Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Regional təhlükəsizlik və ona qarşı əsas təhdidlər fonunda Azərbaycanın Rusiya, İran və Türkiyə ilə əlaqələri

Cənubi Qafqazın hazırkı geosiyasi vəziyyəti öz dinamikliyi, siyasi-hərbi gərginliyi, dövlətlərarası və etnik maraqların toqquşması, regionun strateji resurslarına nəzarət və nüfuz dairəsi uğrunda regional və qlobal səviyyədə rəqabətin davam etməsi konteksində yeni müstəqil dövlətlərin inkişafə və ya əksinə, Ermənistan nümunəsində olduğu kimi tənüzzülü prosesi ilə səciyyələndirilə bilər.

Regionda nüfuz əldə etmək uğrunda mübarizə aparan mühüm dövlətlərdən biri kimi Rusiya müəyyən çətinliklərlə üzləşməkdədir. Bunun əsas səbəbi ABŞ, Avropa Birliyi, Türkiyə və İranın onunla eyni marağı bölüşməsidir. Lakin bir sıra amillər, o cümlədən Ermənistan və Gürcüstanın hakim elitasının öz ölkələrinin gələcək inkişaf perspektivini Qərbə inteqrasiyada görməsi, regionu öz strateji maraq zonasına aid edən ABŞ və digər NATO ölkələrinin qlobal intervensionist (müdaxiləçi) siyasətində Cənubi Qafqaz regionuna xüsusi diqqət yetirilməsi, Xəzərin karbohidrogen resursları və onların dünya bazarına nəqli marşrutları uğrunda gərgin mübarizə, həll olunmamış münaqişələrin mövcudluğu (Gürcüstan-Abxaziya, Gürcüstan–Cənubi Osetiya, Ermənistan–Azərbaycan-Dağlıq Qarabağ) bu sahədə Rusiyanın uğur əldə etmək imkanlarını xeyli azaltmışdır. Məlum oluduğu kimi, Rusiyanın Ermənistanla və Azərbaycanla münasibətlərindən fərqli olaraq Gürcüstanla münasibətləri əvvəlki illərdə daha problematik olmuşdur. Çünki bu ölkə Avropa siyasi və iqtisadi strukturlarına inteqrasiya yolunu tutmuş və eyni zamanda Atlantizm bazasında təşəkkül tapmaqda olan yeni təhlükəsizlik sistemində daha yaxından iştirak etmək istəmişdir. Lakin son aylarda artıq Ermənistan da Rusiyadan uzaqlaşma yolu tutur. Son zamanlaradək Azərbaycan öz hərbi qüdrətini maliyyə vəsaiti hesabına, Ermənistan isə öz müstəqilliyinin məhdudlaşdırılması və Rusiyanın bölgədəki geosiyasi maraqlarının təmin olunması hesabına artırırdı.

Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirakdan imtina edən Azərbaycan Respublikası öz yeni milli, regional və beynəlxalq təhlükəsizlik strategiyasının formalaşmasının əsası kimi Türkiyə ilə hərbi-siyasi əməkdaşlıq strategiyasına üstünlük verməkdədir.

NATO ilə əməkdaşlıq sahəsində Azərbaycanın qoşulduğu “Sülh naminə tərəfdaşlıq proqramı” və “Fərdi tərəfdaşlıq proqramı” xüsusi əhəmiyyət kəsb edir. Bu proqramlar əsasında NATO mütəxəssisləri müdafiə planlaşdırılması, maddi-texniki təchizat, şəxsi heyətin və xüsusi təyinatlı dəstələrin təlim keçməsi, mülki müdafiənin təşkili və s. məsələlərdə Azərbaycana yardım göstərirlər. Habelə, müntəzəm olaraq siyasi və hərbi informasiya mübadiləsi, siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. NATO ölkələri, xüsusilə Türkiyə hava məkanı da daxil olmaqla sərhədlərin qorunması, sərhədçilərin öz peşə hazırlığını artırması və texniki təchizatının yaxşılaşdırılması işində Azərbaycana yaxından kömək göstərmişdir.

Bəzi erməni ekspertləri hesab edirlər ki, Azərbaycanın real hərbi potensialı rəsmi rəqəmlərdə göstərilənlərdən daha artıqdır və ölkə sürətlə hərbiləşməkdədir. Onların fikrincə, bu Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilənin tələblərinə ziddir. Lakin qeyd etmək lazımdır ki, bu müqavilənin tələblərini pozmaqda ən çox ittiham olunan ölkə elə Ermənistan özüdür. Habelə, NATO ölkələri Rusiyanın öz hərbi birləşmələrini Moldovadan çıxarmaması səbəbindən Avropada Adi Silahlı Qüvvələr haqda müqavilənin 1999-cu ildə İstanbul Sammitində imzalanmış variantını ratifikasiya etməkdən imtina edirlər.

Rusiya ekspertləri indiyədək hesab edirdilər ki, Azərbaycan rəsmilərinin vaxtaşırı Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi bazalara əks-balans kimi Azərbaycan ərazisində NATO hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü barədə bəyanatları Rusiya və Azərbaycan arasında mövcud olan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqda müqaviləyə ziddir. Lakin buna cavab olaraq qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistana bir milyard dollar məbləbində qanunsuz silah satması, Ermənistan ərazisində, habelə işğal olunmuş Dağlıq Qarabağ ərazisində Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilənin tələblərinə zidd olaraq kvotadan artıq silah-sursatın yerləşdirməsi eyni zamanda Rusiyanın həm beynəlxalq hüququn hamılıqla qəbul olunmuş jus cogens prinsiplərinin, həm də 1999-cu ildə bu ölkənin İstanbul sammiti zamanı üzərinə götürdüyü öhdəliklərin və Rusiya ilə Azərbaycan arasındakı yuxarıda adıçəkilən müqavilənin pozulması deməkdir. Heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etməyən, ərazisinin 20%-i Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycanın öz hərbi büdcəsini artırması isə instinktiv özünümüdafiə xarakteri daşıyır. Ölkə ərazisində NATO hərbi bazalarının yerləşdirilməsi və bunun Rusiyaya qarşı təzyiq vasitəsi olmasına gəlincə, həm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bəyan etmişlər.

Lakin Rusiya ilə Azərbaycan arasında artıq böyük bir yaxınlaşma var və bu bütövlükdə regionun sabitlik və təhlükəsizliyinə xidmət edir. Buna misal olaraq, Xəzərin statusunun müəyyənləşdirilməsində iki ölkənin uyğun mövqedən çıxış etməsini, ən son misal olaraq isə bu günlərdə Rusiya siyasi elitasının üzvlərinin Azərbaycanın cəbhə bölgəsinə səfər edərək burada Azərbaycana dəstək bəyanatı verməsini göstərmək olar.

Azərbaycan-Rusiya münasibətlərinin gələcək perspektivi müəyyən qədər Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın gələcək fəaliyyətindən asılı olacaqdır.

Rusiya Federasiyası indiyədək Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ikitərəfli hərbi razılaşmalar çərçivəsində əməkdaşlıq etməklə Ermənistanın yaxın müttəfiqi və hətta onunla senyor-vassal münasibətləri quran dövlət kimi qəbul edilirdi. Rusiya öz enerji resurslarından təzyiq vasitəsi kimi istifadə edtiyi üçün Azərbaycanın Qərblə əlaqələrinin, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığının genişlənməsinə problematik yanaşırdı. 1994-cü ildə neft müqavilələrinin imzalanmasından sonra Azərbaycanda dövlət çevrilişi cəhdinin təşkilatçısı kimi Rusiya versiyasının üstünlük təşkil etməsi bu ölkənin Azərbaycandakı milli maraqlarını istənilən vasitələrlə təmin etməyə cəhd göstərdiyini sübüt edir. Ermənistanla qırx doqquz illik hərbi müttəfiqlik müqaviləsi imzalaması, 2008-ci ilin avqust ayında Gürcüstanla müharibə, separatçı Cənubi Osetiya və Abxaziyanı tanıması və s. Rusiyanın Cənubi Qafqaz bölgəsində öz hərbi-siyasi iştirakını heç bir halda güzəştə getməyəcəyini göstərir. Gürcüstandan fərqli olaraq (məsələn, Gürcüstan Pankisi dərəsində çeçen silahlılarına sığınacaq verməklə, NATO-ya üzvlüklə bağlı müraciət etməklə, 2008-ci ilin avqust ayında faktiki Rusiya ordusu ilə hərbi münaqişəyə girməklə bu ölkə ilə düşmənçilik münasibətlərini daha da kəskinləşdirmişdir) respublikamız tərəfindən balanslaşdırılmış siyasət yeridilməsi və bəzi məsələlərdə RF-in maraqlarına zidd addım atılmaması (NATO ilə yalnız İPAP və PfP proqramları çərçivəsində əməkdaşlıq, Azərbaycan qazının Rusiyanın “Qazprom” şirkətinə satılması ilə bağlı müəyyən razılığa gəlinməsi) Rusiyanı Azərbaycanla münasibətdə bəzi məsələlərdə güzəştli addımlar atmağa məcbur edir. Bu ölkə Ermənistana kifayət qədər təsir imkanlarına malik olsa da, lakin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirirərək, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Rusiya həm də Azərbaycanda mədəni ekspansiya siyasətinə üstünlük verməklə burada rus dilinin və mədəniyyətinin təsirini qoruyub saxlamağa çalışaraq, pan-tükizm və liberal Qərb dəyərlərinin yayılmasının qarşısını almağa çalışır.

2000-ci ilin aprelində Azərbaycan kimi, Gürcüstan da MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirak etməkdən imtina etdi. Müqaviləyə tərəfdar çıxan bəzi MDB ölkələrindən, məsələn, Tacikistandan fərqli olaraq Azərbaycan və Gürcüstanın sərhədlərini Rusiya sərhədçiləri deyil, bu ölkələrin öz sərhədçiləri mühafizə edirlər. Rusiya isə belə hesab edir ki, Gürcüstanın sərhəd qüvvələri bu sahədə yetərincə peşəkar olmadıqları üçün Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi üçün ciddi təhdidlər meydana çıxmaqdadır. Bu zaman Rusiyanın Çeçenistanda apardığı antiterror əməliyyatları zamanı sərhədi keçərək Gürcüstanın Pankisi dərəsində sığınacaq tapan çeçen yaraqlıların buradan Rusiya ərazisinə hücumlar təşkil etməsi, rəsmi Tbilisinin isə buna nəzarət edə bilməməsi və ya nəzarət etmək istəməməsi nəzərdə tutulur.

Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması Kremlin Transqafqazdakı hərbi-siyasi vəziyyətin onun maraqları baxımından əlverişsiz inkişafı prosesinə adekvat reaksiya vermək imkanını zəiflədərək MDB ölkələri ərazisində raketdən və hava hücumundan müdafiə sistemi yaratmaq planlarının reallaşmasına mane olacaqdır.

Türkiyə Respublikası - Azərbaycanın beynəlxalq arenada ən yaxın müttəfiqidir. O, ölkəmizlə siyasi, iqtisadi, hərbi-texniki sahələrdə geniş əlaqələrə malik olsa da, ikitərəfli münasibətlərdə müəyyən dövrlərdə bəzi gərginliklər baş versə də (1995-ci ilin mart dövlət çevrilişi cəhdində Türkiyənin bəzi rəsmi şəxslərinin adlarının hallanması, son zamanlar Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin fəal müzakirə mövzusuna çevrilməsi və iki ölkə arasında protokolların imzalanmasından sonra baş verən müəyyən proseslər), lakin bu, strateji maraqlar üzərində qurulmuş ikitərəfli münasibətlərə xələl gətirə bilməmişdir. Siyasi müttəfiqlikdən başqa Türkiyə həm də Avropanın enerji təchizatında mühüm rol oynayan tranzit ölkə kimi Azərbaycanla ümumi enerji layihələrinin fəal iştirakçısıdır. Şübhəsiz ki, Türkiyə Azərbaycanda rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyildir və hazırkı Azərbaycan iqtidarının balanslaşdırılmış siyasəti onu qane edir. Avropa Birliyinin üzvü olmaq uğrunda fəal mübarizə aparan Türkiyə öz yaxın müttəfiqi və dost ölkə Azərbaycanın da Avroatlantik strukturlara inteqrasiyasının tərəfdarı olsa da, lakin son dövrlər bu siyasətdən imtina edib. ABŞ və Avropa Birliyi isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna nüfuzetməni NATO üzvü qismində müttəfiqi olan Türkiyə vasitəsilə həyata keçirir.

Türkiyə ABŞ-ın arzuolunmaz dövlət elan etdiyi İrana qarşı regionda ən yaxşı balanslaşdırıcı qüvvədir. O, həm də ABŞ-ın yaxından dəstəyi ilə Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılması üçün mühüm tranzit ölkə kimi böyük əhəmiyyət kəsb edir. NATO-nun dəstəyi ilə öz hərbi potensialını daha da gücləndirən Türkiyə Azərbaycan və Gürcüstana bu sahədə yaxından yardım göstərməklə, Rusiya-Ermənistan-İran alyansına effektli alternativ güc balansı yaratmaqdadır. Türkiyə həm də demokratik müsəlman dövlət modelinin örnəyi, Orta Şərqdə ikinci ən böyük hərbi büdcəyə malik olan ölkə olması etibarilə, regional Böyük dövlət statusuna iddia etməkdə layiq olduğunu sübut etmişdir.

İran İslam Respublikası - (İİR) Yaxın və Orta Şərq, Mərkəzi Asiya regionu və Azərbaycanda şəriət qaydaları ilə idarə olunan və onunla eyni ideologiyanı paylaşan, bu ölkəyə loyal münasibət bəsləyən teokratik dövlətlərin mövcudluğunda maraqlıdır. Bununla o, liberal-demokratik dəyərləri bütün dünyaya yaymaq istəyən ABŞ-a qarşı qlobal miqyasda olmasa belə, regional səviyyədə güc balansı yaratmaq istəyir. Onun ekspansionist xarici siyasətinin fəallığı da əsasən elə yuxarıda adıçəkilən bölgələrdə müşahidə edilir.

İİR SSRİ-nin parçalanmasından sonra Yaxın Şərqdə və post-sovet məkanında ABŞ başda olmaqla Qərb ölkələri, Rusiya və Türkiyə ilə öz geosiyasi maraqlarını təmin etmək uğrunda mübarizə aparmaqdadır. Rusiya ilə müəyyən məsələlərdə əməkdaşlıq üçün əsas olsa da, ABŞ və Türkiyə ilə maraqlar tam ziddiyyət təşkil edir.

Yuxarıda sadalanan geosiyasi amillər, habelə Azərbaycan Respublikasının öz Konstitusiyasında dünyəvi dövlət olduğunu təsbit etməsi, sekulyarizasiya, Qərbin enerji təchizatında rol oynayan irimiqyaslı layihələrdə iştirakı, Cənubi Azərbaycanı öz tarixi ərazisi hesab etməsi ölkəmizi İranın hədəfinə çevirmişdir. Əsas məqsədi ölkəmizə islam inqilabı ixrac etmək olan İİR doxsanıncı illərin ortalarında Azərbaycandakı bəzi siyasi qüvvələri dəstəkləməklə məqsədinə nail olmaq istəsə də, bu təşəbbüsün səmərəsizliyindən sonra müxtəlif silahlı qruplaşmaları maliyyələşdirməklə və bəzi ictimai xadimlərə sui-qəsdlər təşkil etməklə məqsədinə nail olmaq taktikasını seçməyə başladı. Hazırda o, etnik qruplar, xüsusilə cənub bölgəsinin talış əhalisi arasında separatçı meylləri gücləndirmək və tələbələr arasında şiə məzhəbini yaymaqla, öz ərazisində Azərbaycanın guya tarixən İran imperiyasının bir hissəsi olmasına, respublikamızda yaşayan milli azlıqların hüquqlarının pozulmasına dair müxtəlif konfranslar, yığıncaqlar təşkil etməklə, habelə digər müxtəlif vasitələrlə ölkəmiz əleyhinə təbliğat aparmaqla islam dünyasında Azərbaycanı ABŞ və İsrailin yaxın müttəfiqi kimi nüfuzdan salmağa çalışır. İİR-in nüvə silahı əldə etməyə çalışmasının əsas səbəbi onun regional böyük dövlətə çevrilmək ambisiyalarının təzahürüdür. Nüvə silahı öz təyinatından daha çox rəqib dövlətləri hədələmək və onlara təzyiq göstərmək üçün siyasi vasitə hesab olunduğundan İİR-in məqsədi bununla dünya ölkələrini şantaj etməkdir. Onun bu silahı əldə etməsi şübhəsiz ilk növbədə Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə ziddir. Ermənistanla müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə malik olan şimal və cənub qonşularının nüvə silahına malik olması müəyyən məsələlərdə respublikamızın milli maraqlarına cavab verən Avroatlantik inteqrasiya prosesinə və xüsusilə ABŞ-la əməkdaşlığa müəyyən təhdidlər yarada bilər.

Nəzakət Məmmədova, politoloq

Son xəbərlər
Bütün xəbərlər »