Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General oğlunun döydüyü sürücü: "Bu hadisə göstərdi ki, Azərbaycanda şah qanun deyil, qanun şahdır"
Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilən general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü avtobus sürücüsü Sənan Səmədov "Ölkə.Az"-ın suallarını cavablandırıb.

Səmədov baş verən hadisənin təfərrüatı barədə ətraflı danışıb.

- Sənan bəy, əvvəlcə özünüzü tanıdardınız...

- Əslən Yevlax rayonundanam, 36 yaşım var. 2003-cü ildən bu sahədə çalışıram, Bakıda kirayədə yaşayıram.

- Adətən avtobus sürücüləri sərnişinlərə qarşı aqressiv olurlar. Bəlkə həmin anda əsəbi idiniz, hansısa sərnişinlə mübahisə etmişdiniz?

- İş gününün sonu olsa da, əsəbi və yorğun deyildim. "Memar Əcəmi" metrostansiyasından 3-cü mikrorayon ikstiqamətinə olan dairəyə girdim. Sağ tərəfimdən bir maşın çıxdı. İşarə elədim ki, gözlə. Dedi, nəyə əsasən gözləməliyəm? Yol nişanını göstərdim, pərt oldu. Əsəbləşdi, söyüş söydü.

- Novruzəli Orucov isə bizə müsahibəsində bildirir ki, siz onun oğluna var-yox söyüşü söymüsünüz. Belə bir şey olub?

- Tamamilə yanlış fikirdir. İnsan öz valideynlərinə, anasına, bacısına hörmət qoyursa, sərnişinlərə də hörmət qoymalıdır. O qədər sərnişinin yanında mənim söyüş söyməyim mümkün deyil. Avtobusun hər tərəfi kameradır. Deyim ki, o da mənə söyüş söymədi, sadəcə, əcəb edirəm dedi. Şüşədən başımı çıxarıb dedim ki, maşında ana-bacı var, bir az tərbiyəli ol. Ardınca məndən nömrə istədi, vermədim, yoluma davam elədim. Növbəti dayanacaqda yenə gəlib yanımda saxladı. Bildirdi ki, nömrə ver, səninlə təkbətək görüşüb başa salacağam, sən məni yaxşı tanımırsan. Bu dəfə də dedim, iş başındayam, çıx get. Mikrorayondan son dayanacağımıza qədər 8-9 dayanacaq var. Arxamca gəldi.

- Rüstəm Orucov avtomobildə tək idi?

- Bəli. Dayanacağa çatmağa 50-60 metr qalmış məni nömrəsi 009 olan "Mitsubishi Pajero" markalı avtomobil ötüb keçdi. Gəlib bir yerdə saxlayanda başa düşdüm ki, bir yerdədirlər. Sərnişinlər düşdülər, maşının arxasından işarəylə çağırdılar, getmədim. Gəlib dispetçerimiz Əsgər müəllimə yaxınlaşıb vəziyyəti izah elədim. Dedi, getmə, özüm qaydasına qoyacağam. Dispetçerlə mən danışdığım yerdə Rüstəm Orucov və digər maşındakı iki nəfər bizə yaxınlaşdılar. Dedi, sən söyüş söymüsən? Dedim, səni niyə söyməliyəm? Yanındakılardan biri üstümə qışqırdı ki, sən Rüstəmə söymüsən? Söhbət elədiyimiz yerdə sol tərəfimdən Rüstəm yumruqla vurdu. Arxası üstə yıxıldım. Ayılanda gördüm ki, "Semaşko" xəstəxanasındayam.

- Rüstəmin sizi vurduğu yadınızdadır?

- Bəli, siqaret yandırırdım. Sol tərəfimdən güclü yumruq zərbəsi dəydi. Ondan sonra baş verənlər yadımda deyil.

- Yıxılandan sonra sizi yenə vurublar?

- Sürücü yoldaşlarımın dediyinə görə qorxublar. Rüstəm maşına tərəf gedib, amma onunla gələnlərdən biri üzümə su vurub. Elə biliblər ki, ölmüşəm.

- Bilsəydiniz ki, Rüstəm Orucov sizi vuracaq, ilk zərbəni özünüz endirərdinizmi?

- Onunla fiziki göstəricilərimiz heç cür düz gəlmir. Orada özünə də dedim ki, dava eləmək üçün gəlmisənsə, bu iki nəfəri çağırmağa ehtiyac yox idi. Çünki sənin yarın boydayam. O fiziki baxımdan çox güclüdür. Çəkidə ən azı 30-40 kiloqram, boyda 15-20 santimetr fərqimiz var.

- Sonrakı proseslər necə oldu?

- Həkimdən qayıdıb Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə gəldik. Şikayət ərizəsini mən yazmamışdım. Sürücü yoldaşlarım həm polisə, həm də təcili tibbi yardıma məlumat vermişdilər. Oradan polis bölməsinə, sonradan idarənin özünə gətirildim.

- Orada ərizə yazdınız?

- Bəli, ərizə yazdım. Soruşdular ki, şikayət ərizən varmı? Dedim, cavandır da, hadisə olub.

- Şikayətinizi geri götürdünüz?

- Bəli.

- Hansı şərt əsasında? Sizə kimsə zəng vurmuşdu?

- Xeyr.

- Bəs nə zaman bildiniz ki, sizi vuran general oğludur?

- Bir gün idarədə qaldım. Ondan sonra bildim ki, Novruzəli Orucov generaldır.

- Sizə dedi ki, şikayətinizi geri götürün?

- Müstəntiqin yanında yazdım ki, şikayətim yoxdur. Mənə idarədə Novruzəli müəllim dedi ki, imkan daxilində oğlumdan şikayət ərizəsi yazma.

- Hərbi formada gəlmişdi?

- Xeyr, mülki formada idi. Orada özü dedi ki, generalam.

- Sizi hədələdimi?

- Sözün açığı, özüm çəkindim.

- İndiki halda şikayətçisiniz?

(Söhbətin bu yerində arxadan bir nəfərin Sənan Səmədovu işarələrlə "idarə etdiyini" görürəm və iradımı bildirirəm. Yalnız bu iradımdan sonra Səmədovla söhbətimizi normal şəkildə davam etdirə bilirik.)

- Bayaq internetdə Rüstəmin atasının müsahibəsini oxudum. Ona görə şikayətçi olmaq istəyirəm. Bildirir ki, sürücü maşını düzgün idarə etməyib, oğluma söyüş söyüb. Əslində, şikayətçi olmaq istəyirəm.

- Novruzəli Orucov yetərincə tanınmış və əlaqələri olan insandır. Bundan narahat deyilsiniz ki?

- Bəli, valideynlərim də çox narahatdır. Evin tək oğluyam. Valideynlərim deyir ki, şikayətçi olsan səndən əvəz çıxarlar.

- Hazırda işə çıxırsınız?

- Xeyr. Başımdakı tikişlər dünən sökülüb deyə, həkim icazə vermir. Həm də bu gərginliklə sərnişin daşımaq olmaz. Ancaq işimdə saxlanıram.

- Sürücü yoldaşlarınızdan sizinlə əlaqə saxlayan varmı?

- İstəmirdim ki, kimsə bilsin. Sadəcə, mətbuatda yazılandan sonra xeyli gəlib-gedən oldu.

- Bu hadisədə özünüzü nədə təqsirli bilirsiniz? Yəni, "mən belə etməsəydim, bəlkə bu hadisə də olmazdı" dediyiniz məqam var?

- Elə bir şey yoxdur. Bu haqda çox düşünmüşəm.

- Ağlınıza gələrdimi ki, sizə görə bir general işdən çıxarıla və oğlu da həbs edilə?

- Hadisənin belə böyüyəcəyini bilməzdim. Amma Cənab Prezidentə təşəkkürümü bildirirəm. Bir daha sübut olundu ki, Azərbaycanda şah qanun deyil, qanun şahdır. Biz kimik ki? Ola bilər vəzifədə çox üstündülər. Ancaq hər şey qanun çərçicəsində öz yerini tapdı.

- Nə vaxt bildiniz ki, Rüstəm Orucovun atası işdən azad olunub?

- Dünən günortadan sonra xəbər tutmuşam.

- İşə nə zaman çıxacağınızı deyiblər?

- Həkimlərin rəyini gözləyirik.

- Tibbi ekspertizanın rəyi nədən ibarətdir?

- Ekspertizanın rəyi məndə olmadı. Polisdən bildirdilər ki, o sənəd vətəndaşa verilmir. Mənə heç nə göstərməyiblər. Həkimə getmişəm, başımı aparata saldılar. General tapşırmışdı ki, "Uniklinika"ya gedərsən. Bildirdilər ki, general gəlib cavabı özü götürəcək. Novruzəli Orucov axşam mənimlə görüşdü və o cavabı mənə verdi ki, heç bir xəsarətin yoxdur.

- Bu hadisədən öncə hər hansı xəstəliyiniz var idi?

- Ağrılarım azalmır. Amma belə ciddi xəstəliyim olmayıb.

- Bu hadisədən sonra başqa sahədə çalışmağı düşünürsünüzmü?

- Əlimdən başqa iş gəlmir. Üç övladım var, kirayədə yaşayıram. Övladlarım 16, 13 və 6 yaşlarındadır.

- Neçə gündür işə çıxmırsınız. Ailəni kim dolandırır?

- 700 manat məvacib alıram, 350 manatını kirayəyə ödəyirəm. Amma işləmədiyimə görə bir az çətindir. İnşallah, yaxşı olar.

Son xəbərlər
Bütün xəbərlər »