Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qapıda gözləyən fəlakət -Ekoterrora qarşı beynəlxalq əməkdaşlıq
Müasir ekoloji problemlər öz mahiyyəti etibarı ilə bütün bəşəriyyətin mənafeyinə toxunur. Görünən odur ki, bu qlobal problemin aradan qaldırılması yalnız bütün ölkələrin və dövlətlərin birgə əməkdaşlığı, səyi sayəsində mümkün olacaqdır. Təsadüfi deyildir ki, cəmiyyətlə təbiətin qarşılıqlı təsiri ətrafında bütün dünyada ciddi mübahisələr gedir, dünya ictimaiyyəti, hökumətləri, beynəlxalq təşkilatlar, elm xadimləri ekoloji problemin mahiyyətini, onun mövcud olma səbəblərini və aradan qaldırılması yollarını axtarırlar.

Müasir ekoloji böhranın mahiyyətini cəmiyyətlə təbiət arasında ziddiyyətlərin son dərəcədə kəskinləşməsi təşkil edir. Müasir ekoloji problemlərin təşəkkülü, formalaşması ictimai inkişafın obyektiv təzahürü, qanunauyğun nəticəsi olub, bütövlükdə cəmiyyətin sosial tərəqqisi ilə bilavasitə bağlıdır.

Biosferin gələcəyi, təkamülü getdikcə daha çox cəmiyyətin məqsədəuyğun addımları ilə müəyyən olunmağa başlayır. Təbiətin mühafizəsinin elmi təşkilinin həyatın və sivilizasiyanın qorunub saxlanmasının zəruri şərtinə çevrildiyi indiki zamanda insanların ümumi və xüsusi ekoloji mədəniyyətini, ekoloji şüurunun və ekokoji davranışının yüksək səviyyəyə çatdırılmasını tələb edir. Təbiəti saflaşdırma, onun nemətlərindən səmərəli istifadə etməklə korlanmasının qarşısını almaq təbii şəraitlə ünsiyyətin forma və metodlarını sağlamlaşdırmaq şüurlu fəaliyyəti qüvvətləndirməyi, ekologiyanın əxlaqi-etik problemlərini ön plana çəkməyi zərurətə çevirib.

Ekoloji böhranın aradan qaldırılması üçün ilk növbədə insanların ekoloji dünyagörüşünün formalaşmasına nail olmaq vacibdir. Ekologiyanın mühüm problemlərinin ali və orta məktəblərdə tədris edilməsi ekoloji-etik prinsiplərin intişarı işinə xeyli yardım edər, hər bir adamın ətraf mühitin mühafızəsində fəal, səmərəli fəaliyyət göstərməsinə daha yaxşı şərait yaratmış olar.

Dünya praktikası sübut edir ki, təbiətlə qarşılıqlı münasibətdə kortəbiilik elementlərini getdikcə məhdudlaşdırmaq, mütəşəkkil, şüurlu, yaxın və uzaq nəticələri nəzərə almaq şəraitində fəaliyyət göstərmək yeganə çıxış yoludur.

Ekoloji problemlərin təsirli həlli yollarından biri də müasir elmi-texniki tərəqqinin sürətli inkişafı, ilk növbədə onun nailiyyətlərindən geniş və hərtərəfli istifadə edilməsinin ön plana çəkilməsi, problemlərin həllinə dövlət tərəfindən nəzarətin güclənməsidir.

Yeri gəlmişkən qeyd edək ki, ekoloji böhranın aradan qaldırılması məsələsində elmi-texniki tərəqqinin roluna münasibət birmənalı deyildir. Bəzi Qərb və Şərq sosioloqları ekoloji böhranı elmi-texniki inqilabın bilavasitə nəticəsi hesab edərək onun rolunu inkar edir, nikbin mövqedə duran sosioloqlar isə bu problemin aradan qaldırılmasında onun müsbət, hətta əsas rol oynayacağına inam bəsləyirlər.

Cəmiyyətin çoxcəhətli fəaliyyəti təbii şəraitə yalnız neqativ deyil, eyni zamanda ciddi müsbət təsir göstərir, iqtisadi mənafe naminə həyata keçirilən təsərrüfat tədbirləri planetin bioloji ehtiyatlarını artırır, ekoloji sistemi yaxşılaşdırır.

Azərbaycanı və regionu gözləyən təhlükə

Azərbaycanda bütün dövlətlərdə olduğu kimi, irili xırdalı ekoloji problemləri var. Lakin bu gün ölkəmizi təhdid edən ən böyük təhlükə Ermənistanın işğalçı siyasəi ilə bağlıdır.

Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə etməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir.

Bunu “Bizim Yol” qəzetinə Xarici İşlər Naziyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, rəsmi Yerevanın bu siyasəti Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylara, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur.

“Ermənistanın Azərbaycana doğru axan su resurslarını qəsdən çirkləndirilməsi mövcud problemin başqa bir istiqamətidir. Ermənistanın ekologiya nazirinin müavini Erik Qriroryanın məhz Azərbaycana su axınının qarşısını almaq üçün Ermənistandan Araz çayına axan su resurslarının məhdudlaşdırılması barədə açıqlaması Ermənistanın sudan ekoloji terror və təhdid kimi istifadə etməsini bir daha sübut edir. Bu baxımdan Ermənistan sivil davranış və öhdəliklərdən boyun qaçırmaq üçün “Su Konvensiyası” adı ilə tanınan “Transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi Konvensiyası”na (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes) qoşulmaqdan nümayişkarcasına imtina edir. Buna baxmayaraq, Ermənistanın Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydaları, BMT Baş assambleyasının transsərhəd sular haqqında qanuna dair qətnaməsi (The law of transboundary aquifers), Avropa Şurası Parlament Assambleyasının Avropada transsərhəd su hövzələri haqqında qətnaməsi və digər beynəlxalq sənədlər üzrə öhdəlikləri var” – deyə, o bildirib.

İşğal olunmuş ərazilərimizdəki böyük əhəmiyyətə malik olan dövlət təbiət abidələrinin də əksəriyyəti erməni vəhşiliyinin qurbanı olub. Rəsmi məlumata görə, işğal olunmuş rayonlarda dövlət təbiət abidələri kimi 152 ədəd ağac növü, 13197,5 ha qiymətli meşə sahəsi, 5 ədəd geoloji obyekt vardı. Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr vəhşicəsinə məhv edilib və müəyyən məqsədlər üçün istifadə olunur.

İşğal olunmuş ərazilərimiz həm də qiymətli faydalı qazıntı yataqları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirlib ki, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən, 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 247 min 352 hektar meşə sahələri qalıb ki, bu, Ermənistanın bütün meşələrininin 55%-dən çoxdur.

Amma işğal olunmuş ərazilərimizlə bağlı müşahidələr aparan operativ mərkəzin məlumatlarına görə, erməni tərəfinin əməlləri nəticəsində sözügedən bölgədəki meşələrə aid göstərilən rəqəm bir neçə dəfə azalıb. İşğal olunmuş ərazilərimizdə kəsilən ağaclar ermənilər tərəfindən təkcə yanacaq kimi istifadə olunmur. Ermənilər qırdıqları ağacları mebel istehsalında xammal kimi istifadə üçün xarici ölkələrə ixrac edirlər. Nəticədə mebel sənayesi olmayan Ermənistan Azərbaycan ərazilərindəki meşələr hesabına dünyada özünü sənaye istehsalçısı kimi təqdim edir.

“İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in məlumatına görə, ermənilər işğal mebel sənayesində ən çox istifadə olunan qırmızı palıd, qoz ağaclarını demək olar ki, məhv ediblər. Çinar meşələrində isə hətta kötüklər belə çıxarılıb.

Bu günümüzü və sabahımı təhdid edən ən böyük təhlükə isə "Metsamor” AES-dir.

Ermənistanda yerləşən "Metsamor" stansiyası Cənubi Qafqaz və Avropa regionu üçün ən böyük təhlükələrdən biridir. Seysmoloji cəhətdən fəal zonada yerləşən "Metsamor" AES-in fəaliyyətinin dərhal dayandırılması ilə bağlı məsələ dəfələrlə Parlament Assambleyasında qaldırılmışdır. Məsələ burasındadır ki, əgər hər hansı ciddi bir hadisə baş verərsə, Azərbaycan hökumətinin evakuasiya üçün 24 saatdan da az vaxtı qalacaqdır. Bundan əlavə, qısa bir vaxt kəsiyində Cənubi Qafqazın əksər hissəsində həyatı məhv etmək gücündə olan "Metsamor" AES 11 ballıq zəlzələ riski olan bir ərazidə yerləşmişdir. Ermənistan tərəfi sonuncu dəfə Avropa İttifaqının 2011-ci ildə "Metsamor"un fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd etmiş və ölkənin enerji ehtiyatlarının qarşılanması üçün ona 100 milyon dollar maliyyə yardımı edilməsi təklifini irəli sürmüşdür. Avropa İttifaqının "Metsamor" AES-in fəaliyyətini dayandırmaq ilə bağlı Ermənistana çağırışlarına baxmayaraq, rəsmi Yerevan 1974-cü ildə tikilmiş olan stansiyanı 1995-ci ildə yenidən istismara başlamışdır

Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır.

Avropa İttifaqının Ermənistan atom elektrik stansiyasının bağlanması tələbini şərh edən Ermənistan Enerji İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin rəsmi nümayəndəsi Vasak Tarpoşyan qeyd edib ki, saziş layihəsinə əsasən, stansiya müvafiq enerji istehsalı mənbələri yaradıldıqdan sonra bağlana bilər, nazirliyin saytında deyilir.

"Ermənistan atom elektrik stansiyasının ikinci enerji blokunun resursu sonsuz deyil, günlərin birində o [stansiya> istismardan çıxarılacaq", - deyə Tarpoşyan stansiyada ikinci enerji blokunun istismar müddətinin 2026-cı ilədək uzatmaq proqramının tətbiq edildiyini xatırladıb.

"Enerji blokunun nə vaxt istismardan çıxaracağımız bu müddət başa çatdıqdan sonra məlum olar", - o deyib.

Göründüyü kimi, bütün təhlükələrə baxmayaraq bu dövlət hələ 2026-cı ilə qədər AES-in işini dayandırmaq fikrində deyil. Bununla da həm özünün, həm də regionun taleyini ipdən asılı vəziyyətə gətirir. Fəlakət qapıda dayanıb. Faciə baş verdikdən sonra ağlamağın faydası yoxdur. Ermənistanın uzağı görməyən hakim dairələri isə öncədən tədbir almaq dedikdə insan həyatının təhlükəsizliyini deyil, yalnız başqa dövlətlərin torpaqlarının işğal planını hazırlamağı başa düşürlər. Əks halda son 150 ildə bu qədər qan tökməz, bu qədər faciəyə səbəb olmazdılar. Məhz ekoloi bir bəlaya yol aça biləcəyi üçün bu problemin həlli beynəlxalq əməkdaşlığı zəruri edir.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »