Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Casusluq: Bilmədiyimiz çox şey...

Xəfiyyə şəbəkələrinin tarixi və bu günü: casusluq kimin üçün “kəsərli silah”dır?

Qərb mənbələrində casusluq real və potensial düşmənlərin sərəncamında olan məxfi və ya konfidensial məlumatların onun razılığı və ya icazəsi olmadan qeyri-legitim yollarla əldə edilməsi kimi izah edilir. Tarixi sənədlərdə və mənbələrdə də casusluq haqqında çoxlu faktlara rast gəlinir. Qədim Çin və Hindistan yazıçıları Sun-Tzu və Çanakyanın hərbi strategiyaya aid əsərlərində aldatma və təxribat haqqında məlumatlar öz əksini tapmışdır.

Çanakyanın tələbəsi Çandraqupta Maurya Hindistanda yaratdığı Maurya imperiyasında siyasi qətlləri, casusluq və məxfi agentlərdən istifadəni imperiya idarəçiliyində əsas vasitələrə çevirmişdi.

Qədim misirlilər və yəhudilər kəşfiyyat fəaliyyətində casusluğa xüsusi əhəmiyyət verirdilər. Casusluq Qədim Yunanıstan və Romada da geniş yayılmışdı. XIII-XIV əsrlərdə Monqol istilaları zamanı onlar Asiya və Avropadakı fəthlərində casusluqdan istifadəyə xüsusi əhəmiyyət verirdilər. Daha sonralar Yelizaveta İngiltərəsində casuslar geniş fəaliyyət göstərirdilər. Hətta müasir casusluq metodlarının əsasları həmin dövrdə qoyulmuşdur.

Casusluq hələ qədim dövrlərdən Yaponiyada şərəfli və nəcib peşə hesab olunurdu. Ölkədən xaricə gedən və özü ilə oradan hər hansı kiçik də olsa məxfi məlumat gətirməyən yapona qəribə baxırdılar. Yaponlar hər zaman kəşfiyyat fəaliyyətinə astronomik sayda insanları cəlb edirdilər. Bərbərlər, diş həkimləri, fermerlər, tacirlər, dənizçilər, aşpazlar və onlarla digər peşə sahibləri bu işlə məşğul olurdular. Hətta yüksək rütbəli zabit Yaponiya imperiyasının marağı naminə nökər və ya rikşa (Yaponiyada və Uzaq Şərqin bəzi ölkələrində ikitəkərli arabaya qoşulub minik daşıyan adam) işləməyi özünə şərəf bilirdi.

Yaponiya casusluq məktəbinin görkəmli nümayəndələrindən biri Kendzi Doixara olmuşdur. O, yoxsul ailədən çıxsa da, Baş Qərargahın Hərbi Akademiyasında mükəmməl təhsil almışdır. O, maskalanma və cildini dəyişmə sahəsində xüsusi istedada malik idi. K.Doixara yerişini tanınmaz dərəcədə dəyişə bilir, bir neçə gün ərzində iyirmi kiloqramadək arıqlayır, “No” teatrındakı aktyorlar kimi üzünü qrimləyirdi. O, rəsmi danışıqdan başqa çin dilinin üç ləhcəsində və ona yaxın Avropa dilində mükəmməl danışırdı. Bəzi məlumatlara görə, onun bacısı yeni imperator Yosixitonun saray hərəmxanasında olmuş və gənc zabit bunun sayəsində xidməti pillələrlə sürətlə irəliləmişdir.

1920-ci illərin əvvəllərində Kendzi Doixara Pekindəki hərbi attaşe general Xondze Siqerunun katibi olmuşdur. O, öz şefini ölkədaxili səfərlərdə müşayiət etmiş və bununla da oradakı vəziyyəti dərindən öyrənə bilmişdir. 1925-ci ildə Doixara Mancuriyadakı hərbi missiyaya təyin olunmuşdur. Bu əyalət Yaponiyanın planlarında xüsusi yer tutmuşdur. Mancuriyaya nəzarət etməklə yaponlar Çinin beş şimal əyalətini işğal edə bilirdilər. Buna görə də yeni rezidentin fəaliyyəti Mancuriyanın ilhaq edilməsinə hazırlığa yönəlmişdi. Lakin Mancuriyanın özünün yaxşı hazırlıqlı silahlı qüvvələri var idi. Ona cəsur və qətiyyətli hərbçi olan Çjan Tszolin başçılıq edirdi. O, yaponların müttəfiqi və SSRİ-nin qatı düşməni idi. Ç. Tszolin təkcə bir əyalətə başçılıq etməklə kifayətlənmək istəmirdi. 1922-ci ildə o, Çindaxili çəkişmələrdə iştirak etmiş, məğlub olsa da, ruhdan düşməyərək üç şərq əyalətinin müstəqilliyini, özünün isə onlar üzərində hakimiyyətini elan etmişdir. Həmin dövrdə o, yaponlarla münasibətləri zəiflətməyə başlamışdır.

Doixara yapon xüsusi xidmət orqanlarının əsas dayaq nöqtəsi olan “Qara əjdaha” (Kokuryuksio) təşkilatı ilə əlaqə yaratmışdır. Bu təşkilatın məqsədi devrilmiş mancur imperatorları olan Tsin sülaləsinin Yaponiyanın himayəsi altında yenidən Çin taxt-tacına çıxarılması idi. Doixaranın namizədi üç yaşında ikən imperator elan olunmuş və inqilab nəticəsində devrilmiş Çinin sonuncu imperatoru azyaşlı Henri Pui idi.

Yaponiya kəşfiyyatı eyni zamanda Çində əksəriyyəti ağqvardiyaçılardan ibarət casus şəbəkəsi yaratmışdı.

Onlardan ən böyüyü Ağ ordu ilə birgə Rusiyadan qaçmış cinayətkarlardan ibarət beş min nəfərlik dəstə idi. Yaponlar habelə çinlilərdən ibarət çoxsaylı casus şəbəkəsi təşkil etmişdilər. Onlardan daha çox təxribat, terror, daxili iğtişaşların yaradılması üçün istifadə edilirdi.

Müasir kəşfiyyat tarixində ilk dəfə Yaponiya kəşfiyyatı tiryəkdən istifadə etməyə başladı. Ölkənin tütün müəssisələri “Qızıl yarasa” adlı yeni siqaret növü istehsal etməyə başladı. Tərkibində az miqdarda tiryək və heroin olan, tədricən müştərilərdə narkotik maddələrdən asılılıq yaradan həmin siqaretlərin Yaponiyada satışı qadağan olunmuşdu. Doixaranın rezidentləri agentlərə əvvəlcə yarı pul, yarı tiryək verirdi, sonra isə onlarda tam asılılıq yaratdıqdan sonra ancaq narkotik maddə verilirdi. Narkotik maddələrdən asılı olan həmin agentlər ordusu Yaponiya kəşfiyyatının əlində güclü alətə çevrilmişdi.

1926-cı ildə Ç. Tszolini Mancuriyadan uzaqlaşdırmaq istəyən Doixara onu Çindən əvvəlki məğlubiyyətlərə görə qisas almağa təşviq etdi. Bununla razılaşan Ç. Tszolin Pekin üzərinə hücumla əlaqədar iki il müddətində Mancuriyanı tərk etdi. Mancuriyanın müvəqqəti hakimi, Ç. Tszolinin dostu general U.Syuçen ondan geri qayıtmağı xahiş etdi. Mukdenə qayıdan zaman Ç. Tszolinin olduğu qatar partladıldı və o, həlak oldu. Onin öldürülməsində yapon və sovet kəşfiyyat orqanları eyni dərəcədə şübhəli bilinir, çünki hər ikisi onun aradan götürülməsində eyni dərəcədə maraqlı idilər.

Yapon qoşunlarının Mancuriyaya soxulmasına bəraət qazandırmaq üçün 1931-ci il sentyabr ayının 18-də Doixaranın adamlarından biri leytenant kavamoto Mukden rayonu yolunda dəmir yolunda partlayış törətdi və yaponlar bunu bəhanə edərək Mancuriyaya daxil oldular.

1931-ci il noyabr ayının 10-da isə daha bir təxribat törədildi. Tyanszində Doixaranın adamlarının muzdla tutduğu qırx nəfər çinli narkotik maddələrin təsiri altında polis məntəqəsinə hücum etdilər. Yaranmış qarmaqarışıqlıqdan istifadə edən Yaponiya kəşfiyyatı “Səma sakitliyi bağı”ndan Pu İ adlı şəxsi azad etdi və o, yapon hərbi gəmisində Mancuriyaya gətirdi. 1934-cü il mart ayının 1-də Pu İ qondarma Mançjou-Qo adlı dövlətin imperatoru təyin olundu.

Doixaranın ən yaxşı agenti, polkovnik Tanakinin məşuqəsi Kavasima Naniva adlı qadın Pu İnin arvadını Tyanszindən gətirə bildi. Həmin dövrdə Yaponiya Çinin bir sıra şəhərlərində, o cümlədən Pekin, Şanxay, Tyanszində və Mancuriyada öz genişşəbəkəli rezidenturalarını yaratmışdı. Onların mərkəzi və bazası həmin ərazilərdəki çoxsaylı yapon koloniyaları idi. Bundan başqa Yaponiya kəşfiyyatı yaponiyalı və koreyalı yüngül əxlaqlı qadınlardan ibarət agentura şəbəkəsinin imkanlarından da geniş istifadə edirdi. Onlar lazımi məlumatları toplayır və bunu Doixaranın adamlarına ötürürdülər. Mancuriyada yapon kəşfiyyatı həm də SSRİ-yə qarşı təcavüz üçün hazırlıqlar görülməsinə xüsusi diqqət ayırırdı. Həmin vaxt sovet kəşfiyyatçılarının “Avropalı” təxəllüsü adı altında diqqət mərkəzində olan Doixara həm də faşist Almaniyasının xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edirdi. 1934-cü ildə o, alman hərbi attaşesi kapitan Eygen Ottla əlaqə yaratdı (E.Ott R.Zorgenin yaxın dostu idi və onu lazımi məlumatlarla təmin edirdi). Doixara öz fəaliyyət dairəsini genişləndirərək general rütbəsinədək xidmət etmişdir. 1941-ci ildə Sinqapurdakı 7-ci ordu komandanlığının baş komandanı təyin edilən Doixara burada hind milli ordusu yaradaraq millətçi Çandra Bossu onun başçısı elan etmişdir. Bu gizli ordunun köməyi ilə kommandos reydləri təşkil olunmuş, Britaniya imperiyasının parçalanmasına yönəlmiş terror aktları, radioverilişlər təşkil edilmişdir. Müttəfiqlər bütün bunları ona bağışlamamış, 1945-ci ildə Almaniyanın yaxın müttəfiqi olan Yaponiya müharibədə məğlub olduqdan sonra Tokio Hərbi Tribunalının hökmü ilə Doixara hərbi cani kimi asılmaqla ölüm cəzasına məhkum edilmişdir. 1948-ci il dekabr ayının 22-dən 23-nə keçən gecə Suqamo həbsxanasında hökm icra olunmuşdur.

Soyuq müharibə ABŞ, SSRİ, Cin Xalq Respublikası və onların müttəfiqləri arasında casusluq fəaliyyətini, xüsusilə nüvə silahları sahəsində intensivləşdirmişdir. Həmin ölkələrin xüsusi xidmət orqanları kəşfiyyat məlumatları toplanılması sahəsində müxtəlif vasitələrdən istifadə edirdilər. Məsələn, SSRİ açıq mənbələrdən və teniki vasitələrlə məlumat əldə etməkdənsə insan resurslarından istifadəyə daha üstünlük verdiyi halda, ABŞ SIGINT və IMINT texnologiyalarından istifadə etməyi daha məqsədəuyğun hesab edirdilər.

Casusluq kəşfiyyatda insan mənbələrinin spesifik istifadə edilməsi (HUMINT) kimi qəbul edilir. Qərb ölkələrinin kəşfiyyat fəaliyyətində geniş istifadə edilən kodların deşifrə edilməsi (kriptoanaliz və ya COMINT), aeroçəkilişlər və satellit fotoşəkilləri (IMINT) və açıq mənbələrdən məlumat toplanılması (OSINT) metodları casusluq kimi qəbul edilmir. Əsirlərin dindirilməsi vasitəsilə, habelə hərbi kəşfiyyat patrullarından və diplomatlardan alınmış məlumatlar da Qərb ölkələrində casusluğa aid edilmir.

Kəşfiyyat məlumatları əldə etməyin digər vasitələrindən fərqli olaraq casusluq insan (informasiyaya malik olan və onu ötürən şəxs) və məkan (arzuolunan məlumatın saxlanıldığı yer) məfhumlarının olmasını tələb edir.

Casusluq anlayışının təfsirində müxtəlif ölkələrin izahatı fərqli ola bilər. Məsələn, ABŞ-da bu anlayışa belə tərif verilmişdir: “Casusluq - milli təhlükəsizlik haqqında məlumatları Birləşmiş Ştatların zərərinə və ya hər hansı bir xarici dövlətin xeyrinə istifadə edilməsi niyyəti və məqsədi ilə əldə etmə, çatdırma, yayma, bölüşmə və ya alma fəaliyyətidir”.

Black Hüquq lüğətində isə qeyd edilir: “Casusluq – milli təhlükəsizliyə aid olan məlumatların toplanılması, yayılması və ya itirilməsidir”.

ABŞ-da ölkənin casusluq fəaliyyətinə Milli Məxfi Xidmət, Britaniyada isə Məxfi Kəşfiyyat Xidməti (SIS) tərəfindən nəzarət edilir.

Casusluq fəaliyyətinin üstünün açılması zamanı casusluq edən şəxsləri həm öz ölkələrində, həm də kəşfiyyatı aparılan ölkələrdə müxtəlif cəzalar gözləyir. Kəşfiyyatı aparılan ölkədə onlar arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılmadan tutmuş, həbs və ya edam edilməyədək müxtəlif cəzalara məhkum oluna bilərlər. Digər ölkənin xeyrinə casusluq edən ölkə vətəndaşları isə həbs və ya edam edilə bilərlər. SSRİ DTK-nın agenti Oldriç Eymsin Sosialist düşərgəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xeyrinə casusluq edən şəxslərin dosyelərini qarşı tərəfə ötürməsi nəticəsində DTK SSRİ və Şərqi Avropa ölkələrindəki bir neçə casus şəbəkəsinin üstünü açaraq ən azından on nəfər şəxsi gizlincə aradan götürmüşdür. Federal Təhqiqatlar Bürosu tərəfindən həbs edilən O. Eyms özü ömürlük həbs cəzasına məhkum edilmiş, onun əlaqəsində olduğu SSRİ vətəndaşının isə diplomatik toxunulmazlığa malik olması nəzərə alınaraq arzuolunmaz şəxs elan edilməklə ABŞ-dan deportasiya edilmişdir. O. Eymsin həyat yoldaşı isə beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mərkəzi Kəşfiyyat İdarəsinin Çində fəaliyyət göstərmiş zabiti Huk Fransis Redmond isə casusluq fəaliyyətinə görə on doqquz il həmin ölkənin həbsxanasında cəza çəkmiş və orada vəfat etmişdir.

2013-cü il dekabr ayının 19-da Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransı zamanı casusluğu terrorla mübarizədə “kəsərli silah” adlandırmışdır.

Nəzakət Məmmədova, politoloq (Xüsusi olaraq “Bizim Yol” üçün)

Son xəbərlər
Bütün xəbərlər »