Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İcra hakimiyyətləri ləğv edilməli, səlahiyyətləri isə..." - Politoloq
İcra Hakimiyyəti dövlət idarəçiliyinin 3 qolundan biridir. Ölkə başçısı tərəfindən təyin edilən icra başçıları bir çox səlahiyyətlərə və geniş hüquqlara malikdir. Son zamanlar ölkəmizdə baş verən hadisələr, Elmar Vəliyevə qarşı baş vermiş sui-qəsd hadisəsi sosial mediada ciddi müzakirələrə səbəb oldu. Müzakirələrdə bu idarəçilik sisteminin ləğv edilməsini, yeni idarəçilik sisteminin yaradılmasını tələb edənlərlə yanaşı icra başçılarının xalq tərəfindən seçilməsini, bu orqanın seçkili sistemə çevrilməsini də tələb edənlər oldu.

Bununla bağlı Bizimyol.info-ya danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə icra hakimiyyətlərin hakim olduğu dönəmdə regionlarda iqtisadi və sosial problemlərin həll olunması istiqamətində çətinliklərin olacağını, artıq bu sistemin ləğv edilərək səlahiyyətlərin türkiyədəki kimi bələdiyyələrə verilməsinin labüdlüyünü vurğulayıb:

"Azərbaycanda dövlət idarəetmə strukturu əsasən icra sistemindən ibarətdir. Mərkəzləşdirilmiş şəkildə icra hakimiyyəti formasındadır. Ölkəmizin regionlarının idarə olunmasında ali icra hakimiyyəti tərəfindən rayon icra hakimiyyətləri təsis edilib və bu posta prezident tərəfindən icra başçıları təyin edilir. Rayon İcra başçıları regionlarda əhalinin məşğulluğu, iqtisadi inlişafı, ictimai proseslərdə rolu və əhalinin problemlərinin həll edilməsi istiqamətində işlər aparmalıdır. Sovet sistemindən qalan bu icra strukturu hazırda müasir tələblərə cavab vermir. Çünki, mərkəz tərəfindən təyin edilən başçılar bir növ əhalinin problemləri ilə hesablaşmır, rayonların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına çalışmır. Azərbaycanda seçkili bələdiyyə sistemi təsis edilsə də, hələ ki, bu istiqamətdə yetərincə işlər aparılmayıb. Bələdiyyələr rayon icra başçılarından bir növ asılıdır. Ümumiyyətlə icra hakmiyyəti ləğv edilməli, bütün səlahiyyətlər bələdiyyələrə verilməlidir. Bələdiyyələr seçki yolu ilə seçildiyindən bir növ vətəndaşlar qarşısında hesabat verməli olurlar. Hesab edirəm ki, müasir və innovativ idarə etmədə seçkili orqan daha məqbuldu və ölkəmiz islahtlarla tam şəkildə regional idarəetmədə bələdiyyə sisteminə keçməlidir. Burada Türkiyə təcrübəsindən yaralanmaq imkanımız var. Nə qədər ki, icra hakimiyyət sistemi var, regionlarda iqtisadi və sosial problemlərin həll olunması istiqamətində çətinliklər də olacaq.

Qeyd edim ki, icra hakmiyyətlərinin seçkilər yolu ilə seçilməsi böyük şəhərlərdə reallaşmalıdır. Avropa Şurasında götürdüyümüz öhdəlikdə bu var. Bakı, Gəncə və Sumqayıt şəhərlərində mer seçkilər yolu ilə seçilməsi artıq öz həllini tapmalıdır".

Aytac NUR

Son xəbərlər
Bütün xəbərlər »