Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT – Azərbaycan əlaqələri

Avropada təhlükəsizliyi təmin etmək və əməkdaşlığı inkişaf etdirmək məqsədilə Avropa, Mərkəzi Asiya və Şimali Amerikanın əlli altı dövlətini birləşdirən ən böyük regional təşkilatdır.

1973-cü ildə SSRİ və Avropanın digər sosialist ölkələri qitədə təhlükəsizliyi təmin etmək və əməkdaşlığı inkişaf etdirmək məqsədilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çağırmaq təşəbbüsü ilə çıxış etmişlər.

ATƏM-in yaradılmasının məqsədi Avropada hərbi qarşıdurmanı azaltmaq və bütün qitəni əhatə edən ümumi təhlükəsizlik modelinin işlənilib-hazırlanması olmuşdur. Müşavirənin əsas nəticəsi 1975-ci ildə “Helsinki müqaviləsi” adlı sənədin - ATƏM yekun aktının qəbul edilməsi olmuşdur. Yekun aktı İkinci Dünya müharibəsinin siyasi və ərazi məsələlərinə dair nəticələrini, o cümlədən sərhədlərin toxunulmazlığı prinsipini təsbit etmişdir.

Eyni zamanda bütün iştirakçı dövlətlər hərbi sahədə (hərbi təlimlər və qoşunların hərəkəti barədə bir-birini əvvəlcədən məlumatlandırma, hərbi təlimlərdə müşahidəçilərin iştirak etməsi), ətraf mühitin mühafizəsi, insan hüquq və azadlıqlarının müdafiəsinə dair qarşılıqlı etimadın möhkəmləndirilməsi sahəsində öz üzərlərinə bir sıra öhdəliklər götürmüşlər.

ATƏM-in fəaliyyəti uzun illər ərzində dörd ildən bir çağırılan konfranslarla məhdudlaşmışdır. Soyuq müharibə şəraitində Müşavirə Qərb və Şərq bloku ölkələri arasında əsas daimi əlaqə kanalı olmuşdur.

ATƏM ikiqütblü beynəlxalq münasibətlər şəraitində dövlətlərarası münasibətlərə çoxtərəflilik çalarları əlavə etmişdir. 1990-cı il noyabr ayının 21-də Parisdə Soyuq müharibəyə son qoyan sənədin - “Yeni Avropa üçün Xartiya”nın imzalanması ATƏM-i danışıqlar forumu formatında fəaliyyət göstərən təşkilatdan fəal bir təşkilata çevirmişdir.

SSRİ-nin süqut etməsindən sonra ATƏM Şərqi və Mərkəzi Avropa ölkələrinin üzvlüyü nəticəsində sıralarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. 1992-ci ildə keçirilən Helsinki sammiti ATƏM-in iştirakçı dövlətlər arasında siyasi dialoq formatından transregional təşkilata çevrilməsində mühüm rol oynadı. ATƏM lokal və regional münaqişələrin qarşısının alınması və nizamlanması sahəsində tədbirlər həyata keçirmək üçün geniş səlahiyyətlər və imkanlar əldə etdi.

1994-cü ildə Budapeşt sammitində ATƏM-in 1995-ci ildən etibarən ATƏT adlandırılması barədə qərar qəbul edildi. ATƏT bölgədə mübahisələrin sülh yolu ilə nizamlanması, münaqişələrinin qarşısının ilkin dövrdə alınması, böhranların tənzimlənməsi və münaqişədənsonrakı bərpa işlərinin həyata keçirilməsində əsas təşkilat kimi qəbul edilirdi.

ATƏT-in əsas nöqsanlarından biri onun beynəlxalq-hüquqi statusunun olmamasıdır ki, bunun nəticəsində onun heç bir qərarı hüquqi qüvvəyə malik deyildir. Təşkilatın mənzil-qərargahı Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Təşkilatın habelə Kopenhagen, Cenevrə, Haaqa, Praqa və Varşavada da nümayəndəlikləri mövcuddur. Büdcəsi – yüz altmış milyon avrodur.

ATƏT Azərbaycanda ən çox tanınan, eyni zamanda ən çox fəaliyyətindən narazı qalınan təşkilatdır. Buna ən əsas səbəb ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ məsələsində tutduğu mövqedir.

Eyni zamanda, təşkilatın seçki monitorinqi missiyasının 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkiləri zamanı obyektivliyə əsaslanmayan rəy verməsi də ona olan inamsızlığı daha da artırıb. Lakin Azərbaycan ictimaiyyətinin ATƏT-dən ən mühüm gözləntisi sözsüz ki, Qarabağ münaqişsəinin ədalətli həllinə olan ümidlərdir.

Münaqişədə de fakto və de yurye status kvo var. De yurye Qarabağ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində yerləşən bir ərazisidir, hətta vilayət statusu da yoxdur. Azərbaycan onun bu statusunu haqlı olaraq ləğv edib. Əgər danışıqlar uğurla yekunlaşarsa, Azərbaycan ora yüksək muxtariyyət statusu verməyə hazırdır.

De yurye status kvo BMT-nin 4 məlum qətnaməsi, beynəlxalq hüquq prinsipləri, hamılıqla qəbul olunmuş beynəlxalq normalar, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Helsinki Yekun Aktında nəzərdə tutulan prinsiplərin məcmusudur. Yekun de yurye status kvo isə tərəflər arasında sülh sazişi imzalandıqdan sonra təsbit oluna bilər.

De fakto status kvo isə hazırda təmas xəttində işğalçı ordu ilə Azərbaycanın müdafiə ordusu arasındakı cəbhə xəttində olan vəziyyətdir. ATƏT-in sülhyaratma missiyasının tərkibinin genişlənməsi de fakto status kvota təsir edə bilər. Lakin de yurye status kvonu dəyişməyəcək. ATƏT müşahidə missiyası onsuz da var idi, bu, yeni bir təsisat deyil, say tərkibi genişləndirilir. Bu genişlənmə vəziyyətin monitorinqini daha yaxından izləməyə imkan verəcək.

Atəşkəsi ən çox pozan, təxribat törədən, snayperlərdən atəş açıb hərbçiləri öldürən hansı tərəfdirsə, müşahidə missiyasının genişlənməsi də həmin tərəfi daha çox narahat edər. Azərbaycan belə təxribatlara əl atmır, bunu Ermənistan edir, deməli bu onları daha çox narahat etməlidir.

Əksinə, cəbhəyanı bölgələri iriçaplı silahlardan atəşə tutulan, mülki əhalisi öldürülən, hərbi qulluqçuları snayperlərdən atəş açılaraq qətlə yetirilən Azərbaycan tərəfdir. ATƏT müşahidə missiyasının genişlənməsi bunun qarşısını almasa da, ən azından monitorinq aparıb təxribatçının kim olduğunu müəyyən edə bilər.

Hətta Azərbaycan da onların cavabını versə belə, bu cavabvermə bəzən güc ekvivalentini aşsa da, bunun ermənilərə psixoloji təzyiqdən başqa hansısa bir təsir göstərməsi çətin məsələdir. Ermənistan və Qarabağ erməniləri bilir ki, onun arxasında Rusiya durur, Azərbaycanın onların atəşinə lap 10 qat artıq cavab verməsi münaqişənin yekun həllinə, Qarabağın bizə qaytarılmasına gətirib çıxaracaqmı?!

Rusiyanın bu məsələdə mövqeyinə gəlincə, düşünmək olar ki, Yaxın Şərqdə hərbi uğurlardan sonra Rusiya həddindən artıq eyforiyaya qapılıb və özünü artıq faktiki fövqəldövlət kimi aparır. Üstəlik, ABŞ-Avropa münasibətlərində ziddiyyət, NATO-da Türkiyənin mövqeyindən dolayı fikir ayrılığı Rusiyanı özünü ikinci SSRİ rolunda hiss etdirir.

Bu, Rusiyanın Qarabağ siyasətinə də təsir edir. Rusiya Qarabağda mövcud status kvonun saxlanılmasında son dərəcə maraqlıdır və bu səbəbdən ordakı vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsini, Ermənistanın təşvişə düşməsini istəmir. ATƏT müşahidəçiləri missiyasının tərkibi genişlənməklə Rusiyanın planları daha da möhkəmlənmiş olur.

Nə Pentaqon, nə NATO Qarabağı özlərinin həyati maraq zonasına daxil etməyiblər, üstəlik də onların başı hazırda Suriyada qarışıqdır. Avropa Birliyinin özünün də ABŞ-la bir sıra problemləri var, üstəlik onlar Rusiya təbii qazından çox asılıdır. Qarabağ belə bir mürəkkəb beynəlxalq şəraitdə Rusiyanın nəzarətindədir və o, proseslərə çox böyük təsir göstərir.

ATƏT-in müşahidə missiyasının seçkilərin nəticələrinə dair rəyi də obyektiv olmayıb. Buna bir çox əsaslar var.

Seçkiləri 60 ölkəni təmsil edən 900-ə yaxın müşahidəçinin, ümumilikdə isə 60 min nəfər yerli və beynəlxalq müşahidəçilərin olmasına baxmayaraq, ATƏT və Avropa Şurasının seçki müşahidə missiyaları belə bir ədalətsiz, qərəzli mövqe nümayiş etdirdilər. Bunun da bir sıra səbəbləri var. Əvvəla, bu təşkilatlar özləri müstəqil deyillər. Müəyyən dairələrin sifarişlərini yerinə yetirirlər. Onlar üçün seçkinin necə keçirilməsi önəmli deyil, hər hansı dövlətə münasibətlərini ortaya qoymaq üçün seçkilər sadəcə bir vasitədir. Bunlar korrupsiyalaşmış, artiq beynəlxalq münasibətlər sistemində öz əhəmiyyətini itirmiş təşkilatlardır.

ATƏT yarandığı vaxtdan bəri hansı münaqişənin effektiv şəkildə həllinə nail olub, hansı ölkələrdə demokratikləşmə mühitinə yardımçı olub?! Təşkilatın uğurlarından daha çox, uğursuzluqları, adının ətrafında qalmaqallar baş verib. Bu təşkilatlar suveren dövlətlərə təzyiq vasitəsindən başqa bir şey deyil. Heç ATƏT-i yaradan dövlətlər, məsələn ABŞ onu özündə keçirilən seçkilərə buraxmır. Bu təşkilat separatçılarla, işğalçılarla əməkdaşlıq edir. Məsələn, Ukraynada Donetsk və Luqanskda bəzi belə hallar baş vermişdi.

BMT kimi ATƏT, Avropa Şurası da artıq ya islah olunmalı, ya da əvəzində yenisi yaradılmalıdır. Azərbaycan əhalisi savadlı, dünyəvi təfəkkürə malik, azad insanlardır. Ancaq bu təşkilatlar elə qeyd edirlər ki, guya hansısa ucqar, demokratiyadan uzaq bir ölkədən danışırlar. Halbuki, onların özlərinin təmsil etdikləri ölkələrdə daima seçkilərdə saxtakarlıq, demokratiyanın pozulması baş verib. Məsələn, onlardan biri Yeqor Tulçinov bolqardır. Bir şəxsə görə bir ölkəni mənfi səciyyələndirmək olmaz. Lakin Bolqarıstan SSRİ-nin əlaltısı olan ölkə olub. Bolqarıstanda milli azlıqların, o cümlədən türklərin hüquqları daima pozulub. Baxmayaraq ki, onlar əsrlər boyu Osmanlının müstəmləkəsi olublar. Sovet kəşfiyyatı ən çirkli işlərini, sui-qəsdləri bolqar kəşfiyyatının əli ilə görüblər. İndi də Bolqarıstan Avropanın ən kasıb, geridə qalmış ölkələrindən biridir. Belə bir ölkədən çıxan adam indi gəlib ATƏT-də oturub Azərbaycandakı seçkilər haqda tənqidi rəy yazır. Müşahidə missiyasının digər üzvləri haqda da oxşar fikirlər səsləndirmək olardı. İtaliyada indi də mafiya seçiciləri pulla ələ alır, Almaniyada hökumət seçkilərinə, İngiltərədə Brexitə, İspaniyada Kataloniya referendumuna hələ də müdaxilələr olur. Belə bir şəraitdə, seçkilərin gedişatına həlledici təsir etməyən, xırda texniki qüsurları qabartmaq qərəzli münasibətdən başqa bir şey deyil. Üstəlik, rəyin mətninin seçkilərin başa çatmasından çox əvvəl hazırlanması ATƏT-in nüfuzuna böyük xələl gətirən hadisə oldu.

Nəzakət Məmmədova, politoloq, xüsusi olaraq “Bizim Yol” üçün

Son xəbərlər
Bütün xəbərlər »