Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə - Azərbaycan münasibətləri FETÖ-ya qarşı mübarizə kontekstində

Bu günlərdə qardaş Türkiyə 2016-cı ilin 15 iyulunda baş verən dövlət çevrilişi cəhdinin ikinci ildönümünü qeyd edir, şəhidləri ehtiramla anır, bir daha belə bir halın baş verməməsi üçün bundan sonra dövlətçiliyin ətrafında sıx birləşmək şüarları səslənir.

Türkiyə prezidenti Ərdoğan və xalqın əksəriyyəti bu hadisələrin arxasında dayanan FETÖ təşkilatının bundan sonrakı mümkün təxribatlarının qarşısını almaqda israrlıdır. Ölkədə iki ildir davam edən OHAL – fövqəladə hal rejiminin aradan qaldırılması gözlənilir. Artıq prezidentlik-üsul idarəsinə keçmiş ölkədə prezident Ərdoğanın səlahiyyətlərinin genişlənməsi ona belə təhdidlər zamanı çevik qərarlar qəbul etmək imkanı və səlahiyyəti verib.

Qardaş ölkənin başçısı seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərini Azərbaycana edərək burada FETO ilə göstərdiyi mübarizədəki dəstəyinə görə prezident İlham Əliyevə təşəkkür etdi. İki ölkə təhsil nazirliklərinin bu sahədə fəaliyyətlərinin bundan sonra da davam edəcəyini bildirdi. Təbii ki, Azərbaycan istənilən taleyüklü məsələdə Türkiyənin yanında olub və bundan sonra da olacaq. Vaxtilə Azərbaycanda 1995-ci ilin martında silahlı dövlət çevrilişi cəhdi baş verən zaman mərhum prezidentlər Heydər Əliyev və Süleyman Dəmirəl arasında da belə bir hadisə olmuşdu və qiyam planları barədə Türkiyə Azərbaycanı xəbərdar etmişdi.

Bu gün Türkiyənin bölgədə, o cümlədən Yaxın Şərqdə vəziyyəti olduqca mürəkkəbdir. Bu ölkə 100 il əvvəl olduğu kimi varisi olduğu Osmanlının aqibəti ilə üzləşmə, parçalanmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Belə bir şəraitdə Azərbaycan kimi regionun lideri olan, bütün qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrini Türkiyə ilə birgə həyata keçirən qardaş ölkənin, müttəfiqin olması Türkiyəyə çox vacibdir. Üstəlik, Azərbaycan bəzi türkdilli ölkələrdən, məsələn Qırğızıstan və Qazaxıstandan fərqli olaraq Türkiyənin FETO ilə çağırışında ona tam dəstək verdi. Bu, həm Azərbaycanın Türkiyəyə dost, sadiq dövlət olması, həm də dünyadakı heç bir böyük dövlətə, qlobal güc mərkəzinə tabe olmayan müstəqil siyasət yeritməsindən irəli gəlirdi. Türkiyənin bir çox Avropa ölkəsini və ABŞ-ı FETO-ya dəstək verməkdə ittiham etməsi fonunda Azərbaycanın bu addımı olduqca cəsarətli və təqdirəlayiq hesab oluna bilər. Xatırlatmaq yerinə düşərdi ki, bu, Azərbaycanın adıçəkilən güc mərkəzlərinə qarşı Türkiyənin yanında yer aldığı ilk demarşı deyil. Azərbaycan ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı Türkiyənin çağırdığı İslam Əməkdaşlıq Ölkələrinin İstanbul sammitində də iştirak etdi və İlham Əliyev orada cəsarətli nitqlə çıxış etdi.

Geniş yayılmış versiyalardan biri bundan ibarətdir ki, Türkiyə ilə ABŞ arasında əsas mübahisə mövzularından biri FETÖ vasitəsilə Orta Asiyadan ABŞ-a ötürülməli olan milyardlarla dollar pulun lazımi yerə - konkret olaraq Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinə çatmasına Türkiyənin mane olması olub. Bu məbləğin 53 milyard dollardan artıq olduğu bildirilir. Məhz bu səbəbdən də Türkiyənin bütün çağırışlarına baxmayaraq, Orta Asiya respublikalarının bəziləri, cümlədən Qırğızıstan FETÖ məktəblərini bağlamaq istəmədi. Çünki ehtimallara görə burda birbaşa ABŞ-ın göstərişi var idi və həmin ölkələr Türkiyəni müdafiə edib FETO-ya qarşı savaş açmaqla ABŞ-la münasibətlərini gərginləşdirmək istəmədilər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstanda da FETO-nun çevriliş edə biləcəyi barədə xəbərdarlıq etdiklərini bildirib.

FETÖ ABŞ-ın Orta Asiyada maraqlarının həyata keçirilməsi vasitələrindən biri olmuşdur. Rusiya özü də vaxtilə təşkilatın maraq dairəsində olmuş, lakin araşdırmalardan sonra bunun qarşısını almışdır. Qırğızıstan isə, gördüyümüz kimi, ABŞ-ın postsovet məkanında əsas diqqət yetirdiyi və "rəngli inqilab"ın baş verdiyi ölkədir. Bu da təsadüfi deyil. Çünki Orta Asiya Çin, Rusiya, İran kimi ABŞ üçün əhəmiyyətli rəqiblərin yaxınlığında yerləşir. Qırğızıstanın Türkiyə ilə münasibətlərin kəskinləşməsi bahasına da olsa, FETÖ məktəblərini saxlaması təəccüblü gəlsə də, qeyd etmək lazımdır ki, FETÖ məktəbləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin örtük təşkilatlarından başqa bir şey deyil.

ABŞ bundan çox narahatdır. Əslində FETÖ-nun maliyyə mənbələrinin kökünün kəsilməsi, onunla əlaqədə olan şirkətlərin çökdürülməsi ABŞ-a gedən çirkli pulların qarşısının alınması əməliyyatı olub. Bundan narazı qalan ABŞ Zərrab davasını ortaya ataraq burada Türkiyə banklarının qeyri-qanuni fəaliyyətini sübut etməyə çalışırdı. ABŞ məhkəmə qərarı ilə Türkiyənin 10-a yaxın bankını İranla gizli əməkdaşlıqda ittiham edərək onların üzərinə təzminat qoymaq niyyətindədir.

Həmin məbləğ də elə təxminən Türkiyənin FETÖ-çu təşkilatlara qarşı əməliyyatlar zamanı əl qoyduğu, lakin ABŞ-a ötürulməli olan məbləğin həcmində ola bilər.

Bununla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Orta Asiyadan almağa hazırlaşdığı, ancaq uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyədə batan pulları geri qaytarmağa çalışırlar. Hazırda ABŞ Yaxın Şərqdə xərclədiyi 6 trilyon və Türkiyədə batırdığı 53 milyardın geri qaytarılmasına çalışır. Təbii ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın təhdidlərindən qorxan bir şəxs olmadığı üçün bu pulların Türkiyədən alınması asan olmayacaq. Qorxsaydı, mənbəyi məlum olmayan bu "çirkli pulların" Türkiyədəki şirkətlər vasitəsilə yuyularaq, ölkəsi üzərindən ABŞ-a köçürülməsinə imkan verərdi. Bundan başqa, bu pullar ABŞ-a müttəfiq ölkənin daxili işlərinə müdaxilə edərək orada qeyri-qanuni dövlət çevrilişi cəhdini maliyyələşdirmək üçün sərf olunubsa, Türkiyə də öz növbəsində FETÖ kimi, bu ölkədəki Amerika banklarını da qanunsuz çevrilişi maliyyələşdirməkdə ittiham edə bilər. Türkiyənin siyasi siteminin prezident-üsul idarəsinə keçməsi fonunda FETO-ya qarşı mübarizənin də yeni mərhələyə qədəm qoyması gözlənilir.

Nəzakət Məmmədova, Bizimyol

Son xəbərlər
Bütün xəbərlər »