Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmtahanda 700 bal toplayan abituriyentin seçimi - Müsahibə
Qəbul imtahanlarında 700 bal toplamış Əsra Bayramovanın müsahibəsi

- Əsra, özünüz haqda bir az danışın.

- Mən 2001-ci ilin avqust ayında, Sumqayıt şəhərində anadan olmuşam və ailənin ilk övladıyam. Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirmişəm. Bütün fənlərə eyni dərəcədə maraq göstərmişəm, lakin sonradan dəqiq elmlərə daha çox üstünlük verməyə başladım. Riyaziyyat üzrə keçirilən olimpiadalarda daim iştirak edib müxtəlif nəticələr göstərmişəm.

Bundan başqa, Sumqayıtda Bülbül adına 5 saylı Musiqi məktəbində fortepiano üzrə təhsil almışam, eyni zamanda şahmatla məşğul olmuşam.

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdin?

- Uğurumu valideynlərimə və müəllimlərimə borcluyam. Biliklərə yiyələnməyimdə və formalaşmağımda daim onların dəstəyini hiss etmişəm.

- Əsra, ali məktəblər arasında niyə məhz BANM-ı seçdiniz?

- Texniki elmlərə böyük marağım var. BANM isə bu elmləri ingilis dilində, eyni zamanda dünya standartlarına uyğun tədris edən yeganə ali məktəbdir. Həmçinin burada yalnız bilik səviyyəsi yüksək olan, imtahanlarda yüksək bal toplayan tələbələr cəmlənib. Tələbələr üçün yaradılan şəraitlə də tanış olduqdan sonra seçimimin BANM olduğunu təsdiq etdim.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?

- Sakit bir yerdə xarici ədəbiyyat oxumağı çox sevirəm. Bəzən fortepianoda da ifa edirəm.

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?

- BANM-ı bitirdikdən sonra ixtisasım üzrə bilikli mütəxəssis olacağıma əminəm. Öz sahəm üzrə biliklərimi uğurla tətbiq edərək həyatda öz yerini tapmış və təsdiqləmiş bir mühəndis olmaq istərdim.

- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- Düşünürəm ki uğur əldə etmək üçün insana 3 şey lazımdır: hədəf, çalışqanlıq və özünə inam.

- BANM-da hansı ixtisası seçdiniz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- BANM-da seçdiyim ixtisas “İnformasiya təhlükəsizliyi mühəndisliyi” oldu. Son dövrün ən aktual sahəsi olduğunu və gələcək prespektivini nəzərə alaraq bu sahəni seçməyə qərar verdim.

- Əsra, sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?

- Abituriyentlərə demək istərdim ki, sistemli olaraq daim və davamlı olaraq çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası isə özlərinə inansınlar.

apa.az

Son xəbərlər
Bütün xəbərlər »