Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcdadlarımızın təbiət sevgisi və nəsillərin bu yöndə tərbiyəsi
Ana südü, dağ çiçəyi

Uşaq idim o vaxtlar. Yazın gəlişi ilə qarışqalar yuvalarından çıxmış,mətbəxə daraşmışdılar. Ağlım kəsmirdi, istədim üzərlərinə su tökəm ki, dağılsınlar, qaçsınlar. Anam qoymadı. Gətirib bir-iki dənə qənd qoydu onların toplandığı yerə. “Qarışqa bol olan yerə Allah ruzi bərəkət göndərər bala”- dedi. “O da candır. Bir qarışqanı yaradacaq qədər gücümüz yoxdusa niyə yaradanın əsərinə qəsd edək?”.

Biz böyüklərimizdən belə görmüşdük.Təbiəti, ətraf mühiti onların vediyi tərbiyə ilə sevmişdik.Nənəmiz evin divarlarında hörümçək görüncə toru təmziləyib hörümçəyə dəyməzdi, deyərdi, hörümçək görünübsə evə qonaq gələcək. Peyğəmbəri bəladan qurtaran hörümçək olub, ona qıyılmaz”.

Təndirə çörək yapılanda, sac üstə lavaşın qoxusu hamımızı bihuş edəndə nənəmiz ilk çörəkdən, ilk lavaşdan bizimlə bərabər həyətdəki itə, pişiyə pay çıxardı. Ağacların bəhrəsi yığılanda budaqlarda quşların payını saxlayardılar.

Babam budaqları eyvana əyilən “danaürəyi” gilası qoparıb ovcuma qoyandan sonra ağacın gövdəsini sığallayardı.”

-Şükür yaradanın qüdrətinə, kim deyərdi ki, bu quru candan belə gözəl nemət çıxacaq?

-Baba ağac can deyil axı?

-Candır, gözümün nuru, ağac candır, canlıdır, can verəndir.

Bar verən ağacı kəsmək adam öldürmək kimi bir cinayət idi onun üçün. Torpağa bağlı insanlar təbiətlə dost olmağa, təbiəti müharibə elan etməklə deyil, onun dilini sirlərinə yiyələnməklə ram etməyə çalışırdılar. Qışın necə gələcəyini hələ payızdan bilərdilər- qovaqların yarpaq tökümünə baxaraq. Yayın quraq keçib-keçməyəcəyini də qışın yağıntısından proqnozlaşdırardılar. Ayın, günəşin, ulduzların, buludların, küləyin, heyvanların,quşların,həşəratların, bitkilərin hərəkətini müşahidə edərək öz həyatlarına, ömür-günlərinə yön verərdilər. Ən ağır xəstəliklərinin, dərdlərinin dərmanı da ana təbiətdəydi.Hər otun, hər çiçəyin dilini bilər,məlhəm edərdilər.Təbiətdən hazır almır, təbiətdən öyrənirdilər.

Beləydi bizim böyüklərimiz.Təbiəti sevin, demirdilər. Bunu öz yaşam tərzləri göstərirdilər. Deyirlər uşağa tərbiyə vermək lazım deyil, özün tərbiyəli ol yetər. Ekoloji maarifləndirmə işini aparmaq üçün insan ilk növbədə özü nümunə, rol model olmalıdır.

Azərbaycanlılar hər zaman torpağa, yurda bağlı insanlar olublar. Hansı xalq öz dağlarına, meşələrinə, çaylarına mahnı bəstələyər,vəsf edər? “Dəli Kür”üm, “Xan Araz”ım, “Şuşanın dağları” deyər sevər ölkəsinin təbiətini,nəğmələr qoşar? Azərbaycanlıların qanındakı sevgi yaratdı Qarabağ şikəstəsini, Şirvan gözəlləməsini

Təbiətə, yaradılan hər canlıya sevgi qədim türklərin mədəniyyətindən gəlir. Dədə Qorqud boylarında dualar edərkən el ağsaqqalları, ağ birçəkləri axar suların qurumasın, bar verən ağacların kəsilməsin deyərdilər.

“Yerli qara dağların yıxılmasın! Kölgəlicə qaba ağacın qurumasın. Qamin aqan görkli suyun qurumasın! Qanadların ucları qırılmasın! Ötkən ağ-boz atın büdrəməsin! “-deyərdi bizim əcdadımız.

Türkün təbiətə münasibəti onun dağı, daşı, səmanı, çayı, meşəni, təbiətdəki müxtəlif varlıqları ilahiləşdirməsi, sevməsi qoruması demək olub. Qədim türklər təbiətdə daim özlərini görüblər. Ulu əcdadlarımız Boz Qurdu müğəddəsləşdiriblər.Nəsillərinin bozqurddan və Alageyikdən gəldiyinə inanıblar. Alageyik torpağın, bozqurda səmanın rəmzi idi, bu iki qüdrətdən başı göylər qədər uca türk oğlu, qəlbi ana torpaq qədər mərhəmətli türk qızı yaranmışdı.

Eramızdan yüzillər öncə qeyd olunmağa başlayan bahar bayramı məhz təbiət bayramıdır. Bayramın bir çox əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, günəşi çağırış, savaşları saxlamaq, ev-eşikdə, həyət-bacada yır-yığış etmək, təmizlik işləri görmək, Su, Od, Torpaq və Yel çərşənbələri bir başa insanın təbiətlə harmoniyasının, ətraf aləmə hörmət və ehtiramının simvoludur.

Heydər yolu

Ümummilli liderimiz, mərhum prezidentimiz Heydər Əliyev hərtərəfli biliyə malik insan idi. O gözəl bilirdi ki,dünyada 1,1 milyard insan təmiz şirin su istifadə etmək imkanına malik deyil. Hesablamalara əsasən, 2050-ci ildə yer əhalisinin üçdə ikisi istifadəyə yararlı içməli su çatışmazlığından əziyyət çəkəcək. Ulu öndər hakimiyyətdə olduğu illərdə ölkənin, xüsusən də böyük sənaye şəhəri olan Bakının ekoloji mühitinin sağlamlaşdırılmasına böyük diqqət yetirirdi. Bakı əhalisinin təmiz bulaq suyu ilə təmin etmək üçün şəkilmiş Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ildə işə salınanda dahi rəhbər elin,obanın”su qədər əziz olasan” alqışını qazandı.Ulu öndər “bir ağacı kəsən mənim qolumu kəsmiş kimidir” deməklə ana təbiətə sonsuz vurğunluğunu və qayğısını ifadə etmişdi.Onun yarımçıq qalan layihələri İlham Əliyev tərəfindən gerçəkləşdirildi.Neftlə şirklənmiş torpaqların hər metri uğrunda iş aparıldı,ölü torpaqlara can verildi, gülüstana çevrildi,bir zaman xəyal olan Ağ Şəhər arzusu gerçəkləşdirildi, abad küçələr salındı tullantılarının səmərəli emalına şərait yaradıldı, şəhərin ekoloji təmizliyinə nail olmaq üçün bu gün sənaye müəssiələrinin şəhər ətrafına köçürülməsi prosesi uğurla gedir.Hər sabah Xəzərin ilıq sularından yuyunub çıxan Bakımız bir az daha gözəlləşir,gəncləşir.Elə Xəzər dənizinin özünün də ekoloji problemlərinə diqqət göstərən 5 xəzəryanı dövlətdən ən birincisi Azərbaycandır.Neft istehsalı ilə əlaqədar həyata keçirilən bütün layihələrdə ekoloji amil ən vacib şərt kimi irəli sürülür. “Yaşıl biznes”, “yaşıl texnologiyalar”, alternativ enerjidən istifadə sabahlarımızı qorumağa yönəlmiş real addımlardır.

Ekoloji tərbiyə və maarifləndirmə

Ölkəmizdə uşaq və gənclərin ekoloji maaarifləndirilməsi işlərinə dövlət səviyyəsində diqqət var.Hələ 1923-cü ildə əsası qoyulmuş Təbiəti sevənlər dərnəyi bu gün də öz fəaliyyətini aktiv davam etdirir.

Təhsil Naziriyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, dosent, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultanzadə “Bizim Yol” qəzetinə bildirib ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə may ayında “Yaşıl şəbəkə”- Ekoklub üzvlərinin III Ekoloji forumu keçirilib.III Ekoloji Forum “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə başlanan Azərbaycanda gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabr ayından etibarən Bakı şəhərinin orta məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. Əsas məqsəd gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarətdir.

Müasir dünyanı cənginə alan ekoloji böhran məvhumu insanın öz əsəridir

Sənayeləşmənin sürətli inkişafı nələrə səbəb olur ? -Hər il milyonlarla ton bərk və qaz halında olan tullantılar təbiətə atılır, milyard kubmetrlərlə çirkab sular su hövzələrinə axıdılır.İnsanların məskunlaşdığı yerlər səslə, elektromaqnit sahələrlə və radioaktiv şüalanma ilə "çirkləndirilir", oksigen ehtiyatları tükənir, Yer kürəsinin ozon təbəqəsi dağılır.Təbii mühitin çirklənməsi nəticəsində insanların sağlamlığı pisləşir, bitki və heyvanat aləmi məhv olur.

Hava insan üçün ən vacib komponentdir. İnsan 5 həftə qidasız, 5 sutka susuz, 5 dəqiqə havasız yaşaya bilər.Bu gün çox təəssüf ki, böyük güclər bir birinə məhz hava terroru ilə hücum edirlər. Kimyəvi, bakterioloji silahlar işə salınır, müxtəlif süni xəstəliklərdən təzyiq aləti kimi istifadə olunur.Planetin çirklənməsinə, ekologiyanın korlanmasına müharibələr, hərbi təlimlər, sınaqlar böyük zərbələr vurur.Havadan atılan kiçikölçülü bombaların təsiri ilə ətraf mühitin normal iqlim şəraiti 16 gündə pozulur, bir hərbi vertolyotun atdığı mərmilərin nəticəsində torpaq qatında yaranan çat bir daha bərpa olunmur, yağış yağarsa 15, yağmazsa 9 gün sonra mərmi düşən zolaq “ölü zona”ya çevrilir, 20 il o yerlərdə heç nə bitmir, ətrafdakı yaşayış məntəqələrində vərəm sindromu 2,5 dəfə artır. Bu isə o deməkdir ki, silahlar da insan kimi təbiəti həmişə “qorxu” içində saxlayır. Saydıqlarımız müharibənin ekologiyaya vura biləcəyi zərərlərin cüzi bir hissəsidir. Okeanlarda kütləsi 100 kiloqramlıq 44 metr radiusunda olan dəniz minasının partlaması zamanı faunanın bütün nümayəndələri məhv olur. İş o yerə çatıb ki, insan heyvanları da müharibələrə alət edir, bu yolla da ekologiyanı pozur.1987-1988-ci illərdə Fars körfəzində baş vermiş İran-İraq müharibəsi zamanı körfəzdə böyük təhlükə törədən sahibsiz minaları məhv etmək məqsədilə delfinlərdən istifadə olunurdu. Ötən əsrin 60-cı illərin sonlarında artıq SSRİ-də 50-dən artıq delfinləri tədqiqat mərkəzləri fəaliyyət göstərirdi.Bu kimi tədqiqat və sınaaqlar indi də məxfi şəkildə aparılır. Hər il sahillərə özünü çırpıb intihar edən yüzlərlə balina, delfin, məhv olaraq su üzünə çıxan balıqlar ekoloji balansın pozulmasının acı sonluğudur.

Yerətrafı orbitdəki ən müasir texnologiyalarla yer üzərində zəlzələlər,sunamilər, fırtınalar törətmək mümkündür. Müharibələr üçün tanklar, toplar deyil,qorxunc nəticələri nəzərə alınmadan təbiət qüvvələrindən isifadə olunur.Bir gün hər şey bizə qarşı çevrilib qarşısıalınmaz proses başlasa nə olacaq?

Ermənistanın ekoterroru davam edir

Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla, 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır.Minlərlə tarixi mədəni  abidəmiz,və ekoloji sərvətimiz məhv edilib. Lakin ermənilərin bu günə qədər vurmuş olduğu zərbə bundan belə olacaq fəlakətin yanında az görünəcək. İşğal altında qalmış Sərsəng su anbarı cəbhəyanı rayonlar üçün ciddi təhlükə mənbəyidir.Azərbaycanın cəbhəyanı rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Goranbay, Tərtər, Yevlax) meliorasiya və irriqasiya şəbəkəsi 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarından qidalanırdı. Baxımsızlıq nəticəsində anbarın uçma təhlkəsi yaranıb. Ekspertlərin hesablamalarına görə, Sovet İttifaqı dövründə inşa edilmiş anbarın dağılmasının ətraf ərazidə yaşayan 400 min mülki əhali üçün fəlakət xarakterli təhdid yaradacağı qaçılmazdır.Üstəlik regionda daha bir saatlı bomba fəaliyyətdədir. Bağlandıqdan sonra yenidən istifadəyə verilmiş bu stansiya həm ölkəmiz, həm də region üçün böyük təhlükə mənbəyidir.Başqa sözlə deək hər an yeni bir Fukusimo və Çernobıl fəlakəti yaşamaq ehtimalı ilə üz üzəyik. Stansiyanın birinci bloku zəlzələ nəticəsində əsaslı zərər görmüş, təmir işlərinə baxmayaraq, işlək vəziyyətdə olmadığından bağlanıb. Birinci blokun içindəki uranın “aqibəti” – nəzarətsiz buraxılması təkcə bizim üçün deyil bütün region üçün təhlükə mənbəyidir. 1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar xərcləsə də, Avropa Birliyi bu stansiyanı köhnə və etibarsız olaraq qiymətləndirib. Təəssüf ki, Ermənistan rəhbərliyi 2026-cı ilə qədər bu AES fəaliyyətinin dayanmayacağında israrlıdır və bununla da oturduğu budağı kəsəcək qədər ağılsız olduğunu bəyan edir.

Keçmişimizə, bu günümüzə vurduğu zərbələrlə yetinməyib, gələcəyimizi də radiasiya təhdidinə məruz qoyur.

Stansiyanın mütləq bağlanmasını vurğulayan AB bu məqsədlə 100 milyon avro verməyə hazır olduğunu bildirsə də Ermənistan hələ də təhlükənin fərqinə varmadan fəlakətə gəl- gəl deməkdədir.

Uğrunda milyonlarla igidlərimizin can verdiyi bu vətən bizə babalarımızın əmanətidir.Vətən bir qarış torpaqdan,bir ovuc sudan və ən əsası da bizdən, bizim sevgimizdən başlayır. Bu torpaqları gələcək nəsillərə onların qürur duyacağı şəkildə çatdırmaqdır borcumuz. Hara getsək, hara uçsaq yurdumuz yuvamız, son mənzilimizdir Odlar Yurdu.Göz bəbəyimiz kimi qorumaqdan başqa yolumuz varmı?

İlhamə Rəsulova

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Son xəbərlər
Bütün xəbərlər »