Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm nanotexnologiyaların istehsalına istiqamətlənməlidir
İqlim və temperatur dəyişmələri milyonlarla insanın ölümünə səbəb ola bilər

Təxminən 30-40 il öncə alimlər “Ozon dəliyi genişlənir, qlobal istiləşmə başlanır” kimi məqalələrlə çıxış edəndə bu fikir hələ bir çoxlarına aydın deyildi. İnsanların leksikonuna yeni-yeni daxil olan bu kimi ifadələrin əslində nə dərəcədə təhlükəli olması barədə heç bir fikir yox idi. Bəs bu gün demək olar ki, bütün mötəbər siyasi görüşlərdə əsas mövzulardan biri olan qlobal istiləşmə nə deməkdir? Bəziləri onu yalan, bəziləri açı həqiqət kimi dərk edir. Hələ də bir çox alimlər iqlim dəyişmələri barədə deyilənləri müxtəlif güclərin ortaya atdığı müəyyən məqsədlərə xidmət edən fikirlər kimi qəbul edirlər. Bəs real faktlar nə deyir?

Qlobal istiləşmə insanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımıdır.

Başqa sözlə desək, dünyanın səthi günəş şüaları tərəfindən isidilir.

Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəə qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur. Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını artırır.

Alimlərin dediyinə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-cı ildən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir. Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkiləri artır. Məsələn 1960-cı illərin sonlarından bu yana şimali yarımkürədə qar örtüyündə yüzdə 10 azalma olub. 20-ci əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub.

İqlimin dəyişməsi artıq dünyada 150000-ə qədər insanın ölümünə səbəb olmuşdur. ÜST-nin məruzəsinin məlumatına əsasən, dünyada 2000-ci ildə iqlimin dəyişməsi ilə əlaqədar diareya (ishal) xəstəliyindən təxminən 2,4% hadisə baş vermişdir, gəlirləri orta həddən aşağı olan ölkələrdə bu göstərici 6%-ə qalxmışdır (World Health Report, 2002). Hazırda iqlimin istiləşməsi faktoruna sağlamlıq üçün məlum olan digər risk faktorları (siqaret çəkmə, alkoqoldan sui istifadə, həddindən artıq yemək, az fiziki aktivlik və s.) ilə bir səviyyədə baxılır. Qonşu Rusiyada iqlimin istiləşməsi yerli əhali üçün real hiss olunur. Uzun illər boyu aparılan müşahidələrin məlumatına görə son 100 il ərzində ən yüksək ortaillik temperatur artımı (3,5 ) Şərqi Sibirdə, Priamuryedə və Primorsk ölkəsində baş vermişdir. XXI əsrdə Rusiyada iqlimin dəyişməsi XX əsrdəki kimi davam edərək, 2-4 dəfə yüksək olacaqdır. XXI əsrin ortalarına havanın orta illik temperaturunun Qərbi Sibirdə 3-4 0C, Avropa hissəsinin şimali-şərqində Yakutiyada Arktika sahillərində isə 2-3 0C yüksəlməsi gözlənilir. Bu isə o deməkdir ki, təhlükə Azərbaycandan da yan keçməyəcək.

Bilavasitə nəticələrə daşqın, tayfun, fırtına, qasırğa ilə əlaqədar insanların ölümü sayılır. Bu səbəbdən Rusiyada hər il minə qədər adam tələf olur. Təbii fəlakətlərdən son illər ən çox Yakutiya, Stavropol və Krasnodar, Primorye ziyan çəkmişdir. Təbii kataklizmlər ərazini su basması nəticəsində ağcaqanad populyasiyalarının artması, gənə və digər infeksiya daşıyıcılarının aktivləşməsi və onların potensial infeksiya təhlükəsi dövrünün uzanması, su kəmərləri və kanalizasiya qurğularının pozulması kimi dolayı nəticələr yaradır. Bununla əlaqədar bağırsaq infeksiya xəstəliklərinin çoxalması riski yüksəlir.

İnsanın texnoloji fəaliyyəti iqlimə qlobal təsir edir və bununla da insanların sağlamlığında ciddi dəyişikliklərə səbəb olur. Faciəli meteoroloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemlərin dəyişməsi ilə xəstəliklərin yaranması - bütün bunlar qlobal istiləşmədən irəli gəlir və sağlamlıq üçün təhlükələr törədir.

İqlim və hava sağlamlığa artıq güclü təsir göstərməkdədir: yüksək hərarət müddətində və daşqınlar kimi təbii fəlakətlər zamanı, malyariya kimi həyat üçün təhlükəli olan transmissiv (ötürücü) xəstəliklərin modelləri dəyişir.

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, iqlimin dəyişməsinin davam etməsi sağlamlığa aid bəzi əsas faktorlardan olan qida

məhsullarına, hava və suya həddindən artıq mənfi təsir göstərəcək. Zəif səhiyyə infrastrukturları olan, əsasən inkişaf edən ölkələr xaricdən yardım göstərilmədikdə bu dəyişikliklərə hazırlaşmaq və zəruri cavab tədbirləri görmək iqtidarında olmayacaqdır.

Son 50 ildə insan fəaliyyəti, xüsusilə də yer altından çıxan yanacağın yandırılması nəticəsində iqlimə qlobal təsir edən külli miqdarda karbon qazı və digər parnik qazları havaya tullanmışdır. Karbon qazının atmosferdəki miqdarı “sənaye inqilabı”ndan əvvəlki səviyyəsindən 30%-dən çox artmışdır ki, bu da çox isti havanın atmosferin aşağı təbəqələrində saxlanılmasına gətirib çıxarır. Bunların nəticəsində baş verən iqlimin qlobal dəyişməsi sağlamlıq üçün bir sıra təhlükələr törədir

Tropiklərdən Arktikayadək iqlim və hava insan həyatına bilavasitə və dolayı yolla güclü təsir göstərir. Ekstremal meteoroloji hadisələrə aid şiddətli yağış, daşqınlar və 2005-ci ilin avqust ayında ABŞ-da Yeni Orleanı dağıtmış Katrina qasırğası kimi təbii fəlakətlər insanların sağlamlığını təhlükə qarşısında qoyur, onların əmlaklarını dağıdır və yaşama vasitələrindən məhrum edir. 1990-cı illərdə hava ilə əlaqəli təbii fəlakətlər nəticəsində bütün dünyada 600 000 ölüm hadisəsi baş vermişdir ki, bunların 95%-i kasıb ölkələrin payına düşür

Havanın qısa müddətli intensiv dəyişməsi də, ürək və respirator (nəfəs yolları) xəstəliklərdən ölüm hallarını artıra bilən istilik stressini (hipertermiya), ya da həddindən artıq soyumanı (hipotermiya) yaradaraq, sağlamlığa ciddi təsir göstərə bilər. Aparılan tədqiqatlar göstərdi ki, 2003-cü ilin yay aylarında Qərbi Avropadakı ən yüksək hərarətlər ölüm hallarının kəskin artmasına səbəb olmuşdur. Həmin vaxtda qeydə alınan ölüm halları, hesablamalara görə, ötən illərin eyni dövrü ilə müqayisədə 77 000-dək çox olmuşdur. Dəniz səviyyəsinin artması - qlobal istiləşmənin digər nəticəsi - sahilboyu rayonların su altında qalması təhlükəsini artırır və əhalinin miqrasiyası ilə nəticələnə bilər. Hal-hazırda dünya əhalisinin 60%-dan çoxu sahil xəttininin 60 km məsafə dairəsində yaşayır. Daşqınlar bilavasitə travma və ölümlə nəticələnə bilər, eləcə də su vasitəsi ilə keçən xəstəliklərə və transmissiv xəstəliklərə yoluxma riskini artıra bilər. Əhalinin miqrasiyası isə gərginliyi və münaqişələrin potensial riskini artıra bilər.

Azərbaycanı qlobal istiləşmənin hansı fəsadları gözləyə bilər?

Qlobal istiləşmə ilə bağlı ən birinci təhlükə sellər, çay daşqınları təhlükələridir. Qlobal və regional miqyaslı buzlaqların əriməsi bol sulu çayların daşaraq əkin sahələrinin

və yaşayış yerlərinin sıradan çıxmasına səbəb olursa, kiçiksulu çayların və bulaqların qurumasına səbəb olur. Qlobal istiləşmə kimi buxarlanmanın artmasına səbəb olur. Onun nəticəsində qrunt sularının səviyyəsi aşağı düşür. Bunun nəticəsində isə bitki örtüyü və meşə sahələri məhv olur. Meşələrin məhv olması isə yağıntıların tutularaq il boyu çay və bulaqları təmin etmək funksiyasının itirməsinə gətirir. Yağan yağıntı münbit torpaqları yuyur, daşqınlar yaradır. İllik su norması bir-iki ay içərisində sərf olur, sonra quraqlıq yaranır.

Qlobal istiləşmə günəş radiasiyasının artmasına, ultrabənövşəyi aqressiv şüaların insana mənfi təsirinə, mutasiyalara, dəri xərçənginə səbəb ola bilir. Qlobal istiləşmə torpağın eroziyası münbit humus qatının itirilməsi prosesini də sürətləndirir. Qlobal istiləşmə nəticəsində 30-40 ildən sonra Azərbaycanın əkinə yararlı torpaqlarının səhralaşmasına səbəb ola bilər.

Qlobal istiləşmə buzlaqların əriməsinə, daşqınlara, əkin sahələrinin su basmasına səbəb olur. Çayların su rejimi pozulur.

Qlobal istiləşmə qida sektoruna bilavasitə və dolayı yollarla təsir edir. Yerdəki bütün canlılara, yazın gəlişini - oyanışı xəbərverən əsas siqnallardan biri temperaturun artmasıdır. Qlobal istiləşmə zamanı temperatur mövsümü qabaqladığından bitkilər erkən çiçək açaraq vegetasiyaya başlayır. Kəskin gecə-gündüz temperatur qradiyenti, qar, dolu, çiçəkləri və son nəticədə məhsulu məhv edir. Dolayı təsiri isə torpaqların səhralaşması ilə bağlıdır. Torpağın məhsulu su balansı ilə bağlıdır. O isə düşən yağıntı ilə buxarlanma arasındakı fərqilə ölçülür. Temperatur artımı buxarlanmanı artırır. Son nəticədə ərazidə səhralaşma prosesi baş verir, bitki örtüyü və biolojimüxtəliflik azalır, torpağın məhsuldarlığı kəskin aşağı düşür. Bütün bunlar sonda ərzaq qıtlığına, qida çatışmazlığına, kənd təsərrüfatının, ölkə iqtisadiyyatının və aqrar sektorun zəifləməsinə səbəb olur.

Bəs nə etmək olar? Yaponlar deyirlər ki, biz faciənin qarşısını o yaranmadan öncə alırıq. Qarşıdan gələn təbii fəlakət qaçılmazdırsa deməli ona uyğunlaşmaq, o şəraitə uyğun qabaqlayıcı tədbirlər almaq lazımdır. İstiliyə davamlı kənd

təsərrüfatı məhsulları, qlobal istiliyin yarada biləcəyi xəstəliklərə qarşı tibbi hazırlıq, anbarlarda ehtiyat məhsulların saxlanılması vacibdir. Ən əsası da bu fəlakətin baş verməməsi üçün qabaqlayıcı ekoloji tədbirlər görülməlidir. İnsan hər nə qədər özünü qüdrətli varlıq hesab etsə də, aya, ulduzlara əl uzatsa da əslində çox zəif və zərif məxluqdur.Yer kürəsində yay ərzində temperatur 3-5 dərəcə yüksəlincə istidən, qışda temperatur aşağı düşüncə soyuqdan əziyyət çəkir. Bu səbədən ölə bilir.Elə buna görə də bu gün insan elmi əslində orbitdə düşməni izləyən, lazım gələrsə başına od yağdıracaq silahlar yerləşdirməyə yönəlməməli, ətraf aləmi, mühitimizi təmizləməyə yönəlmiş nanotexnologiyaların istehsalına istiqamətlənməlidir. Ya da ən azından ana təbiətə zərər verməyən yeni iqtisadi üsullar tapılmalıdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »