Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müasir beynəlxalq təhlükəsizliyə təhdidlər fonunda beynəlxalq təşkilatlarda ikili standartlar və Azərbaycan

Sərt bipolyar strukturun süqutu şəraitində formalaşmaqda olan yeni beynəlxalq münasibətlər sistemi ənənəvi beynəlxalq aktorların – dövlətlərin və beynəlxalq institutların, habelə yeni iştirakçıların – transmilli şirkətlərin, qeyri-hökumət təşkilatlarının, müxtəlif növ assosiasiyaların, mütəşəkkil qrupların (mafioz qruplardan tutmuş terrorçu qruplaradək), görkəmli şəxsiyyətlərin qarşılıqlı münasitələrinin qlobal səviyyəyə yüksəlməsi ilə xarakterizə olunur.

1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul olunmuş Avropa təhlükəsizliyi Xartiyasında qeyd olunduğu kimi «getdikcə daha aydın görünür ki, bizim təhlükəsizliyimizə təhdidlər həm dövlətlərarası, həm də dövlətdaxili münaqişələr nəticəsində mümkun ola bilər.

BMT, ATƏT, NATO kimi universal təşkilatlar müasir təhdidlərə səmərəli şəkildə müqavimət göstərmək iqtidarında deyillər. Əsasən, BMT Təhlükəsizlik Şurasında veto hüququ olan dövlətlərin hər hansı bir qətnamənin qəbulu zamanı daha çox öz milli maraqlarından çıxış etməsi və BMT Nizamnaməsində bəyan edilmiş millətlərin öz müqəddaratını təyin etməsi prinsipi ilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin ziddiyyət təşkil etməsidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin özlərinin də iştirakı ilə BMT TŞ-in qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilməməsi buna əyani sübutdur. Eyni zamanda, Türkiyə prezidenti Ərdoğan da BMT-də islahatlar aparmağa çağırır və “Dünya 5-dən böyükdür” şüarı ilə çıxış edir.

Eyni fikirləri ATƏT haqqında da söyləmək mümkündür. Bu təşkilatın təsis sənədi olan 1975-ci il Helsinki Yekun aktında bəyan olunmuş dövlətlərin suverenliyi, ərazi bütövlüyü, daxili işlərə müdaxilə etməmək prinsipləri həmin sənəddə əks olunmuş əsas insan hüquq və azadlıqlarına hörmət və riayət olunması, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyinetmə prinsipi ilə ziddiyyət təşkil edir. məhz bu səbəbdən dövlətlər arasında münaqişə yaranarkən hər biri öz milli maraqlarına uyğun mövqedən çıxış edirlər. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tərəflərdən hər birinin öz maraqlarına uyğun prinsiplərə istinad etməsi buna misal ola bilər.

NATO-ya gəlincə, bu təşkilat hazırda dünyada faktiki olaraq ən nüfuzlu təhlükəsizlik institutu olmasına, yeni proqramların həyata keçirilməsinə (Sülh naminə tərəfdaşlıq, Fərdi tərəfdaşlıq proqramları və s.) Şərqə doğru genişlənməsinə baxmayaraq bu təşkilatın özü də müəyyən problemlərlə üzləşməkdədir. Soyuq müharibənin başa çatması və Sovet təhlükəsinin aradan qalxması ABŞ və onun Avropa müttəfiqləri arasındakı maraqların fərqini öz plana çıxarmış və onlar arasında etimad problemini kəskinləşdirmişdir. Bundan başqa, ABŞ və Avopa siyasi elitası arasındakı Atlantik həmrəyliyinə münasibət əvəllkindən xeyli fərqlənir. Bu onlar arasındakı fərqli siyasi mədəniyyətin mövcudluğundan asılıdır. Bunları nəzərə alaraq bəzi analitiklər zamanla amerikalıların Avropa Birliyinə özünün əsas qlobal rəqibi kimi baxacağını istisna etmir.

Müharibə zamanı yaranmış alyansların düşmənin aradan götürülməsindən sonra nadir hallarda mövcudluğunu davam etdirdiyi nəzərə alınarsa, NATO-nun soyuq müharibə başa çatandan sonra hələ də mövcud olmasını anormal hal kimi qiymətləndirilir. Öz xarici siyasətini daimi tərəfdaşlıq prezumsiyası üzərində qurmaqdansa, yaxşı olardı ki, ABŞ və Avropa tədricən öz yollarını ayırsınlar. Tarixin gedişin dayandırmağa mənasız cəhdlər etməkdənsə, ondan düzgün istifadə etmək lazımdır.

Fikrimizcə, beynəlxalq təhlükəsizliyə müasir təhdidlərin həlli hər şeydən əvvəl qeyri-hərbi yanaşma tələb edir. Bu tək iqtisadi və ətraf mühit problemlərinə aid deyil, həm də separatizm və sərhədlərin toxunulmazlığı, xalqların öz müqəddaratını təyinetmə bəhanəsi ilə vətəndaşı olduqları dövlətdən ayrılaraq müstəqilliyə və ya digər dövlətə birləşmək istəyi və dövlətin öz ərazi bütövlüyünü qoruyub saxlamaq cəhdləri arasındakı ziddiyyətlərin hüquqi yolla birgə həllinin tapılması probleminə nə aiddir. Görkəmli rus alimi P.Tsiqankov haqlı olaraq qeyd edir ki, müharibə həll edə biləcəyindən daha çox problemlər yaradır». Lakin onun «NATO-nun Kosovodakı müharibəsi triumfu həll edəcəyindən çox problem yaradır» fikri ilə razılaşmaq olmaz. Eləcə də Dağlıq Qarabağ probleminin uzun illər həll olunmaması münaqişənin beynəlxalq hüquq çərçivəsində hərbi yollarla öz həllini tapmasını şərtləndirir. Əks halda Ermənistan kimi işğalçı ölkələr dünya birliyini, ayrı-ayrı dövlətəri fakt qarşısında qoymaqla öz qanunsuz fəaliyyətini daha da genişləndirməyə təşviq olurlar.

Məsələn, NATO-nun hərbi müdaxiləsi olmasaydı, etnik albanların soyqırıma məruz qalması və ya Serbiya ərazisindən tamamilə qovulması prosesi davam etdiriləcəkdi. Bu da Balkanlarda onsuz da gərgin olan siyasi və humanitar gərginliyi daha da artıraraq, 1995-ci ildəki Deyton sazişinin imzalanmasına qədər olan dövrdəki kimi fəlakət həddinə çatdıra bilərdi. Obrazlı desək, NATO xroniki xəstəliyi konservativ üsulla yox, cərrahi müdaxilə yolu ilə birdəfəlik müalicə etməyə üstünlük vermişdir.

Bu gün beynəlxalq təhlükəsizliyə təhdidlərin əsas mənbəyi ictimai və siyasi təşkilatlar sisteminin, habelə ideoloji sistemlərin qlobal böhranıdır. Ümumilikdə beynəlxalq təhlükəsizliyə təhdidləri dörd əsas qrupa ayırmaq olar:

- Birinci qrupa aid təhdidlər dövlətin beynəlxalq münasibətlərin aktoru kimi dəyişən rolu ilə əlaqədardır. Məlum olduğu kimi, qloballaşma şəraitində dövlətin rolunun getdikcə azalması müşahidə olunmaqdadır. Bu xüsusilə fransız sosioloqu B.Badinin «ixrac olunmuş dövlətlər» adlandırdığı Zair, Əfqanıstan, Somali, Burundi kimi ölkələrə aid oluna bilər. B.Badi sübut edir ki, dövlət – sosiomədəni inkişafın tarixi məhsuludur. O, tədricən formalaşmalıdır. Avropa dövlət institutlarının başqa mədəni zəmin üzərində dövlət yaratmaq cəhdləri heç bir müsbət nəticə verə bilməz.

Vəziyyəti gərginləşdirən amillərdən biri də, özəl və transmilli KİV-lərin vətəndaşların etimadı ilə dövlətin imkanları arasında uçurum yaradaraq anti-dövlət meyllərini gücləndirməsi, insanların öz dövlətinə loyallığını azaldaraq onların diqqətini məqsədyönlü şəkildə qloballaşmanın mənfi nəticələrindən yayındırmaqdır. Son günlərdə ölkəmizdə baş vermiş olaylar zamanı bəzi media orqanlarının, saytların tutduğu qeyri-konstruktiv mövqe bunlara sübut ola bilər. Eləcə də, qonşu ölkələrdən, əsasən İran və Ermənistandan dəstəklənən media orqanlarının Azərbaycanda dezinformasiya yayması da buna misal ola bilər.

Qısamüddətli kapitalın transsərhəd axını, beynəlxalq maliyyə oliqarxlarının fəaliyyəti də dövlətlərə destabilləşdirici təsir göstərir. Filantropist C.Sorosun post-sovet məkanında maliyyələşdirdiyi «rəngli inqilabları» buna misal çəkmək olar. Kölgə iqtisadiyyatı dövlətin həm cəmiyyətdaxili, həm də beynəlxalq səviyyədə iqtisadi fəaliyyətinə zərbə vurur. Bəzən sosial nəzarət imkanlarına malik, özünə loyallıq tələb edən strukturlar meydana gəlir. Lakin transmilli xarakter daşıdığından onların sərhədləri dövlətlərin sərhədləri ilə üst-üstə düşmür. Buraya işgüzar dairələr, dünyanın nəhəng bank və şirkətləri aid oluna bilər ki, onların sərəncamında olan maliyyənin məbləği bəşəriyyətin 1/3-ü təşkil edən dövlətlərin milli gəlirlərindən dəfələrlə çoxdur.

Beynəlxalq təhlükəsizliyə ikinci qrup təhdid dünya ölkələri, xalqları və sosial qruplar arasında iqtisadi və sosial fərqlərin artması ilə əlaqədardır. Transmilli şirkətlərin xammal mənbələrini və yeni-yeni satış bazarlarını ələ keçirməsi dünyanın bütün regionlarında bütöv sənaye sahələrinin dağılması ilə müşahidə olunur. Bunun nəticəsində «Varlı şimal» - «yoxsul cənub» arasındakı fərqlərin daha da dərinləşməsi nəticəsində yoxsul ölkələrdən zəngin ölkələrə miqrasiya meylləri daha da artır. Zəngin ölkələr isə bunun qarşısını almaq üçün sərhəd-viza rejimini sərtləşdirməyə çalışırlar, nəticədə isə qeyri-qanuni miqrasiya halları artır. Mütəşəkkil cinayətkarlığın, siyasi zorakılığın məhz yoxsul ölkələrdən qaynaqlanmasının əsas səbəblərindən biri məhz dünya dövlətləri və xalqları arasında sosial təbələqəlmənin və qütbləşmənin dərinləşməsidir. Cəmiyyətdə yoxsul və varlı insanlar arasında kəskin təbəqələşmə nəticədə dövlətin sabitliyinə və təhlükəsizliyinə təhdid olduğu kimi, dünya miqyasında, beynəlxalq münasibətlər cəmiyyətinin tərkib hissələri olan xalqlar və dövlətlər arasındakı uçurumun dərinləşməsinin də bütövlükdə beynəlxalq sistemin mövcudluğuna və sabitliyinə təhlükə yaratdığını, onsuz da müəyyən qədər xaotik və anarxik olan bu sistemi daha da idarəolunmaz hala gətirməsi təhlükəsi mövcuddur.

Beynəlxalq münasibətlərə üçüncü qrup təhlükə elmi-texniki inqilabın inkişafı ilə bağlıdır. Qlobal internet şəbəkəsinin genişlənməsi insanların şüurunun get-gedə milli siyasi və dövlət institutlarının təsiri altından çıxaraq, yeni əlaqə vasitələri, nəqliyyat, kommunikasiya vasitəsilə mədəni spesifikasiyalar nəzərə alınmadan amerikan və ümumilikdə Qərb modeli əsasında qloballaşması təhlükəsini artırır.

Beynəlxalq təhlükəsizliyə dördüncü qrup təhdidlər planetin resurslarının çatışmamazlığı ilə əlaqədardır.

Urbanizasiyanın yüksəlməsi ənənəvi strukturların dağılması, işsizliyin artması və kütləvi işsizlik nəticəsində narazı kütlələrin sayının artması ilə səciyyələnir.

Ümumilikdə təhlükəsizlik sferasındakı dəyişklik qeyri-hərbi təhdidlərin artması və təhlükəsizlik strukturlarının transformasiyası ilə xarakterizə olunur.

Soyuq müharibənin başa çatmasından sonra mövcud təhlükəsizlik konsepsiyaları müasir tələblərə cavab vermədiyindən yeni nəzəriyyələrin işlənib-hazırlanmasına ciddi ehtiyac duyulmağa başladı.

1980-ci illərdə ABŞ-ın Brukinq universitetinin alimlərinin irəli sürdüyü kooperativ təhlükəsizlik konsepsiyası təcavüzünün qarşısının alınması üçün əks təhlükələrinin yaradılmasını və təhlükə mənbəyinə məğlubedici zərbə endirilməsi mexanizmini irəli sürür.

Kooperativ təhlükəsizlik bütün silahların məhvinə, bütün zorakılıq hallarının aradan qaldırması və bütün siyasi dəyərlərin ahəngdarlığına iddia etməməlidir. Onun maraqları ciddi, mütəşəkkil təcavüzün reallaşması üçün vasitələrin toplanmasının qarşısını almaqdır. Kooperativ qayda bu komponentlərdən ibarətdir: nüvə silahı ilə qorxutma və kooperativ denuklerizasiya, adi qüvvələrin nüvə konfiqurasiyası; təcavüzə razılaşdırılmış beynəlxalq cavab; hərbi investisiyaların və kütləvi qırğın silahlarının azaldılması; bütün tədbirlərin şəffaflığı.

Burada əsas məqsədlərdən biri əhatəli kollektiv təhlükəsizlik sisteminin yaradılmasıdır və danışıqlar prosesində işlənib-hazırlanmış davranış qaydaları ilə müşayiət olunur.

Avstraliya tədqiqatçısı D.Dyüitt isə kooperativ təhlükəsizlik üçün üç elementin olmasını vacib hesab edir:

- Təcavüzkarın qorxudulmasına yox, təcavüzün qarşısının alınmasına yönəlmiş möhkəm qarantiyaların yaradılmasına üstünlük vermə taktikası;

- İttifaqlar siyasətinə alternativlər və ya ən azından onlarla yanaşı mövcud olma;

- Tək hərbi yox, həm də qeyri-hərbi təhlükəsizlik sahəsində irəliləyiş.

Fransız alimi D.Kolyar isə belə hesab edir ki, Köhnə qitədə təhlükəsizlik sisteminin yenidən təşkili yeni yanaşmalara əsaslanmalıdır. Belə bir sistemin yaradılmasının ilkin nümunəsi kimi o, 1975-ci ildə ATƏM-in yaradılmasını misal çəkir.

Lakin kooperativ təhlükəsizliyin digər cərəyanını təmsil edən alimlər bu məsələyə bir qədər fərqli yanaşırlar.

Onları BMT-nin səmərəsizliyi haqda ümumi fikir birləşdirir. Bu cərəyanın nümayəndələri olan alimlər dəyişməkdə olan təhlükəsizlik mühiti şəraitində mövcud beynəlxalq norma və prinsiplərdən deyil, humanitar dəyər və idealların müdafiəsi nöqteyi-nəzərindən çıxış edərək, fəaliyyət göstərməyi məqsədəuyğun hesab edirlər. Bu konsepsiyanın tərəfdarları həmçinin kooperativ təhlükəsizlik sistemi ölkələrinin «humanitar müdaxilə» – yəni bu sistemin hüdudlarından kənarda hərbi güc tətbiq etməsi hüququnu tanıyırlar. Bunun üçün, təhlükəsizliyə nail olmağın başlıca vasitəsi kimi onları NATO-nu görürlər.

R.Koen bu konsepsiyanın mahiyyətini kollektiv təhlükəsizlik və kollektiv müdafiənin sintezi kimi görür. Kollektiv təhlükəsizlik elə bir situasiyanı nəzərdə tutur ki, müəyyən təhlükəsizlik cəmiyyətinin bütün üzvləri bir-birilə münasibətdə güc tətbiq etməkdən imtina edirlər və bu cəmiyyətin digər dövlət tərəfindən təcavüzə məruz qalmış istənilən üzv ölkəsinə yardım göstərmək barədə razılığa gəlirlər. Kollektiv təhlükəsizlik suveren dövlətlərin bir-biri tərəfindən təcavüzə məruz qalmasının qarşısını almaq məqsədi daşıyır. Kooperativ təhlükəsizlik isə, «koopetaiv təhlükəsizlik məkanına» bitişik, bütün təşkilatın və onun üzvlərinin təhlükəsizliyinə mənfi təsir göstərə biləcək zonalarda sabitlik yaratmaqda maraqlıdır.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »