Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyləqan sakini iki gündür aclıq aksiyası keçirir

Rəşad Byramov “Zəncirli pir”in keçmiş rəhbərinin onlara məxsus pay torpağını zəbt etdiyini iddia edir

Mülkiyyət hüququnun pozulduğunu iddia edən Beylaqan rayon Şəfəq qəsəbə sakini Bayramov Rəşad Elşad oğlu iki gündür aclıq aksiyası keçirir.

“Bizim Yol”a müraciət edən R.Bayramov bildirib ki, mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə 13 ildir müraciət edir. Məhkəmə isə işə baxmaqdan şifahi olaraq imtina edib. Rəsmi qərar olmadığından apellyasiya şikayəti verə bilmir.

Şikayətçi qeyd edib ki, Beyləqan rayon Aqrar-İslahat Komissiyasının 5 sentyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə kənd təsərrüfatı təyinatlı 8 hektar torpaq sahəsi 8 nəfər üzvü olan Bayramovlar ailəsinin mülkiyyətinə verilib: “01 hoyabr 2003-cü ildə bizə məxsus olan hamin torpaq sahəsini 01 noyabr 2005-ci il tarixə kimi Beyləqan sakini Quliyev Cəfərqulu Xasay oğlu ilə qarşılıqlı razılaşma əsasında 2 il müddətə icarəyə vermişdik.

İcara müddəti bitdikdən sonra C.Quliyev torpaq sahəsini bizim istifadəmizə qaytarmaqdam imtina etdi. DəfələrIə onunla görüşüb torpağın qaytarılmasını tələb etsək də həmin səhədə yonca əkdiyi üçün 6-7 il gözləyəcəyimizi bildirdi”.

R.Bayramov bildirib ki, 2006-cı ildə Beyleqan rayon Məhkəməsinə C.Quliyevin istifadəsindəki onlara məxsus torpaq sahəsinin qaytarılması barədə iddia qaldırıb: “Məhkəmə iclasının yeri və vaxtı barədə Cəfərqulu Quliyevə dəfələrlə bildiriş göndərilsə də, o məhkəmə iclasının heç birində iştirak etmədiyi üçün işə baxılmamış saxIanıldı.

Ailə üzvlərimizin səhhətində ciddi problemlər yarandığı üçün bir müddət bu işlə maraqlanmağa imkanımız olmadı. C.Quliyev də bu müddət ərzində həmin torpaq sahəsindən öz ata malı kimi yararlandı.

Beyleqan rayon Məhkəməsində baxılmamış saxlanılan iddia ərizəmizin nəticəsi barədə yenidən məhkəməyə müraciət etdik. Beyləqan rayon məhkəməsinin arxivindən bizə verilmiş məlumata görə, həmin torpaq sahəsi bizim razılığımız, iştirakımız, məlumatımız olmadan Beyləqan rayon 2 saylı Dövlət Notariat Kontorunun 25.12.2003-cü il tarixli 287 və 159 nömrəli müqaviləsi əsasında C.Quliyevin oğlu Elzamin Quliyevin adına alqı-satqı olunub. 04.08.2006-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyleqan rayon Ərazi İdarəsi tərəfindən Quliyev Elzamin Cəfərqulu oğlunun adına çıxarış verilib. 07.03.2013-cü il tarixdə isə 7.5 ha həmin torpaq sahəsi bağışlanma yolu ilə C.Quliyevin həyat yoldaşı Quliyeva Çimnaz Rza qızının adına çıxarış verilib.

Quliyev Cəfərqulu Xasay oğlunun mülkiyyətimizdə olan torpaq sahəsinin qeyri-qanuni istifadə etməsi, saxta alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirtməsi ailəmizi hiddətləndirib. 2018-ci ilin əvvəllərində bu saxtakarlıq bizə məlum olandan sonra yenidən Beyleqan rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdik. Məhkəmə iclaslarına bildiriş alan Cəfərqulu Quliyev heç bir iclaslarda iştirak etmədi. İştirak etməməsinin səbəbini rəsmi olaraq əsaslandırmadı”.

Şikayətçi bildirib ki, Cəfərqulu Quliyev 20 il Beyləqan rayonunda “Zəncirli pir” kimi tanınan Cərcis Peyğəmbərə aid edilən məzar ziyarətgahına rəhbərlik edib: “O, hazırda Bakıda yaşayır. Onun Beyləqanda mülkləri var. Hətta icra başçısı onun evlərinin birində kirayə qalır. Varlı-imkanlı olduğu üçün ona qanunu tətbiq edə bilmirlər”.

O, mülkiyyət hüququnun pozulmasına görə iki gündür aclıq aksiyasi keçirdiyini bildirib: “Mən mülkiyyət hüququm bərpa olunana kimi aclıq aksiyasını davam etdirəcəm”.

Şikayətçi R.Bayramov Beyləqan rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib olunan alqı-satqı müqaviləsini, ona əlavə olunmuş sənədləri kim tərəfindən və nə zaman imzalanması, həmin şəxslərin hansı marağının olmasının aydınlaşdırılması və hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzinə müraciət edib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »