Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Durna gözlü bulaqların can dərmanı- Azərbaycanın mineral suları
Ana təbiətin Azərbaycan torpağına bəxş etdiyi nemətlər, sərvətlər çoxdur. Onların sırasında müalicəvi əhəmiyyətli mineral sular xüsusi yer tutur. Bu sular ölkəyə valyuta gətirmək qabiliyyətinə malikdir. Son illər Azərbaycanda, o cümlədən muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər bunun üçün münbit şərait yaradıb. Qalır bu şəraitdən doğru-düzgün istifadə etmək. Çünki eyfiyyətli məhsulun hər yerdə alıcısı var. Dünyanın ekoloji təmiz məhsul çılğınlığı,orqanik məhsulların böyük reklam işinə çevrrildiyi bir zamanda Azərbaycanın min bir dərdə dəva suları əvəzolunmaz və rəqabəttədavamlı xammaldır. Mineral sular — İnsan orqaniziminə müalicəvi təsir edən, tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində faydalı bioloji aktiv elementləri olan və yaxud, ümumi minerallaşma dərəcəsi yüksək olan sulardır

Mineral sular bioloji fəal ünsürlərin çoxluğu, zənginliyi ilə səciyyələnir və insan orqanizmini müalicə edən qeyri-adi (spesifik) fiziki-kütləvi xassələrə malikdir. Elə bu səbəbdən mineral sulardan daha çox kurortlarda, poliklinikalarda, xəstəxanalarda, ev şəraitində istifadə olunur. Mineral sulardan mədə bağırsaq, dəri zöhrəvi, pd , böyrək daşları xəstəliklərinin müalicəsində istifadə olunur. Maraqlı bir faktı xatırladım.Naxçıvandakı Darıdağ suyundan 1930-cu illərdə malyariyalı xəstəliyinin müalicəsi üçün istifadə olunub.

Yeraltı suların hər hansı bir növünün temperaturu, yer qabığının termik rejimini əks etdirir.

Yer kürəsinin müxtəlif yerlərində suların temperaturu fərqlənir.

Azərbaycanın mineral sularının temperaturu 4°-dən 65°-yə kimi dəyişir. Bu ancaq təbii su çıxarlarına aiddir. Lakin buruq qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 95°C-yə çatan su çıxır.

Respublikamızda yüksək temperaturlu mineral sular Qoturlu (64°), Donuzütən (64°, Masallı rayonu), İstisu (62°-yə Kəlbəcər rayonu) bəllidir. Temperatur xusisiyyətlərinə görə 35-36° temperatura malik olan sular daha qiymətlidir. Həmin temperatur insan bədənin temperaturuna uyğun gəlir. Belə suların müalicə əhəmiyyəti daha yüksəkdir. Belə sulara Xaltan (Dəvəçi rayonu), İlisu (Qax rayonu) (36°-42°C) və başqaları aiddir. Beynəlxalq balneoloji təsnifat əsasında Yer kürəsində məlum olan mineral sular aşağıdakı qayda üzrə fərqlənir:

1. Soyuq sular (20°C-dən aşağı);

2. Subtermal (ilıq) sular (20°-37°C) ;

3. Termal (isti sular (37°-42°);

4. Hipotermal (çox isti) sular (42°-dən yuxarı).

İnsan sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların 1000-dən çox təbii çıxışları qeydə alınmışdır. Lakin cəmi 30 mineral qrup su yatağında tam geoloji-kəşfiyyat işləri aparılmış və istismar ehtiyatları təsdiq edilmişdir. Çox qiymətli mineral sular, xüsusilə, Naxçıvan MR ərazisində geniş yayılmışdır. Təsadufi deyildir ki, Naxçıvan "Mineral suların təbii muzeyi" adlandırılır. Bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar.

Naxçıvan Muxtar Respublikasında mineral su mənbələrinin sayı 225-dir və hazırda onların bir neçəsindən intensiv istifadə olunur. Həmin mineral suların mənbələrinin əksəriyyəti, daha doğrusu çox hissəsi Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Əylis çaylarının vadilərində və onların yaxınlığında yerləşir. Bu mineral sular öz kimyəvi tərkibinə görə müxtəlif və rəngarəngdir. Onlardan həm süfrə, həm də müalicəvi su kimi istifadə edilir. Onu da qeyd edək ki, regionun müalicə əhəmiyyətli suları müxtəlif tərkiblərə malikdir.

İndiyədək Ordubad rayonunda 29, Culfada 85, Şahbuzda 50-dən çox mineral bulaqlar və ya mineral sular aşkar edilmişdir və onların bəzilərindən hazırda geniş istifadə edilir. Babək rayonunda isə 50 müalicəvi su mənbəyi üzrə kəşfiyyat və axtarış işləri həyata keçirilmişdir. Müalicə əhəmiyyətinə görə bu rayonun Sirab, Qahab, Vayxır, Qızılburun, Darıdağ kimi mineral suları çox məşhurdur. Məsələn, "Sirab-12" az minerallaşmış, soyuq, karbon qazlı və hidro-karbonatlı mineral sudur. "Vayxır-7" mineral suyu daha çox xroniki mədə və digər xəstəliklərdə istifadə edilir. Vayxır, Sirab, Badamlı, Darıdağ, Qızılburun, Nəhəcir mineral sularından isə əsasən içməli su kimi istifadə olunur.

Bu gün muxtar respublikada mineral suların sənaye üsulu ilə istehsalı yüksək səviyyədədir. Hazırda Naxçıvan MR-də 3 mineral su zavodu fəaliyyət göstərir. "Badamlı" və "Sirab" mineral su zavodları birbaşa su mənbəyinin yanında, digəri isə Naxçıvan şəhərində yerləşir. Həmin zavodlar son illər yenidən qurulmuşdur.

Hesablamalara görə, gün ərzində regiondakı mineral su mənbələri yer səthinə təxminən 24 milyon litr su axıdır. Onların da çox az bir hissəsindən istifadə olunur. Onu da deyək ki, hər damlasında həyat nümunəsi olan bu mineral bulaqlar (xüsusi ilə müalicə əhəmiyyətli sular) adamlara qədim zamanlardan məlum olub. Yerli əhali həmişə dirilik, şəfa suyu olan bu bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə “tanrı ocağı”, –deyərək möhkəm inam bəsləyib. Elə o vaxtlardan da həmin mənbələrin ətraflarında yaşayış məskənləri salınıb. Sirab kəndi yaxınlığındakı Daşqala mağarasını buna misal göstərmək olar.

Tarixən də Naxçıvan şəhərinin ətrafı həmişə mineral su yataqları ilə zəngin olub.

İri çay vadilərində və onların yaxınlığında yerləşən mineral bulaqlar heç də muxtar respublika ərazisində bərabər səviyyədə paylanmayıblar. Bu sarıdan Şahbuz rayonun qismətinə daha çox pay düşüb. Ərazisindəki çay vadiləri boyu 40 kvadrat kilometrlik sahədə 50-dək mineral su mənbəyi aşkar olunub. Culfa rayonunda isə 85 mineral su bulağı qeydə alınıb. Babəkdə isə 50 mineral-müalicə su mənbəyi öyrənilib.

Tədqiqatçıların fiktrincə, mineral bulaqların formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti olub. Alimlər həm də bu qənaətdədirlər ki, bu suların yüksək kimyəvi-balneoloji xüsusiyyətlərə malik olmalarında onların müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxması önəmli rol oynayır. Bu halda bulaq suları yeraltı süxurların bütün müsbət keyfiyyətlərini özləri ilə bərabər yerin səthinə çıxarırlar. Nəzərə alaq ki, ərazidə ən qədim su süxurların yaşı 400 milyon illə 500-700 min arasında dəyişir.

.

Mineral suların müalicəvi xüsusiyyətləri onların tərkibindəki 6 əsas ionla müəyyən edilir: natrium, kalsium, maqnezium, xlor, sulfat və hidrokarbonat. Bu suların tərkibinin müxtəlifliyi isə bu altı elementin müxtəlif nisbətlərdə birləşməsindən asılıdır. Əgər hidrokarbonat və natrium ionu suda üstünlük təşkil edirsə, təbii ki, bu halda onlar hidrokarbonatlı-natriumlu, yəni məhşur “Barjomi” tipli suları təşkil edir. Naxçıvandakı “Sirab”la yanaşı, “Gülüstan” (Culfa), “Nəvi” (Ordubad), “Biçənək” (Şahbuz) mineral suları dı bu tipə aiddir. “Narzan” tipli sularda isə maqnezium, kalsium, və sulfat ionlarının birləşməsindən əmələ gəlir. Şahbuz rayonun “Badamlı”, “Gicdəsər”, “Karvansara”, “Sələsüz”, Culfanın “Dingə”, “Nəsirvaz”, Babək rayonundakı “Qızılburun” bulaqları da onun anoloqudur.

“Əshabi-kəhf mineral suyu da artıq öz sirrini açıb. O, radonla zəngindir. Bu su məhşur Pyatiqorsk (Şimali Qafqaz) suyunun analoqu olmaqla yanaşı sinir, ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində səmərəlidir.

Azərbaycanda su mənbələrində planlı kəşfiyyat işləri isə 20-cü yüzillikdən aparılır. Ötən müddət ərzində də müəyyən edilib ki, bölgədə mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcud olub. Onların isə 98 faizi karbonqazlı olub, hidrokarbonat tipli sulara aid edilirər. Azərbaycan ərazisində mövcud olan karbon qazlı suların üçdə bir hissəsi də bu regionun payına düşüb

Abşeron yarmadasının mineral suları

Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 kilometr dənizin içərisinin doğru irəliləyən bu yarımadanın cahili başdan-başa gözəl çimərliklərlə əhatə olunmuşdur. Abşeron yarımadası iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı nisbətən qısa olur. Abşeron qumlu sahilləri və təkcə dənizi ilə şöhrət tapmamışdır. Burada çoxlu şəfa bulaqları qaynayır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicə əhəmiyyətinə malikdir. Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral suları Abşeronu daha da şöhrətləndirmişdir. Böyük Şor və Masazır mənbələrində qiymətli müalicə palçığı çıxır. Abşeron yarımadasında onlarca palçıq vulkanı püskürmüşdür. Təəssüf ki, bu vulkanlardan çıxan müalicə palçıqları balneoloqlar və kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmur.

Laçın – Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) və İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500-2800 m hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Yuxarı İstisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi mineral bulaqları göstərmək olar.

Şimal zonasında azot və kükürdlü oksigen xassəli termal və soyuq suların çıxıntısı müşahidə olunur. Bunların içində ən qiymətliləri Xaltan, Jimi və Həşim suları (Quba rayonu), Çuxuryurd sulları (Şamaxı rayonu), Bum və Xalxal sularıdır (Qəbələ rayonu).

Respublikanın Aran zonasında müxtəlif xassəli təbii müalicə ehtiyatları ilə zəngindir. Bunlara müalicəvi neft, mineral sular və müalicəvi palçıq aiddir.Bu ərazidə yerləşən müalicəvi neft yatağı dünyada yeganədir.

AMEA-dan verilən məlumata görə,Dəvəçi rayonunda "Naftusiya" mineral suyunun analoqu olan "Qalaaltı" mineral su yataqlarının istismar ehtiyatları gündə 154 min litr həcmində təsdiq edilmişdir. Xaçmaz rayonunda "Nabran" (ehtiyatı 29,9 min l/gun), Şamaxı rayonunda "Çuxuryurd" (140 min l/gün), Çağan (252 min l/gün), Qax rayonunda "Ilisu" (284 min l/gün), Lənkəran rayonunda "Meşəsu" (550 min litr/gün) və "İbadsu" (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi, ürək-damar sistemi və s.) müalicəsində istifadə edilir. Abşeron yarımadasında Suraxanı mineral suları (istismar ehtiyatları 510 min l/gün), Mərdəkan (620 min l/gün), Buzovna (80 min l/gün), Bilgə (280 min l/gün), Pirşağı (35 min l/gün), Şıxov (150 min l/gün) geniş istifadə üçün perspektivli sayılırlar. Lerik rayonunda "Bülüdül" mineral sularının istismar ehtiyatları 86,4 min l/gün, Qazaxda - "Salahlı" 10,8 min l/gün, Aşağı Salahlı - 21,6 min l/gün, Əskipara - 5,4 min l/gün, Əzizbəyli - 2,7 min l/gün, Tovuz rayonunda Şamlıq - 2,7 min l/gün, Kazımlı - 10,8 min l/gün, Kəndalar - 43 min l/gün, Şınıx - 8064 min l/gün, Gədəbəydə Qızılca - 86,4 min l/gün, Slavyanka - 21,6 min l/gün, Qalakənd - 108 min l/gün, Çayqarışığı - 216 min l/gün, Şəmkir - 43,2 min l/gün, Daşkəsəndə Yuxarı Daşkəsən - 4,3 min l/gün, Aşagi Daşkəsən - 5,4 min l/gün, Alaxançallı - 108 min l/gün, Qabıqtala - 4,3 min l/gün səviyyəsində qiymətləndirilir.

Təbiət Azərbaycana sevgisini mineral bulaqlarımızla göstərib.. Hər damlası can dərmanı, var dövlətdir.Nahaq yerə təbii sərvvət deyilmir.Ümid edirik ki, gələcəkdə ölkəmizdən ixrac olunan mineral sular dünyada Azərbaycanın adını neft ölkəsi olduğu kimi, qiymətli və sehirli sular ölkəsi kimi də tanıdacaq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »