rasim Zəkaryayev isə şahidin yalan danışdığını deyib: "Məni hadisədən bir gün qabaq kafedə qalmağımı istədi. Çünki mənim gedəcək yerimin olmadığını bilirdi. Gecə məni orada saxladı. Oturacaqların üstündə yatdım. Səhər də mənə selofan torba verdi. Sonra da məni tutdular. Bu işdə mənim heç bir günahım yoxdur".

Məhkəmə istintaqı başa çatdıqdan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror R.Zərəkraryevin günahının məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib və onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Gülşən Salmanova müdafiə çıxışında bildirib ki, məhkəmə istintaqında müvəkkili Rasim Zəkaryayevin günahsız olduğu sübut olundu: “Polis əməkdaşlarının ziddiyyətli ifadələri göz qabağındadır. Mən belə düşünürəm ki, polislərlə kafenin sahibi Ulduz Məmmədov arasında əvvəldən tanışlıq var. Mən bununla bağlı sorğular vermişəm. Ulduz Məmmədovun da polis əməkdaşlarının da telefon danışıqlarını aydınlaşdıracağıq. Bu məsələni burada qoymayacam. ən gec apelyasiya məhkəməsində bütün bunlar üzə çıxacaq. Bu gənc polislərin yaşı qədər bizim təcrübəmiz var. Axı bu qədər absurd bir işi, qurama bir cinayəti necə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirib çıxara bilərlər. Biz bu cür işləri dəfələrlə görmüşük. Belə işlər polisin şəffaf fəaliyyətinə də xələl gətirir. Mən dövlət hesabına rasim Zəkəryayaevə vəkil təyin edilmişim. Bu işdə başqa bir marağım yoxdur. Amma bu cür qanun pozuntusuna göz yummaq olmaz. Həbs edilən şəxsin cibində 1 manatı yoxdur, mobil telefonu belə yoxdur. Axı sual verən yoxdurmu ki, bu adam 200 minlik heroini haradan alıb?. Bu işin sona qədər ədalətli şəkildə araşdırılmasına çalışacam”.

Məhkəmə tərəfləri dinlədikdən sonra müşavirəyə yollanıb. Müşavirdən sonra elan edilən hökmə əsasən R.Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »