Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Regional böyük dövlət kriteriyalarında Azərbaycanın yeri

Avropa siyasi Araşdırmalar İnstitutunun fikrincə, «coğrafi baxımdan müəyyən regiona aid edilən, həmin regionda iqtisadi və hərbi cəhətdən dominantlıq edən, regionda hegemon təsir gücünə malik, qonşu dövlətlər tərəfindən regionun lideri kimi qəbul edilən və ən nəhayət dünya miqyasında müəyyən nüfuza malik olan ölkələr regional güclü dövlətlər hesab oluna bilərlər».

Alman Qlobal Araşdırmalar İnstitutunun fikrincə, regional güc dövlətləri aşağıdakı kriteriyalara uyğun gəlməlidir:

• Müəyyən regionun identifiklik baxımdan bir hissəsi olmaq;

• Liderlik iddiasının olması;

• Regiona sıx inteqrasiya olunmaq;

• Regional təhlükəsizlik məsələsini daima öz gündəmində saxlamaq;

• Regionun coğrafi baxımdan genişlənməsi və onun ideoloji konstruksiyası məsələsinə həlledici təsir göstərmək;

• Yüksək hərbi, iqtisadi, demoqrafik və ideoloji üstünlüyə malik olmaq;

• Regiondakı digər güclər tərəfindən və üstəlik digər regional dövlətdər tərəfindən regionun lideri kimi qiymətləndirilmək;

Azərbaycanı bütün bu sadalanan kriteriyalar baxımından təhlil etsək görərik ki, ölkəmiz regional böyük dövlət kateqoriyasna aid bütün tələblərə cavab verir. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu daima vurğulayır və bunun obyektiv əsasları mövcuddur. Dünya birliyi, beynəlxalq təşkilatlar, ayrı-ayrı güc mərkəzləri tərəfindən də Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən güclü, nüfuzlu dövləti olaraq qəbul edilir. Müəyyən regionun identiflik baxımından bir hissəsi olmaq – Azərbaycan Cənubi Qafqazda öz unikallığı ilə seçilir. O, Qafqazın coğrafi, etnik, mədəni baxımdan mühüm bir hissəsidir. Eyni zamanda qonşu İran, Türkiyə və Mərkəzi Asiya ilə də dil, din baxımdan ortaq dəyərlərə malikdir. Azərbaycan digər iki Qafqaz respublikası – Gürcüstan və Ermənistandan fərqli olaraq təkcə olduğu bölgədə sıxışıb qalmır, öz geosiyasi, mədəni, etnik, dini baxımdan Mərkəi Asiya və Orta Şərqlə də ümumi dəyərlər əsasında bölüşür. Azərbaycan Cənubi Qafqazın ən qədim tarixə və dövlətçilik ənənələrinə malik ölkəsidir; liderlik ambisiyalarının olması – Azərbaycan tarixən bir çox dövlətlərin beşiyi, qədim dövlətçilik ənənələrinə malik ölkədir. Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Respublikası isə bu dövlətçilik ənənələrinin şah əsərləridir. Azərbaycan xalqının dövlətçilik təfəkkürü yüksək inkişaf etmiş, tarixin istənilən şəraitində öz dövlətlərini qoruyub-saxlamaq uğrunda mübarizə aparmışdır. Liderlik ambisiyaları isə bugünkü Azərbaycan Respublikasını regionun aparıcı dövlətinə çevirmişdir; regiona sıx inteqrasiya olunmağa gəlincə, Azərbaycan Qafqaz bölgəsinin qədim bir parçası olmaqla bu regiona bitişik olan Mərkəzi Asiya, Yaxın və Orta Şərq, Şimali Qafqaz bölgələri ilə də sıx tarixi, mədəni, ticarət, kommunikasiya əlaqələrinə malikdir; regional təhlükəsizlik məsələsini gündəmdə saxlamaq - Azərbaycan regional təhlükəsizlikdə ən çox maraqlı olan, bunun üçün öz səylərini əsirgəməyən ölkədir. Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqların davam etdirilməsi və münaqişənin sülh yolu ilə həllinə çalışmaq, terrorçuluğa qarşi mübarizədə beynəlxalq fəaliyyətdə iştirak, eləcə də sülhməramlı missiyaların tərkibində müxtəlif bölgələrdə iştirak ölkəmizin nəinki regional, eləcə də beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verdiyini göstərir; regionun ideoloji konstruksiyasına təsir məsələsinə gəlincə, Azərbaycan müasir dünya sivilizasiyasının ən mühüm nailiyyətlərindən olan demokratiya və dünyəvilik ideologiyalarını öz konstitusiyasında təsbit etməklə, Qafqazda demokratiyanın, dünyəviliyin dövlət siyasətinə çevrilməsində iştirak edən ölkələrdəndir. Eyni zamanda, zərərli ideologiyaların və cərəyanların bölgəyə yayılmasının qarşısını almaqla ölkəmiz Qafqaz regionunun ideoloji kinstruksiyasının konstruktiv, sivilizasiya normaları əsasında formalaşması prosesinə də öz töhfəsini verib. Şərqdə ilk demokratik dövlət olan ADR-in yaranması ilə başlayan bu missiyanı müasir Azərbaycan Respublikası uğurla davam etdirir.

Azərbaycanın siyasi-fəlsəfi təlimlər tarixinə nəzər saldıqda hələ erkən Orta əsrlərdən başlayaraq burada fəaliyyət göstərən alimlərin bütün Şərqin siyasi-hüquqi, fəlsəfi-elmi düşüncəsinə böyük təsir göstərdiyi aydın olur. Bu isə regionda bügünkü ideoloji konstruksiyanın sivilizasiyalı bünövrəsini, təməl prinsiplərini təşkil edir; yüksək hərbi, iqtisadi, demoqrafik üstünlüyə gəlincə, burada statistika, eləcə də beynəlxalq təşkilatların, araşdırma mərkəzlərinin hesabatı əyani mənzərəni təkzibedilməz faktlarla ortaya qoyur. Azərbaycan regionda ən böyük hərbi büdcəyə, ən güclü orduya malik dövlətdir. Bu yaxınlarda keçirilmiş hərbi paradda bütün dünya bu faktları bir daha əyani şəkildə gördü. Azərbaycan iqtisadi inkişaf göstəriciləri baxımından da regionda lider ölkə, dünyanın dinamik inkişaf edən iqtsadiyyata malik dövlətlərindən biridir. Əhalinin sayının sürətlə artması, gənc əhalinin faiz nisbəti, doğum həddinin yüksək olması deyilənləri təsdiq edir; regiondakı digər güclər və böyük dövlətlər tərəfindən qiymətləndirilməyə gəlincə, bü gün istər Ermənistan kimi düşmən, istərsə də dost ölkələr Azərbaycanın hərtərəfli qüdrətini qəbul edir. Azərbaycan olduğu regionda və bütün dünyada söz sahibi olan ölkələrdən biridir.

Ölkəmiz ən müxtəlif güc mərkəzləri - ABŞ, Çin, Rusiya, Avropa ilə əməkdaşlıq edir, qlobal əhəmiyyətli enerji və nəqliyyat-kommunikasiya layihələri həyata keçirir və bu, beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Beynəlxalq münasibətlər sistemində hazırda bəzi dövlətlər həm Böyük dövlət, həm də Regional dövlət kimi qiymətləndirilirlər. Məsələn, Şərqi Asiya regionuna nəzər salsaq, bir sıra siyasi analitiklər tərəfindən Çin potensial superdövlət, digərləri tərəfindən isə mühüm Regional dövlət kimi qiymətləndirilir. Bunun əsas göstəriciləri aşağıdakılardır: Çinin 1,3 milyard əhalisi var, nominal UDM-in həcminə görə dünyada 4-cü yeri, qızıl ehtiyatlarının həcminə görə birinci yeri tutur. Çin eyni zamanda BMT TŞ-nın üzvüdür. Dünyada ən çox əsgərləri olan ordu da Çinə məxsusdur – 2 mln. 250 000 nəfər. Çinin nüvə silahı, qitələrarası ballistik raketləri və ballistik submarinləri var. Bu ölkə müdafiə xərclərinə görə Şərqi Asiyada birinci, dünyada isə ikinci yeri tutur.

Honq-Konq Universitetinin professorlarının fikrincə isə, Yaponiya Şərqi Asiya regionunun ən güclü dövləti hesab oluna bilər. Çünki, bu ölkə illik UDM-nin həcminə görə regionda birinci, dünyada isə ikinci yeri tutur. Habelə, Yaponiya Çindən sonra Şərqi Asiyanın ən böyük əhalisinə və müdafiə büdcəsinə malikdir. Onun texnoloji cəhətdən təkmilləşdirilmiş silahlı qüvvələri var. Yaponiyanın öz qüdrətini daha da artırmaq üçün kifayət qədər imkanları olsa da, lakin II Dünya müharibəsindən sonra qəbul edilmiş ölkə konstitusiyası Yaponiya dövlətinin bu sahədəki planlarını müəyyən qədər məhdudlaşdırır.

Fransa Avropada qitənin iqtisadi cəhətdən inkişaf etmiş üçüncü və müdafiə xərcləri baxımdan ikinci ölkəsi olması etibarilə ən böyük Regional dövlət hesab edilir. Fransa NATO-nun və BMT TŞ-nin daimi üzvüdür. O, nüvə silahına, qitələrarası ballistik raketlərə və ballistik sualtı submarinlərə malikdir.

Almaniya da Avropada demək olar ki, Fransa ilə eyni statusa malik ölkə hesab olunur. Fərqli cəhət Almaniyanın BMT TŞ-nin daimi üzvü olmaması və müdafiə xərclərinə görə Fransadan geri qalmasıdır. Üstün cəhətləri isə, dünyada ən böyük ixracatçı ölkə olması, ÜDM həcminə görə Avropada birinci yeri tutması, ona Avropa Parlamentində daha çox deputatla təmsil olunmaq hüququ verən çoxsaylı əhaliyə malik olmasıdır.

C.Beyker və F.Knippinq «Avropada güc? Böyük Britaniya, Fransa, İtaliya və Almaniya müharibədənsonrakı dünyada, 1945-1950» adlı kitabında İtaliyanı adıçəkilən ölkələrlə birlikdə Avropanın regional dövlətləri sırasına aid edirlər. İtaliya G8 və NATO üzvü, iqtisadiyyatın inkişafına görə Avropanın dördüncü yerdə olan ölkəsidir. 2006-cı ilin hesablamalarına görə, bu ölkənin hərbi xərcləri 307 milyon dollar olmuşdur. O, Avropa Birliyinin təsisçisi üzvlərindən biridir. İtaliya Əfqanıstan, Kosovo, Bosniya-Herseqovina və Livanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yeri tutur.

Post-sovet məkanında Rusiya bu statusa namizədlərdən biri hesab olunur. Digər Avropa ölkələri ilə müqayisə etsək, Rusiyanın ən böyük əhali və əraziyə malik olduğunu görərik. Böyük Səkkizlərin üzvü olmaqla yanaşı, Rusiya BMT TŞ-nin daimi üzvü, dünyada ən çox nüvə başlığına, qitələrarası ballistik raketlərə və submarinlərə sahib olan dövlətdir. O, müdafiə xərclərinə görə Avropada dördüncü yeri tutur. Rusiya dünyada neftin istehsalına və ixracına görə yalnız Səudiyyə Ərəbistanından geri qalır.

Böyük Britaniya Avropada öz iqtisadiyyatının inkişaf dinamikasına görə ikinci yeri tutur. O, hərbi büdcənin miqdarına görə Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikinci yeri tutur. NATO-nun və BMT TŞ-nin daimi üzvü olan nüvə silahına, qitələrarası ballistik raketlərə və submarinlərə malikdir. London isə dünyanın ən iri maliyyə mərkəzidir.

Orta Şərqdə Misir regional dövlət və ən mühüm ərəb ölkəsi hesab olunur. V.Putin onu həlledici Regional güc adlandırmışdır. Bununla belə, Təl-Əviv Universitetinin professoru A.Susser qeyd edir ki, C.Ə.Nasirin dövründə Misir regional problemlərin həllində aparıcı ölkə olsa da, hazırda onun təsiri xeyli azalmışdır. Misir əhalisinin sayına görə, Orta Şərqdə, Şimali Afrikada və Ərəb dünyasında birinci, Afrika qitəsində isə ikinci yeri tutur. Hərbi cəhətdən Misir Ərəb dünyası və Afrikada birinci, Orta Şərqdə isə ikinci yeri tutur. Onun hərbi büdcəsi Afrikada ikinci, Ərəb dünyasında dördüncü, Orta Şərqdə isə beşincidir.

İran ekspertlər tərəfindən Orta Şərqin güclü Regional dövləti hesab olunur. C.Simson (BBC News) İranı regionun superdövləti hesab edir: «İran hazırda Yaxın və Orta Şərqdə regional superdövlətdir. Qərbdə 1978-1979-cu il inqilabından bəri bunu düzgyn qiymətləndirməmişik». İsrail professoru B.Rubin qeyd edir ki, «İran Orta Şərqin tək böyük dövlətidir, çünki hazırda heç bir Ərəb dövləti bu statusa iddia etmək iqtidarında deyil». O, öz təsirini İraq, Livan, Suriya, Əfqanıstan və Lmvanadək genişləndirə bilmişdir. İran öz hərbi büdcəsinə görə regionda dördüncü, neftin ehtiyatlarına görə dünyada üçüncü, ixracına görə isə üçüncü yeri tutur. İngiltərənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin hesabatlarında İran potensial Böyük dövlət kimi qiymətləndirilir. ABŞ Mərkəzi Komandanlığının rəisi general Con Abzaid İranı hərbi baxımdan Orta Şərqin ən qüdrətli dövləti adlandırmışdır.

1967-ci ildəki Altıgünlük və 1973-cü il Yom Kippur müharibəsindən sonra İsrail Orta Şərqin ən güclü dövləti hesab olunmağa başlamışdır. Regionda hərbi büdcəsinə görə üçüncü yeri tutan İsrailin nüvə silahına malik olması barədə müəyyən əsaslar vardır. Təl-Əviv Universitetinin professoru A.Susser belə hesab edir ki, Orta Şərqdə baş verən mühüm dəyişikliklərdən biri, qeyri-ərəb oyunçuların, daha dəqiq desək, Türkiyə, İsrail və xüsusilə İranın rolunun getdikcə artması, onların regionda bir zaman Misir, Suriya, İraq və Səudiyyə Ərəbistanının oynadığı rolu əldə etməsidir. Türkiyənin Orta Şərqdəki mühüm rolu qaçılmazdır və onun adıçəkilən regionda coğrafi baxımdan yaxınlığı bu məsələdə çox əhəmiyyətlidir. Onun ÜDM-i istənilən Orta Şərq ölkəsindən daha böyükdür. Hətta bölgədə ən böyük hərbi büdcəyə malik olan Səudiyyə Ərəbistanı belə bu sahədə ondan geri qalır. Türkiyə özü isə hərbi büdcənin miqdarına görə, Səudiyyə Ərəbistandan sonra ikinci yeri tutan, bölgənin yeganə NATO üzvü olan ölkəsidir. Lakin Türkiyə bu sahədə İrandan daha irəlidədir.

Səudiyyə Ərəbistanında İslamın iki müqəddəs şəhərinin yerləşməsi ona Müsəlman dünyasında xüsusi əhəmiyyət qazandırmışdır. O, həm də dünyada xam neftin ən böyük neft istehsalçısı və ixracatçısıdır.

Bütün bunlardan başqa, Okeaniyada Avstraliya, Cənubi Asiyada Hindistan, Cənub-şərqi Asiyada İndoneziya, Cənubi Afrikada CAR, Qərbi Afrikada isə Nigeriya Regional dövlətlər hesab edilirlər.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »