Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əhali “Azərenerji”ni və “Azərsu”yu məhkəməyə verməlidi”
Ekspert Nüsrət Qasımov: “Son illərdə kommunal sahələrə yatırılan milyardlarla investisiyalar təyinatı üzrə xərclənməyib”

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza nəticəsində Bakının və bölgələrin enerji təminatında təxminən 3 saat fasilə yarandı. Bu hadisə strateji obyektlərə, yaşayış sahələrinə, iaşə obyektlərinə, ictimai nəqliyyat sisteminə, sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mənfi təsirini göstərdi.

Səhər saatlarından isə suyun verilişində fasilə yaranıb. Problemlə bağlı “Azərsu” ASC-yə müraciət etsək də, açıqlama verilmədi.

Kommunal sahə üzrə ekspert Nüsrət Qasımov “Bizim Yol”a bildirib ki, elektrik enerjisi və su təsərrüfatına ayrılan vəsaitlər, yatırılan investisiyalar təyinatı üzrə xərclənmir: “Sovet dövründə qurulan sistem hələ də işləyir. Hazırda tələb təklifi üstələyir. Nəticədə bu kimi hadisələr baş verir. 2002-ci ilin yayında da analoji hadisə vermişdi, amma nəticə çıxarılmadı. Bu sahəyə nəzarət edən şəxslər şəxsi işlərlə, özlərinə villa tikməklə məşğuldurlar. Axı onların maaşı ilə bunu etmək mümkün deyil”.

Ekspet bildirib ki kommunal sahələrdə yaranan problemlərin bir neçə səbəb var: “Birincisi, son illərdə kommunal sahələrə yatırılan milyardlarla investisiyalar təyinatı üzrə xərclənməyib. Xərclənsəydi, enerjinin paylanması və idarə edilməsi infrastrukturu yaradılardı, su təminatında fasilələr yaşanmazdı, təklif tələbi qarşılayardı.

İkincisi, enerji təhlükəsizliyi və içməli su təminatı kimi vacib sahələr qeyri-ixtisaslı şəxslərə, yəni qeyri-peşəkarlara həvalə edilib.

Bu problemlərin həlli üçün korrupsiyanın yolu kəsilməlidir”.

N.Qasımov təəssüflə deyib ki, əhali elektrik enerjisi və içməli su kimi stratefji sahələrə biganədir: “Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza və suyun verilişin yaranmış fasilə nəticəsində yəqin ki vətəndaşlara zərər dəyib. Təəssüf ki vətəndaşlar öz hüquqlarını tələb etmir. Əhali dəymiş zərərə görə “Azərenerji” ASC-ni və “Azərsu” ASC-ni məhkəməyə verməlidi, təzminat tələb etməlidir. Əgər bu sahələrə ictimai nəzarət olacaqsa, bu qurumların fəaliyyətində şəffalıq olacaq, vəsaitlər təyinatı üzrə xərclənəcək”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »