Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ müharibəsi əlilinin oğlu fəryad etdi - Fotolar
Mənzillə təminat üçün icra hakimiyyətinə edilən müraciətlər nəticəsiz qalıb

“Bərdə rayon sakini Qarabağ müharibəsi veteranı, ikinci qrup əlili İsmayılov Məmmədrza Hacı oğlu mənzillə təminat üçün dəfələrlə müvafiq qurumlara müraciət edib, amma mənzil növbəsinə alınmayıb”.

Bu barədə Bizimyol.info - ya Məmmədrza İsmayılovun oğlu İlkin İsmayılov bildirib. Onun özü də ikinci qrup əlildir.

“Biz Bərdə şəhəri Heydər Əliyev prospekti, “İsaoğlu” tikinti mağazasının arxasında yerləşən “Bella” gözəllik salonunun yanındakı daxmada yaşayırıq. Özüm dəfələrlə Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Bizi mənzil növbəsinə almadılar, dedilər ki bizə veriləcək nə mənzil, nə də torpaq sahəsi var”,-deyə İlkin İsmayılov bildirib.

O qeyd edib ki, atasının aldığı Qarabağ əlili pensiyası ilə dolanırlar: “Ailəliyəm, bir övladım var. Ailəmə baxa bilmədiyim üçün valideynlərinin himayəsinə vermişəm. Atam 200 manat pensiya alır və hər ay “Kapital Bank”dan götürdüyü krediti ödəyir. Bankdan kredit mənim müalicəm üçün götürülüb. Mən xroniki virus mənşəli C hepatitdən əziyyət çəkirəm. Mənə pensiya yeni təyin olunduğu üçün hələ ki pensiya almıram”.

İlkin İsmayılov yoxsulluq içində yaşadıqlarını deyərək hazırda qaldıqları daxmadan da çıxarılacağını dedi: “Başqa şəxsin mülkiyyətində olan həyətdə balaca daxmada yaşayırıq, mülkün sahibi də həmin ərazini satdığı üçün bizim burdan çıxmağımızı xahiş edib. Bizim ev almaq üçün maddi imkanımız yoxdur. Bizim səlahiyyətli şəxslərin yardımına və mənzillə təmin olunmağına ehtiyacımız var. Son ümüd yerimiz sizsiniz!”

İ.Məmmədov deyib ki, o, müddətdən artıq hərbi xidmət edib: “Mənim 12 il stajım var. Xəstəliklə ehtiyyata buraxıldım, ehtiyyata çıxandan sonra 3 ay müddətində yerli icra orqanlarına müraciət etməliyəm. Onlar isə məni torpaqla təmin etməlidirlər, əgər edə bilmirlərsə kirayə pulu verməlidirlər. Məndə Bərdə rayon icra başçısına məktubla müraciət elədim. Cavab göndərmədilər, atam gedib maraqlanıb və bildiriblər ki, zabit və ya gizir olsaydı ona köməklik eləmək olardı. Mən də MAXE olduğuma görə mənə düşmədi. Üstəlikdə xidmət ilim 15 il olmalıdır dedilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »