Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Multikulturalizm sülhün təminatı və gələcəyə qoyulan yatırımdır
arab
Bu günlərdə ermənilər tərəfindən 2 yaşlı Zəhra balanın qətl edilməsi xəbəri bütün cəmiyyəti çalxaladı. Hər bir azərbaycanlı qəzəblə coşdu daşdı, qanlar içində yatan günahsız qurbanın rəsmini görüncə hər kəsin ürəyi sızıldadı. Hər dəfə Zəhranın qanlar içindəki dəhşətli fotosunu görəndə “Fəryad” filmindəki o kadrı xatırlayırdım - İsmayıl əsir düşdüyü erməni evindən xilas olmaq üçün evi yandırmağa qərar verir. Lakin son məqamda evdə balaca bir uşağın olduğunu görüb yanğını söndürür, erməni balasına görə özünü, azadlığını fəda edir. İsmayıl obrazı bütün azərbaycanlıların ümumiləşdirilmiş obrazıydı əslində. "Bizim Yol" saytının Facebook səhifəsində "Sən İsmayılın yerində olsan nə edərdin?",- deyə bir sual ünvanladım izləyicilərimizə. Bir nəfər də olsun "mən erməni balasına qıyardım" cavabını vermədi. Hər kəs biz azərbaycanlıyıq, mərdik, düşmənçiliyi də mərdcə etmək lazımdır kimi cavablar verirdi. Hətta emosiyaların ən coşduğu bir məqamda belə Azərbaycan insanı öz humanist mövqeyini itirmir, hadisələrə və insanlara ədalətlə, insanca yanaşma sərgiləyir.

Zamanı qabaqlayan ideya

Dünyada zorakılıq, soyqırımlar, hüququn yox, gücün işlədiyi bir dönəmdə bu fəlakətlərin qarşısına çıxacaq tək ideya məhz multikulturalizm idi. Multikulturalizm bizim ölkəmizin yaşam tərzi, dünəni, bu günü və sabahı, müstəqil Azərbaycanın siyasətinin əsas bazasıdır. Tolerant multikultural dəyərlərimiz tarixilik, varislik və müasirlik prinsiplərinə əsaslanır. Min illər boyu müxtəlif xalqlara, etnik qruplara vətən olmuş bir torpağı bütöv tutmağın tək yolu dinc və sakit yaşamaqdan keçirdi. Biz bunu hər zaman dərk etmişik.

Azərbaycanlılar bütün dövrlərdə digər xalqlara örnək olmuşdur. Hələ qədim dövrlərdən bir müsəlman ölkəsində atəşpərəstlik məbədinin olması və uzaq Şərqdən, əsasən də Hindistandan karvanlarla insanların bura ziyarətə gəlməsini xatırlamaq yerinə düşərdi. Azərbaycanın onlar üçün təhlükəli bir yolçuluq olduğunu düşünsəydilər çox yəqin ki, uzaq yolları aşıb Xəzər sahilindəki Odlar Diyarını ziyarətə gəlməzdilər. Bəlkə qədim hindlilərin geninə hopmuş bir arxayınlıqdır ki, bu gün onların xələfləri də özlərini ölkəmizdə çox rahat hiss edirlər. Azərbaycana vurğunluqlarını gizlətmirlər.

Onlarla Bakıda fəaliyyət göstərən "Krişna Şüuru" icmasının Bakı məbədində tanış oldum. Rameş və Prita Patel Hindistan vətəndaşıdırlar. Dini ibadətlərini yerinə yetirmək üçün buraya tez-tez gəlirlər. Evlidirlər. 2 uşaqları var. Bakıda nüfuzlu neft şirkətlərindən birində işləyirlər. İl yarımdır Azərbaycandadırlar. Rameş Bakıya aşiq olduğunu söyləyir. "İşimlə bağlı bir neçə ölkədə yaşamalı olmuşam - Rusiyada, İranda, Gürcüstanda, Almaniyada bir müddət qalmışam. Azərbaycan tam başqa aləmdir. Buranın insanları istiqanlıdırlar, bizim hindlilər kimi. Burda əcnəbilərə hörmətlə yanaşırlar. Özümüzü hər yerdə az qalsın fəxri qonaq kimi hiss edirik. Burda uşaqlarımız məktəbə gedirlər. Onları heç kimin incitməyəcəyini, psixoloji təzyiqlərə, milli etnik ayrı seçkiliyə məruz qalmayacağını çox yaxşı bilirik. Bundan arxayınıq. Bakıda dinimizi də ürəyimiz istədiyi kimi yaşaya bilirik. Mən bilirəm ki, Bakıda "Atəşgah məbədi" var. Bura bizim ata -babalarımızın müqəddəs saydığı torpaqlardır. Mən Krişna Şüuru ardıcılıyam. Vayşnavçıyam. Krişna Şüuru 5 min il yaşı olan "Bhaqavad-Qita" müqəddəs kitabına söykənir. Qədim sanskrit dilində Bhaqava "Tanrının Nəğməsi" deməkdir. Bu, tək olan Tanrıya sədaqətlə xidməti və bütün canlılara mehriban münasibəti təbliğ edən ruhi elmdir. Biz qan tökməkdən, tütün və alkoqoldan, qumardan uzaq durmağa, dilimizə, fikrimizə heç vaxt pis şey gətirməyəcəyimizə, ibadət və zikrlə məşğul olacağımıza soz veririk. Bu bəyəm islamda və digər dinlərdə də belə deyilmi? Azərbaycanda tolerantlıq yüksək səviyyədədir. Heç kimdən pislik görməmişik, hamı ilə mehriban münasibətimiz var, digər dinlərin nümayəndələri ilə dostluğumuz var. Azərbaycanın qonaqpərvərliyi misilsizdir"

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin fikrinə görə, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri siyasi , humanitar aspektlərlə yanaşı turizmin inkişafına təkan verən bir ideyadır. "Bu gün Azərbaycan sabitlik adası adlanır. Sabitlik, sülh və dostluq ənənələrinin yaşadıı bir ölkəyə gəlməyi kim arzu etməz ki. Azərbaycanın ən böyük neməti turizmə qoyulan investisiyalarla yanaşı azərbaycanlıların qonaqpərvərliyi, xeyirxah olmalarıdır. Mən olduğum ölkələrdə dəfələrlə şahid olmuşam, söhbət əsnasında Azərbaycanın adını eşidən hər kəsin üzündə bir xoş təbəssüm yaranıb. Ölkəmizdə olmuş insanlar buraya bir daha gəlmək istəyir, gəlib görməyənlər isə gəlməyi arzu edirlər. Bizim milli xüsusiyyətlərimiz, tolerantlığımız, dünyaya örnək olacaq mədəniyyətimiz, multikulturalizm ideyamız ən böyük sərvətimizdir. Bu sərvəti heç nə ilə müqayisə etmək olmaz".

Ruslan müəllimin sözünə qüvvət olaraq üz tuturam şəhərimizə təşrif buyuran əcnəbi turistlərin ən çox ziyarət etdiyi İçərişəhərə. Yeri gəlmişkən, tarixi irsimiz sayılan bu memarlıq kompleksində, Qız Qalasının ayaqları altında hər il Bakıdakı Xristian kilsəsi İsa Məsihin şagirdi müqəddəs Varfolomeyin işgəncə gördüyü yerdə dini ayin keçirir. Hər il məhz Bakıya xas olan bir mənzərə yaşanır qədim qala divarları arasında. Bir yandan qonşuluqdakı Cümə məscidindən azan səsi duyulur, bir yandan Pravoslav kilsəsinin xoru dini nəğmə və dualar səsləndirir. Ətrafda gəzişən əcnəbi turistlər isə bu mənzərəni heyranlıqla izləyirlər.

Qarşıma çıxan ilk qrupdakı turistlərdən Azərbaycana dair fikirlərini soruşuram.

Mari Peren- Fransa: "1 həftədir Bakıdayam. Dünyanı görmək həvəsim böyükdür. Bura gələnə qədər Azərbaycan barədə təsəvvürüm yox idi. Çox maraqlı şeylər öyrəndim. Doğrusu heyrətləndim. Əgər gəlmiş olmasaydım, Azərbaycan barəsində məndən soruşsalar xəyalımda mühafizəkar bir şərq ölkəsi canlanardı. Yaxşı mənada təəccüblənmişəm.

Hayde Londqren, Hollandiya: "Mən tədqiqatçıyam. Ölkəniz barəsində eşitdiyim, oxuduqlarımın, Hollandiyadakı Azərbaycan diasporunun təbliğ etdiyi hər şeyin həqiqət olduğunu gördüm. Burda Şərqlə Qərb dəyərlərinin maraqlı sintezi yaranıb. Dünyaya təqdim etməyə layiq çox dəyərləriniz var. Bu birmənalı olaraq belədir".

Sorğu keçirdiyim hər bir turistdən doğma şəhərim, ölkəm, xalqım barəsində yalnız xoş sözlər eşitmək məni qürurlandırdı.

Dünyanın gələcəyinə qoyulan yatırım

Vatikanın Dövlət katibi Tarçizio Bertone Bakıda səfərdə olarkən belə fikir səsləndirmişdi: "Azərbaycan dünyaya təkcə neft- qaz deyil, həm də tolerantlıq ixrac etməlidir".

Milli Məclisin deputatı Elman Nəsirov bu məsələyə belə münasibət bildirir: "Bəziləri soruşurlar ki, cənab Prezident İlham Əliyev niyə 2016-cı ili multikulturalizm ili elan etdi? Bəyəm bizdə bu məsələylə bağlı problemlərmi vardı? Əslində problem Azərbaycanda deyil, bizim ətrafımızda, Azərbaycandan kənarda idi. Dünyada, Avropa qitəsində baş verən məsələlərlə bağlı idi. Azərbaycan Prezidenti ən müxtəlif tribunaldan bir həyəcan təbili çaldı ki, dünyada çox qorxulu tendensiyalar müşahidə olunur. Vəziyyətin qorxulu hal aldığını söylədi. Nyufaşistlər küçələrdə yürüşlər keçirib islamofobiya, ksenefobiya şüarları səsləndirirlər. Bu sabah hər bir dövlətdə baş qaldırsa, qarşısı alınmaz və geridönməz qorxunc vəziyyət yarana bilər. Təsəvvür edirsinizmi, onda dünyanı nələr gözləyir? Bu cür təhlükəli meylləri müdafiə edən fikirlərə cavab olaraq biz Azərbaycanın multikulturalizm modelini dünyaya çatdırırıq. Müxtəlif dinlərin və millətlərin nümayəndələrinin harmoniya şəklində həyat sürə biləcəklərini göstəririk. Keçən il Azərbaycana dünyanın müxtəlif nüfuzlu ali məktəblərində təhsil alan və gələcəyin alimləri olacaq bir qrup yəhudi gənc dəvət edilmişdi. Onlarla keçirilən görüşdə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çox maraqlı bir nüansa toxundu. O, üzünü gənclərə tutub dedi ki, Avropa və Azərbaycan multikulturalizmi arasındakı fərq bilirsinizmi nədədir? Avropada multikulturalizm deyildikdə ilk ağıla gələn tolerantlıq- dözümlülük ifadəsi olur. Dözümlülük ifadəsinin özündə bir məcburiyyət hiss olunur. Yəni nəsə pis bir hala dözmək kimi hiss aşılanır. Azərbaycanın təqdim etdiyi modeldə isə bu könüllülük, şəfqət,sevgi dəstək kimi hisslərə dayanır. Cənab Pezidentimiz keçən il UNESCO-nun tədbirində çıxış edərkən çox maraqlı bir fikir səsləndirdi - "Həmişə ən çətin vəziyyətlərdən çox sadə çıxış yolu var. Gəlin biri-birimizə deməyək ki, sən məscidə ibadətə gedirsən, sən sinaqoqda və ya kilsədə ibadət edirsən. Biz hamımız insanıq. Əsas hansı dinə ibadət etməyimiz, hansı millətdən olmamız deyil, ümumbəşəri hissləri yaşamağımızdır.

Bu gün multikulturalizm dəyərlərinə qarşı çıxmaq və mübarizə aparmaq hansısa dövlətlərin geosiyasi maraqlarına xidmət dir. Öz gücünü əldə saxlamaq üçün müsəlmanı müsəlmanın qəniminə çevirib başını qatmaq. Bir çox siyasətçilər islamofobiya fikirlərini təbliğ edərək hakimiyyətə gəlmək üçün özlərinə yol açırlar"

Xaricdən Azərbaycanın multikulturalizm təşəbbüsləri necə görünür? Bu sualıma Girəsun Universitetinin keçmiş rektoru, professor, Türkiyədəki Azərbaycan diasporunun nümayəndəsi Aygün Attar cavab verir:

"Kənardan baxınca çox gözəl bir görüntü var. İl boyu ardıcıl olaraq keçirilən müxtəlif beynəlxalq səviyyəli, siyasi, mədəni və idman tədbirlərinə baxarkən fəal bir icraata şahid oluruq. Azərbaycan bu prinsipə bütöv bir yanaşma sərgiləyir. Multikultural yaşam bütün mədəniyyətlərin harmoniyasını təşkil etməklə yanaşı, bu prosesin fövqündə qala bilmək deməkdir. Azərbaycanın birinci xanımı UNESCO və eyni zamanda İSESCO-nun xoş məramlı səfiridir. Həm Avropa, həm İslam mədəniyyətinin yayılması və mühafizə edilməsini qarşıya məqsəd qoyan iki müxtəlif nüfuzlu təşkilatın təmsilçisidir. Azərbaycana incə bir mesajla mənə miras buraxılan islam mədəniyyətini insan örnəyi ilə təqdim edirəm", deyir əslində. İl boyunca biz ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərə şahid olduq, eyni zamanda dövlət başçısının rəsmi səhifəsindən onun islam mənsubiyyətini nümayiş etdirən xəbərlər göründü. Onun dini ziyarətghalara səfərləri, ölkədə müxtəlif dinlərə ,o cümlədən islama göstərilən xüsusi diqqət. Yəni balanslı bir şəkildə Avropa və Şərq mədəniyyəti harmoniyasını gördük. Dünyanı əlində saxlamaq istəyən güclər çoxsəslilikdən və çoxrənglilikdən qorxurlar. Bu gün Azərbaycanın tətbiq etdiyi multikulturalizm siyasəti əslində dünyanın gələcəyinə qoyulmuş bir yatırımdır və məhz buna görə də bir çox qüvvələr tərəfindən narazılıq, qorxu ilə qarşılanır. Bu gün multikulturalizm ideyasnı dünyaya təqdim etmək həm məsuliyyət, həm cəsarət, həm də riskdir. Bu bizim markamızdır və məncə bu markanı tarixiləşdirmək üçün də addımlar atılmalıdır. Dünyada fransız şərabı, alman dəqiqliyi, yapon texnologiyası ifadələri işləndiyi kimi, Azərbaycan multikulturalizmi ifadəsi də sabitləşməli, tarixə yazılmalıdır".

Bu gün dünyanın 30 ölkəsində münaqişələr var. Bu münaqişələr əsasən ya dini, ya da etnik zəmindədir.Yaxın Şərqdə baş qaldırmış "ərəb baharı" proseslərinin postsovet müsəlman ölkələrinə, o cümlədən Azərbaycana proyeksiya edilməsinə ciddi cəhdlər göstərildi. Azərbaycan hər gün buludsuz bir səmaya, aydın bir səhərə gözünü açırsa, buna səbəb ölkə başçısının yorulmadan millətlər və dinlərarası barış siyasətini təbliğ etməsi olmuşdur. Multikulturalizm davamlı inkişaf prinsipini məqsəd tutur. Azərbaycan artıq bu modeli təqdim etməklə yanaşı, bir prosesin öncülü, hərəkətverici qüvvəsi rolunu oynayır.

Bu ideya ölkəmizin gələcəyinin təminatıdır. Həm də təkçə bizim deyil, bütün dünyanın sakit sabahları bu ideyaya bağlıdır.

İlhamə Rəsulova

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
››› Dekabrın 9-na olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »