Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nə qədər ayıb!

Akif ƏLİ,

Yazıçı-publisist, Fəlsəfə doktoru

Mingəçevirdəki Elektrik Stansiyasında baş verən qəza nəticəsində Bakı və Gəncə də daxil olmaqla respublikanın 39 şəhər və rayonunda elektrik enerjisi kəsildi. Hadisəyə dərhal reaksiya verən Azərbaycan Respublikasının Prezidenti qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyasının yaradılması barədə Sərəncam imzaladı. Bütün aidiyyatı qurumlar ən qısa vaxtda problemi aradan qaldırmaq üçün səfərbər oldular.

Əlbəttə, qəzadan heç bir ölkə sığortalanmayıb, dünyanın hər yerində təbii fəlakətlər, daşqınlar, uçqunlar, dağıntılar, təxribatlar, yanğınlar olur və dövlət mübarizəyə qalxır. Hər ölkə fəlakətə bir cür münasibət bəsləyir. Hər xalq öz ağrısını eyni cür qarşılamır. Ağıllı tərzdə, səbrlə, təmkinlə, sakit və soyuqqanlı davrananlar da olur, panikaya düşən, təlaş içində gur emosional reaksiya verən cəmiyyətlər də. Dünyanın müxtəlif fəlakət zonalarından baxdığımız və oxuduğumuz reportajlarda nizamlı-intizamlı şəkildə xilasedicilərə yardıma qoşan toplumları da görmüşük, başılovlu qara-qışqırıq sala-sala, təlaş içində əl-ayağa dolaşıb işə mane olan kütlələri də. Hərəsinin davranışı o cəmiyyətin yetginlik dərəcəsinin, həyat tərzinin, tarixən keçdiyi mədəni-intellektual inkişafının göstəricisidir. Eyni zamanda həmin davranışları tənzimləyən rəsmi idarəetmə strukturlarının səriştəsini, dövlətin ictimai-siyasi təngini, iqtisadi gücünü, potensial imkanlarını ortaya qoyur ekstremal situasiyalar. Bir sözlə, bu gör-götür dünyasında öyrənməli çox şey var...

Mingəçevirdə baş verən qəza nəticəsində Bakının və bölgələrin enerji təminatında, su təchizatında yaranan fasilələri əhalimiz anlayışla qarşılayıb dözüm, müdriklik göstərdi.

Fəqət o gərgin məqamda, başqa bir hadisə insanları silkələdi: Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olmuşdur! Enerji sahəsində yaranmış qeyri-ordinar hadisə kimi, bu cinayət informasiyası da bir göz qırpımında gündəmi zəbt etdi. Yenə internet portallarında, saytlarda, sosial şəbəkələrdə, şəxsi bloq və səhifələrdə ən müxtəlif təfəkkür məhsulu olan yalan-doğru informasiyalar bir-birini itələyə-itələyə, bir-birini təkzib edə-edə oxucuların üstünə gəldi. Hərə bir söz yazdı, hərə bir fikir dedi, hərə öz versiyasını paylaşdı. Bəzən hətta məsuliyyətsizcəsinə, narahatlığa əsas yoxdur, adi kriminal hadisədir, deyənlər oldu. Hər macalda dövlət qulluqçularına, hakimiyyət nümayəndələrinə, sadə zəhmətkeş məmur təbəqəsinə haqlı-haqsız hücuma keçənlər yenə ruhlanaraq qulduru az qala qəhrəman simasında göstərməyə, ona bəraət qazandırmağa çalışdılar. Onun “haqq elədiyini” əsaslandırmağa, mübarizə aparan bir “eloğlu” obrazı yapmağa səy etdilər.

Əslində narahatçılığa, özü də çox böyük narahatçılığa əsas var idi! Söhbət heç də adi kriminal hadisədən deyil, qeyri-adi cinayət əməlindən, pis bir presedentin baş verdiyindən gedirdi: Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə silahlı hücum olmuşdu! Yenicə 100 illiyini qeyd etdiyimiz Demokratik Respublikanın ilk paytaxtı qədim Gəncənin müasirləşməsində, yenidən qurulub gözəlləşməsində, daha da abadlaşmasında böyük xidmətləri olan İcra Hakimiyyətinin başçısına silahlı basqın edilmiş, ağır cinayət törədilmişdi! Ali dövlət orqanı təmsilçisinə qarşı həyata keçirilən bu “samosud” (özbaşınalıq) aktını dəyərləndirmək üçün hadisəyə xüsusi münasibət zəruri idi. Kimsə kimisə sevməyə bilər, konfliktdə ola bilər. Ancaq hüquqi dövlətdə hər hansı şikayət, narazılıq faktının kriminal küçə razborkaları yolu ilə həll edilməsi nonsensdir. Bunun üçün yuxarı instansiyalar var, məhkəmə var, müvafiq dövlət və hökumət strukturları, hüquq-mühafizə orqanları var... Odur ki, polisin yaxaladığı silahlı quldur barədə ictimai fikrə adekvat obraz təlqin etmək, onun mütləq qanun qarşısında cavab verəcəyini, layiqli cəzasını alacağını söyləmək, dövlət məmuruna əl qaldırmağın yolverilməz olduğunu demək və belə əməlləri qətiyyətlə pisləmək labüddür. Kriminal olayın əhəmiyyətini azaltmağa çalışmaq dövlət təfəkküründən uzaq düşüncənin təzahürüdür. Heç bir dövlətin yaxın buraxmadığı bu sayaq pis presedentin yaranmasına, az qala terrorun ört-basdır edilməsinə rəvac vermək deməkdir.

Bir sözlə, təəssüf ki, caninin əməli sözügedən bəzi sosial şəbəkəçilərin əlində dəstəvuza çevrildi. Virtual aləmdə fəallıq göstərən və kimliyi, hardan yayıldığı bilinməyən hünərvər oxşarları onun təhrifli anti-obrazını yaratmağa çalışdılar. Sən demə “məmurun qənimi” - “xalqın mənafeyini düşünənlərdən” imiş! Hətta əlində tapança dinin, imamın təəssübünü də çəkirmiş! Üstəlik qana susamış adama insan hüquqları naminə “qaşın üstündə qan var” demək olmazmış! Dövlət qulluqçusunu isə güllə-barana tutmaq halal imiş… və s. və i. belə-belə cəfəngiyyatlar.

Bu nə təfəkkür, necə düşüncə tərzidir!

Vaxtilə elə həmin sosial şəbəkələrdə, saytlarda, portallarda, bloq və səhifələrdə dövlətə qulluq edən məmurların haqq-nahaq tənqid atəşinə tutulmasına, ən adi, əhəmiyyətsiz bir sözü şişirdib az qala milli xəyanət şəklində təqdim edilməsinə, tərbiyəsiz üsullarla təhqir olunmasına, aşağılanmasına susan, göz yuman, yaxud gizlində “əlini-əlinə sürtüb” sevinən, bəlkə də hətta rəvac verən “çoxbilmişlərin” mediaya aşıladıqları “tezislər” sonradan o kriminal təfəkkürlü söyüşcüllər dəstəsi tərəfindən eynən şişirdilərək “konseptual” vərdişə çevrildi. Laqeyd müşahidələr fonunda tədricən hücumlar xırda məmurlardan iri məmurlara keçdi, ölkə daxilindən yurddışına çıxdı, görəvlilər vaxtında susqunluq göstərdiyi üçün iri məmurlardan nəhayət, ölkə rəhbərliyinə doğru uzandı. Hətta Ulu öndərə, Dövlət başçısına və onun ailəsinə qarşı nalayiq ifadələr işlədən “söyüş çetesinin” formalaşmasına səbəb oldu. Milləti heç də yaxşı cəhətdən xarakterizə etməyən belə üzdəniraq rüsvayçı əməlləri tək biz yox, bütün Avropa da gördü…

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatdan bilindi ki, Gəncə İcra Hakimiyyətinin başçısına silah tuşlayan adi küçə xuliqanı yox, qatı residivist imiş. Bu cinayət əməlindən əvvəl də o, dövlət qulluqçusuna hücum edib, polisin silahını oğurlayıb qaçıb, axtarışda olub, cəzadan yayınıb və indi qayıdıb ilk fürsət düşən kimi daha böyük vəzifəli dövlət adamına – Prezidentin səlahiyyətli nümayəndəsinə basqın edib. Özü də şəhərin mərkəzində, İcra Hakimiyyəti binasının qarşısında, insanların gur olduğu yerdə belə təhlükəli əməl törətmək üçün adi xuliqanlıq “kifayət etməz”, bunun üçün adamda ən qatı cinayətkarlara xas azğınlıq və zorakılıq psixologiyası olmalıdır. Demək, o heç də adi krim-hadisə törətməmişdi, düşünülmüş planlı şəkildə qanunsuz əməl etmiş, dövlət nümayəndəsinə hücuma vərdişli olaraq xüsusi amansızlıqla ağır cinayət törətmişdi. Dünyanın heç bir ölkəsində heç bir dövlət belə kriminal şəxsin özbaşınalığını əhəmiyyətsiz kimi təfsir etməz. Axı böyük bir şəhərin İcra başçısı işsiz-gücsüz sıra nəfəri deyil ki, küçədə gədələrlə adi kriminal “razborka” iştirakçısı olsun… Belə məntiqsiz-məsuliyyətsiz düşüncə nə qədər ayıb!

Cinayət və cəza bəşəri problemdir. Kriminal cəmiyyət daxilində elə bir əməldir ki, onun adisi, yaxud mürəkkəbi olmaz, hər cinayətin qarşısı dərhal və qanunun bütün sərtliyi ilə alınmalıdır. Hər cinayətin uyğun cəzası var. Hər əməlin adekvat cavabı var. Hər dövlət çalışır ki, vətəndaşı özünü ölkədə güvənli sansın və dövlətinə, dövlət başçısına arxalansın. Əks halda cəmiyyətdə xaos törənər, dövlətçilik dağılar, ölkə əldən gedər... Avropada, Amerikada polisin hətta ən elementar “dur” işarəsini belə yerinə yetirməyən sıravi vətəndaşla necə sərt davranıldığını görmüşük. O ki ola böyük vəzifə sahibinə silahlı hücum…

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də məhz bu bəşəri mülahizələrə görə dərhal Gəncədə baş vermis hadisəni şəxsi nəzarətinə götürüb müvafiq tapşırıqlar verib. Çünki söhbət məhz qeyri-adi cinayət əməlindən gedirdi!

Tarixilik baxımından çox qısa bir müddət ərzində dirçəlib ayağa qalxan, güclənib möhkəmlənən, regionda ən qüdrətli orduya, ən inkişaf etmiş iqtisadiyyata malik olan müstəqil Azərbaycan dövlətinin sabitliyi onun stabil inkişafının rəhnidir. Dövrədəki düşmənlər təbii, bu sabit inkişaf tempini sinirə bilməz. Onlar ötənlərin vəzirov-mütəllibov-axcçi əyyamlarında olduğu kimi, iradəsiz, səriştəsiz iqtidarlar görmək və bulanıq suda balıq tutmaq sevdası ilə yenidən xaos yaratmağa, qarşıdurmaya nail olmağa çalışacaqlar. Hər fürsət düşdükcə dövləti sarsıtmaq üçün, hökumətin dayanıqlığını dağıtmaq üçün, xalq-iqtidar birliyini pozmaq üçün min cür fitnə-fəsada əl atacaqlar... Və atırlar da…

Ancaq indiki Azərbaycan kimlərinsə xiffətini çəkdiyi o dönəmlərdən fəqli olaraq hər hansı məkrli düşmənin, pisniyyətli təxribatçının, residiv kriminal ünsürün qarşısında aciz qalan ölkə deyil. İndi qətiyyətli iradə sahibi olan, müstəqil siyasət yeridən, yüksək bacarıqlı Dövlət başçısı tərəfindən idarə olunan mövcud iqtidar hər bir qəza olayını dərhal aradan qaldırmağa, onun baş vermə səbəblərini araşdırmağa və günahkarı layiqincə cəzalandırmağa qadir hakimiyyətə malikdir. Ölkədə milli-mənəvi dəyərlərə əsaslanan daxili sabitliyi, davamlı inkişafı qoruyub saxlamaq isə hamıdan və hər kəsdən baş verən olaylara həssas münasibət tələb edir.

5.07.2018

Son xəbərlər
Bütün xəbərlər »