Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pərviz Bülbülə qəzəbləndi: “Gəl, sənin ciyərini çıxardım…”
- Pərviz bəy, hazırda olduğunuz mövqe sizi qane edirmi?

- Əslində bundan da çox şey edə bilərdim.Yəqin ki, zamanla edə bilmədiklərimi də edərəm.

- Hər şey sadədən mürəkkəbə doğru gedir, deyilmi?

- Bəli, sadəliyimi qorumasam, heç nəyə nail ola bilmərəm.

- Deyirsiniz ki, edə bilmədiklərimi zamanla edərəm. Sizcə, gec olmaz?

- Etsəm də, yaşıma görə edərəm.

- Sözlə təsirə düşə bilərsinizmi?

- Xeyr, düşsəm, məclisin atmosferinə görə düşə bilərəm.

- Səhnədə olduğunuz kimi real həyatda da şənsiniz?

- Həyatda da zarafatcılam, deyib gülməyi xoşlayıram. Amma səhnədəki zarafatla, həyatdakı zarafatlar fərqlidir.

- Deməli, yaxşı mənada aktyorluğa meyliniz var.

- Əslində mənim arzum aktyor və rejissorluq olub. Amma bu peşələrin heç birinə sahib ola bilmədim, gəldim, meyxanaçı oldum.

- İmprovizə edə bilirsinizmi?

- Məni indiyə qədər hansı çəkilişə çağırıblarsa, ssenari qəbul etməmişəm. Bütün səhnələri improvizə ilə oynamışam. Çünki məni çağıran Pərviz Bülbülə olduğum üçün çağırır.

- Gələcəkdə bir film çəkmək arzunuz varmı?

- Əlbəttə, var. Amma ondan qabaq konsert verməyi düşünürəm.

- Film çəksəniz, movzu olaraq nəyi seçərsiniz?

- O film sırf mənim beynimdə olan fantaziyalardan ibarət olacaq.

Sizcə alınar?

- Niyə də alınmasın? Mənə elə gəlir ki, meyxana deyən istedad baxımından rejissordan heç geridə qalmır. Çünki onun həftələrlə düşündüyü fikri, fantaziyaları mən üç saniyəyə düşünə bilərəm.

- Sənətdə qaydada olmayan nədir?

- Mənə elə gəlir ki, əsas problem birliyin olmamasıdır.

- Bir parçalanmamı var?

- Təbii ki, var. Hər sahədə olduğu kimi bizim sahədə də var. Amma mən dəfələrlə birlik yaratmağa cəhd etmişəm. Mənim üçün sənətdən qabaq insani münasibətlərdir. Mən həyatda hər kəslə mehribanam.

- “De gəlsin!” meyxana yarışmasında çıxış etdiniz. Amma indiki kimi tanınmadınız. Səbəb?

- Birincisi, səbr etdim. Zamana buraxdım. İkincisi də o yaşda dediyim meyxana ilə indiki arasında fərq çoxdur. Çünki hər yaşda həyata baxışlar, fikirlər dəyişir. Amma mənim üçün bir nöqtə var ki, oradan o yana keçməyəcəyəm. O yaşda karyeramı bitirəcəyəm.

Musiqili meyxananı daha da sevdirdiniz. Amma sizi qınayanlar da oldu. Daha doğrusu, bəyənməyənlər...

- Mən musiqili meyxana deməklə xalqa göstərmək istədim ki, biz bunu da bacarırıq. Mən bunu tək özüm üçün etmədim, sənət üçün etdim. Özümü gözə soxmaq niyyətim yox idi. Amma gördüm ki, tələbat var. Sizi inandırım ki, mənim musiqili meyxana deməyimi bəyənməyənlər özləri dəfələrlə mənimlə musiqli meyxana deyiblər.

- Həyatınızın hansı hissəsi rədifə düşməyib?

- Meyxana deyəndə sözü özüm rədifə salıramsa, həyatımı da özüm idarə edirəm. Amma rədifə düşməyən məqamlarım da var. O da ki, iman tərəfindən. Amma bunun heç kimə nə xeyri, nə də ziyanı yoxdur.

Mikrofonu atıb getmək istədiyiniz məqamlar olubmu?

- Olub, amma məclisdə yox. Mikrofonu atsam, bir dəfəlik atıb sənətdən gedərəm.

- Qardaşınız da meyxana deyəndir?

- Demir, amma deyə bilir.

- Bəs nə üçün demir?

- Hər ailədən bir nəfər istəyirlər (gülür). Qardaşımın da sənətə gəlməyimdə rolu olub. Ona demişəm ki, sən mənə lazımsan. Ümumiyyətlə, mənim usatdım yoxdur. Mənim üçün ustad anlayışı var. Məsələn, Ağamirzə, Kərim, Vüqar Maştağalı, rəhmətlik Məşədi Baba və s. mənim üçün ustadır. Baxmayaraq ki, mən indi bu adını çəkdiklərimi təlabat baxımından keçmişəm, amma yenə də onlara ustad gözü ilə baxıram.

Rəhmətə gedən ustadların qəbrinin üstünə gedirsinizmi?

- Heç kim bilməyib, amma getmişəm.

- Bu sözü birtəhər dediniz elə bil…

- Əlbəttə, birtəhər deyərəm. Çünki istər-istəməz meydanda dediyimiz meyxanalar, olub-keçənlər yada düşür… Gəlin, bu mövzuya toxunmayaq.

- Bəlkə bir ipucu verəsiniz?

- Bir söz deyim, ziyarət etmək üçün şərt deyil ki, qəbrin üstünə gedəsən. Onların adlarını çəkməyim də yad etmək deməkdir.

- İllər öncə dediyiniz meyxanalara baxırsınızmı?

- Bəli, hərdən baxıram və çox gülürəm (gülür). Çünki o vaxtkı fikirlərimlə indiki fikirlərim arasında yerlə-göy qədər fərq var.

- Nəyi dərk edə bilmirsiniz?

- Mən az şükür etdikcə, Allah mənə çox verir. Bunun hikmətini dərk edə bilmirəm.

- Qorxduğunuz başınıza gəlibmi?

- Olub. Amma çalışıram ki, ağlıma pis şeylər gətirməyim. Məsələn, ağlıma gəlməzdi ki, xalqın bu qədər rəğbətini qazanaram. İndi beş il qabağı fikirləşmirəm. İşimi görürəm.

- Sizin üçün artıq nəyin mənası yoxdur?

- Gözümdən düşənlər var. Amma hamısının səbəkarı özüməm, günahı özümdədir. Ya ona baxmazdım, ya da axıra qədər baxmalı idim.

- Efirdən birbaşa kimə səslənmək istərdiniz?

- Elə bir adam yoxdur. Amma hamıya deyərəm ki, mənimlə mehriban olun. Məndən heç kimə ziyan gəlməz. Necə ki, mən hamıyla mehribanam, siz də mənə qarşı olun.

- Amma gözü götürməyənlər var sizi…

- Var. Kənardan baxırlar, ürəklərində nəsə fikirləşirlər. Kənardan baxana qədər, gəl meydana gir, bəlkə məni məğlub edəcəksən. İnanın mənə, bəlkə də istəsə, edə bilər. Belə qalibiyyət mənim özümə də xoş gələr. Uduzanda da şərəflə uduzaram.

- Ümumiyyətlə, məclislərdə üzərinizə çoxmu yük düşür?

- Demək olar ki, elə olur. Elə məclis olur ki, deyirlər, Pərviz, ancaq sən oxu. Niyə?! Məgər, mən bura tək gəlmişəm? Bəlkə gələnlərdən artıq pul alıram? Bir o qalır ki, mağarı da mənə sökdürsünlər. Hərdən deyirəm ki, ikinci Pərviz olsa idi, çəkilərdim kənara, bir az dincələrdim.

- Siz, Rəşad Dağlı, Vüqar Biləcərili, Orxan Lökbatanlı… Bu dördlüyü məclislərdə çox görürük. Bunun özəl bir səbəbi varmı?

- Heç bir özəl səbəbi yoxdur. Bu seçimi tamaşaçı edib və kim deyirsə, bu dördlük dağılıb, inanmayın. Hər şey qaydasındadır.

“De gəlsin!” – dən sona müxtəlif meyxana yarışmaları, verilişləri keçirdildi. Bəs sizə münsif heyətində əyləşmək təklif olubmu?

- Mənə bir böyük kimi hörmət etməyə qorxurlar, o ki qaldı münsif kimi saysınlar. Bilirsinizmi, mənim iyirmi yaşım olanda mənə münsif kimi qiymət verən oğlan yaşca məndən kiçik idi. Amma mən həzm etdim. Ona görə indi bu yerdəyəm. İndikilər həzm edə bilmirlər. Hər şeyi bir-birinə qatırlar. Hörmətsizliklər, qısqanclıqlar çoxdur. Hərdən deyirlər ki, Pərviz niyə meyxana demir? Niyə mahnı oxuyur? Niyə demirəm? Sən haçan dedin ki, meyxana de, mən demədim? Meyxana istəyirsən, ürəyin istəyən kimi deyim. Gəl, sənin ciyərini çıxardım. Amma tələbat məsələsi var. Yenə də deyirəm, birlik birinci şərtdir.

- Birlik demişkən, bir zamanlar meyxana cəmiyyəti yaranmışdı. Onun axırı necə oldu?

- Necə olacaq?! Ağamirzəyə demişdim ki, ağsaqqal, boş-boşuna vaxtın gedəcək. Elə də oldu. Meyxana firma, şirkət deyil ki, şairləri yığışıb iclas keçirtsinlər.

- Tələbələriniz varmı?

- Vallah, mənə hərdən deyirlər ki, niyə tələbə götürmürsən? Gülürəm, inanın ki, gülürəm. O insanlara izah edə bilmirəm ki, mən özüm tələbəyəm, özüm hələ də öyrənirəm. Reklam xatirinə lazımdırsa, yüz dənə tələbə götürüm, meyxana yox, lap şaulin məktəbi açım (gülürük).

- Son zamanlar “32” lik bəhr növü deyənlər peyda olub. Buna münasibətiniz necədir?

- Məncə, boş və mənasızdır. Xiridara o lazım deyil. Camaatın zamanı yoxdur 32 hecaya qulaq asmağa. Özlərindən Amerika kəşf etməsinlər. Ona qalsa, ən çətini musiqili meyxana və qısa bəhrlərdir. Mən şəxsən məclislərdə elə qafiyələr olanda demirəm, demərəm də. Elə bilirsiniz, deyə bilmərəm? Niyə demirəm?! Meyxana deyən deyiləm?! Sadəcə olaraq, lazım deyil. Kimsə mənim üçün torba qafiyə hazırlayıb gəlirsə, etməsin. Mənə belə variantlar keçmir.

- Belə çıxır ki, həmin qafiyələr açılanda bülbül kimi cəh-cəh vuranlar əzbər deyir?

- Bəli, düz fikirləşmisiniz. Əzbərdir. Əruzu belə “söküb-yığırsansa”, qısa bəhrdə de görüm, elə deyəcəksən? Onda sənə peşəkar deyərəm. Məni yandıran da budur. Bir-birimizə torba tikməklə inkişaf edə bilmərik.

- Bəzi gənc meyxanaçılar iddia edirlər ki, sizin olduğunuz məclislərdə onlara meyxana deməyə icazə vermirsiniz. Həqiqətə uyğundurmu?

- İcazə verdikərimizi görmürlər? İcazə vermədiklərimiz də var. Çünki üstümüzə aqressiya ilə gəlirlər. Sağlam rəqabət etmək istəmirlər. Rəqabətdən öncə, birinci hörmət etməyi bacarmaq lazımdır. Mən o vaxt ustadlara meyxana deyəndə sevinərək deyirdim, şirinlik edirdim. Pərdəni qoruyurdum. İndiklər deyir ki, Pərviz, ya Rəşad kimdir ki, bizdən çox sevilsin, çox baxılsın? Həzm edə bilmirlər. Mən zamanında ustadlarla meyxana deyəndə sevinclə deyirdim. Udmaq məqsədi ilə yox, uduzmaq məqsədi ilə gedirdim toylara. Tam səmimi deyirəm, məsələn, rəhmətlik Məşədi Baba ilə meyxana deyəndə onun mənə verdiyi cavabları fəxrlə üç gün məhlədə danışırdım. İndikilər niyə bunu qəbul edə bilmirlər?! Nə qədər ki, belədir, inkişaf da olmayacaq. Çünki səhnə sadəliyi sevir. Bir də ki, mən demirəm hansısa cavan şair mənə yaltaqlıq etsin. Əgər belə bir şey hiss etsəm, özüm onu yanımdan uzaqlaşdıraram. Dediyim odur ki, ən azından pərdəni aradan götürməyək.

Ölkə. az

Son xəbərlər
Bütün xəbərlər »