Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın yeni təklifinin pərdəarxası

Ermənistan baş nazirini qorxudan səbəblər nədir?

Ermənistanın yeni baş naziri Paşinyan Dağlıq Qarabağ danışıqlarında erməni icmasının tərəf kimi iştirakı təklifi ilə çıxış edib. Onun bu təklifini nəinki Azərbaycan və həmsədrlər, hətta öz ölkəsində də bir çox siyasətçilər və ictimaiyyət nümayəndələri də narazılıqla qarşılayıb.

Təklifə ilk reaksiyanı verənlərdən biri də bildiyimiz kimi Rusiya Xarici İşlər Nazirliyinin yüksək çinli məmuru Kojin oldu. Mətbuat konfransı zamanı onun dedikləri əslində Rusiya siyasi elitasının, diplomatlarının bu məsələyə münasibətinin təzahürü idi. Doğrudur, Rusiya tərəfi sonradan öz rəsmi səhifəsində bu fikirləri təhrif edərək təmkinli davrandığını göstərmək üçün başqa fikirlər yerləşdirdi. Lakin Rusiyanın danışıqların yeni formata keçirilməsinə mənfi münasibət göstərməsi sirr deyil.

Əvvəla, bu təklifi Qərbpərəst, çevriliş vasitəsilə hakimiyyətə gəlmiş və onu hakimyyətə gətirən qüvvələr tərəfindən qarşısında əsas vəzfələrdən biri məhz Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq öhdəliyi qoyulmuş bir baş nazir deyir. Qərbyönümlü digər keçmiş prezident, Paşinyana küçə aksiyalarında dəstək vermiş və çox güman ki, onu özünün yaxın olduğu ABŞ və Avropadakı güc mərkəzlərinə tövsiyə etmiş olan Levon Ter-Petrosyanın da Paşinyanın təklifinə tərəfdar çıxması Rusiyanı narahat edən məqamlardan biridir.

Başqa tərəfdən, danışıqların hazırkı formatı 1994-cü ildə Minskdə müəyyən edilib və Azərbaycanın iki prezidenti, Ermənistanın üç prezidenti, o cümlədən, Ter-Petrosyan özü Qarabağa dair sülh danışıqlarını bu formatda aparıblar. İndi ona Ermənistan hökumətinin bu cür qeyri-konstruktiv yanaşması Ermənistan cəmiyyətinin özündə də birmənalı qarşılanmır.

Bu təklifin ilk növbədə Rusiyaya qarşı yönəlməsi heç kəsdə şübhə yaratmır. Lakin ATƏT-in Minsk Qrupunun o biri həmsədrləri ABŞ və Fransa dövlətləridir. Paşinyanın həmin dövlətlərdəki müəyyən siyasi-hərbi və maliyyə mərkəzləri, eləcə də, erməni diasporu ilə yaxın münasibətlərinin olması şübhə doğurmur. Belə çıxır ki, Paşinyan həm də ABŞ və Fransanın iniyədək danışıqları düzgün istiqamətdə aparmadıqlarını hesab edir və formatın dəyişdirilməsini tələb edir.

Əslində, əlbəttə ki, o, buna cəsarət etməz. Bu, sadəcə Ermənistanın yeni baş nairinin vaxt qazanmaq cəhdlərindən, etdiyi manevrdən başqa bir şey deyil. Hazırda Paşinyanın qarşısında duran əsas məsələ çevriliş yolu ilə əldə etdiyi hakimiyyəti möhkəmləndirməkdir. Hələ hakimiyyətdə sona qədər duruş gətirəcəyi məlum olmayan bir siyasətçinin belə məsuliyyətsiz bəyanatı ölkəsinin qeyri-konstruktiv imicini bir daha sübut etmiş olsa da, Paşinyan bununla həm danışıqlar prosesinin yeni formatına dair uzunmüddətli müzakirələr açıb vaxt qazanmaq, bununla da həmin vaxtda hakimiyyətinin möhkəmləndirilməsi qayğısına qalmaq, eyni zamanda Ermənistan və Qarabağ erməniləri arasında öz nüfuzunu yüksəltmək istəyir.

Ən əsası o, Ermənistanın keçmiş müdafiə naziri V.Sarkisyanın dediyi kimi, danışıqlar prosesinin detalları barədə kifayət qədər məlumatlı deyil. Özünü buna hazır hiss etmir. Özündən müqayisəolunmaz dərəcədə təcrübəli siyasətçi, artıq neçə illərdir ki, bu proseslərin içərisində olan Azərbaycan Prezidenti İlham Əliyevə uduzacağını bilir və sadəcə vaxt qazanmaq istəyir. Yəqin ki, bu, onun şəxsi təşəbbüsü də deyil; Paşinyanı idarə edən qüvvələr ona hələ ki, danışıqlara daxil olub “özünü yandırmağa” icazə vermirlər. Danışıqlar prosesində hər hansı fors-major vəziyyət Ermənistan üçün arzuolunan deyil.

Bundan başqa, Paşinyanı hakimiyyətə gətirən qüvvələrin Qarabağ münaqişəsini Ermənistanın xeyrinə həll edəcəklərinə kömək barədə hər hansı vəd vermələri inandırıcı deyil. Hətta belə bir vəd verilmiş olsa belə, bu, Paşinyanı aldatmaq cəhdindən başqa bir şey olmayacaq. Onu himayə edən qüvvələrin Qərbdə olduğu sirr deyil. Əgər həmin dairələr proseslərə təsir etmək arzusunda və gücündə idilərsə, indiyədək n həmsədr statusu olan öz ölkələrinin qərarlarına təsir edərək münaqişəni Ermənistanın xeyrinə niyə həll etməyiblər?! Deməli, ya onların belə bir arzusu və imkanı yoxdur, ya da Paşinyan vəziyyətin əslində necə olduğunu çox yaxsı bilərək, sadəcə, bundan istifadə edib əslində blef etməklə məşğuldur və öz xalqını aldadır.

Bütün bunlarla yanaşı ən əsası Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan isə üfüqün istənilən cəhətində - istər Şimal olsun, istər Cənub, istər Şərq olsun, istər Qərb, Ermənistandan fərqli olaraq güc mərkəzlərinin obyekti, geosiyasi nəhənglərin döyüş meydanı, qarşıdurma poliqonu yox, özü müstəqil güc mərkəzi, qərarvermə subyektidir. Danışıqların formatını isə subyektlər müəyyən edir, obyektlər yox.

Nəzakət Məmmədova, Politoloq

(Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »