Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada və Azərbaycanda yaşıl texnologiyaların tətbiqi, təbliği məsələləri
İnkişaf etmiş ölkələrdə 1970-ci illərdən etibarən ekologiya üzrə müxtəlif dövlət qurumları yaradılmağa başlamışdır. Bu qurumların vəzifəsi yığılan faktlar əsasında müvafiq siyasətlərin işlənilməsi və həyata keçirilməsi idi. İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilməkdədir. Hazırda adıçəkilən sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadə olunması kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində son zamanlar enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların – tətbiqi geniş vüsət almışdır. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır. Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından biri hesab edilir.

Dünyada yaşıl texnologiyların tətbiqi təcrübəsi

“World Wild Fund” və “Cleantech Company” təşkilatların hesabatına əsasən təmir texnologiyalar sahəsində yeni biznesin inkişafı üçün yaradılmış əlverişli şərait baxımından Rusiya Səudiyyə Ərəbistanı, Ruminiya, Yunanıstan və Türkiyə ilə yanaşı sonuncu yerdə, Danimarka, İsrail, İsveç, Finlandiya və ABŞ liderlər arasında qərarlaşıb.

Müvafiq araşdırmalara görə Almaniyada ekoloji cəhətdən əlverişli texnologiyalar sektoru 2007-ci ildən başlayaraq orta hesabla ildə 11,8% artmışdır. Qlobal yaşıl texnologiyalar sektoru təxminən 2 trilyon Avro təşkil edir və bu göstəricinin 2025-ci ildə 4,4 trilyon Avro səviyyəsinə çatması gözlənilir. “GreenTech – Made in Germany 3.0” adlı hesabatda Almaniya şirkətlərinin bu bazarda 300 milyard avroluq illik istehsal həcmilə 15% pay sahibi olduğu göstərilir. Almaniya şirkətlərinin xüsusilə Asiyalı rəqiblərindən qaynaqlanan rəqabətə baxmayaraq bazar paylarını qoruyaraq 2025-ci ildə bu rəqəmi 674 milyard avroya çıxaracağı proqnozlaşdırılır. Hesabatdakı digər məlumata görə Almaniyanın yaşıl texnologiya şirkətləri 1,4 milyon adamı işlə təmin edir və ölkə ÜDM-nin 11%-ni təşkil edir.

Cənubi Koreya hökuməti tərəfindən 2008-ci ildə “az miqdarda karbon, yaşıl inkişaf” adlı milli strategiya elan olunmuşur. Strategiya 2010-cu ildə Koreya Milli Məclisi tərəfindən qəbul edilmişdir.

Çin Xalq Respublikası sənaye inqilabından sonra artan iqtisadi qüdrətini yanan mədən yanacaqları istifadə etməklə elektrik enerjisinin heabına qazanmışdır. Lakin, Çinin elektrik enerji sistemi dünyanın digər ölkələri ilə müqayisədə daha tez yaşıl enerji sahəsinə çevrilmişdir. Bu tendensiya üç sahəni əhatə edir. Çin Elektrik Şurasının açıqlamasına əsasən 2014-ci ildə mədən yanacağından istifadəni 0,7% azalıb. Eyni zamanda qeyri-mədən yanacaq mənbələrindən əldə etdiyi elektik enerjisi 19% artıb. Nüvə enerjisindən istifadə bu dəyişiklikdə kiçik rol oynayır. Bu dəyişikliklər yaşıl mənbələr tərəfindən əldə olunmuşdur. Belə ki, su, külək və günəş enerjisi istehsalı 20% artmış və ən böyük artım günəş enerjisi istehsalından əldə olunmuşdur ki, bu da 175% təşkil etmişdir. Çində günəş enerjisi nüvə enerjisindən daha üstündür.Belə ki, 2014-cü ildə 17,43 TVat/saat enerji istehsal olmuşdur ki, bu nüvə mənbələrindən əldə olunan enerjidən 14,70 TVat/saat çoxdur. Həmçinin Çinin külək enerjisindən aldığı enerji nüvə enerjisindən çoxdur. Ölkənin enerji sistemi dünyanın ən böyük enerji sistemidir. ABŞ-ın 1 TVat/saat enerjiyə qarşı Çin 1,36 TVat/saat enerji istehsal etməyə qadirdir. 2014-cü ildə Çində qeyri-mədən yanacaq mənbələrdən əldə olunan enerji mədən yanacaq mənbələrdən daha çox olmuşdur.

Qonşu Rusiyada yaşıl texnologiyalar sahəsində olduqca zəif inkişaf etmişdir. Müxtəlif sahələrdə ekoloji texnologiyalar qeyri bərabər inkişaf edir. Rusiyanın yaşıl texnologiyaların inkişaf səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə olduqca geri qalır. “Yaşıl” elmi araşdırma və inkişaf sahəsinə ayrılan xərclər baxımından habelə yaşıl patentlərin sayına görə (hava və su çirklənməsi, tullantıların idarə olunması) bir çox ölkərdən üstündür, lakin Çin və Hindistan kimi ölkələrdən geri qalır.

Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və idarəetmənin optimallışdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi ölkədə iqtisadi və sosial irəliləyişin və ümumiyyətlə davamlı inkişafın uğurunun təzahürüdür. Əldə edilmiş nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da əksini tapıb.

Azərbaycanda ətraf mühit siyasətini bəyan edən xüsusi sənəd olmasa da, milli inkişaf siyasətləri üzrə bir sıra sənədlər dövlətin mövqeyini vurğulayır. Bunların arasında 1998- ci ildə qəbul edilmiş Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı var ki, bu sənəd ölkənin ətraf mühit prioritetlərini və nəzərdə tutulmuş fəaliyyətləri müyyən edir

Ətraf Mühit üzrə Milli Fəliyyət Planında Azərbaycanın müəyyən olunmuş əsas ətraf mühit problemləri aşağıdakı kimidir: - Sənaye, neft çıxarılması və istehsalı nəticəsində meydana çıxan tullantılardan ağır səviyyədə çirklənmə; - Reproduktiv məhsuldarlığın həcmində itkilər, çirklənmə və həddindən artıq çox balıqtutma nəticəsində nərəkimilərin nəslinin kəsilməsi təhlükəsi; - Su keyfiyyətinin xüsusən də içməli suyun həm şəhər, həm də kənd ərazilərində pisləşməsi; - Münbit əkin sahələrinin eroziya, şoranlaşma və ağır metal və kimyəvi maddələrlə çirklənmədən ziyan çəkməsi, suvarma sistemlərinin pisləşməsi, meşə örtüyünün xüsusən də müharibə getmiş ərazilərdə məhvi, qorunan ərazilərə yönəlik təhlükələrdən irəli gələn biomüxtəliflik itkisi; - Xəzər dənizi sahillərinə dəniz səviyyəsinin artması və çirklənmədən dəyən zərər.

Siyasi sənədlərdə Azərbaycan dövlətinin ətraf mühit siyasətinin aşağıdakı üç əsas istiqaməti müəyyən edilmişdir ki, bunlar da yaşıl iqtisadiyyat prinsiplərinə müvafiqdir: - Ətraf mühitin mühafizəsi və çirklənmənin minimuma endirilməsi üçün dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsulların tətbiq edilməsi; - İndiki və gələcək nəsllərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması; - Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi və milli potensialın imkanlardan istifadənin genişləndirilməsi.

Enerjidən istifadə səmərəliliyinin bir neçə əsas göstəricisi məlumdur. Onların biri və beynəlxalq təşkilatlar tərəfindən daha çox istifadə edilən göstərici hər hansı bir ölkədə və yaxud iqtisadi fəaliyyət sahəsində bir vahid enerjinin istifadəsi nəticəsində sənayedə, kənd təsərrüfatında və yaxud xidmət sahələrində yaranmış Ümum Daxili Məhsulun (ÜDM-un) dəyəridir

Azərbaycanda elektrik enerjisinin istehsalında qənaət edici texnologiyaların tətbiqinə ehtiyac vardır. Hazırda müasir səviyyəli istilik elektrik stansiyalarında Avropada 1 KVat/saat elektrik enerjisinin alınması uçun 185-187 şərti yanacaq vahidi (qaz və mazutdan asılı olaraq) istehlak edildiyi halda Azərbaycanda bu rəqəm ortalama 330 qram, yeni İES-də isə 260-270 qramdır.

Hər bir paradiqmanın müxtəlif kriteriyalar üzrə qiymətləndirilməsi müsbət və mənfi tərəfləri üzə çıxarır. Bu prizmadan yanaşanda yaşıl iqtisadiyyat da istisna deyildir. Çünki yaşıl iqtisadi sistemə keçid üçün təşəbbüslər və proqramlar bir ölkəyə ziyan, digərinə xeyir verə bilər. Təşəbbüslərin həyata keçirilməsindən öncə düzgün maariflənmə aparılmalı və insanların yeniliklərə sürətlə adaptasiyası üçün imkanlar yaradılmalıdır. Yaşıl iqtisadiyyata keçidin mənfi təsirləri daha çox İEOÖ-ə və təbii resurslarla zəngin olan ölkələrdə biruzə verə bilər. Təsadüfi deyil ki, yaşıl iqtisadi sistemə keçid əsas üç dövrü əhatə edir: - I dövr - 2020-ci ilə kimi olan zamanı əhatə edir ki, buraya insanların maariflənməsi və insan kapitalının inkişafı kimi tədbirlər daxil edilir. - II dövr - 2020-2030-cu illəri əhatə edir ki, burada yaşıl iqtisadi sitemin elementlərinin formalaşdırılması nəzərdə tutulur. - III dövr - 2030-2050-ci illərə təsadüf edir. Bu dövrdə artıq yaşıl iqtisadi sistem bəhrə verir və davamlı inkişaf təmin olunur. I dövrdə buraxılan səhv, digər dövrlərdə sistemin səmərəsini azalda bilər.

Qeyd etmək lazımdır ki, insan potensialına, onun bilik və bacarığına əsaslanan davamlı inkişafın əsaslarının tədrisi, bu sahədə məlumatların ali məktəblərin bütün ixtisaslarının və orta ümumi təhsil məktəblərinin kurrikulumuna daxil edilməsi dünyada ilk dəfə Azərbaycanda həyata keçirilmiş- dir və bu, bizim ölkənin prioritetidir. Azərbaycan Resrublikası Təhsil Nazirliyi bu istiqamətdə ilk əmrini (N 964) 14 sentyabr 2001-ci ildə vermişdir və həmin sənəd ilə ümumtəhsil orta məktəblərində davamlı insan inkişafı kursunun tədrisinə başlanmışdır. Pilot layihə kimi başlamış bu təşəbbüsün müsbət nəticəsi kimi dərs vəsaiti dərc edilmişdir. Bu, dünyada ümumtəhsil orta məktəbləri üçün davamlı inkişafa həsr olunmuş ilk dərs vəsaiti idi. BMT-nin Baş Qərargahı (Nyu-York) Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu təşəbbüsünü innovativ ideya və fəaliyyət kimi üzv olan ölkələr arasında yaymış və bu məlumatı öz saytında yerləşdirmişdir.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »