Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə kim qalib gələcək?
Sabah Türkyədə keçiriləcək növbədənkənar seçkilər bütün dünyanın diqqət mərkəzindədir. Bu seçkilərdən təkcə qardaş ölkənin taleyi deyil, bir çox regional və beynəlxalq məsələlərin gələcəyi asılıdır. Hər kəsi maraqlandıran əsas bir sual var. Artıq uzun illərdr ki, hakimiyyətdə olan AK Parti və onun lideri hazırkı prezident Ərdoğan özünün və partiyasının iqtidardakı mövqeyini qoruyub-saxlaya biləcəkmi, seçkilər ikinci tura keçəcəkmi?

Əgər birinci turda namizədlərdən heç biri seçicilərin 50+1 faiz səs nisbətində etimadını qazana blməzsə, iki həftə sonra, yəni iyulun 8-də təkrar seçkilər keçiriləcək. Əgər ikinci tura keçmiş namizədlərdən hər hansı biri müəyyən səbəblərdən seçkidə iştirak etməzsə, namizədliyini geri götürərsə və s. o zaman seçkilər referendum tipli olacaq və qalib gələn namizəd ölkə başçısı seçilmiş hesab olunacaqdır.

Sözsüz ki, seçkilərin əsas namizədlər Rəcəb Tayyib Ərdoğan və Muharrem İncə arasında keçirilməsi gözlənilir. Bununla belə, çox böyük ehtimalla Ərdoğan qarşıdakı illərdə də Türkiyə Cümhuriyyətinə rəhbərlik etmək hüququ qazanacaqdır.

Ərdoğana qarşı olan əsas təhdid ABŞ və digər Qərb ölkələrinin müxalifətə, əsasən də CHP və İyi Partiyə dəstək verərək onun hakimiyyətinə son qoymaq ehtimalı idi. 2016-ci il çevriliş cəhdindən sonra bu təzyiqlər şiddətlənərək aşkar xarakter almışdı. Xüsusən də ölkə iqtsadiyyatına və əhalinin güzəranına mənfi təsir edən dolların lirəyə nisbətdə xeyli bahalaşması, ABŞ Konqresində F-35, F-16 qırıcılarının, Patriot sistemlərinin və bəzi helikopter növlərinin Türkiyəyə satışına qadağa qoyulması barədə qərar qəbul edilməsi Rusiyadan S-400 alan və bununla NATO sisteminə rus raketdənmüdafiə sistemləri gətirən, yevangelist ruhani pərdəsi altında bu ölkədə fəaliyyət göstərən ABŞ kəşfiyyatçısını həbs edən, Qərbin Suriyadakı planlarını alt-üst edən Türkiyəni cəzalandırmaq, seçkiqabağı Ərdoğana təzyiq göstərmək məqsədi daşıyırdı. Avropa ölkələrinin PKK və digər terror təşkilatlarına hər cür toplantı keçirməsinə icazə verməsinə baxmayaraq, AK Parti tərəfdarlarına Almaniya və digər ölkələrdə toplantılara icazə verməməsi də ayrı-seçkiliyə nümunə sayıla bilər.

Lakin bir neçə saat əvvəl bir neçə F-35-in Türkiyəyə verilməsi və bunun təmtəraqlı mərasimlə canlı yayınla nümayiş etdirilməsi, eləcə də bir neçə gün öncə Türkiyə və ABŞ arasında Menbiçdən PKK/PYD/YPG terrorçularının çıxarılması və onların tərksilah edilməsi barədə razılaşmanın olması seçkiqabağı bu iki ölkə arasında müəyyən yaxınlaşmadan xəbər verir. Bu isə o deməkdir ki, ABŞ heç də birmənalı surətdə müxalifətə dəstək verərək Ərdoğanın hakimiyyətdən getməsini istəmir.

AKP-nin qalib gəlmək şansı əlbəttə ki, böyükdür. İlk olaraq onu qeyd edək ki, Ərdoğan uduzacağı bir növbədənkənar seçkiyə getməzdi. Eyni zamanda, seçkilər OHAL, yəni fövqəladə vəziyyət rejimində keçirilir ki, bu da seçki sonrası iğtişaşların qarşısının alınmasının təminatı deməkdir. Narazı seçicilər küçəyə çıxaraq iğtişaş törətmək istəsə, təhlükəsizlik qüvvələri dərhal bunun qarşısını alacaqdır və bu, seçicilərin, vətəndaşların toplanmaq azadlığına hökumətin təzyiqi yox, toplanan şəxslərin qanunun tələbini pozaraq fövqəladə vəziyyət rejimində qanunazidd hərəkəti kimi qəbul ediləcəkdir.

Ərdoğanın qalib gəlməsi Türkiyənin 16 ildən bəri gəldiyi yolun davam etdirilməsi, Yeni dünya nizamında imperiya keçmişinə əsaslanaraq Yeni Osmançılıq kursu yeridən  ölkənin Yaxın Şərqdə və islam dünyasında lider olmaq iddialarının davamı etdirilməsi siyasəti demək olacaqdır. Bildiyimiz kimi Türkiyə hazırda Yaxın Şərq, Uzaq Şərq, Balkanlar, Şimali Afrikada, bir sözlə keçmişdə Osmanlı imperiyasına daxil olan bir çox yerlərdə öz nüfuzunu yenidən artırmaq, geosiyasi və geoiqtisadi nəhəng layihələr həyata keçirməklə məşğul olur. Ərdoğanın qalib gəlməsi bu siyasətin davamı demək olacaqdır.

Müxalifətin qalib gəlməsi isə Türkiyənin məhz bu yoldan uzaqlaşması, yenidən Atatürkçülüyə qayıtması, dünyəvilik prinsiplərinin əsas götürülməsi, Qərblə yenidən yaxınlaşmaq, bir sözlə 1923-cü ildən bəri bu ölkənin tutduğu yola qayıtması olacaqdır.

2023-cü ildə Cümhuriyyətin 100 illiyinə Türkiyə Atatürkçülüyə, yoxsa Osmanlı ənənələrinə geri qayıdacaqdır sualının cavabını isə cəmi bir gün sonra Türkiyə xalqı öz səsləri ilə verəcəkdir. Bu nəticələr isə Türkiyə qədər, digər ölkələri də maraqlandırır. Vətənə, millətə xeyirli olsun!

Müəllif: Nəzakət Məmmədova. politoloq (xüsusi olaraq "Bizim Yol" üçün)

Son xəbərlər
Bütün xəbərlər »