Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cinsi azlıqların həyat tərzinin təbliği çox təhlükəlidir"
"Cinsi azlıqların həyat tərzinin təbliği çox təhlükəlidir"
Vüsal Məmmədov: "Cinsi azlıqların həyat tərzinin təbliğ olunması, romantikləşdirilməsi onların guya ayrıcalıq, şəxsiyyətin özəlliyi kimi təbliğ olunması həddindən artıq təhlükəlidir"

Aydınxan Əbilov: "Qadın paltarlı kişilərin ekranlarda görünməsi, bir çox filmlərdə onların qeyri-adi, humanist obrazda təsvir olunması, ağıllı göstərilməsi gənclərimizin də psixoloji dəyişilməsinə səbəb olur"

"Sosial şəbəkələri, internet resurslarını açın, görəcəksiniz ki, sanki Azərbaycanda normal kişilər yoxdur"

Son illərdə Azərbaycanda transseksualların sayının sürətlə çoxalması aydın şəkildə müşahidə olunur. Yalnız Feysbuk sosial şəbəkəsini diqqətlə izləmək bəs edər ki, bu halın pik həddə çatmasının şahidinə çevriləsən. Çünki onlar mütəmadi olaraq insanların daha çox zaman keçirdiyi sosial mediada transseksuallığın nümayişakarənə şəkildə təbliğatını aparırlar.

Ən qorxulusu isə odur ki, bu təbliğatçılar sırasında aparıcı Avropa ölkələrində təhsil alaraq orada qalan azərbaycanlı gənclər çoxluq təşkil edir. Hətta orada oturub, məsələyə bir az da siyasi çalar qataraq Azərbaycanda söz, fikir, ifadə və sərbəst yaşama, toplaşma azadlıqlarının olmadığını, multukultural dəyərlərə məhəl qoyulmadığını, cinsi azlıqların təzyiqlərə məruz qaldığını iddia edirlər. Halbuki bu cür məsələlər siyasi deyil, daha çox Azərbaycan xalqının milli-mənəvi və mədəni dəyərlərinin təhlükə altına alınması ilə bağlıdır. Əlbəttə, ölkəmizdə transeksuallığın təbliği və cinsi azlıqların getdikcə çoxalması ölkə ictimaiyyətinin də narahatlığına səbəb olub.

Məsələn, tanınmış jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Sherg.az-a açıqlamasında Qərbə köçən və ya Qərbin müxtəlif təşkilatları ilə əməkdaşlıq edən azərbaycanlı gənclərin transseksuallar, cinsi azlıqlar məsələsində daha çox fəallıq göstərdiklərini qeyd edib. Onun sözlərinə görə, həmin gənclər bunu müdafiə etməklə Qərbə xoş gəlməyə çalışırlar:

"Amma cinsi azlıqların həyat tərzinin təbliğ olunması, romantikləşdirilməsi onların guya ayrıcalıq, şəxsiyyətin özəlliyi kimi təbliğ olunması həddindən artıq təhlükəlidir. Çünki cəmiyyətə normal ailə quran, yaşayan işçi qüvvəsi olan insanlar lazımdır. Normal sağlam nəsil yetişdirmək haqqında düşünməliyik. Çünki bu milli təhlükəsizlik məsələsidir. Cinsi azlıqların təbliği isə milli təhlükəsizliyimizə qarşı təhdiddir. Təkcə Azərbaycanda deyil, Rusiyada belə cinsi azlıqların həyat tərzinin təbliğ olunmasına kəskin çıxışlar edilir. Azərbaycanda baxsaq, biznesdə, incəsənətdə, bütün başqa sahələrdə cinsi azlıqlar kifayət qədər məşğuldurlar, yaxşı pul qazanırlar. Hətta natural insanlardan daha yaxşı, zəngin həyat sürürlər.

Bu, onu göstərir ki, onları qətiyyən sıxışdıran, haqlarını pozan yoxdur. Biz bu həyat tərzinin təbliğinə qarşıyıq. Düşünürəm ki, bunu hər kəs başa düşməlidir ki, onların çoxalmamağı üçün məsələdə kifayət qədər sərt olmaq lazımdır. Cinsi azlıqlara anlatmalıyıq ki, qardaş, get cinsi həyatını istədiyin kimi yaşa, amma öz xəstə həyat tərzini cəmiyyətə aşılama!”.

Cinsi azlıqların çox az qisminin həqiqətən fizioloji olaraq xəstə olduğunu diqqətə çatdıran V. Məmmədov deyib ki, əksəriyyəti buna dəb, qlamur həyat kimi baxıb, həmin yolu seçən insanlardır:

"Həqiqətən, hormonal cəhətdən fərqli cins olanlara gəldikdə isə müasir tibb kişi həyat tərzi yaşamağa da imkan yaradır. Hormonal və ya digər cinsi pozğunluqlar aradan qaldırıla bilər. Bu, müasir dünyada xəstəlik deyil, fərdin seçimidir. Bunu artıq belə də qəbul etmək lazımdır”.

Kulturoloq Aydınxan Əbilov isə liberal təfəkkürlü insan olmasına baxmayaraq müəyyən məsələlərdə konservatorluğun tərəfdarı olduğunu vurğulayıb:

"Çox insanların vaxtilə xəstəlik, bəla, indi isə sadəcə tibbi sapıntı, dünya görüşü, həyat tərzi adlandırılan vəziyyəti həddindən artıq reklam etməsi qəbul olunmazdır. Az qala mətbuatda KİV-də televiziyada, internet saytlarında cinsi azlıqların normal insanlardan daha üstün, intellektual kimi təbliğ edilməsinin qəti əleyhinəyəm. Çünki çox dəyərlər var ki, onlar bəşəriyyətin, sivilizasiyanın dağılmasına gətirib çıxara bilər. Bu dində qeyd olunub.

Azərbaycanda da qəbul olunmayan, ayıb sayılan, haqqında danışılmayan, cinsi azlıqların həyat tərzi heç zaman təbliğ olunmayıb. Əksinə, həmin şəxslər gizlədilirdi ki, adiləşməsin. Çünki istənilən halda bu fəsaddır. Xüsusilə, gənclər arasında bu kimi halların təbliğ olunması, reklam qazanması mənfi haldır. Televiziyada homoseksualların təbliği genişlənir. Qadın paltarlı kişilərin ekranlarda görünməsi, bir çox filmlərdə onların qeyri-adi, həddindən artıq humanist obrazda təsvir olunması, ağıllı göstərilməsi gənclərimizin də psixoloji dəyişilməsinə səbəb olur. Onların müxtəlif tədbirlərə dəvət olunması, "açıldı” tipində hər hansı sözləri və ya ifadələri, fikirləri maraq və gülüş doğurur, sosial şəbəkələrdə yayılır. Bu, əlbəttə müsbət hal deyil. Biz hörmətlə yanaşsaq da, əslində onların qapalı restoranları, otelləri, klubları olması daha normaldır”.

Kulturoloq düşünür ki, transseksualların açıq-aydın özlərini reklam edib, gənclərin də psixologiyasını, həyat tərzini dəyişməsinə səbəb olan aksiyalar keçirməsi və yaşamını adiləşdirməsi isə istənilən halda mənfi nəticələr verəcək:

"Azərbaycan cəmiyyətində indi böyük problemlər yaşanır. Sosial şəbəkələri, internet resurslarını açın, görəcəksiniz ki, sanki bu ölkədə normal kişilər yoxdur. Ancaq özlərini qız kimi aparan, ədalı oğlanlar reklam olunur. Son illər yaradılmış filmlərə fikir verin, demək olar hamısında onların gizli şəkildə də olsa reklamı gedir. Fransa və ya digər ölkələrdən danışırıq, amma bilmirik ki, öz ölkəmizdə gizli də olsa, homoseksuallıq təbliğ olunur. Sağlam tərbiyə dəyərlərinə xüsusi diqqət etmək lazımdır. Əgər bədən tərbiyə dərsi orta məktəblərdə həftədə iki dəfə keçirilirsə, məktəbdə, bağçada əsas tərbiyəçilər qadınlardırsa, sözsüz ki, oğlanların böyük əksəriyyəti get-gedə "rəngli” və ya "universal” insana çevriləcək. Ona görə, kompleks halda məsələyə yanaşmaq, Təhsil Nazirliyinin, əlaqədar qurumların, ictimai təşkilatların sağlam mövqeyini tələb etmək lazımdır”.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »