Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO – Azərbaycan əlaqələri

Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində dünya siyasətində fəal, konstruktiv iştirak edən ölkələrdən biridir. Azərbaycan üçün dünya ölkələrinin, xüsusilə hazırda qarşıdurma şəraitində olan Rusiya və NATO-nun beynəlxalq və regional məsələlər barədə ümumi razılığa gəlməsi həm də ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin öz həllini tapacağına ümidverici ola bilər.

Bu isə nəinki Cənubi Qafqazda, ümumilikdə bütün regionda və dünyada strateji sabitlik və təhlükəsizliyin bərqərar olması üçün olduqca vacibdir.

Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv dövlət olduğu üçün onun NATO-ya üzvlüyü hazırda müzakirə predmeti deyil. Eyni zamanda, ərazisində həll olunmamış münaqişə olan ölkələr NATO-ya ezv ola bilməz. Lakin ölkəmiz Alyansla geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan bu gün həm də Əfqanıtanda yerləşən NATO qüvvələri üçün humanitar yüklərin daşınması və lojistik dəstək üçün əsas tranzit ölkələrdən biridir.

2018-ci il iyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində dünya birliyinin irəli sürdüyü təşəbbüslərə Azərbaycan da öz dəstəyini verir. Ölkəmiz Əfqanıstana sülhməramlı qüvvələrimizin orada təmsil olunması, müəyyən təlimlərin keçirilməsi ilə və digər müxtəlif proseslərdə dəstək göstərir.

Prezident İlham Əliyev NATO Sammiti çərçivəsində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş”dəki çıxışında da bu məsələlərə toxunaraq deyib: “Əfqanıstanın təhlükəsizliyi və davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir.

NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan “Qətiyyətli dəstək” missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək.

Azərbaycan Əfqanıstanın milli ordusunun Qəyyumluq Fonduna artıq bir neçə dəfə əhəmiyyətli yardımlar göstərib. Biz götürdüyümüz öhdəliklərə uyğun olaraq, həmin Fondu maliyyə baxımından dəstəkləməkdə davam edəcəyik.

Biz Əfqanıstan ilə uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalırıq və “Qətiyyətli dəstək” missiyası başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfəmizi verməyi nəzərdə tuturuq.

Azərbaycanın Əfqanıstanda sabitliyə və inkişafa verdiyi töhfə NATO əməliyyatlarındakı iştirakımızdan əlavə olaraq həyata keçirilir.

Biz hərbi tədris, təhsil, infrastruktur, daşıma, sərmayələr və qadınların cəmiyyətdə rolunun artırılması kimi sahələrdə praktiki yardım göstərməklə, Əfqanıstanı etibarlı gələcəyə doğru islahatlar yolunda ikitərəfli qaydada dəstəkləyirik.

Azərbaycan yaxın gələcəkdə başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maliyyə və texniki dəstəyini göstərib. Bu layihə Avropa və Asiyanın dəmir yolu xətlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Əfqanıstan, həmçinin bu mühüm daşımalar şəbəkəsinə qoşula bilər.

Xəzər regionunda ölkəmizin ən iri Beynəlxalq Ticarət Limanının tikintisi Avrasiyada əməkdaşlıq üçün yeni imkanları yaradır. Əminəm ki, Əfqanıstan, həmçinin bu layihədən faydalanacaq.

Azərbaycan–NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.

İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk.

NATO 1949-cu il aprel ayının 04-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiya tərəfindən imzalanmış Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. Təşkilat öz əsas məqsədi kimi üzv dövlətlərin mümkün hücumlardan qorunması, müdafiə və xarici siyasətlərinin əlaqələndirilməsi olduğunu bəyan etmişdir. Kollektiv təhlükəsizlik prinsiplərinə əsaslanan NATO Nizamnaməsinin V maddəsinə əsasən, təşkilat üzvlərindən birinə qarşı edilən hücum onun bütün üzvlərinə qarşı yönəlmiş təhdid kimi qəbul edilir.

Eyni zamanda hücum aksiyası planlaşdıran hər hansı bir NATO dövləti təşkilatın bütün digər üzvləri ilə konsensusa nail olduqdan sonra bu addımı ata bilər. Bu üzv ölkələrin təcavüzkar addım atmasının qarşısının alınması məqsədilə nizamnamədə əksini tapmış maddədir. Lakin artıq nə amerikalıları, nə fransızları, nə də almanları müharibələr aparmaq deyil, daha çox biznes və maliyyə məsələləri maraqlandırdığından və bu səbəbdən onların xarici ticarətdən asılılıqları artdığından bu xalqlar xarici ticarətdən asılı vəziyyətə düşmüş və dünyada sabitlik haqqında düşünmək məcburiyyətində qalmışlar. Ötən əsrlərdə Qərb ölkələrinin təcavüzkar müharibələr aparmaları daha çox demoqrafik və iqtisadi artımın dinamik inkişafı ilə bağlı olmuşdur. İndi bu hal daha çox İslam dünyası və Şərqi Asiya ölkələrinin adı ilə bağlıdır. Avropa xalqları artıq həyati vacib məkanlar ideyası uğrunda mübarizə aparmırlar. Əksinə, onlar indi öz ərazilərini mühacirlərdən qorumağa çalışırlar.

Eyni zamanda Qərb ölkələrinin hərbi vasitələrdən istifadə etmədən də öz xarici siyasət məqsədlərinə nail olmaq üçün güclü təsir mexanizmləri mövcuddur.

NATO ölkələrinin demokratik ölkələr olması və ictimai-siyasi sistemlərinin mürəkkəbliyi xarici siyasətdə hər hansı bir sosial qrupun dominantlıq imkanlarını məhdudlaşdırır və digər qrupların razılığı olmadan müharibəyə başlamaq imkanlarını istisna edir. Bu cür siyasi sistem siyasi rəhbərlik dəyişiklikləri olduqda belə daxili və xarici siyasətdə güclü təbəddülatlara məruz qalmır və nəticədə siyasi oriyentasiyada kəskin dəyişikliklərə yol açmır.

NATO çərçivəsində bir sıra proqramlar fəaliyyət göstərir. Onlardan ən əhəmiyyətlisi – “Sülh naminə tərəfdaşlıq” proqramı Avroatlantik Tərəfdaşlıq Şurasına (ATŞ) əsaslanır. Rusiya ATŞ-də fəaliyyətini NATO-nun 1999-cu ilin mart ayında Kosovoya müdaxiləsindən sonra dayandırmış, 2000-ci ilin fevral ayında fəaliyyətini qismən bərpa etmişdir.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra NATO daxilində terrorçuluqla mübarizə aparmaq üçün xüsusi struktur yaradılmışdır. NATO Nizamnaməsinə əsasən, müqavilənin prinsiiplərini inkişaf etdirməyə və kollektiv təhlükəsizliyə öz töhfəsini verməyə qadir olan istənilən dövlət təşkilata üzv qəbul edilə bilər.

1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. 1966-cı ildə Fransa (2009-cu ildə yenidən bərpa edilmişdir), 1974-cü ildə Yunanıstan (1980-ci ildə yenidən qayıtmışdır) NATO-nun hərbi təsisatlarından çıxmışlar.

Şərq bloku ilə qarşıdurma başa çatdıqdan sonra 1999-cu ildə Polşa, Çexiya, Macarıstan, 2004-cü ildə Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya, Sloveniya, Bolqarıstan, 2009-cu ildə Albaniya və Xorvatiya təşkilata üzv qəbul edilmişlər. Beləliklə, hazırda təşkilat üzvlərinin sayı iyirmi səkkizə çatmışdır.

NATO-ya mümkün üzv və tərəfdaş dövlətlər sırasında Finlandiya, İsveç, Avstriya, İsveçrə, İrlandiyanın adları çəkilsə də, onlar Alyansa üzvlük məsələsinə bir o qədər də maraq göstərmirlər. Bunun əsas səbəbi üzvlük üçün əlavə maliyyə vəsaitinin tələb edilməsidir.

Kommunist blokuna qarşı yaradılmış NATO Soyuq müharibənin başa çatmasından sonra Varşava Paktından fərqli olaraq nəinki mövcudluğunu qoruyub saxlaya bildi, üstəlik öz hərbi-siyasi rolunu və üzvlərinin sayını artırdı. NATO-nun Şərqə doğru genişlənməsi gələcəkdə onun qeyri-sabit periferik regionlarda hərbi əməliyyatlar keçirə biləcəyini göstərir. Bəzi rus alimləri, siyasətçiləri bunu dəniz (talassokratiya) və kontinent (tellurokratiya) dövlətləri arasında geostrateji rəqabətin yeni mərhələsi kimi görürlər. Analitiklər tərəfindən NATO-nun Şərqə və Cənub-Şərqə doğru genişlənməsi Avrasiyanın «ürəyinə» (heartland) doğru ABŞ ekspansiyası kimi dəyərləndirilir.

NATO-ABŞ-Rusiya arasında mövcud olan onsuz da mürəkkəb münasibətlərin son dövrlərdə bir qədər də kəskinləşməsi müşahidə edilir. Bu, xüsusilə NATO-nun Buxarest sammitində özünü büruzə vermişdir. Qeyd edək ki, Buxarest sammiti NATO yaranandan indiyədək Alyansın keçirdiyi ən möhtəşəm tədbir olmuşdur. Sammitin gündəliyində Alyansın genişlənməsi, ABŞ-ın Polşa və Çexiya ərazisində raketdənmüdafiə sistemlərini yerləşdirməsi, Əfqanıstdandakı vəziyyət, NATO-Rusiya görüşlərinin müntəzəm keçirilməsi məsələləri dururdu. Alyansa yeni üzvlərin qəbulu məsələsi xüsusilə qızğın müzakirəyə səbəb olmuşdur. Albaniya və Xorvatiya təşkilata üzv qəbul edilsə də, Makedoniyanın Alyansa qəbuluna Yunanıstan mane olmuşdur. Yunanıstanın tərkibində eyni adlı vilayət olduğuna görə Afina Makedoniyadan dövlətin rəsmi adını dəyişməyi tələb etmişdir.

Lakin ən gözlənilməz hadisə ABŞ-ın rəsmi dəstəyinə rəğmən Ukrayna və Gürcüstanın təşkilata üzvlüyü məsələsinin təxirə salınması olmuşdur. Almaniya, Fransa və bir sıra Avropa ölkələrinin təşəbbüsü ilə baş tutan bu qərar Rusiya diplomatiyasının qələbəsi kimi də qiymətləndirilir. Lakin bununla belə, amerikalı diplomatların manevrləri nəticəsində sammitin yekun kommunikesinin mətninə «Ukrayna və Gürcüstan NATO üzvü olacaqlar» ifadəsinin daxil edilməsi Alyansın bu mövzunu birdəfəlik qapatmadığını və növbəti dəfə yenidən məsələyə qayıdacağını düşünməyə əsas verir.

ABŞ-ın Polşa və Çexiyada raketdənmüdafiə sistemi qurmaq planlarına və Əfqanıstandakı koalisiya qüvvələrinə Vaşinqtonun NATO-dakı avropalı müttəfiqlərinin dəstək verməsi bu ölkənin sammitdə qazandığı uğurlar sırasına aid edilə bilər. Məsələn, Fransa Əfqanıstanın cənubundakı koalisiya qüvvələrində xidmət etmək üçün yeddi yüz nəfərdən ibarət hərbi qulluqçu göndərmək barədə qərar qəbul etmişdir. Bundan savayı, Fransa NATO-nun genişmiqyaslı hərbi fəaliyyətində hərtərəfli və intensiv şəkildə iştirak etmək niyyətini bəyan etdi. Bu, Şarl de Qollun prezidentliyindən sonra Fransa tərəfindən səsləndirilən ilk belə bəyanat idi.

Tarixə ekskurs edərək deməliyik ki, 1958-ci ildə prezident seçilən Ş.de Qollun ABŞ-ın NATO-dakı xüsusi roluna və bu ölkə ilə Böyük Britaniya arasındakı xüsusi münasibətə etiraz əlaməti olaraq, 1958-ci il sentyabr ayının 18-də ABŞ Prezidenti D. Eyzenhauerə və İngiltərənin Baş naziri N. Makmillana göndərdiyi memorandumda Fransanın bu iki ölkə ilə bərabər üstünlüyə malik olmasını nəzərdə tutan Üçtərəfli Direktoratın yaradılması, habelə Fransanın tabeliyində olan müstəmləkə ərazilərin, xüsusilə Əlcəzairin NATO-nun coğrafi maraq dairəsinə daxil olması barədə təkliflər öz əksini tapmışdır. Qənaətbəxş cavab almayan de Qoll öz ölkəsi üçün müstəqil müdafiə sisteminin yaradılmasına başladı. 1959-cu ilin mart ayında Fransa Aralıq dənizindəki donanmasını NATO-nun ümumi komandanlığından çıxartdı, üç ay sonra, 1959-cu ilin iyununda isə de Qoll Fransa torpağında xarici nüvə silahlarının yerləşdirilməsini qadağan etdi. Bu, Birləşmiş Ştatları özünün 200-ə yaxın hərbi təyyarəsini bu ölkədən çıxarmağa və 1950-ci ildən bəri istifadəsində olan böyük hava qüvvələri bazasını 1967-ci ildə Fransaya geri verməyə məcbur etdi.

Öz növbəsində, Fransa müstəqil nüvə proqramı üzərində fəaliyyətə başladı və 1960-cı ilin fevral ayında o zamankı Fransa Əlcəzairində ilk nüvə silahını sınaqdan keçiridi.

1962-ci il Karib böhranı zamanı digər NATO ölkələri ilə həmrəylik nümayiş etdirməsinə baxmayaraq, prezident de Qoll anti-NATO fəaliyyətini davam etdirərək, Fransanın Atlantik və La-Manş donanmalarını NATO komandanlığının tabeliyindən çıxarmaq barədə qərar qəbul etdi.

1966-cı ildə Fransanın bütün silahlı qüvvələri NATO-nun Birləşmiş Hərbi Komandanlığından çıxarıldı və qeyri-fransız NATO əsgərlərinə Fransanı tərk etmək əmri verildi. Bu hadisə 1967-ci ilin oktyabr ayında Avropada Birləşmiş Qüvvələrin Ali Baş Qərargahının Fransadan Belçikaya köçürülməsi ilə nəticələndi.

Bu ölkə yalnız 1995-ci ildən NATO-nun hərbi strukturlarının fəaliyyətində iştirak etməyə başladı. Bununla belə, Fransa Birləşmiş Hərbi Komandanlığa hələ də tam inteqrasiya etməyib və qeyri-fransız NATO əsgərlərinə Fransa torpağında yerləşmək icazəsi verilməyib. Lakin hazırkı Fransa prezidenti N. Sarkozinin siyasəti ölkəsinin tədricən, yenidən mərhələli şəkildə NATO-ya inteqrasiyasına yönəlmişdir.

Sammitdə maraq doğuran çıxışın müəllifi isə Rusiya Prezidenti Vladimir Putin olmuşdur. Onun fikrincə, NATO və Rusiya arasında təşkilatın Şərqə doğru genişlənməsi, Alyansın yeni üzvlərinin ərazisində hərbi infrastrukturun yaradılması, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə, Qərb dövlətləri tərəfindən Kosovonun müstəqilliyinin tanınması, Polşa və Çexiyada raketdənmüdafiə sistemlərinin yerləşdirilməsi və s. məsələlər ətrafında yaranmış fikir ayrılıqlarının səmərəli şəkildə həlli yalnız Alyansın genişlənməsi zamanı Rusiyanın maraqlarının nə dərəcədə nəzərə alınmasından asılıdır. Otto fon Bismarkın «beynəlxalq siyasətdə ən mühüm amil niyyətlər deyil, potensialdır» fikrini sitat gətirən Rusiya prezidenti Alyansın öz coğrafi məsuliyyət zonasının hüdudlarını aşaraq fəaliyyətini enerji təhlükəsizliyi, kibertəhlükəsizlik sferalarınadək genişləndirdiyini, lakin NATO-nun qlobal təhlükəsizliyin təminatsçısına çevrilmək perspektivlərinin reallaşacağı təqdirdə belə onun bugünkü dünya reallıqları şəraitində mövcud və potensial təhdidlərin öhdəsindən təkbaşına gələ biləcəyinə inanmadığını, bu cür problemlərin yalnız beynəlxalq münasibətlərin bütün strateji faktorlarının, həm ayrı-ayrı dövlətlərin, həm də beynəlxalq və regional təşkilatların birgə səyi nəticəsində səmərəli şəkildə öz həllini tapacağını bəyan etmişdir. O, Moskvanın NATO rəsmilərinin təşkilatın fəaliyyətinin birbaşa Rusiyaya qarşı yönəlmədiyi barədə şifahi bəyanatları ilə qane olmadığını və Rusiya sərhədləri yaxınlığında güclü hərbi alyansın mövcudluğunu ölkəsinin milli təhlükəsizliyinə və ümumilikdə milli maraqlarına qarşı yönəlmiş birbaşa təhdid kimi qiymətləndirdiklərini vurğulamışdır.

V. Putin habelə Rusiyanın iştirakı olmadan Alyansın müasir dünyanın təhdidlərinə qarşı səmərəli müqavimət göstərməyə və mövcud problemləri təkbaşına həll etməyə qadir olmadığını isbat etməyə çalışmışdır.

Rusiya və Qərb arasındakı mövcud problemlər və münasibətlərin perspektivləri C. Buş və V. Putinin Soçi görüşündə də davam etdirilmişdir. ABŞ və Rusiya dövlət başçılarının Soçi görüşündən əvvəl Qərb mətbuatında yer alan proqnozlarda belə bir inam ifadə olunurdu ki, sonuncu NATO sammitində Alyans üzvlərinin Şərqi Avropada raketdənmüdafiə sistemlərinin yerləşdirilməsi məsələsində ABŞ-ın mövqeyini dəstəkləməsindən sonra Moskvanın mövqeyində mülayimləşmə hiss edilə bilər.

Lakin C. Buşla görüşdən sonra V. Putin qeyd etmişdir ki, Vaşinqtonun planlarına dair Moskvanın münasibətində heç bir prinsipial dəyişiklik yoxdur və Rusiya bərabərhüquqlu demokratik nəzarət əsasında ABŞ-ın raketdənmüdafiə sisteminə alternativ kimi qlobal raket hücumundan müdafiə sisteminin yaradılmasını daha məqsədəuyğun hesab edir. Putin habelə bəyan etmişdir ki, Qərb Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, keçmiş Sovet respublikalarını hərbi və siyasi alyanslara cəlb etməkdənsə, Rusiyanın özü ilə münasibətləri qaydaya salmağın qayğısına qalsa, yaxşı olar.

Lakin həm Moskva, həm də Vaşinqton öz prinsiplərindən geri çəkilmək istəmədikləri üçün ümumi ortaq məxrəcə gələ bilmirlər. Xüsusilə, ABŞ-ın Polşa və Çexiyada raketdənmüdafiə sistemi yaratmaq planlarına Rusiyanın qətiyyətlə qarşı çıxması münasibətlərin ən mürəkkəb məsələlərindən biridir. Amerikanın mövqeyinin əsas mahiyyəti bundan ibarətdir ki, istənilən halda Polşa və Çexiyada bu sistem yerləşdiriləcəkdir. Vaşinqton bunun Rusiyaya heç bir təhlükə törətmədiyi, Avropa və ABŞ-ın İranın raket hücumlarından qorunmaq üçün həyati əhəmiyyət daşıdığı fikrində israrlıdır. Əksinə, Rusiya ABŞ-ın bu planının onun təhlükəsizliyini təhdid etməsindən və regionda qüvvələr balansını pozacağından ehtiyat edir. Artıq Rusiya əvvəlki danışıqlarda olduğu kimi, ABŞ-ın təkidlə bu plandan əl çəkməsini və Avropada yaradılacaq raketdənmüdafiə sistemləri üzərində birgə nəzarət edilməsini tələb kimi qoymur.

Son danışıqlarda ABŞ Polşa və Çexiyada raketdənmüdafiə sistemləri yaratmaq planını həyata keçirmək fikrində israrlı olsa da, Rusiyanın narahatlığını anlayışla qarşıladığını və bunu azaltmaq üçün Moskva ilə qarşılıqlı inamı artırmaq üçün müəyyən tədbirlər görə biləcəyini bəyan etmişdir. ABŞ tərəfi buna misal olaraq, Polşa və Çexiyadakı sistemləri İran tərəfdən real raket hücumu təhlükəsi ilə qarşılaşmayanadək işə salmamağı göstərir. Rusiya isə Qərbdəki tərəfdaşların heç də hər zaman verdikləri sözün üstündə durmadıqlarını və öz vədlərinə əməl etmədiklərini əsas gətirir. Məsələn, ötən əsrin 80-ci illərinin sonlarında ABŞ-ın Dövlət katibi və NATO Baş Katibinin Alyansın sərhədlərinin birləşmiş Almaniyadan kənara çıxmayacağı, Almaniyanın sərhədlərinin NATO-nun ən son şərq hüdudları olacağı haqda bəyanatlar verməsinə rəğmən, bu gün Polşa və Baltik respublikalarının artıq tamhüquqlu üzvlərə çevrilməsi, Ukrayna və Gürcustan kimi postsovet ölkələrinin üzvlük məsələsinin isə müzakirəyə çıxarılması buna sübutdur.

Rusiyanın xarici işlər naziri S. Lavrov isə öz növbəsində NATO-nun genişlənmə planlarının müasir dünya reallıqlarından uzaq olduğunu, ABŞ-ın birtərəfli qaydada raketdənmüdafiə sistemləri yaratmaqdansa, Rusiya və digər ölkələrin də daxil olduğu alternativ layihə yaradılmasını daha məqsədəuyğun hesab etdiyini bildirmişdir. O belə bir əminlik ifadə etmişdir ki, ABŞ və Rusiya Avroatlantik regionunda təhlükəsizlik üçün xüsusi məsuliyyət daşıyır və bu iki ölkə arasındakı problemlərin öz həllini tapması dünyanın, demək olar ki, bütün regionlarında strateji sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »