Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer kürəsinin ekoloji problemlərinin həlli beynəlxaq əməkdaşlıq tələb edir
Təbiət və təbii sərvətlərə mənfi münasibət XX əsrdə daha da artaraq ən yüksək həddə çatmışdır və bunun nəticəsində ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş və ya kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduğundan “Qırmızı kitab”lara düşmüşdür. Bu proses yenə də davam edir. Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ məhv olur. XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63 faizi dağılıb, meşələrin üçdə iki hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb. Oksigen ehtiyatı 10 milyard ton azalıb, su ekosistemləri, xüsusilə dəniz planktonları məhv olub. Bunun əsas səbəbi isə biosferin, atmosferin, hidrosferin, litosferin texnogen çirklənməsinin çox sürətlə artması, təbii resurslardan səmərəli istifadə olunmaması, dünya əhalisinin sayının və tələbatının artması, urbanizasiya, demoqrafik partlayışlar, kimyəvi preparatlar və maddələr istehsal edən fabrik, zavod və emal müəssisələrinin atmosfer havasını, torpaqları və suyu çirkləndirməsi, ekoloji terrorun çox güclənməsi və ekoloji təhlükəsizliyin təmin olunmamasıdır. Hər il dünya okeanına 50 min ton pestisid, 10 milyon ton neft axıdılır. Yer üzərindəki çayların 30 faizi çirkləndirilmişdir və bunun nəticəsidir ki, dünya əhalisinin 40 faizi içməli su sarıdan əziyyət çəkir, 2 milyard əhalinin çirklənmiş sudan istifadə etməsi ucbatından inkişaf etmiş ölkələrdə xəstəliklərin 80 faizi bu problemlə bağlıdır. Bütün bunlar dünyanı cidi və planlı ekoloji siyasət yürütmyə artıq vadar edib.

Dünyada yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanıb və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilir. Ümumiyyətlə, inkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.Ekologiyaelə bir sahədir ki, o bütün dünyadan ümumi əməkdaşlıq tələb edir.

Ölkəmizlə bir sıra beynəlxalq təşkilatlar arasında ekoloji problemlərin həllinə dair mühüm sazişlər imzalanmış və faydalı əməkdaşlıq qurulmuşdur. Belə ki, planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması, bərpası məqsədilə əməkdaşlığın qurulması və dövlətlərarası birgə fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan BMT-nin “İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası”na, “Kökünün kəsilmək təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”ya, “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya, “Bioloji müxtəliflik haqqında Konvensiya”ya, ümumilikdə isə 25-dən çox ekoloji konvensiyaya qoşulmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərir. Respublikamız zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin bununla belə uzun illərdən bəri Azərbaycanın məruz qaldığı bir çox çətinliklərdən törəmiş ekoloji problemləri həll etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi müstəqillik qazandıqdan sonra mühüm vəzifə olaraq qarşıya qoyulmuşdur. Lakin bununla belə, bu problemlərin artıq qlobal miqyasda həllinin vacib olduğu bir dövrdə Azərbaycanımızın üzləşdiyi ekoloji problemlər hər bir ölkə kimi respublikamızı da ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu baxımdan ölkəmiz ekoloji tarazlığın qorunub saxlanması məqsədilə həm lokal, həm regional, həm də beynəlxalq səviyyədə bir çox proqramlar, layihələrdə iştirak etmiş və bir sıra təşkilar və konvensiyalara qoşulmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti beynəlxalq əməkdaşlıq sahəsində də uğurla davam etdirilir. Belə ki, bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanmış və razılaşdırılma prosesləri həyata keçirilmişdir.

"Avropa Landşaft Konvensiyası"nın mətni dövlət dilinə tərcümə edilmiş və rəsmi mətnə uyğunluğunun təsdiq edilmiş variantının Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi üzrə prosedurlar həyata keçirilir.

Eyni zamanda, QEF, UNİDO, UNEP, USAİD, NATO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatlarla ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq fəal surətdə davam etdirilir.

Son 20 ildə bütün dünyada iqlim dəyişiklikləri məsələsi bəşəri bir problem olaraq aktual müzakirə edilir. Bu problemin həll edilməsi üçün 1992-ci ildə dünyanın 150 ölkəsi tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası imzalanıb. Konvensiyanın məqsədi atmosferdə istilik effekti yaradan qazların konsentrasiyasını stabilləşdirməkdən ibarətdir. İqlim dəyişmələri sahəsində konkret əməli tədbirlərin görülməsi məqsədi ilə Dünya birliyi ölkələri tərəfindən 1997-ci ildə Kioto Protokolu qəbul olunub. Azərbaycan Kioto Protokolunu 2000-ci ildə ratifikasiya edib. 2005-ci ildə ETSN İqlim Dəyişmələri üzrə Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmi layihələrinin həyata keçirilməsi üzrə milli səlahiyyətli orqan kimi müəyyən edilib.

Qeyd edək ki, Təmiz İnkişaf Mexanizmi layihələri Azərbaycan iqtisadiyyatının geniş spektrini əhatə edir. Energetika sahəsində enerji səmərəliliyi və yanacağa qənaət, neft və qaz çıxarma sahəsində səmt qazlarının yığılması, böyük şəhərlərdə bərk məişət tullantılardan metanın yığılması, alternativ və bərpa olunan enerji mənbələrindən (əsasən külək enerjisi) istifadə, meşəsalma və meşələrin bərpası, böyük fermer təsərrüfatlarında peyindən ayrılan metan qazının yığılaraq istifadə olunması və s. layihələr TİM çrçivəsində həyata keçirilə bilən layihələrdəndir. Adı çəkilən layihələrdə karbon qazının azaldılması üçün böyük potensial vardır.

ETSN 2005-ci ildə İqlim Dəyişmələri üzrə Kioto Protokolunun TİM layihələrinin həyata keçirilməsi üzrə milli səlahiyyətli orqan təyin edildikdən sonra bu sahədə işlər daha da canlanıb. Bir çox xarici dövlətlər, özəl şirkətlər, banklar və firmalar TİM çərçivəsində layihələrin işlənməsi məqsədi ilə nazirliyə müraciət edib. Hazırda Azərbaycanda Təmiz İnkişaf Mexanizmi çərçivəsində bir sıra layihələrin sənədləşdirilməsinə başlanıb. Bunların içərisində “Az.DRES” istilik stansiyasının yenidən qurulması”, “Günəşli” neft yatağından aşağı təzyiqli qazın yığılması”, “Bakı şəhərində tullantılardan metan qazının alınması” kimi iri həcmli layihələr vardır.

Artıq nazirlik TİM layihələrinə baxılması qaydalarını hazırlayıb və təsdiq edib. TİM üzrə alınacaq Sertifikatlaşdırılmış Tullantı Azalmalarının idarə edilməsi sahəsində bir sıra qanun layihələri baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. TİM layihələrinin həyata keçirilməsi istiqamətində işlər bu gün də davam etdirilir.

ETSN tərəfindən məişət tullantıları, “Milli biotəhlükəsizlik”, meşələrin qorunması, Xəzərin təmizlənməsi, çayların birgə idarə olunması, torpaqların davamlı idarə olunması, ekoloji maarifləndirmə və s. layihələr də həyata keçirlib. Ümumi oaraq ETSN-nin həyata keçirdiyi belə layihələrin sayı 40-dan çoxdur.

ETSN-dən aldığımız məlumata görə, 2009-cu ilin iyun ayında “Azərbaycan və Latviya hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş” imzalanıb. Bundan əlavə, 2009-cu ilin 17 iyulunda ETSN ilə Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) arasında “Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq” haqqında anlaşma memorandumu imzalanıb.

Eyni zamanda, “Azərbaycan Respublikası ETSN və Koreya Respublikası Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu” 2009-cu ilin sentyabrın 14-də Bakı şəhərində, 2009-cu il 16 sentyabr tarixində isə Seul şəhərində imzalanıb.

Hazırda ETSN-nin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti beynəlxalq əməkdaşlıq sahəsində uğurla davam etdirilir. Yeri gəlmişkən, ETSN BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə qışlaqların, yaylaqların və meşələrin idarə edilməsi ilə bağlı layihə həyata kecirib.

Bu müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas mövzu olub. Azərbaycanın səyi nəticəsində BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sı (ESPOO) çərçivəsində Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının “ESPOO Konvensiyası” üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilib. Konvensiyanın icraiyyə komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilib.

Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öz öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə qərar qəbul edilib. Ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra ölkələrlə müqavilələr imzalanıb.

Bəşəriyyətin taleyi qlobal problemlərin həllindən asılıdır. Təbiətlə cəmiyyət arasında tarazlığın pozulması nəinki bütün canlılar üçün də təhlükəyə çevrilmişdir. Nəzarətsizlik və məsuliyyətsizlik Yer üzündə həyatın məhvini tezləşdirir. Buna görə də insanlar ekoloji tarazlığın qanunauyğunluqlarına əməl etməli və gələcək nəsilləri də bu istiqamətdə tərbiyələndirməlidirlər.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »