Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alxanlı təxribatının pərdəarxası

Bahəddin Həzi

Bizə kimlər və nə məqsədlə pressinq edir?

“Çox ünlü portuqal yazıçısı Joze Saramaqonun “Korluq” romanında bütöv bir ölkənin əhalisi qəflətən kor olmuşdu, gözünün qarşısında ağ tor əmələ gəlmişdi, hara baxırdı, ağ rəng görüdü, heç nə görmürdü. Ermənistan da ətrafa, bizə, qardaşımız Türkiyə tərəfə baxanda avtomatik kor olur, ancaq qara rəng görür, yalnız düşmən görür. Ən dəhşətlisi də odur ki, onun görmə qabiliyyətini də, bütün başqa hissiyat orqanlarını da Rusiya idarə edir. Ermənistan Rusiyanın N saylı hərbi hissəsidir. Ermənistan əhalisi isə həmin hərbi hissənin xidmət personalıdır – döşəməni yuyur, tualeti təmizləyir, rus generallarının ayaqqabılarını silir, rus əsgərlərinin kirli mələfələrini yığışdırır… Daha doğrusu, buna məcbur edilir”.

Bunu mən bundan əvvəlki yazımda yazmışdım. Ölkədə ortabab dərəcədə tanınmış bir şəxs dünən mənə öz aləmində irad tutaraq: “Sizin mövqeyinizdə olan adam gərək heç bir milləti təhqir etməsin” deyir. Mən heç kimi təhqir etməmişəm, sadəcə, yazmışam ki, Ermənistan Rusiyanın N saylı hərbi hissəsidir. Ermənistan əhalisi də o hərbi hissənin mülki xidmət personalıdır. Bu fikrimdə də qalıram. “Ermənistan bizim forpostumuzdur” deyən Rusiya olub (Dövlət Dumasının sədrinin dilindən). Saramaqonun romanında olduğu kimi, Ermənistanın bizə qarşı korluğu tutur. Elə özünün düşdüyü duruma qarşı da kordur; bütün əhalisi ilə birlikdə Rusiyanın köləsi olduğunun fərqində deyil.

Rusiya öz erməniəsilli vətəndaşlarını bəhanə edib Azərbaycana təzyiq edir. ABŞ başqa olmaqla Qərb dövlətləri Moskvanı Avropanın qaz bazarından sıxışdırmağa çalışır. Bunun əvəzində Rusiyanın aqressiv reaksiyasını qabaqlamaq üçün çəkindirici addımlar da atır – Prezident Tramp Raketdən Müdafiə Sistemlərinin Polşada yerləşdirilməsi haqda sazişi imzaladı. Qətərlə və İranla baş verənlərin də arxasında əslində bu dururdu; ABŞ Avropa qaz bazarında Rusiyanın payını ciddi şəkildə məhdudlaşdırmaqla Moskvanın Qərə qarşı silahının kəsərini azaltmağa çalışır. İran, Qətər və sair kimi iri “qaz oyunçuları”nı da Rusiya ilə unison hərəkət etməkdən çəkindirir (Xatırlayırsınızsa, Qətər öz durumunu daha da çətinləşdirməmək üçün Rusiyanın kömək təklifindən də aşkar imtina etdi). Ttürkiyənin isə etirazları bununla bağlıdır – Rusiya, Türkiyə, Qətər kimi ölkələrin Avropaya qaz ixracında transit ölkə kimi rolunu saxlamağa çalışır. Həm yerli, həm də xarici ekspertlərin təhlilərində belə bir fikir dəfələrlə vurğulanır ki, Trampla bağlı Avropanın təlaşı, Rusiyanın isə eyforiyası arxada qalmaqdadır. Qərb Moskvanı getdikcə aha çox sıxışdırmağa çalışır. Qaz ixracatçısı olan keçmiş Sovet respublikalarına reveranslar edilir. Tpampın Prezident Əliyevə ikinci məktubu tam bu ruhdaydı. Məsələ də ondadır ki, Qərbdən Bakıya reveranslar atdıqca, Rusiyadan təzyiqlər də artır ( indiki durum 1994-cü ildə “Əsrin kontraktı” adlanan neft sazişlərinin imzalanması ərəfəsinə və ondan sonraı yaxıın illərə bir az bənzəyir). Sonuncu belə pressinq əvvəldən ssenariləşdirilmiş sxem üzrə baş verdi – erməniəsilli Rusiya vətəndaşlarının turist sifəti ilə Azərbaycana kütləvi və yumşaq desək, şübhəli axını təşkil olundu. Azərbaycan isə həmin şəxsləri sərhəddən geri çevirincə Rusiya XİN əvvəldən nəzərdə tutulduğu kimi “narahat oldu”, israrını göstərdi, Azərbaycanı qorxuda bilmədiyini gördü. Bu dəfə Ermənistan aldığı əmrlə Alxanlını artilleriya atəşinə tutdu. Və bundan sonra Ruisya XİN-dən “tələb” tonunda daha bir bəyanat verdi. Diplomatik dildən tərcümədə bu: “2 yaşlı Zəhranın qətlini unutmayın” deməkdir. Rəsmi Bakı bundan da çəkinmədi və “Rusiya XİN-in bəyanatı diplomatik etikaya ziddir” dedi. Və ardınca da bütün cəbhələrdə diplomatik hücum başladı – Prezident İlham Əliyevin dünya birliyinə müraciəti, Alxanlı təxribatının qurbanları ilə bağlı faktoloji materialın sivil dünya quruluşlarına çatdırılması, Birinci vitse-prezidentin, Prezident Administrasiyasının rəhbərinin, Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalar, ATƏT sədrinin xüsusi nümayəndəsinin bölgədə monitorinqinə nail olunması, Azərbaycan Müdafiə Nazirliyinin Alxanlıda heç bir atəş nöqtəsi və ya hərbi qərargah olmadığını təkzibiolunmaz faktlarla sübut etməsi, ABŞ, Çin, Pakistan, Türkiyə, Rusiya, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukrayna hərbi attaşelərinin və Almaniya səfirliyi diplomatının və xarici media təmsilçilərinin Alxanlı kəndinə səfərinin təşkil edilməsi, xarici ölkələrin mühüm şəhərlərində diaspor təşkilatlarımızın keçirdikləri etiraz tədbirləri, yazılan, imzalanan, yayılan və lazım olan ünvanlara çatdırılan petisiyalar, Azərbaycan toplumunun ictimai protesti və bunun effektiv idarə olunması kimi addımlar atıldı. Və beləliklə, ABŞ Dövlət Departamentinin, Avropa siyasi institutlarının açıqlamaları ortaya çıxdı. Ən başlıcası, münaqişənin həllinə cavabdeh olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ikinci dəfəı daha net bəyanat verməli oldu. Bu, faktik olaraq, Azərbaycanın dövlətinin məcbuetmə imkanlarının genişlənməsi və həmsədr dövlətlərin, o cümlədən, Rusiyanın bu reallığı qəbul etməsi demək idi; xatırlayırsınızsa, həmsədrlərin birnci bəyanatı situasiyaya adekvat deyildi, növbətçi xarakter daşıyırdı. Ancaq Azərbaycan tərəfinin diplomatik səyi ilə verilən ikinci bəyanatda net bir mövqe var: “Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk”.

Əlbəttə, deyəcəksiniz ki, nə olsun?! Bu bəyanat Zəhranın qətlinin qarşısında çoxdurmu?! Bunda təbii ki, haqlı olacaqsınız. Bu, diplomatik baxımdan ilkin olaraq mühüm bir nəticədir. Ancaq məsələ bununla da bitmir. PA rəhbərinin bəyanatında da vurğulandığı kimi, Azərbaycan Ermənistana qarşı sanksiyaları beynəlxalq birliyin gündəminə gətirir. Sonuc almaq isə hamımızın görəcəyi işlərdən asılıdır.

P.S. Bu arada baş verənlərə ictimai reaksiyamız böyük ölçüdə adekvat idi. Bəzi fraqmentar açıqlamaları və davranışları çıxsaq, bütövlükdə biz Alxanlı faciəsini bir millət olaraq yaşadıq, ağrını hamımız öz canımızda hiss etdik. Kiçik istisnaları nəzərə almasaq, bu durumdan şəxsi reytinq və siyasi qazanc əldə etmək cəhdləri də olmadı. Biz başqa bir dövlətin N saylı hərbi hissəsi, daha doğrusu, terror düşərgəsi olan Ermənistanın aqressiyası qarşısında 2016-cı ilin aprelindəki kimi tək ürək olmağı bacara bildik. Burda çox önəmli bir məsələni xüsusi vurğulamaq istəyirəm. Düşmən təkcə xaricdən hərbi təcavü z etmir, eyni zamanda daxili tarazlığımızı pozmağa da çalışır. Mülki əhalinin yaşadığı ərazilərin ağır artilleriyadan atəşə tutulması eyni zamanda Azərbaycanın vətəndaşlarını, o cümlədən və xüsusilə, müxalifətini, başqa siyasi və ictimai quruluşlarını, mediasını öz ölkəsinin rəhbərliyinə qarşı çevirmək və ayaqlandırmaq məqsədi də daşıyır. Təbii ki, hamılıqla ürəyimiz yandı, hamılıqla ağrıdıq, ancaq başlıcası odur ki, toplum həm də qarşı tərəfin çoxvariantlı gedişlə qurduğu məkrli və çox təhlükəli oyunlara da gəlməyəcək qədər müdrik davrandı. Təbii ki, vətəndaş öz hökumətini sorğulamaqda haqlıdır, azaddır, hər kəs tənqidi fikirlərini də açıq deməlidir. Plüralizm, fikir müxtəlifliyi hər bir cəmiyyətin olmazsa olmazıdır. Bununla yanaşı müharibə, düşmən dövlətin hərbi təxribatları ilə bağlı mövzularda düşmənə fürsət verməyəcək qədər diqqətli olmaq zorundayıq.

Son xəbərlər
Bütün xəbərlər »